Turizmdən daha böyük gəlir götürmək istəyiriksə...”

 

İqtisadçı ekspert Pərviz Heydərov:”Xidmət ilə qiymətin dinamikasında nisbətin əslində tərsmütənasib inkişafa diqqət yetirməliyik”

 

“Ölkəmizdə müxtəlif tədbirlərin, o cümlədən, beynəlxalq idman yarışlarının keçirilməsində əsas məqsəd ilk növbədə özümüzü və məmləkətimizi dünyaya tanıtmaq olsa da, bütün bunlardan həm də iqtisadiyyatın inkişafı üçün töhfə əldə olunur. Odur ki, bu istiqamətdə həyata keçirilən bütün növ təbliğati və təşkilati tədbirlərin böyük siyasiiqtisadi əhəmiyyəti var. Bununla belə, buna həm daxildə, həm xaricdə “ağızəyənlərimiz” olduqca çoxdur”. Bu fikri iqtisadçı ekspert Pərviz Heydərov deyib. O, əlavə edib ki, keçən il Avropa Oyunları keçiriləndə də belə idi: “O cümlədən, bu dəfə “Formula-1” üzrə Avropa Qran-pri yarışı zamanı da... Halbuki, təxminən yarım milyard izləyicisi olan təkcə “Formula-1”-in iqtisadiyyatımızın turizm sektoru üçün nələr vəd etdiyini izah etməyə ehtiyac yoxdur. Turizmdən söhbət düşmüşkən, bu sahədə ölkəmizdə hazırda inkişaf hansı səviyyədədir? Və dahakimi vəzifələr həyata keçirilməlidir? Ölkəmizdə turizmin inkişaf etməsi üçün hər cür ilkin şərait var. Bu yaxınlarda PrezidentimizAlmaniyada səfərdə olan zaman çıxışlarının birində qeyd etdi ki, turizm üçün bizim bütün lazımi ilkin şərtlərimiz var: əlverişli coğrafi mövqe, sabit siyasi vəziyyət, təhlükəsizlik, qonaqpərvər insanlar, yaxşı iqlim, yaxşı qidaçoxlu tarixi abidələr...”. Ekspert əlavə edib ki, təbiətimizin gözəlliyi isə bir başqa söhbətin mövzusudur: “Ancaq bütün bunlara rəğmən, Azərbaycanda turizmin geniş təşkilinə və inkişafına təəssüf ki, bir qədər gec başlanıb. Belə ki, 90-cı illərdə məlum səbəblərə görə, yəni, iqtisadiyyatın yenidənqurulmağa başlanması, əsas diqqətin neft sənayesinə yönəlməsi və kifayət qədər maliyyə vəsaitlərinin olmaması ilə əlaqədar, bu 2000-ci illərin əvvəllərindən etibarən diqqət mərkəzində olmağa başlandı...

Dəqiq desək, bu sahədə dövlət siyasəti 2001-ci ildən etibarən start götürüb, ötən 15 ildə turizmin inkişafı üçün çox işlər görülüb, müvafiq infrastruktur yaradılıb, yay turizmi ilə yanaşı, qış turizmi üçünmüvafiq şərait təşkil olunub”.

O, əlavə edib ki, ümumiyyətlə, turizm sahəsi üçün Prezident Heydər Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında 2002–2005-ci illərdə turizmin inkişafı üzrə Dövlət Proqramı”, habelə “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” böyük əhəmiyyət kəsb edib ki, bu proqram sənədlərin icrası nəticəsində zəngin infrastruktur qurulması ilə yanaşı, ölkəmizin beynəlxalq turizm bazarına inteqrasiyasının təməli qoyuldu. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, hazırda yüksək xidmət səviyyəsinə malik mehmanxanalarımızın sayı 600-ə yaxın təşkil edir. Eyni zamanda, turizm sənayesi üçün kadrlar hazırlanmış, 200-dən çox çoxşaxəli turist firmaları formalaşmış, informasiya-reklam strukturları işləməyə başlanıb. Ona görə də, xaricdən turist axını ildən-ilə artmaqdadır. Üstəlik, ölkəmizdə bu illər ərzində yuxarıda qeyd etdiyimiz kimi bir-birinin ardınca bir sıra idman və mədəniyyət tədbirlərinin keçirilməsi də buna əlavə yardım göstərib.

Lakin ölkədə turizmin inkişafı üçün müvafiq infrastrukturun yaradılması işində bilavasitə “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” böyük əhəmiyyət kəsb edib. Ümumiyyətlə, hökumətin qeyri-neft sektorunu inkişaf etdirməyə dair hədəfində regionlarımız üzrə ilk yerdə kənd təsərrüfatı gəlirsə, ikinci vəzifəni məhz turizm təşkil edir. Odur ki, regionlarda da çoxlu sayda mehmanxanalar, istirahət zonaları, əyləncə və idman mərkəzləri fəaliyyət göstərməkdədir. Bunlar həm yay, həm də qış mövsümündə istirahət etmək və dincəlmək üçündür...”.

P. Heydərov deyib ki, turizm sektorunun inkişafı üçün qeyd etdiyimiz kimi ilkin şərait və buna uyğun olaraq da son 14-15 il ərzində yaradılmış, qurulmuş müvafiq infrastruktur var: “Lakin, bütün bunlara rəğmən, hər şey heç də yüksək səviyyədə deyil. Təbii ki, görüləsi işlər hələ yenə çoxdur. Ümumiyyətlə, bir məsələni nəzərə almaq lazımdır ki, malın və xidmətin mövcudluğu hələ onun təqdim edilməsi demək deyil. Belə ki, bunlar ayrı-ayrı, həm də olduqca ciddi və məsuliyyətli yanaşma tələb edən məsələlərdir.

Məsələn, qonşu Gürcüstanda bizdəki otellər və digər infrastruktur səviyyəsində imkanlar yox dərəcəsindədir. Amma xidmət və qiymətlər əlverişli həddədir. Əgər, azərbaycanlı vətəndaş burda 5 ulduzlu oteli qoyaraq, durub gedərək hər hansı bir qonşu ölkədə 3 ulduzlu oteldə qalıb dincəlməyi üstün tutursa, deməli, ya xidmətdə problem varyaxud da ki, qiymətlərdə... Əsas səbəb də məhz ondan ibarətdir ki, Azərbaycanın bu günki mövcud turizm infrastrukturu nisbətən varlı təbəqə üçün əlverişlidir, orta təbəqə üçün isə "əli çatan" deyil.

Odur ki, turizmdən daha böyük gəlir götürmək istəyiriksə, xidmət ilə qiymətin dinamikasında nisbətin əslində tərsmütənasib inkişafa diqqət yetirməliyik. Məsələn, ölkədə 3 ulduzlu otellərin sayı olduqca azdır. Xidmət isə ya olduqca yüksək, ya da ki, "sıfır" vəziyyətindədir. Ona görə də hesab edirəm ki, bu sektora dövlət investisiyası ilə yanaşı, mütləq özəl sektor da vəsait yatırmalıdır.

Ümumiyyətlə, turizm sahəsində də rəqabət yaranmasına nail olmaq lazımdır. Hər şeyin inkişafının əsasında rəqabət dayandığı kimi, turizmin də genişlənməsi və getdikcə daha çox gəlir gətirməsi məhz ondan asılıdır.

Təkrar edirik ki, qeyri-neft sektorunun inkişafının hərəkətverici qüvvəsini regionlarda mövcud iqtisadi potensialdan tam istifadə olunması təşkil edir ki, bunun da əsasında kənd təsərrüfatı ilə turizm dayanır.

Ümumiyyətlə, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Beynəlxalq maliyyə institutları da bu sahələr sırasında kənd təsərrüfatı ilə turizmi önə çəkirlər. Lakin Azərbaycanda ÜDM-də turizmin payı bu gün 4,5 %-dən bir qədər artıq təşkil edir ki, bu da olduqca aşağı rəqəmdir. Orta perespektivdə ölkəmizin dövlət büdcəsinin 20 %-ə qədər hissəsini məhz turizmdən gələn gəlirlər hesabına təşkil edə bilsək, fikrimcə, özümüzü neftdən asılılıqdan tamamilə qurtulmuş hesab edə bilərik.

Təsadüfi deyil ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da turizmin inkişafı mühüm vəzifələrdən biri olaraq əksini tapıb”.

 

Xalq Cəbhəsi.- 2016.- 21 iyun.- S.9.