Noqay ədəbiyyatı sovet repressiyası dönəmində

 

Noqaylar haqqında bu yazıda onların Avropanın etkisi ilə yaranan ədəbiyyatı, eləcə də Noqay ədəbiyyatının sovet dönəmində aqibətindən danışılacaq. Ə.Şamilin apardığı araşdırmadan məlum olur ki, Rusiya işğal etdiyi ərazilərdə toplumu idarə etmək, vergi toplamaq, dəftərxana işlərini qurmaq üçün yerli xalqlardan azsaylı kadrlar hazırlamağa çalışırdı. Yerli kadrlar da rus dilini öyrənməklə Avropaya çıxış, oradakı elmi, mədəni fikirlə tanışlıq imkanı əldə edirdi. Rusiya və Avropa ziyalılarının təsiri ilə onlar ədəbiyyata yeni ədəbi biçimlər - hekayə, povest, roman, sonet, dram kimi janrlar gətirirdilər: “Rusiyanın hökumət idarələrində kiçik məmur kimi çalışanlar fəhmlə də olsa, tarixini, ədəbiyyatını, folklorunu öyrənir, millətinin maariflənməsinə çalışırdılar. Məhəmməd Hadinin dayısı Mustafa Lütfü Şirvani Həştərxana gələrək burada “Bürhani tərəqqi” adlı qəzet açmışdı. M.Hadi də bir müddət bu qəzetdə işləmişdi. Qəzetin qarşısına qoyduğu məqsəd bölgədə yaşayan tatarların, qazaxların, noqayların və b. türk xalqlarının anlayacağı bir dildə yazıb-oxumalarına nail olmaq idi. Rus məmurları isə türk, müsəlman xalqlarının yaxınlaşmasını hökumət üçün böyük təhlükə hesab edirdilər. Odur ki, Mustafa Lütfü Şirvanini gizli sıxışdırmaqla yanaşı bəzi noqay ziyalılarını da onun əleyhinə qaldıra bildilər. Bəzi əli qələm tutan noqaylar “Bürhani tərəqqi” qəzetinin redaktorunu bölgədə dini ayrıseçkilik törətməkdə, şiəliyi təbliğ etməkdə suçlayırdılar. Mustafa Lütfü Şirvanda doğulmuş sünnü təriqətinə mənsub birisi idi. O, atılan böhtanlara əsaslı dəlillərlə cavab versə də qəzeti qoruyub yaşada bilmədi. Beləcə Rusiya bölgədə ənənənin davam etdirilməsini, ortaq türkcənin yaşamasını və gəlişməsini əngəlləmiş oldu”.

Abdulrehman Ömərov (Umarov) - (1867-1933) haqqında mənbələr nə deyir? Araşdırmaçı bildirir ki, ilahiyyatçı, ədib, naşir kimi şöhrətlənmiş Abdulrehman mədrəsələr üçün dərs kitablarını redaktə və nəşr edir, siyasi və ədəbi qəzet və jurnallara maarifçilik ruhunda məqalələr yazır, folklor nümunələri toplayaraq çap etdirirdi. Onun 1913-cü ildə nəşr etdirdiyi “Noqay jırları” kitabına (Kitabda toplayıcının adı və soyadı Abdraxman Umerov kimi yazılır) yazdığı ön söz bu gün də elmi əhəmiyyətini itirməyib. Abdulrehman Ömərov, Nəsib Mevluberdiyev, Abdulrehman Əliyev, Əli Xosayev, Qurbanəli Erembetov kimi maarifçi aydınlar 1914-cü ilədək Həştərxanda “Toy”, “İslah” və “Maarif” adlı jurnallar nəşr ediblər. Siyasi baxışlarına görə çar məmurları bu jurnalları qapatmış, onları nəşr edənləri sürgünə göndərmişdi: “Birinci Dünya Savaşı, 1917-ci ildə baş verən fevral və oktyabr devrimləri, vətəndaş savaşları noqay ədəbiyyatının da inkişafına olduqca mənfi təsir göstərmişdi. Vətəndaş savaşı başa çatdıqdan sonra bolşeviklər öz ideyalarını xalq arasında geniş yaymaq üçün azsaylı xalqların dillərində məktəblər açılmasına, dərsliklər yaradılmasına, qəzet-jurnal buraxılmasına da diqqəti artırmışdılar.

1925-ci ilin aprelində dağlı xalqların (Qafqazın quzeyində yaşayan azsaylı xalqlara XX yüzilin əvvəllərində verilən ümumiləşdirici ad) konfransı keçirildi. Bu konfransın əsas mövzusu mədəni-maarif məsələsi oldu. İnzibati muxtariyyəti olmayan xalqlara mədəni muxtariyyət verildi. Quzey Qafqazda Mərkəzi Nəşriyyat quruldu. Azsaylı xalqların dillərində dərs kitablarının yazılmasına başlandı. 1927-ci ildən isə “Krasnaya Çerkasiya” qəzetinin yanında bir səhifəlik “Noqay bet” (Noqay səhifəsi) yayına başladı.

Sovetlər dönəmində noqayların ədəbi və elmi mərkəzləri Karaçay-Çərkəz Muxtar Vilayətində və Dağıstan Muxtar Res¬publikasında fəaliyyətə başlamışdı. Karaçay-Çərkəzdə Fazil Abdulcəlilov (1913-74), Salexcan Zalyandin (1924-73), Söyün Kapayev (1927-2001), Maqomet Kirimov (1927), Canbolat Türkmenov (1935), Askerbiy Kireyev (1938), Gülcamal Mirzayeva (1940), Keldixan Kumratova (1944-2003), Dağıstanda isə Musa Kurmanalıyev (1894-1972), Zeit Kaybalıyev (1898-1979), Kuruptursun Orazbayev (1924-90), Qamzat Acıgeldiyev (1939-66), Anvarbek Kultayev (1941), Kadriya Temirbulatova (1949-79) və b. yazıçı və şairlər yazıb-yaradıblar”.

Sovetlər Birliyində gedən ideoloji mübarizə noqay ədəbiyyatından da yan keçmir: “Nəinki Sovet ideoloji mərkəzlərində hazırlananlar, hətta xalq arasında məşhur olan dastanları aul-aul, qışlaq-qışlaq gəzərək dinləyicilərə çatdıran, özü də yeni dastanlar qoşan Ajı Molla Noğman ulu kimiləri belə 1917-ci il devrimindən sonra Sovet hökumətinin tərənnümçüsünə çevrilir. Molla Noğman ulunun Ası ləqəbinə görə araşdırıcıların bəziləri onun as nəslindən olduğunu və 1884-cü ildə doğulduğunu, bəziləri isə 1887-ci ildə Qaranoqaydakı Kurqan Acı kəndində doğulduğunu yazırlar”.

Abdulxamid Şarşembi ulu Canıbekov (1879-1955). Çağdaş noqay ədəbiyyatının inkişafında və formalaşmasında böyük xidməti olan Abdulxamid etnoqrafik və tarixi materiallar toplamaqla, nəşriyyat işi və pedaqoji fəaliyyətlə məşğul olub: “1926-cı ildə Bakıda kecirilən Birinci Türkoloji Qurultayda iştirakı onu yaradıcılığa daha da həvəsləndirmiş, milli məsələyə diqqətini artırmış və o, türk xalqlarının latın qrafikalı vahid əlifbasının yaradılması uğrunda çalışan aydınların sırasına qoşulmuşdu. 1928-ci ildə Moskvada “Karaydar man Qızılgül” lirik poeması işıq üzü görmüşdü. O, Moskvada, eləcə də Kazanda çap olunan “Beznen yol” (Bizim yol) jurnalında folklor materiallarını çap etdirmişdi. Onun topladığı folklor nümüunələri 1935-ci ildə Mahaçqalada “Avıl poezyası”, 1940-cı ildə Pyatiqorskda (Beş tau) “Xalk yırları em erteqiler” (S.Dautovla birlikdə), 1949-cu ildə İ.Kapayevin tərcüməsi ilə rus dilində Stav¬ropolda çap olunmuşdu. O, yaşlaşdıqca bədii yaradıcılıqdan daha çox elmi araşdırmalarla məşğul olur. Karaçay-Çərkəz Vilayətinin arxivində onun dördcildlik “Söz xazinası” və “İstoriceskiy oçerk noqayskoy literaturı” kitablarının əlyazması saxlanılır. Abdulxamid Canıbeyovun 1918-ci ildə “Noqay toyu” adlı pyes yazdığı qaynaqlarda göstərilsə də, günümüzədək gəlib çatmayıb. Abdulxamid Canıbeyov çoxsahəli ədəbi, elmi, pedaqoji fəaliyyətlə yeni bir ədəbi nəsil yetişdirib”.

Ədəbiyyata yeni gələn Musa Kurmanaliyev (1894-1972) və Zeit Kaybəliyev (1898-1979) kimi gənclər sinfi mübarizəni aparıcı mövzuya çevirməyə, ənənəvi poeziyanı yeniləşdirməyə çalışıblar: “Bununla yanaşı, Xasan Bulatıkov 1936-cı ildə yazdığı “Fatimat” pyesləri ilə noqay ədəbiyyatında dramçılığın əsasını qoyub”.

Basir Mesid ulu Abdullin (1892, Həştərxan vilayətinin Tiyek kəndi-1937). İlk təhsilini mollaxanada alan Basir sonralar Həştərxan və Kazan şəhərlərində mədrəsə təhsili görmüşdü. Türk, ərəb və rus dillərini bilən ədib xalqının tarixini və folklorunu öyrənməyə də həvəs göstərmişdi: “Öyrəndiklərindən sonralar bəbii əsərlərdə geniş istifadə etmişdi. Bolşeviklər hakimiyyətə gəldikdə onların irəli sürdüyü şüarlar gənc Basirə də xoş gəlib, onlara qoşularaq Həştərxan bölgəsində varlı saydığı, sosializm quruculuğunu qəbul etməyən soydaşlarına qarşı vuruşmuşdu. 30-cu illərin önlərində Qaranoqay bölgəsinə köcərək burada bir müddət “Qızıl bayraq” qəzetində işləmişdi. Daha çox kiçik hekayələr yazan B.Abdullin “Kırmızı gül” (1934) romanı və “Kır batırleri” (Çöl bahadırları-qəhrəmanları) (1934), “Aktivis” (1936) kimi sosializm quruculuğunu, Sovetlərin qələbəsini öyən nəsr əsərlərini yazır. Basir Abdullin 1932-ci ildə yazdığı “Düşmən yenildi”, “Batrak”, 1934-cü ildə yazdığı “Əməyin yendiyi zaman”ı pyesləri ilə noqay dramçılığının inkişafına təkan verir. 1937-ci ilin Sovet irticası noqay ədəbiyyatına da ağır zərbə vurur, Basir Abdullin kimi istedadlı dramçı və yazıçını məhv edir”.

Asan Şaxim ulu Bulatıkov (16.08.1907, Xabez rayonunun Qızılyurd kəndi - 1937). Noqayların birinci peşəkar yazıçısı sayılır. Onun “İki həyat” (1936), “Çoxları üçün iki” (1936) povestləri və “Fatimat” pyesi, eləcə də “Azret, Erinşek, Mazan və kolxozçular” şeir toplusu sosializm quruculuğunun ilk illərində müsəlman respublikalarında sifarişlə yazılan qadın azadlığına, çadranın atılmasına, qadınların kişilərlə bərabər işləməsinə, kasıbların varlılara qarşı mübarizəsinə həsr olunmuş əsərlərdəndir”. Sosializmin tərənnümçüsü kimi tanınmasına baxmayaraq 1937-ci ilin irticasından o da qurtara bilməyib: “Yalnız B.M.Abdullin və A.Ş.Bulatıkov deyil, onlarla aydın, yazıçı həbs edilib güllələnib. Sağ qalanlar qorxu içərisində yaşadıqlarından cəsarətlə ədəbi axtarışlara girişmir, kommunist partiyasının qərar və göstərişlərini, rəhbər partiya işçilərinin məruzə və çıxışlarını bədii şəkildə xalqa çatdırmaqla yetərlənirlər.

Sosializm quruculuğunun ilk illərində ədəbiyyatla məşğul olanların yazdıqlarından çox, onların tərcümeyi-hallarına diqqət yetirilirdi. Kasıb ailədən olan gənclərə daha geniş imkanlar açır, onları yazıb-yaratmağa həvəsləndirir, əsərlərini nəşr edir, pyeslərini səhnələşdirirdilər”.

Kasıb ailədə doğulub ədəbiyyata gələn gənclərdən biri də Fazil Apas ulu Abdulcəlilovdur: “Fazil Apas ulu Abdulcəlilov (01.03.1913, RF Stavropol ölkəsi, Mineralnıye Vodı rayonunun Kanqlı kəndi-1974). Kasıb bir ailədə doğulan, kəndlərindəki məktəbi bitirdikdən sonra Çerkessk Pedaqoji Texnikumunda oxuyan Fazil “Tənbəl Girey”, “Murat şəhərdə nə gördü?” (1932), “Biz sosializm qururuq” (1932), “İki dünya” (1932), “Uşaqlar üçün müxtəlif hekayələr” (1933) və b. əsərlərini yazıb çap etdirəndə 19-20 yaşlarında imiş. O, 1930-cu illərdə yazdığı hekayə və povestlərini əsasən “Uşaqlar üçün ədəbiyyat”, “Yeniyetmələr üçün ədəbiyyat” rubrikaları altında çap etdirir.

İkinci Dünya Savaşının başlanması da ədəbiyyatda bədii dəyərlərin, keçmişi tənqidin, sosializm quruculuğunun tərənnümünün arxa plana keçməsinə, publisistikanın qabarmasına şərait yaradır. F.Abdulcəlilovun da 1941-1950-ci illərdə yazdıqlarının böyük qismi qəzet və jurnal məqalələrini xatırladır. 1950-ci illərdən sonra faşist Almaniyası üzərində Sovetlərin qələbəsi ədəbiyyatın əsas mövzusuna çevrilir. Fazil Abdulcəlilovun “Güclülər ailəsi” (1950), “Asantay” (1956), “Sərt dönüş” (1961) povestlərini, kolxozlaşmadan bəhs edən “Güclü axın” romanını, “Kuban çağlayır” (1955), “Kuban-mənim nəğməm” (1957) şeir toplularını çap etdirir. Onun “Güclülər ailəsi” povesti daha çox təbliğ olunur. Noqay ədəbiyyatına şair, nasir və dramçı kimi daxil olan F.Abdulcəlilovun böyük xidmətlərindən biri ədəbi dili zənginləşdirmək olur”.

Kuruptursın Başi ulu Orazbayev (1924, Dağıstan Respublikası, Noqay rayonunun Boranşı kəndi-1990). Noqay ədəbiyyatında önəmli yer tutan yazıçılardandır. Ədəbiyyata şeir və hekayələrlə gəlir: “1962-ci ildə “Gen çölər”, 1964-çü ildə “Nasip yıldızı” (Bəxt ulduzu) hekayə kitabları, 1970–ci ildə “Atadın quşağı” (Atanın qurşağı), 1976-cı ildə “Saban tübi” (Sarı qızıl), 1979-cu ildə “Danıl sagını” romanlarını nəşr etdirir.

Söyün İmaməli ulu Kapayev (1927, Erkin Yurt kəndi -2001). Gənc yaşlarından şeir yazmağa başlamış, sonralar publisistika və nəsr sahəsində də qələmini sınayır. 1955-ci ildən noqayca çap olunan “Lenin yolu” qəzetinə redaktor təyin edilir. 1957-ci ildə Stavropol Pedaqoji İnstitutunu bitirir. Çoxsahəli yaradıcılığı olan S.Kapayev 1957-ci ildə “Dağ bulaqları”, 1958-ci ildə “Danıl uyandı”(Çöl oyandı), 1969-ci ildə “Yürek sırlarım”(Ürək sirrim) şeir kitablarını nəşr etdirir.

Araşdırıcılar ədibin yaradıcılıq qaynağından söz açanda iki məsələyə diqqət yetirirlər. Zəngin noqay folkloru və özünün çətin həyat yolu. Çoxlu mahnılar və tərcümələr müəllifi kimi tanınan S.Kapayev üç roman, ondan çox povest və beş şeir kitabını noqay oxucusunun mühakiməsinə verir. Onun “Tandır” (Təndir), “Yuvsan”(Yovşan) povestləri vaxtilə ən çox təbliğ edilən əsərlər olur. Ədəbiyyatda yeniləşmənin öncüllərindən olan yazar noqaylarda sərbəst vəzndə şeirin ustadlarından sayılır. Onun durnalara xitabən yazdığı şeirdə deyilir:

 

Yarasık tı, - Gözəldir,

Şuvak bolup yaynaydı - Aydınlık olup parlar,

Küzgi kibik, küz kuni. - Güzgü kimi payız günü.

Tav betinde - Dağ belində

Kökşil turgan kök köldey, - Göydə duran göy göl kimi,

Köp-kömekyi - Tamam gömgöydü

Küz küninde kök yüzü. - (Güz) payız günündə göy üzü.

 

Sovet dönəmində ən çox inqilabdan, bolşeviklərin noqay xalqını xoşbəxtliyə çıxardığından yazan S.Kapayev ömrünün son illərində çap etdirdiyi povest və hekayələr kitabını “Müqəddəs Quran” adlandırır. Son illər xalq arasında geniş yayılmış əfsanə, əsatir, rəvayət və nağılları bədiiləşdirib oxuculara təqdim etməsi öncələr yazdıqlarının üzrxahlığı kimi başa düşülə bilər. Görünür, elə buna görədir ki, son kitablarından olan “Noqay evi” noqayların stolüstü kitabına çevrilir. Burada xalqının tarixinə və etnoqrafiyasına geniş yer ayrılıb. Söyün Kapayevin “Tazasu sərgisi” (1965), “Durnacık” (1974) və b. noqay ədəbiyyatının savaş mövzusunda ən yaxşı əsərləri sayılır”.

 

 

Uğur

Xalq Cəbhəsi.- 2016.- 21 iyun.- S.14.