Dinlərarası dialoqun
bugünkü vəziyyəti
I yazı...
“XX əsrin sonunu əsasən sosialist düşərgənin süqutu nəticəsində, dünyanın mövcud siyasi xəritəsinin dəyişməsi, habelə ictimai həyatın müxtəlif sahələri ilə bağlı bir sıra qlobal problemlərin yaranması və gərginləşməsi ilə səciyyələndirmək olar. Bu dövrdə iqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilməməsi nəticəsində mənəviyyat problemləri də kəskinləşmişdi. Bundan başqa, dünya dinləri arasında mövcud fərqlərə əsaslanan "sivilizasiyaların toqquşması" nəzəriyyəsi meydana çıxmış və öz tərəfdarlarını tapmışdı. Bəzi separatçı qruplaşmalar da məhz bu dövrdən etibarən öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə bir çox hallarda dini amildən istifadə etməyə başladılar”. Bu fikirləri professor Aqil Hacıyev səsələndirib. O, qeyd edib ki, belə bir şəraitdə bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edirdi: “Dinlərarası, xüsusilə dünyanın ən böyük dinlərindən olan islamla xristianlıq arasında dialoq məsələsi hələ XIX əsrin ortalarından etibarən gündəmə gəlsə də, yalnız keçən əsrin 50-60-cı illərindən başlayaraq konkret məzmun kəsb edib. 1962-ci ildən başlayaraq 3 il davam edən II Vatikan Konqresi və bu Konqresin yekunu olaraq 1965-ci ildə qəbul edilmiş "Kilsənin qeyri-xristian dinləri ilə qarşılıqlı münasibətləri haqqında" bəyannaməsi ilə bu proses yeni bir mərhələyə qədəm qoyub. Konqresin açılış mərasimində Papa XXIII İohan Kilsənin çənbərini qıraraq xaricə açılmasının, başqa dinlərlə və din mənsubları ilə müsbət münasibətlərin yaradılmasının və bütün insanlarla dialoqa girmənin əhəmiyyətini vurğulayıb. Konqresdə qəbul edilmiş bəyannamədə hər iki dini birləşdirən ümumi cəhətlər qeyd edilir, təktanrılıq, İbrahim peyğəmbərin hənifilik ənənəsi, axirət həyatı , mənəvi dəyərlər dinlərarası dialoqun əsas istiqamətləri kimi müəyyən edilirdi.
II Vatikan Konqresindən sonra xristian elm adamlarının Müqəddəs Kitabın cümlələrinə verilən şərhlərində yumşalma görülməkdədir. Başlanılan bu gözəl kampaniyanın ilkin nəticəsi olaraq 1964-cü ildə Vatikan dövlətinin nəzdində "Xristian Olmayanlar Katibliyi"nin (indiki adı - "Vatikan Dinlərarası Dialoq Katibliyi") yaranmasını göstərmək olar. Bu katibliyə yarandığı gündən daim yüksək rütbəli kardinallar rəhbərlik edib. O vaxtdan etibarən bütün dünyada dinlərarası dialoqa həsr edilmiş mötəbər tədbirlər keçirilməyə başlandı”.
O, bildirib ki, İslam aləmində isə kütləvi şəkildə belə bir dialoq kampaniyasına nisbətən gec başlanılıb: “Bunun üçün stimulverici hadisə 2000-ci ilin 11 sentyabrında ABŞ-da baş verən məlum terror aktı oldu. Məhz bu hadisədən sonra bütün müsəlmanlar, xüsusilə Amerika müsəlmanları İslamı özlərinə hədəf seçən kütlələrlə "mübarizə" aparmaq, sivilizasiyalar arasında yerlə yeksan edilmiş körpüləri yenidən inşa etmək, İslamın həqiqi üzünü amerikan cəmiyyətinə və dünyaya tanıtdıra bilmək üçün öz səylərini daha da sürətləndirdilər. Orta statistik amerikanın "İslam" deyilən kimi ağlına əvvəllər 26 fevral 1993-cü ildə Dünya Ticarət Mərkəzinin partladılması gəlirdisə, artıq bundan sonra 11 sentyabr faciəsi gəlirdi. Məhz bu düşüncənin aradan qaldırılması, yerinə, bütün dinlərin sülh və əmin-amanlıq gətirdiyi və bütün varlıqlar üçün dünya və axirət səadətinə aparan hökmlər daşıdığı fikrinin təlqin olunması dinlərarası dialoqun inkişaf edərək formalaşmasında həlledici rol oynadı. Tövrat, İncil və Quran ilə kitablaşan üç böyün dinin təmsilçiləri, demək olar ki, hər bir ölkədə dialoq platformaları təşkil edib, aralarındakı fərqləri bir kənara qoyaraq, "dindar" adı altında birlikdə hərəkət etməyə cəhd etdilər”.
O, əlavə edib ki, dialoq iki və ya daha çox insanın qarşılıqlı söhbətləşməsi, müxtəlif irq və mədəniyyətlərdən, fərqli inanc və dünya görüşlərindən, ayrı-ayrı siyasi düşüncədən olan insanların bir yerə yığışaraq mədəniyyət ölçüləri sərçivəsində bir-biriləri ilə əlaqə yaratması yoludur: “Dini sahədə dialoq, müxtəlif dinlərə mənsub olan insanların inanclarını, düşüncələrini bir-birilərinə zorla qəbul etdirmək yolunu seçmədən bərabərlik, səmimiyyət, dürüstlük, sevgi, hörmət və xoş niyyətlə ortaq olan, yaxud olmayan bir məsələdə barış, hürriyyət, aşkarlıq atmosferində digərini öyrənmək, bilmək, tanımaq, qulaq asmaq və başa düşmək məqsədilə qarşılıqlı söhbət edə bilmələrini, birlikdə iş görmələrini, birgə yaşamalarını və hətta uzlaşmalarını təmin edən bir ünsiyyət formasıdır. Dialoq qurmağa çalışan dinlər arasında nə qədər çox fərqlilik olsa da, mühüm olan din mənsublarının bir-birilərini olduğu kimi qəbul etmələridir.
Dinlərarası dialoq dinləri birləşdirmək və ya bir yerdə əridib "yeni bir din" istehsal etmək təşəbbüsü deyil. Dinlərarası dialoq bütün fərqlilikləri qoruyaraq heç bir məhdudiyyətdən istifadə etmədən səmimiyyət və anlayış daxilində ortaq məsələləri müzakirə etmək, danışmaq və birgə həll yolları axtarmaq cəhdidir”.
Onun fikrincə, bu məqsədlə indiyə qədər dünya miqyasında bir sıra önəmli işlər görülmüş, vacib addımlar atılıb: “Xüsusilə dünya dini liderlərinin bu sahədə gördüyü işlər danılmazdır. Çünki onlar təmsil etdikləri dinin daşıyıcıları arasında söz sahibidirlər və onların dediyi sözlər, etdiyi hərəkətlər daha geniş auditoriyaya təsir etmə gücündə olur. Bu məqsədlə dünyanın dini liderləri tez-tez bir araya gələrək forumlar təşkil edir, beynəlxalq konfranslar, qurultaylar keçirirlər. Belə tədbirlərdən biri - dini liderlərin birinci ümumdünya zirvə toplantısı Moskvada təşkil olunmuşdu. Üçgünlük toplantı Rusiya Dinlərarası Şurasının təşəbbüsü ilə çağırılmışdı. Foruma 40 ölkədən 200-dən çox dini lideri gəlmişdi. Forumda Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi ilə birlikdə Rusiya Dinlərarası Şurasının həmsədri şeyxülislam Allahşükür Paşazadə təmsil edirdi. Birinci gün forumun işində Rusiyanın prezidenti Vladimir Putin, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, RF hökuməti sədrinin müavini Dmitri Medvedev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, dini konfessiyaların və dövlət qurumlarının nümayəndələri də iştirak edirdilər. Rusiya prezidenti forumda çıxış edərək bildirdi ki, zirvə toplantısı konfessiyalar və dünya xalqları arasında daha sıx dialoq yaradılmasına təkan verəcək. Onun fikrincə, bu dialoqu dünyanın üzləşdiyi yeni təhdidlərə qarşı qoymaq olar. Dünyanı dini və etnik əlamətlər parçalamağa, ilk növbədə, xristian və müsəlman birliklərinin arasına rəxnə salmağa cəhdlər göstərildiyini vurğulayan V. Putin sivilizasiyaların münaqişəsinin mümkün nəticələrini və bu qarşıdurmanın nəyə gətirib çıxara biləcəyini dərk etməyə çağırıb.
Sammitdə çıxış edən digər dini liderlər də zorakılığı, terrorizm və ekstremizmi pisləyərək bildiriblər ki, dinin bu təzahürlərlə heç bir əlaqəsi yoxdur. Cəmiyyətdə və ümumən dünyada vəziyyəti ancaq tolerantlıq və dinlərarası dialoq sağlamlaşdıra bilər.
Bu sammitdə maraqlı bir hadisə də o olub ki, A. Paşazadə Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksiyə "Şeyxülislam" ordenini təqdim edib. Bu mükafata o, xalqlar arasında sülhə, qarşılıqlı anlaşmaya və həmrəyliyə nail olmağa, tolerantlığın həyat norması kimi bərqərar edilməsinə, millətlərarası münaqişələrin nizama salınmasına yönəldilmiş böyük səylərinə görə layiq görülüb.
Üç günlük müzakirələrin yekununda "Dini liderlərin dünya zirvə görüşünün müraciəti" qəbul edilib. Dövlət və dini icma başçılarına və bütün xoşməramlı insanlara ünvanlanmış müraciətdə deyilir ki, sivilizasiyalar arasında dialoq və tərəfdaşlıq sadəcə şüar xarakteri daşımamalı, bu yöndə əməli fəaliyyət göstərilməlidir.
Buna bənzər başqa bir tədbir isə daha öncə, Tatarıstanın paytaxtı Kazan şəhərində təşkil olunmuşdu. "Dialoq, tolerantlıq və təhsil: Avropa Şurası və dini konfessiyaların birgə fəaliyyəti" adı altında keçirilmiş həmin beynəlxalq seminarda Azərbaycanı İnsan Hüquqları üzrə Müvəkkil (ombudsman) Elmira Süleymanova təmsil etmişdir. Tədbirdə Avropa ölkələrinin müxtəlif dini konfessiyalarının rəhbərləri, tanınmış din xadimləri, dinşünas alimlər, beynəlxalq təşkilatların nümayəndələri, Rusiyanın və Tatarıstanın ombudsmanları, Avropa Şurasının insan hüquqları üzrə komissarı və digər qonaqlar iştirak ediblər.
Başqa belə bir tədbir Rusiya Federasiyasının Nijni Novqorod şəhərində təşkil olunmuşdu. "Mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlıq" mövzusunda keçirilən bu beynəlxalq konfransı Avropa Şurası, RF Regional İnkişaf Nazirliyi, RF-nin Avropa şurası yanında daimi nümayəndəliyi və Rusiya Dinlərarası Şurası birgə təşkil etmişdi. Bu konfransda da Azərbaycanı Ombudsman Aparatının əməkdaşı təmsil edirdi. Beynəlxalq konfransda Rusiyanın Regional inkişaf naziri İ. Yakovlev, AŞPA sədri Rene Van der Linden, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı T. Hammerberq, RF prezidentinin səlahiyyətli nümayəndəsi A. Konovalov, AŞ mədəniyyətlərarası dialoq məsələləri üzrə əlaqələndiricisi Q. Battaini, RF Dövlət Dumasının komitə sədrləri, RF-nin baş ravvini Berl Lazar, Müftilər şurasının sədri R. Qaynutdin, həmçinin ATƏT, YUNESKO və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər...”.
Əli
Xalq Cəbhəsi.- 2016.- 25 iyun.-
S.9.