O sənli
günlərin…
Ruzgar Əfəndiyevanın
məhəbbət ətirli
şeirləri...
Mənə elə gəlir ki, şair əlinə
qələm alanda ilk mövzusu elə eşq, məhəbbət
olub. Mən Ruzgar xanımın
da şeirlərində
bunu müşahidə
etmişəm. Gəncliyimdə
bir şeiri çox bəyənib əzbərləmişdim:
Genişlik tapsa da eşq ilə insan,
Arzusu hər zaman dardan keçibdi.
Sən ki əllərimə toxunmamışdın,
Bəs odun qəlbimə hardan keçibdi.
Ruzgar Əfəndiyevanın
dərin və anlamlı bir dərya olan məhəbbət ətirli
şeirlərini ilhamla,
sevə-sevə oxumuşam. Çünki bu şeirlərdə sevən bir ürək döyünür.
Şeirlər qəlbdən
keçən tanış duyğuları
oxucusuna səbirlə,
təmkinlə, inandıra-inandıra,
həm də utuna-utana, abır-həya ilə, hökmsüz, hökmdarsız diktə edir:
Tənə də, giley də yersizdir daha,
Qaytar o alışan,
yanan eşqimi.
Sənin
ki ürəyin buz bağlayıbdır,
Qaytar o üşüyən, donan
eşqimi,
Mənim
ürəyimdə dünyaya
gəlib,
Sənin ürəyində sönən
eşqimi.
Bu poetik parça
büllur kimi eşqin soyuq bir ürəkdə buza döndüyünü
ifadə edən məhəbbət hekayəsidir
desək, yerinə düşər.
Mənə küskün baxanım,
görən nə günahım var,
Yavaş-yavaş addımla, yollarında
ahım var…
Flora Xəlilzadənin “etiraflı, etirazlı” adlandırdığı bu
sətirlər bir eşqin təlatümündən
yaranan poetik parçadır. Eləcə də “O gecə” şeiri də şairi hicran körpüsündən keçməyə
məcbur edən “etirafı, etirazlı” son məktub, ayrılıq məktubudur:
O gecə sən gəldin boranlı qıştək,
Göynətdi könlümü soyuq sözlərin.
Ayrılıq ömrünə yağdı
yağıştək,
Necə dəyişmişdi odlu gözlərin.
…O gecə ulduz da, ay işığı da,
Yollara töküldü
göz yaşlarımda.
…Elə o gecədən, elə o gündən,
Eşqim yalqız qaldı dünyada mənim.
Ruzgar xanım könlündəki
dərya qədər təlatümü, içindəki
ağrı-acıları poetik
bir biçimdə dilə gətirərkən
onun qolundan tutanın, ona dəyanət verənin də yenə öz şeirlərindəki
təsəlliverici misralar
olduğunu etiraf edərək yazır:
Dünya
gözümün içində,
Ömrüm dözümün içində,
Öldüm özümün içində,
Bir misram qolumdan tutdu.
Bu etiraf, bu sədaqət, bu dəyanət şairin bütün yaradıcılığı
boyu ona yoldaşlıq edir. Onun tərənnüm
etdiyi məhəbbət
bayağılıqdan, vəfasızlıqdan,
duyğusuzluqdan, giley-güzardan
uzaq Allahın insan oğluna bəxş etdiyi əzəli məhəbbətdir.
Poeziya aləminə
öz dəst-xətti
ilə gələn Ruzgar Qurbanova Əfəndiyevanın şeirlərinin
musiqiyə yatımı,
həm də klassik tərzdə yatımı onun şeirlərini bəstəyə,
nəğməyə çevirmək
üçün bir şans verir. Bu da şair üçün
bir məziyyətdir.
Bu poetik uğur
hər şeirin taleyinə yazılmır.
Ruzgar xanımın şeirlərindəki bu musiqi ruhunu duyan
tanınmış bəstəkarlar
Vasif Adıgözəlov,
Elza İbrahimova, Oqtay Rəcəbov, Oqtay Kazımov, Bahadır Hüseynov, Nəriman Məmmədov onun onlarla şeirinə
musiqi bəstələyiblər.
“Sənli günlərim”
neçə-neçə müğənniyə
şöhrət gətirən
klassik bəstəli şeirdir. Oqtay Kazımovun bəstələdiyi
bu nəğmə bu gün də
sevilir, oxunur, təsirləndirir.
İndi
gözlərimdə mavi
yuxudur,
O sənli günlərim, sənli günlərim.
Hicranı, vüsalı məni
qorxudur,
O sənli günlərin, sənli günlərin.
Aylar, illər bilir nələr çəkmişəm,
Eşqindən könlümə yollar çəkmişəm.
Gəlməsə, ömrümə buludu
çökər,
O sənli günlərin, sənli günlərin.
Eləcə də Ruzgar xanımın hələ keçən əsrin
70-80-ci illərində Bahadır
Hüseynovun bəstələdiyi
musiqi ovsunu ilə dəbdə olan, hələ də qəlblərdə taxt quran “Axtarma
məni” nəğməsi:
Gəzdiyin yerləri çox
dolaşmışam,
Eşqinin oduna gizli yanmışam,
Artıq
bahar deyil, qarlı bir qışam,
Odlanıb yansan da, axtarma
məni.
Çıxıram dağlara, ay gülüm,
sənsiz,
Dağ da qəribsəyir dumansız, çənsiz,
Dolan bu dünyanı, get, dolan mənsiz,
Peşiman olsan da, axtarma
məni.
“Dünya” mövzusu
milli poeziyamızda eninə, boyuna işlənib. Səməd Vurğun, Şəhriyar, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Zivər Ağayeva kimi neçə-neçə
söz sərrafları
dünyaya fəlsəfi
bir don geydiriblər. Kimi onu “əzəldən yaranmış tamaşaya”
bənzədib, kimi onu vəfasızlıqda, gəldi-gedərlikdə, kimi
də fanilikdə günahlandırıb. Ruzgar xanımın
poeziyasında dünyanın
ağı ilə qarasını görüb
dərk edən bir şair dünyası
yaşayır. Təzadlı
bir şəkildə dünyanı “bu boş dünya, dolu dünya”, “şeytanların qolu dünya”, “ululardan ulu dünya” şəklində ifadə
etsə də, sanki bir anın
içində dünyanın
gözəlliyini də
görə bilir, onun gözəlliyinə heyrətlə baxaraq, dünya nə gözəldir deyir.
Göylər kirpiyimdən asılıb
necə,
Elə bil sinəmə qısılıb gecə,
İstəyim bürünüb nura,
sevincə,
Dünya
belə imiş görən həmişə,
Dünya
nə gözəldir,
heç bilməmişəm
– deyən şairin
şeirindəki deyim tərzinin ürəyə
yatımlılığı insanı həyata bağlayan duyğu və düşüncələrlə
üst-üstə düşür.
Təbiətin gözəl bir
parçası olan Bərdədə dünyaya
gələn Ruzgar Əfəndiyevanın şeirlərindəki
təbiət məhz Azərbaycan təbiətidir.
Dağından, daşından həyəcanlandığımız
insan kimi danışan füsunkar təbiətdir, ana torpaqdır, ana torpağın bənövşəsi,
sarı çiçəyi,
laləsidir, dağı,
daşıdır. Təbiətdən
ilham alan
şairlərin sevə-sevə
təsvir etdiyi təbiətin boynubükük
gözəli bənövşə
Ruzgar xanımın şeirlərində bir başqa biçimdə poetikləşir:
O qədər boynumu bükmüşəm ki mən,
Bilsə, bənövşələr çəmənə
çıxmaz.
Başqa
bir şeirində isə:
Ömrüm-günüm kəsə-kəsə,
Xəyalından ötəcəyəm.
Səhər-axşam yolun üstə,
Bənövşətək bitəcəyəm
“Ömrüm eşqə köklənib,
Ayrılıqda təklənib,
Görsəm sevgim tükənib,
Ölüm, məni ağla
sən”
- kimi misra
və beytlərdəki
mətləbi çox
vaxt şeirlərinin üst qatında deyil, iç qatında axtarmalı olursan. Bir kitabına
özünün yazdığı
“Ön söz”də Ruzigar xanım 1947-ci ilin bir yaz
günündə – may
ayında dünyaya gəldiyini ifadə edir: “Kim bilir, bəlkə də, doğulduğum o yaz günü öz dünyasından ən çox mənə pay vermişdi. Bu gündən
sonra bulud da, şimşək də, dağ da, düz də,
duman da, gecə də, gündüz də, qış da, bahar da, sevinc
də, dərd də… məndən öz payını əsirgəmədi”.
Həyatın bu təzadlı
“pay”ları içində
Ulu Tanrı ondan poeziya payını
əsirgəmədi. Bir
neçəsi poetik inci, bir neçəsi
də publisistik yazılardan ibarət kitabların müəllifi
olan Ruzgar Əfəndiyeva həm də ədəbiyyatımızda
az-az yazılan mənsur şeirlərin, kiçik hekayələrin
“Yol gözləyənlər”
povestinin “Xan qızı” mənzum pyesinin müəllifidir.
O, həm də teatr və opera ilə bağlı idi. Bəstəkar Vasif Adıgözəlovun
“Natəvan” operasının
ariya və duetlərinin mətnini, İlyas Əfəndiyevin
“Büllur sarayda” pyesindəki “Təbrizim” mahnısının sözlərini
yazıb. Böyük türk
mütəsəvvüfü Hacı Bektaş Vəli deyib ki, “Mənim üç dostum var. Mən öləndən sonra biri evdə
qalar, biri yolda, biri də
mənimlə gedər.
Evdə qalan malımdır. Yolda qalan yaxınlarımdır,
mənimlə gedən
yaxşılıqlarımdır”. “Uzun incə
bir yol”da haqqın dərgahına qovuşan Ruzgar xanım Əfəndiyeva insanlara bəxş edəcəyi yaxşılıqların
bir qismi olan neçə-neçə
gözəl poetik inciləri özü ilə apardı. Onun bu dünyaya da əbədi qalan var-dövləti isə bir övladı
və mənəvi övladları olan əsərləri oldu.
Maarifə Hacıyeva
Professor
Xalq Cəbhəsi.- 2016.- 25 iyun.-
S.14.