Tarixən unikal çoxmillətli ölkə - Azərbaycan

 

Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu vardır. Yüzilliklər bir-birini əvəz etsə də, Azərbaycan xalqı öz humanist mövqeyində qalıb, nəsillər babalardan əmanət qalan ənənəni davam etdiriblər. Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi ta qədimdən burada müxtəlif dinlərin mövcudluğuna şərait yaradıb.

Əsrlər boyu müxtəlif etnoslar ölkəmizdə Azərbaycan xalqı ilə sülh və harmoniya şəraitində yaşayırlar. Tarixən unikal çoxmillətli ölkə olan Azərbaycan etnik rəngarəngliyi və tolerantlığı ilə tanınıb. Dövlətimiz etnik azlıqların hüquqlarının qorunması üzrə ardıcıl siyasətini davam etdirir. Bu gün Azərbaycanda milli azlıqların mədəniyyət mərkəzləri fəaliyyət göstərir, onların dillərində qəzet və jurnallar nəşr olunur, ölkəmizin ictimai-siyasi həyatında rol oynayırlar, yüksək vəzifələrdə təmsil olunurlar...

Qeyd edək ki, hazırda Azərbaycanda ölkənin əsas və çoxluq təşkil edən əhalisi - azərbaycanlılarla (Azərbaycan türkləri) yanaşı, bir sıra digər azsaylı xalq, milli azlıq və etnik qruplar (ləzgilər, ruslar, talışlar avarlar, tatarlar, gürcülər, yəhudilər və hətta ermənilər) yaşayırlar.

Bu dəfə qərara aldıq ki, oxuduqlarımızı, yazılanları bir kənara qoyaq, ölkənin şimal bölgəsinə səfər edib orada yaşayan azsaylı xalqların nümayəndələri ilə görüşüb, söhbətləşək, onların yaşam durumu ilə tanış olaq, görüb, eşitdiklərimizi qələmə alaq. İlk ünvanımız Bakıdan 120 km aralıda yerləşən Şabran oldu. Rayon bizə yad deyildi, bir neçə dəfə burada olduğumuzdan M.Nəzərov adına parkda asanlıqla həmsöhbət tapa biləcəyimizi yəqinləşdirib üz tutduq ora. Oturacaqların birində əyləşən ağsaqqallara yaxınlaşıb gəlişimizin məqsədini dedik.

Ağsaqqallar Şabranda rus, tat və hətta bir neçə erməninin də yaşadıqlarını dedilər. Onlardan biri: “Burada daha çox tatlar yaşayır, amma başqa millətlərin nümayəndələri da var. Məsələn, ermənilər. Vaxtilə Rayon İcraiyyə Komitəsində İzabella Balayan adlı bir erməni işləyirdi, vəzifə sahibi idi. 90-cı illərdə köçdü Moskvaya. Rita adlı bir erməni isə bir neçə il bundan öncə dünyasını dəyişib, Tapdıq adlı azərbaycanlını həyat yoldaşı idi. Bundan başqa 70-ci illərdə Gəncədən iki erməni qız bizim rayona təyinat almışdı. Onların hər ikisi azərbaycanlı ilə ailə qurdu. Biri Ariflə, digəri Məmmədəli ilə. Arifin həyat yoldaşı Ema buradadır. Amma Məmmədəli ailəsi ilə birlikdə Rusiyaya köçdü, 2007-ci ildə orada dünyasını dəyişdi...”

Ağsaqqallardan yerli əhalinin onlara necə münasibət bəslədiyini soruşduq. Cavab belə oldu: “Çox yaxşı, neçə illərdi ki, onlar bizim aramızda yaşayıblar. Həm buradan köçən, həm hazırda qalan və həm də dünyasını dəyişən ermənilərə pis münasibət bəslənilməyib, onlar da bizim vətəndaşlarımız olublar. Övladları, nəvələri indi də bizim rayonumuzda yaşayırlar”.

Həmsöhbətlərimizdən onların ünvanlarını aldıq. Əvvəlcə Ema xanımın yaşadığı ünvana yollandıq, rayonda olmadığını dedilər. Yolumuzu Ritanın bir vaxtlar yaşadığı ünvana saldıq. Mənzilin qapısı bağlıydı. Qonşularını aradıq, bizə bildirdilər ki, Ritanın 5 qızı var, evində bircə Elnarə qalır. O biriləri başqa rayonlarda və Bakıda yaşayırlar, Elnarə isə elə dünən Bakıya gedib.

Gəlişimizin məqsədini bilən qonşulardan biri Faina adlı rus qadın bizə bildirdi ki, Rita rus qəbristanlğında dəfn edilib: “Ermənilərin başımıza gətirdikləri müsibətlərə baxmayaraq azərbaycanlılar onlara qarşı öz insanlıqlarını göstərməkdədir. Rayonumuzdakı ermənilər heç bir təhdid və yaxud da qorxu işində olmayıblar, sərbəst gəzib, dolaşıblar. Bu tək bizim rayonumuzda yox, Azərbaycanın hər yerində azsaylı xalq və millətlərə göstərilən münasibətdir ki, indi dünyaya tolerantlıq nümunəsi olaraq göstərilirik. Heç kim erməninin övladına “qanında erməni qanı axır” deyə onu təhqir etmir. Rita özü son günlərinə qədər bazarda alver edirdi. Hamı ilə münasibəti də yaxşıydı...”.

Faina özü barəsində də danışdı. Dedi ki, 30 ildən çoxdur rayonda rus dili müəlliməsi işləyib: “Özüm rus millətindənəm, həyat yoldaşım isə tatdır. Onun soyadını daşıyıram – Mövlanquliyeva. Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinin hüquqları konstitusiya və qanunlarımız çərçivəsində qorunur. Ölkəmizdə yaşayan xalqlar bir-birinə mehribandırlar, dövlətdən həmişə qayğı və diqqət görmüşük. Azərbaycan dünyanən ən təhlükəsiz ölkələrindən biridir. Tolerantlıq da qorunur, dini dözümlülük də mövcuddur. Dinimizi, adət-ənənələrimizi yerinə yetirməkdə sərbəstik, heç bir maneə yoxdur...”

Ritanın qonşuları ilə bir az söhbətləşdikdən sonra onlardan ayrılıb 1985-ci ildən Rusiyanın Krasnodar vilayətindən Şabrana gələn Valentina Qornovanın yaşadığı evə yollandıq. O da ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədə olduğunu dedi: “85-ci ildə Krasnodarda tanış olduğum Oktay adlı azərbaycanlı ilə ailə həyatı qurdum, toyumuz burada oldu. O vaxtdan bu rayona bağlanmışam, sizin dili də öyrənmişəm, adət-ənənələrinizi də mənimsəmişəm. Azərbaycanda bütün millətlər rahat və dinc şəkildə yaşayır, ən başlıcası həyatlarına heç bir təhlükə yoxdur. Rusiyada belə deyil, orada millətlər arasında münaqişələr çox olur. Mən burada ailəyə, övlada bağlılığın, böyüklərə hörmətin nə demək olduğunu, başa düşdüm...”

Vaxtımızın azlığını nəzərə alaraq bizə istinad edilən digər ünvanlarda ola bilmədik. Şabranı tərk edib üz tutduq 55-60 kim məsafədə yerləşən Qubanın “Kiçik Yerusəlim” adlanan Qırmızı Qəsəbəsinə - Dağ yəhudilərinin kompakt yaşadığı yerə. Qırmızı Qəsəbə Quba rayon mərkəzinin 2-3 kilometrliyində, Qudyalçayın kənarında yerləşir. Əhalinin 99 faizi dağ yəhudilərdən ibarət olan bu qəsəbədə azərbaycanlılar və ləzgilər də yaşayır.

Xatırladaq ki, Dağ yəhudiləri Quba rayonunun, eləcə də respublikamızın sosial-ictimai həyatında fəal iştirak edirlər. Qırmızı qəsəbədə böyüyüb-başa çatan Yevda Abramov Azərbaycan Milli Məclisinin deputatıdır. Albert Aqarunov isə torpaqlarımızın azadlığı uğrunda canından keçib və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qəsəbədə qarşımıza çıxan ilk üç yəhudi ilə ayaqüstü İsaak Xanukov küçəsində söhbətləşdik. Talxum Yusufov: “Biz burada xalq, dövlət tərəfindən mehribançılıq görmüşük. Ona görə də əcdadlarımıza rəhmət oxuyuruq ki, bizi bu məmləkətdə yerləşdiriblər. Biz türklərə o qədər alışmışıq ki, artıq Azərbaycan dilində danışmayanda darıxırıq. Yəhudilər həmişə çalışırlar ki, hansı ölkədə əmin-amanlıq var, orada yaşasınlar. Bəzi ölkələrdən fərqli olaraq Azərbaycanda millətləri, etnikləri yerli əhalidən aşağı səviyyədə tutmurlar. Bura bizim vətənimizdir, bu dövlətimiz, vətənimiz üçün də yaşamalıyıq”.

Murad Bulaxov isə bildirdi ki, bir neçə gündür Rusiyadan gəlib: “Qohumlarımın yanına gəlmişəm. Sonuncu dəfə Azərbaycanda 2005-ci ildə olmuşam. Məmləkətiniz çox xoşuma gəlir. İnsanlarınız mehriban və qonaqpərvərdilər. Dinindən, millətindən asılı olmayaraq insasana dəyər verilir, onun haqqı qorunur. Bizi sizdən ayırmaq çox çətindir, çünki seçilmirik. Əgər mən yəhudi olduğumu deməsəm, elə biləcəklər ki, sizdən biriyəm. Çünki yüz illərdir yəhudilər buranı özlərinə vətən seçiblər, qaynayıb, qarışmışıq”.

Yəhudilər onu da əlavə etrdilər ki, Azərbaycanı ta qədimdən özlərinə məskən hesab edən millətlərə mənsub bütün tarixi abidələr, ibadətgahlar dövlət tərəfindən qorunur: “Bir faktı deyək, əgər Bakıda ermənilərin kilsəsi bu günədək qorunursa bunun özü Azərbaycanın necə tolerant bir dövlət olduğuna sübutdur, başqa heç bir misal çəkməyə ehtiyac yoxdur. Yüz illərdir ona düşmən kəsilən, günahsız əhalini öldürən, vəhşilik göstərən, torpağını işğal edən bir millətə, ona xas olan abidəyə belə münasibət ancaq Azərbaycanda ola bilər. Bu münasibət millətinizin böyüklüyünün göstəricisidir”.

Onu da qeyd edək ki, Qırmızı qəsəbədəki sinaqoqların birində yəhudi mədəniyyət mərkəzi fəaliyyət göstərir. Burada uşaqlar dərsdən kənar vaxtlarda yəhudilərin adət-ənənələrini öyrənirlər. Bundan başqa qəsəbədəki İsak Xanukov adına 1 saylı məktəbdə azərbaycanlı, yəhudi uşaqlar və Qubada yaşayan digər azsaylı xalqların nümayəndələri ilə birlikdə elmin sirlərini öyrənirlər. 260-dan çox şagirdin təhsil aldığı elm ocağında məktəblilərlə yanaşı, pedaqoqlar arasında da xeyli sayda dağ yəhudiləri var. Buradakı ibtidai siniflərdə həftədə iki saat ivrit dili dərsləri tədris olunur. Təhsil müəssisəsində ivrit dili kabineti də fəaliyyət göstərir. Şagirdlər dərnəklərdə yəhudi xalqının adət-ənənələri, milli mətbəxi və başqa dəyərləri barədə məlumatlandırılırlar.

Günün sonu yaxınlaşırdı, Bakıya qayıdacağımıza az vaxt qaldığından Qusara getmək imkanımız olmadı, geri qayıtdıq...

Eşitdiklərimiz, oxuduqlarımız və gördüklərimizdən yenidən belə nəticə əldə etdik ki, bu gün artıq Azərbaycanın siyasətinin tolerantlıq, dialoq mühitinin gücləndirilməsi, gənclərin və qadınların hüquqlarına riayət olunması, çağdaş dəyərlərin möhkəmləndirilməsi kimi prinsiplərə əsaslandığını bütün dünya etiraf edir. Bəs görəsən tolerantlığın qorunması, dini dözümlülük Azərbaycan kənardan necə görünür? Elə bu sualla sosial şəbəkələrdə münasibət qurduğumuz bir neçə siyasiyə müraciət etdik. Qeyd edək ki, onların heç biri bir dəfə də olsun Azərbaycanda olmayıblar.

Rusiya İnkişaf Hərəkatının lideri, politoloq Yuri Krupnov: “Azərbaycan çoxmillətli bir ölkədir. Tolerantlığın qorunması, dini dözümlülüyün mövcudluğunu görmək üçün ora gəlməyə heç ehtiyac yoxdur. İnternet əsridir, gördüklərimiz, xarici mətbuat bizə Azərbaycanda millətlərə necə böyük hörmət və qayğı göstərildiyini göstərir...”

Ermənistandan olan gənc politoloq Karen Karapetyanın da maraqlı cavabı oldu. O, bildirdi ki, Azərbaycanda ermənilərin rahat şəkildə yaşaması, Bakının mərkəzində erməni kilsəsinin qorunmsı və 2010-cu ildə bütün ermənilərin katolikosu II Qareginin Bakıya səfəri zamanı həmin kilsədə olması bu ölkədə tolerantlığın qorunduğundan xəbər verir: “Etnik və dini tolerantlıq Azərbaycanda dövlət səviyyəsində təbliğ edilir və hökumət bütün dini və etnik azlıqlar üçün bərabər imkanları və bərabər hüquqları, o cümlədən dinc və rahat yaşamaq şəraitini təmin edir”.

“Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün dövlət və din münasibətləri özünün ən yüksək səviyyəsindədir. Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Azərbaycanda bütün dinlərin nümayəndələri qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir”. Bu fikirlər isə İçkeriya-Çeçenistan Respublikasının Fransadakı nümayəndəsi Musa Taipova məxsusdur.

Yekunda deyə bilərik ki, zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanda bütün dinlərə hörmətlə yanaşılır, hətta ölkəmizə təcavüz edənlər belə din və məzhəbə görə fərqləndirilmir.

 

Cavid Şahverdiyev

 

Bakı-Şabran-Quba-Bakı

Xalq Cəbhəsi.- 2016.- 21 iyun.- S.12.