“Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər”

 

Ulu Gəncə! Tarix boyu sinəndə boy atanlar da, adını eşidib üzünü görməyənlər də səndən danışıb, səni anıb, başqa şəhərlərlə müqayisə ediblər. Fəxr olunası şəhərsən. Çünki qəhrəman övladların, Nizami, Məhsəti kimi şairlərin, Cavadxan kimi rəhbərin olub. İgidliyin, gözəlliyin, mərdliyin, ürəyigenişliyin daim qoşa addımlayıb. Təbiətin – başının üstündəki Göygölün, Maralgölün, Kəpəzin görəni heyran edib. Adını eşidib, səni görmək istəyənlərin sayı ilbəil artıb, minləri, milyonları keçib. 98 ildən sonra bu il yenidən “Avropanın Gənclər Paytaxtı” adına qovuşmusan. Bu dəfə təkcə Azərbaycanın deyil, bütün Avropanın sayıb seçdiyi şəhər olmusan! Avropa gəncləri səni öz paytaxtı bilib, göz oxşayan park və xiyabanlarına axışıb, genişlənən, gözəlləşən prospektlərini və küçələrini gəzib, “ikinci həyat” verilən tarixi abidələrinə baxıb, şəhər əhalisinin təxminən 30 faizini təşkil edən gənclərinlə görüşüb.

... Bu gün Gəncə inkişaf etmiş ağır sənayesi, yüngül sənaye və ərzaq sənayesinə görə Bakıdan sonra ölkənin ən böyük sənaye mərkəzlərindən biridir. Gəncədəki 22 istehsal müəssisəsində 400 müxtəlif adda məhsul və istehlakçı malları istehsal edilir.

Müasir müstəqil Azərbaycanın bütün şəhərləri kimi, Gəncə də inkişafın yeni mərhələsini yaşayır. Bu inkişafın təməlində Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi siyasət dayanır.

İqtisadi yüksəliş, sosial tərəqqi, mədəni intibah son illər qədim Gəncənin tarixi reallıqlarıdır. Gəncəlilər bu reallıqlara dövlətimizin başçısı İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində nail olurlar. Təsadüfi deyildir ki, son 10 ildə Prezident İlham Əliyev Gəncəyə 11 dəfə səfər etmişdir. Bu müddətdə dövlət başçısı Gəncənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 12 sərəncam imzalayıb. Yenidən qurma və keçən müharibə dövründə Gəncə mühim dəyişikliklərə məruz qalmışdır. Gəncədə yeni binaların, dövlət binalarının tikilməsi nəticəsində şəhər küçə və meydanları ilə çox gözəl və cazibədar bir hala gəlib.

 

İqtisadiyyat

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Gəncədə yeni istehsal və emal müəssisələri açılıb. Gəncənin aparıcı müəssisələrindən biri 2004-cü ildən fəaliyyət göstərən avtomobil zavodudur. Bu gün zavod inkişaf edərək məhsul buraxılışını əhəmiyyətli dərəcədə artırıb. Müəssisə “OKA”, “UAZ”, “MAZ”, “Gəncə” markalı avtomobillərin yığımı üzrə ixtisaslaşdırılmışdır. Zavodda “Belarus” markalı traktorlarla yanaşı, kommunal sahədə və kənd təsərrüfatında istifadə olunan qurğular istehsal edilir. 500 nəfərə yaxın işçinin çalışdığı zavodun məhsulları daxili tələbatı ödəməklə yanaşı, Gürcüstana və Orta Asiya respublikalarına ixrac olunur.

Prezident İlham Əliyev 2008-ci il martın 3-də “DET.AL” Alüminium MMC-nin təməlini qoymuş, 2012-ci il yanvarın 21-də birinci mərhələdə ildə 50 min ton ilkin alüminium istehsal edən zavodun açılışını edib. Müəssisədə 760 nəfər işlə təmin olunub. Gəncə Alüminium zavodunun məhsulları xarici ölkələrə də ixrac edilir. Müəssisənin ikinci mərhələsinin tikintisi davam etdirilir.

İllik istehsal gücü 500 min dekalitr olan “Gəncə Şərab-2″ zavodu əsaslı şəkildə yenidən qurulduqdan sonra 2004-cü ilin iyun ayının 16-da prezident İlham Əliyevin iştirakı ilə açılıb. Hazırda müəssisədə istehsal olunan şərabın 50%-i ixrac olunur. Son 10 ildə şirkətdə çalışanların sayı üzüm tənəklərinə qulluq edənlərlə birlikdə 3 dəfədən çox artaraq 600 nəfərə çatıb.

“Neon” firmasında tutumu 10 min ton olan taxıl anbarı kompleksi, gündəlik istehsal gücü 15 ton olan makaron sexi, gündə 30 ton çörək bişirilən zavod istifadəyə verilmişdir. Müəssisədə 50 nəfər işlə təmin edilib.

Səhiyyə

Gəncə Müalicə-Diaqnostika Mərkəzinin təməli 2005-ci il oktyabrın 11-də qoyulub, 2008-ci il sentyabrın 24-də açılışı olub. Mərkəzdə Almaniya, Yaponiya, Türkiyə, Hollandiya istehsalı olan ən müasir tibbi avadanlıq quraşdırılıb. Burada təcili yardım, funksional şüa-diaqnostika, funksional diaqnostika bölmələri, həkim otaqları, palatalar, dializ və reanimasiya şöbələri, cərrahiyyə-əməliyyat bloku və konfrans salonu fəaliyyət göstərir.

2008-ci ilin dekabrında Gəncədə qərb bölgəsinin əhalisinə xidmət göstərəcək müasir tələblərə cavab verən Regional Perinatal Mərkəz istifadəyə verilib. Süni tənəffüs və narkoz aparatları, monitor, yeni doğulmuş körpələr üçün küvetlər, fotoçarpayılar, həmçinin müasir laborator, ultrasəs müayinə aparatları ilə təchiz edilmiş 75 çarpayılıq mərkəzdə fizioloji doğuş, zahılıq, hamiləliyin patologiyası, yeni doğulmuşlar, ginekologiya, reanimasiya şöbə və bölmələri fəaliyyət göstərir.

 

Təhsil

Gəncə şəhərində elmi tədqiqat müəssisələrinin fəaliyyətinin gücləndirilməsi və regiondakı mövcud elmi-texniki potensialdan geniş istifadə olunmaqla, fundamental və tətbiqi araşdırmaların lazımi səviyyədə aparılması, eləcə də bölgənin tarixi, arxeîlîgiyası, etnoqrafiyası və təbii ehtiyatlarının tədqiqi üçün daha əlverişli şərait yaradılması məqsədilə AMEA-nın Gəncə Bölməsi təsis edilib.

Təhsil islahatları çərçivəsində Gəncədəki ali və orta ixtisas müəssisələrinin binaları əsaslı surətdə təmir edilmiş, yeni avadanlıqla təchiz olunub. Son 10 ildə 2080 şagird yerlik 3 məktəb binası inşa edilmiş, 23 min 109 şagird yerlik 24 məktəb binası əsaslı təmir olunub, 3060 şagird yerlik yeni 4 korpus inşa edilir. Həmçinin 4090 şagird yerlik 5 məktəb binası əsaslı təmir olunur, 1 yeni uşaq bağcası inşa olunub, 5-i təmir edilib.

 

Mədəniyyət

Azərbaycanın bütün bölgələri kimi, Gəncənin də inkişafına daim yüksək diqqət və qayğı göstərən Ulu Öndərin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədilə Heydər Əliyev Mərkəzi üçün yeni bina tikilib. Prezident İlham Əliyevin 2012-ci il yanvarın 21-də Gəncəyə səfəri zamanı təməlini qoyduğu yeni Mərkəz daha funksionaldır. Üçmərtəbəli binada, Azərbaycanın tarixini və müasir inkişafını əks etdirən sərgi, ekskursiya zalı, elektron və adi kitabxana, müşavirə-konfrans və 300 yerlik iclas zalları vardır.

Prezidenti İlham Əliyevin tapşırığına əsasən Gəncənin mədəniyyət ocaqları yenidən qurulub. 1924-cü ildən fəaliyyət göstərən və istifadəyə yararsız vəziyyətə düşən Tarix-Diyarşünaslıq Muzeyinin binası əsaslı təmir oluub. Burada 30 mindən çox qiymətli eksponat vardır. Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzi və Nizami Muzeyi, Uşaq Yaradıcılıq Mərkəzi tikilib, Gəncə Dövlət Kukla Teatrının binası əsaslı təmir olunub. Cavad xan məqbərəsi tikilmiş, Comərd Qəssab türbəsi bərpa olunub. Rəmzi Gəncə Darvazası, Qala kompleksi, Mir Cəlal Paşayevin ev muzeyi inşa edilmiş, muzeyin şöbəsi kimi Gəncə Elmi-Ədəbi Tədqiqat Mərkəzi tikilərək istifadəyə verilib. Ulu öndər Heydər Əliyevin adını daşıyan park-kompleks yaradılıb, burada “Amfiteatr” və “Zəfər Tağı” tikilib.

Nizami məqbərəsi, Zərrabi tarix-memarlıq abidəsi, “Çökək Hamam” əsaslı təmir olunmuş, Cavad xan küçəsi yeni tərtibatda qurularaq “Piyadalar” küçəsi elan edilib. “Xəmsə” memarlıq kompleksi yenidən qurulmuş, burada dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ucaldılıb, Gəncə çayı sahilində Dövlət Bayrağı Meydanı yaradılıb. Gəncə Dövlət Filarmoniyasının, Şah Abbas və Uğurlu xan karvansaralarının tikintisi davam etdirilir. “Xan bağı”, Nəriman Nərimanov adına mədəniyyət və istirahət parkları yenidən qurulub.

Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi Gəncədə həmişə əziz tutulub. Son illər Gəncə şəhərində aparılan geniş abadlıq işləri çərçivəsində Şəhidlər xiyabanı yenidən qurulmuş, məzarların üstü təzələnmiş, şəhidlərin xatirəsinə abidə ucaldılmış, 6 hektar ərazidə xiyaban salınıb.

 

İdman

Son 10 ildə Gəncənin idman ifrastrukturu yenilənmiş, idman qurğularının sayı 260-a çatıb. Gəncə idmançıları 10 ildə yerli və beynəlxalq əhəmiyyətli yarışlarda 320 medal qazanıblar. 2002-ci ildən fəaliyyət göstərən Gəncə Olimpiya İdman Kompleksində üzgüçülük hovuzu inşa edilib. Gəncə idman məktəbinin yetirməsi Toğrul Əsgərov 2012-ci ildə Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarının qalibi olub. Prezidenti İlham Əliyevin tapşırığı ilə Gəncə şəhərində Olimpiya Kəndinin inşasına başlanılıb.

 

İstirahət və Turizm zonaları

Gəncə şəhəri də turistlər üçün cəlbedici məkandır. Şəhərdə yeni turizm obyektləri, mehmanxanalar, istirahət mərkəzləri yaradılıb. Son 10 il ərzində Gəncədə beşulduzlu “Ramada Plaza”, dördulduzlu “MY WAY”, “Emon-HOTEL”, “Vego”, «Karvansaray» və “EL-OTEL” mehmanxanaları inşa edilib, “Gəncə” mehmanxanası yenidən qurularaq fəaliyyətə başlayıb. Səkkizmərtəbəli “Aura Park” ticarət və əyləncə mərkəzi 2013-cü ilin martında istifadəyə verilib. “Gold İmperial” əyləncə mərkəzində uşaqlar üçün müxtəlif oyun meydançaları, boulinq zalı və kafe fəaliyyət göstərir. Hava Limanında Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə cavab verən aerovağzal binası tikilmişdir. Müasir aerovağzal saatda 320 sərnişinə xidmət göstərir. Ağır təyyarələri qəbul edən yeni uçuş-enmə zolağı tikilib. Hava limanında 200 nəfər çalışır.

 

Abadlıq və quruculuq işləri

Qədim Gəncə inkişafın yeni mərhələsini yaşayır. Şəhər öz tarixi simasını saxlamaqla sürətlə abadlaşır, yeniləşir, müasirləşir. Dam örtükləri müasir üslubda qurulan, fasadları şəhərə xas olan memarlıq ənənələri əsasında üzlənən binalar, yaradılan nümunəvi məhəllələr, geniş prospektlər, rahat yollar, göz oxşayan parklar Gəncənin yeni həyatının reallıqlarıdır.

Bakı-Gürcüstan dövlət sərhədi avtomagistralının bir hissəsi olan Gəncə-Yevlax avtomobil yolunun 50 kilometrlik hissəsi əsaslı təmir edilib. Yolda 4 körpü, çoxsaylı keçidlər və dayanacaqlar tikilib. Kür çayı üzərindəki körpü bərpa edilib. Prezidentin 2012-ci il 5 iyun tarixli Sərəncamına əsasən 35 min nəfər əhalinin yaşadığı Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı,Cavad xan məntəqələrini Gəncə şəhəri ilə birləşdirən 21 kilometrlik avtomobil yollarının əsaslı təmiri davam etdirilir...

... Son 3 ildə Gəncə ecazkar gözəlliyi ilə sanki təbiətin mirvarisidir. Gəncəyə gələn qonaqlar öz heyranlıqlarını bildirir, bu şəhərə dönə-dönə gəlməyi arzulayırlar. Şəhər sakinləri gözləri önündə gündən-günə gözəlləşən, müasirləşən, çiçəklənən, yaşıllığa bürünən Gəncədə yaşadıqları üçün fərəh hissi keçirir, bu ecazkar gözəlliyi, inkişaf və tərəqqi fövqündə mənəvi rahatlığı onlara bəxş edənlərə minnətdarlıq duyğularını ifadə edirlər. Gəncəni addım-addım, qarış-qarış gəzdikcə möhtəşəm yeniliklər insanı heyrətə gətirir, “möcüzələr diyarı” sehrkar aləmi ilə insanı ovsunlayır. Gəncə bu gün ölkənin ikinci mədəniyyət mərkəzi olmaqla, muzeylər, tarixi abidələr, parklar, fəvvarələr, yaşıllıqlar, uca çinarlar şəhəridir...

 

Cavid Şahverdiyev

Xalq Cəbhəsi.- 2016.- 24 iyun.- S.13..