Mən dərddən qaçanda dərd yalqız qalır…

 

I yazı

 

Bəxtiyar Vahabzadə yaradıcılığındakı müdrik fəlsəfi anlayış, xalqının varlığını, milli-mənəvi dəyərlərini, dilini, tarixini əks etdirən ədəbi, elmi-publisistik yazıları, poeziyasındakı fəlsəfə dünyanın bir çox siyasətçilərini, elm, ədəbiyyat xadimlərini onun haqqında fikir söyləməyə vadar edib. Azərbaycan və onun hüdudlarında B.Vahabzadə yaradıcılığını izləyənlər onun haqqında bir-birindən maraqlı fikirlər söyləyiblər. Alman şərqşünası Hans Ahmet Şmide “Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyətini mən B.Vahabzadədən öyrəndim” demişdi. Bəxtiyar Vahabzadə “Gülüstan” poemasını 1958-ci ildə yazıb, 1963-cü ildə “Şəki fəhləsi” qəzetində çap etdirib. Şimali və Cənubi Azərbaycanın ayrılıq faciəsini əks etdirən, o zaman əlyazması şəklində əldən-ələ gəzən bu poemaya görə B.Vahabzadə ittiham edilir, siyasi təqiblərə məruz qalaraq onun siyasi həbsi gözlənilirdi…

B.Vahabzadə dərin milli təəssüblə yazdığı “Gülüstan” poemasında 1813-cü ildə Azərbaycanı işğal edən Çarlıq Rusiyası ilə İranın aralarında bağlanan “Gülüstan” müqaviləsinə nifrətini, narazılığını bildirir, müqavilə bağlayan tərəflərin yadlar olduğunu ürək ağrısı ilə yazırdı:

 

…Tərəflər kim idi? Hər ikisi yad!

Yadlarmı edəcək bu xalqa imdad?

 

deyirdi. Poemada işğal olunmuş Azərbaycanın var-dövlətini talan edənlər nifrətlə qələmə alınırdı:

 

Min ləkə vurdular şərəfimizə,

Verdik, sahibimiz yenə ver dedi.

Lap yaxşı eyləyib doğrudan bizə,

Biri “baran” dedi, biri “xər” dedi.

Bizi həm yedilər, həm də mindilər,

Amma dalımızca hey deyindilər.

 

O zaman “Şəki fəhləsi” qəzetində nəşr edilən bu poemaya görə qəzetin redaktoru Məhiyəddin Abbas işdən çıxarıldı, qəzetin nüsxələri yığışdırılsa da, poema əldən-ələ gəzdi. B.Vahabzadənin adı şübhəlilər siyahısına düşdü, əsərləri üzərində senzor gücləndi. “Ana dili”, “Latın dili”, “Oğrular”, “Riyakar” kimi əsərləri tənqid hədəfinə çevrildi. “Köklər və budaqlar” əsərinin nüsxələrini satışdan götürərək yığışdırdılar.

Məmmədcəfər Cəfərov, Mehdi Hüseyn, mayestro Niyazi, Süleyman Rüstəm, Rəsul Rza, Süleyman Rəhimov, Nəriman Həsənzadə, İsmayıl Şıxlı, Nizami Cəfərov, Yaşar Qarayev, Xudu Məmmədov və b. B.Vahabzadə haqqında bir-birindən maraqlı fikirlər söyləyiblər.

B.Vahabzadənin alim və şairliyini ifadə edən, onun alimliyindən daha ziyadə şairliyinə yüksək qiymət verərək “qatlayıb dizinin altına qoyar, alim Bəxtiyarı şair Bəxtiyar” deyən Süleyman Rüstəm “Bəxtiyar Vahabzadənin yaradıcılığında mənim xoşuma gələn nədir? Bu suala belə cavab veri¬rəm: ilk növbədə vətəndaşlıq, Azərbaycançılıq, sonra da çəsarət, dərinlik. Onun respublikamızdan kənarda çap olunan şeirlərində imzasının yanında “Azərbaycan” sözünü yazmamaq da olar. Sanki onun bütün yaradıcılığına “Azərbaycan” möhürü vurulub”.

Şeirlərinin birində - "Mən dərddən qaçanda dərd yalqız qalır, Bu da mənim üçün təzə dərd olur"–deyən Bəxtiyar Vahabzadə yaradıcılığına yüksək qiymət verən Mehdi Hüseyn Vahabzadəni haqlı olaraq “Narahat şair” adlandırdı və bu baxımdan onun yaradıcılığının diqqət mərkəzində olduğunu vurğulayaraq “Vahabzadə sözün ən yaxşı mənasında narahat şairdir. B.Vahabzadənin qəhrəmanı ilə özü arasında ziddiyyət yoxdur” – deyirdi .

Məmməd Cəfər “Hikmətli-fəlsəfi fikirlə zəngin klassik şeir və siyasi kəskinliyi ilə fərqlənən yeni məzmunlu şeir mədəniyyəti Bəxtiyar şeirinin bünövrəsidir” deməklə B.Vahabzadənin əsərlərində dərin siyasi fikir və fəlsəfə olduğuna diqqət çəkib. Niyazi də parlaq istedad adlandırdığı Bəxtiyar Vahabzadəyə xalq sevgisini onun xalqla olan qarşılıqlı sevgisində görürdü: “Bəxtiyar ona görə bəxtiyardır ki, onu xalq sevir, xalqı da ona görə bəxtiyardır ki, onun Bəxtiyarı var”.

Süleyman Rəhimov onu “Şeiri bulaq kimi axıb tökülən, şeirləri, şeir kitabları dil-dil, əl-əl gəzən şair” adlandırır, Yaşar Qarayev “Azərbaycan poeziyasında Bəxtiyar zirvəsi təkrarsız qranit qaya zirvəsi kimi bütün cinahlardan görünən” zirvə olduğunu deyir, Rəsul Rzanın “Şair Bəxtiyarın bəxtiyarlığı onun qibtə ediləcək dərəcədə böyük olan poetik istedadıdır” ifadəsi B.Vahabzadənin Azərbaycan ictimai və ədəbi düşüncəsindəki yerini müəyyənləşdirmək üçün kifayət qədər yetərli məlumatlardır. Əslən azərbaycanlı, İranın Məşhəd şəhərindən Mehdi Münəccimi Məmqaninin B.Vahabzadəyə yazdığı bir şeirində Vahabzadənin milli ruhunu, onun Bütöv Azərbaycan düşüncəsini belə dilə gətirmişdi:

 

Məktəbi-eşqdə sən xətmi-kəlam eyləmisən,

Bu böyük mədrəsədə dərsi tamam eyləmisən.

Sən həyatın boyu dünyadan ədalət dilədin,

Şərə meydan oxuyub, zülmə qiyam eyləmisən.

Sabirin, Şəhriyarın şeirində qeyrət yolunu,

Sən məharətlə, cəsarətlə davam eyləmisən.

Bəxtiyar oldu adın, dərd-qəmi ləzzətlə yeyib,

Bilirik, sən özünə keyfi haram eyləmisən.

Şəki şəhərində doğuldun, nəfəsin çatdı bizə,

Sən Azərbaycanı öz şeirinə cəm eyləmisən.

 

B.Vahabzadə vətənində çox vaxt haqsız tənqidlərlə də qarşılaşıb. Bütün ömrünü, bütün yaradıcılığını Azərbaycan adlı məmləkətin varlığına, azadlığına həsr edən əsərləri ilə, “Gülüstan” poeması ilə Azərbaycanı ikiyə bölənlərə açıqca nifrətini bildirsə də, bu üsyanına görə onun başına nələr gəldiyi bir tarixi həqiqət olsa da, yenə öz amalından dönməyən şair üçün əslində qadağan olunanlar, yasaq edilənlər yox idi. Onsuz da sözünü sətiraltı ifadələrdə deyirdi. Yadımdadır, B.Vahabzadə özü deyirdi ki, onun “Azərbaycan” şeiri işıq üzü görəndə, üzdəniraq tənqidçilərdən biri orada “Azərbaycan” deyil, “Sovet Azərbaycanı” yazılmamasına etirazını bildirmişdi. Bütün bu haqsız tənqidlərə baxmayaraq o, yenə də sovet rejimi illərində yazıb çap etdirə bilmədiyi bir sıra əsərlərində Azərbaycan və digər türk torpaqlarının Rusiyanın işğal etdiyi günü matəm günü hesab etmişdi. 1963-cü ildə qırğız türklərinin Rusiyaya ilhaq edildiyi günün 100-cü ilindən bəhs edən şeirində qırğızlara bu günün bayram etdirilməsini “yadın noxtasını taxaraq ağ günə çıx¬maları”nın bayram deyil, “zar-zar ağlamaq günü”, “öldüyü gün” olduğunu istehzalı şəkildə ifadə edərək:

 

Buna bax, buna! Sevinir

Fəxr edir qul olduğuna.

Bayramamı?

Zar-zar ağlayasan gərək sən bu gün

 

deməkdən çəkinmirdi. 1990-cı ildə rus imperiyasının Azərbaycanda törətdiyi 20 Yanvar faciəsi Azərbaycanın tarixi yarasıdır. O zaman B.Vahabzadə bu haqsızlığa və zorakılığa qarşı səsini ucaltmış, 20 Yanvarda teleşirkətin həyətində enerji blokunun partladılmasına rəhbərlik edən rus generalının üzünə tüpürmüşdü. Bu hadisə şair Yusif Nəğməkarın “Tüpürcək” şeiri ilə tarixləşmişdi:

 

Şair neyləyəydi?sinəsi dağlı,

O ki öz xalqının bağlı diliydi.

Günahsız qırılan millətin oğlu,

Qanlı göz yaşını türüpməliydi.

 

Sonralar tənqidçilərdən Vaqif Yusifli yazırdı: “Qanlı Yanvar faciəsindən bir nesə gün sonra Bəxtiyar Vahabzadənin rus generalının üzünə tüpürdüyünü dedilər, ancaq o, öz şeirlərində çox-çox əvvəl imperiyanın üzünə tüpürmüşdü”.

Yaradıcılığının ilk illərindən Azərbaycanda marağa və mübahisəyə səbəb olan Bəxtiyar Vahabzadənin mövqeyi dəmir pərdələri aşaraq türk ictimai və ədəbi düşüncəsini məşğul edib. Azərbaycanın müstəqilliyi illərində Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsi ilə onun haqqında elmi-tədqiqat əsərləri yazılmağa başlanmışdı. 1996-cı ildə Türkiyənin On Doqquz Mayıs Universitetində Hüsniyyə Mayadağlı “B.Vahabzadə. Həyatı və əsərləri” mövzusunda namizədlik işi müdafiə etmiş, müəllifin 420 səhifəlik əsəri 1988-ci ildə Türkiyə Diyanət Vakfı tərəfindən yayınlanmışdı.

Azərbaycan Universitetlərində fəaliyyət göstərən türk tədqiqatçıları da 2010-cu ildə B.Vahabzadə yaradıcılığına həsr olunmuş bir namizədlik dissertasiyası müdafiə etmiş, (Bayram Gündoğdu. “B.Vahabzadənin publisistikası. Əsər 2013-cü ildə Qafqaz Universitetində yayınlanıb). Yenə Qafqaz Universitetinin müəllimi Erdal Karamanın “Türk dünyasının səsi B.Vahabzadə” monoqrafiyası da 2009-cu ildə Qafqaz Universitetində yayınlanıb. 1990-cı illərdən başlayaraq B.Vahabzadənin şeirlər kitabı, publisistik yazıları Türkiyədə yayınlanır, teatr əsərləri tamaşaya qoyulurdu. Onun əsərləri haqqında Türkiyədə onlarla məqalə dərc edilir, özünün də bir çox məqalələri hələ 1980-ci illərdən Türkiyənin nüfuzlu jurnallarında dərc edilirdi. B.Vahabzadənin özü, əsərləri haqqında daha çox yazısı olan müəlliflərdən biri də indi təqaüddə olan, o dövrdə Türkiyənin On Doqquz Mayıs Universitetində fransız dili müəllimi işləyən şair Halistin Kukul olub.

Halistin Kukul B.Vahabzadənin Türkiyədə yayınlanan demək olar ki, bütün kitablarına münasibət bildirir, haqqında qəzet və jurnallarda məqalələr dərc etdirirdi. 1992-ci ildə B.Vahabzadənin İzmirdə nəşr olunan “Gün var min aya dəyər” kitabındakı “Örümçək ağ bağladı” (“Hörümçək tor bağladı”) şeirini təhlilə cəlb edən Halistin bəy “Ortadoğu” qəzetində “Örümçək ağ bağladı” şeirinin təhlili” adlı məqaləsində yazırdı: “ “Örümçək ağ bağladı” insanı hədəf alan və bütün cəbhələri ilə bir cəmiyyəti çökdürmək istəyən bir diktatorluq rejiminə qarşı baş qaldırmış üsyandır. …Bu şeirdə B.Vahabzadə Azərbaycanın düçar olduğu 70 illik macəralarını anladır. Başdan sona ifadə etdiyi məsələ milli mədəniyyət qiymətlərimizdir. O, bu şeirində heç bir zaman maddi məsələlərə toxunmur. Çünki bir milləti məhkum vəziyyətə gətirmək üçün maddi deyil, onun mənəvi dəyərlərini məhv etmək, onu milli-mənəvi dəyərlərdən uzaqlaşdırmaq lazımdır. Budur 70 illik panorama”.

H.Kukul B.Vahabzadənin “Sonbahar düşüncələri” kitabı haqqında yazdığı “Qürub düşüncələri” adlı məqaləsində də Bəxtiyar Vahabzadəni “Azərbaycanın gur səsli, üfüqlü, alim şairi” adlandıraraq yazırdı: “Şeirdən ləzzət almaq istəyənlər, tarixdən ibrət almaq istəyənlər və çilə içində gözəlliyi görmək istəyənlər “Qürub düşüncələri”ni oxusunlar”.

 

Maarifə Hacıyeva

Professor

Xalq Cəbhəsi.- 2016.- 29 iyun.- S.14.