Dinlərarası dialoqun
bugünkü vəziyyəti
Aqil Hacıyev: “Azərbaycan bu baxımdan bir çox millətlərin və dini konfessiyaların dinc
yanaşı yaşamasının unikal
nümunəsidir”
II yazı...
“Başqa belə bir tədbir Rusiya Federasiyasının Nijni Novqorod şəhərində təşkil olunmuşdu. "Mədəniyyətlərarası dialoq və dinlərarası əməkdaşlıq" mövzusunda keçirilən bu beynəlxalq konfransı Avropa Şurası, RF Regional İnkişaf Nazirliyi, RF-nin Avropa şurası yanında daimi nümayəndəliyi və Rusiya Dinlərarası Şurası birgə təşkil etmişdi. Bu konfransda da Azərbaycanı Ombudsman Aparatının əməkdaşı təmsil edirdi. Beynəlxalq konfransda Rusiyanın Regional inkişaf naziri İ. Yakovlev, AŞPA sədri Rene Van der Linden, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı T. Hammerberq, RF prezidentinin səlahiyyətli nümayəndəsi A. Konovalov, AŞ mədəniyyətlərarası dialoq məsələləri üzrə əlaqələndiricisi Q. Battaini, RF Dövlət Dumasının komitə sədrləri, RF-nin baş ravvini Berl Lazar, Müftilər şurasının sədri R. Qaynutdin, həmçinin ATƏT, YUNESKO və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdilər...”. Bu fikirləri professor Aqil Hacıyev səsələndirib. O, vurğulayıb ki, danılmaz faktdır ki, dinlərarası dialoq fəaliyyətləri üçün tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi böyük əhəmiyyət kəsb edir: “Azərbaycan bu baxımdan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, "Avropa ilə Asiyanın qovşağında, Böyük İpək Yolunun üstündə yerləşən Azərbaycanda zərdüştilik, atəşpərəstlik kimi qədim dini inanclar öz izlərini qoymuş, İslam, Xristianlıq və Yəhudi dinləri əsrlər boyu dialoq və qarşılıqlı anlaşma mühitində dinc, yanaşı yaşamış və hələ də yaşamaqdadır".
O, hesab edir ki, bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır: “Burda müxtəlif konfessiyaların nümayəndələri hələ qədimdən məskunlaşmış və əsrlər boyu bir yerdə mehribancasına yaşayıblar. Buna misal olaraq, Bakının Suraxanı rayonunda günümüzə qədər gəlib çıxmış "Atəşgah" məbədini göstərmək olar. Neçə əsr bundan əvvəl tikilməsinə və ondan sonra neçə dinin Azərbaycana gəlməsinə baxmayaraq, bu gün də Atəşgah qorunmaqdadır. Atəşpərəstliyin bir məbədi olan bu yerə müsəlmanların da marağı böyükdür. Babil hökmdarı II Novuxodonosorun (e.ə. 586-cı il) Qüdsü zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünlərin bir qismi hələ o vaxtdan Azərbaycan torpağında özlərinə sığınacaq tapıblar.
Eramızın birinci yüzilliyinin ortalarında isə xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirib və sonradan burada yaranan Alban avtokefal kilsəsinin əsasını qoyublar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənib. Xristian və yəhudilərə qarşı Azərbaycan xalqı daim dözümlü münasibət göstərib, hətta hakimiyyət pillələrində həmin dinlərin mənsublarına da yer verilib. Teokratik rejim kimi tanımlanan Səfəvilər dövlətində də vəzirlər əsasən xristianlardan ibarət olub”.
Tarix göstərir ki, həm bu üç böyük din, həm 90-cı illərin əvvəllərindən etibarən Azərbaycanda yayılmağa başlamış konfessiyalar arasında heç vaxt ən kiçik anlaşılmazlıq belə olmayıb: “Tarix boyu müxtəlif qanlı müharibələrə səhnə olmuş Azərbaycanda dinlərarası balans yenə də qorunub saxlanılmış və dinlər arasında təfriqə yaranmasına gətirib çıxarmamışdır. Belə bir nümunəyə bədnam qonşularımızla gedən müharibənin ilk illərində də rast gəlinib. Barışmaz erməni separatizminin ideoloqları hər imkandan istifadə edərək, Qərbə və Rusiyaya belə bir mif təlqin etməyə çalışırdılar ki, guya Azərbaycandan "islam təhlukəsi" gözlənilir. Azərbaycan - Ermənistan münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri olub.
Digər tərəfdən, Azərbaycanda anti-müharibə və hətta ermənipərəst meyllərin yayılması üçün bəzi qüvvələr respublikanın müsəlman əhalisinin süni şəkildə xrisianlaşdırılmasından isifadə edirdilər. Şübhəsiz ki, belə hərəkətlər dinlərarası dialoqun möhkəmlənməsinə xidmət etmirdi. Lakin bu hadisələr respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə həlledici mənfi təsir göstərə bilmədi. Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu münasibətlər inkişaf edərək daha da yaxşılaşdı.
Bütün bu sadalanan faktları və Azərbaycandakı mövcud dinlərarası münasibətləri gözdən keçirəndə, əslində Azərbaycanda dinlərarası dialoq qurmağa və ya bunun üçün hansısa modelləri tətbiq etməyə ehtiyac duyulmadığını görmək olar. Çünki dialoq, aralarında problem olan müxtəlif fikirli tərəfləri bir araya gətirmək üçündür. Azərbaycanda isə qeyd olunduğu kimi, müxtəlif konfessiyalar arasındakı münasibətlər həmişə müsbət mənada fərqlənib. Həm Qafqaz Müsəlmanları İdarəsinin sədri, həm Rus Pravoslav kilsəsinin rəhbəri, həm də ölkədəki yəhudi icmasının rəhbəri bütün toplantılarda yanaşı dayanır, hər zaman bir mövqedən çıxış edirlər. Lakin buna baxmayaraq yenə də həm mövcud gözəl münasibətlərin qorunub saxlanması, həm də dinlərarası dialoq fəaliyyətlərinin inkişaf etdirilməsi üçün ölkədə bir sıra işlər görülüb və bu gün də görülməkdədir”.
O, bildiirb ki, bu sahədə təbii ki, Roma papası II İohann Pavelin 2002-ci ilin may ayında Azərbaycana etdiyi səfər ən əlamətdar hadisə kimi tarixə düşüb: “Həmin səfərdə Azərbaycanda bir çox mədəniyyətlərin jəmləşdiyini bildirən Papa onu da qeyd edib ki, bu ölkənin dözümlülük və qarşılıqlı anlaşma ruhu ilə fəxr etməmək olmur.
Papanı qarşılayan Prezident Heydər Əliyev onun Azərbaycana gəlişini tarixi hadisə adlandırı və qeyd edib ki, Katolik kilsəsinin başçısının Azərbaycana və digər müsəlman ölkələrinə səfəri iki dünya dininin yaxınlaşmasına və qarşılıqlı anlaşmaya şərait yaradır.
Dinlərarası dialoqun inkişafı sahəsində Papanın respublikamızın din xadimlərindən ibarət nümayəndə heyəti ilə Vatikanda keçirdiyi görüş də əlamətdar olmuşdur. Azərbaycan nümayəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam hacı Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr, habelə dağ yəhudiləri dini icmasının sədri Semyon İxiilov daxil edilmişdi. 18 noyabr 2004-cü il tarixdə Vatikanda keçirilən görüşdə pontifik Azərbaycandakı dini konfessiyalar arasında mövcüd olan münasibətləri yüksək qiymətləndirmiş və Qafqazda davam edən qanlı münaqişələr ilə əlaqədar öz təəssüfünü bildirmişdi. O bəyan etmişdi: "Heç kimə ixtiyar verilməyib ki, dinləri dözümsüzlük aləti, təcavüz, zorakılıq və qətllər üçün vasitə kimi təqdim etsin və ya onlardan istifadə etsin. Əksinə, dinlərin dostluğu və qarşılıqlı ehtiram əsl tərəqqi və sülhün zəngin mənbəyini təşkil edir".
Azərbaycanda bütün dinlərə yüksək münasibətin mövcudluğundan xəbər verən bir sıra başqa əlamətdar hadisələri qısaca bu şəkildə sıralamaq olar:
- 2003-cü il aprelin 16-dan 18-dək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Rum patriarxı I Varfolomey Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər zamanı bir neçə aydan sonra Bakıda dinlərarası dialoq məsələsinə həsr edilmiş beynəlxalq konfransın keçirilməsi barədə razılıq əldə edilib.
- 2003-cü il martın 9-da Bakıda yəhudilərin dini məbədinin - yeni sinaqoqun açılış mərasimi olub. Avropada ən böyük sinaqoq olan bu tikili köhnə məbədin yerində inşa edilmişdir. Əvvəlki sinaqoq 1945-2002-ci illərdə fəaliyyət göstərib. Qeyd etmək lazımdır ki, tikintinin maliyyələşdirilməsində təkcə xaricdə yaşayan yəhudi təşkilatları deyil, həmçinin QMİ və Rus Pravoslav kilsəsinin Qafqaz və Xəzəryanı Yeparxiyası da yaxından iştirak edib. Bu, Azərbaycanda müxtəlif dini konfessiyalar arasında mövcud olan sarsılmaz tolerantlığın parlaq təzahürüdür.
- 2003-cü il martın 24-də Bakıda jan Mironosets pravoslav baş kafedral kilsəsinin açılış mərasimi olub.
- 2003-cü ilin sentyabr ayında Bakıda ilk yəhudi məktəbi açılıb.
Müxtəlif dini konfessiya nümayəndələri arasında əməkdaşlığın genişlənməsində qeyri-hökumət təşkilatları, habelə beynəlxalq qurumlar da müəyyən rol oynayır. Belə ki, 22 iyun 2004-cü il tarixdə Bakıda "Cənubi Qafqazda tolerantlığın formalaşmasında islamın rolu" mövzusunda seminar keçirilib. Fridrix Nauman Fondunun (Almaniya), "Vətəndaş cəmiyyəti uğrunda" müstəqil məsləhətçi mərkəz (Azərbaycan), Münaqişələr və danışıqlar üzrə beynəlxalq mərkəz (Gürcüstan) və Amerikanın yəhudi komitəsi (ABŞ) ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycan, ABŞ, Almaniya və Gürcüstandan olan müxtəlif dini konfessiyaların nümayəndələri, siyasətçilər, tarixçilər və ekspertlər iştirak ediblər.
Bu gün dünyanın dialoqa böyük ehtiyacı var. Çünki tarix göstərmişdir ki, dini ideologiya sahəsində mübahisələr və qanlı iğtişaşlara yol açan intriqalar problemin həlli yolu deyildir. Bu gün masa arxasında oturmaq zamanıdır. Əgər həqiqətən də bütün dinlər sülhə, əmin-amanlığa, bəşəri münasibətlərdə yüksək əxlaqa çağırırsa, bu artıq onların ortaq nöqtələridir. Müxtəlif təmayüllü konfessiyaların mehriban şəkildə yaşadığı Azərbaycanda bu münasibətlərin qorunub saxlanılması hər bir kəsin vəzifəsidir. Unutmamalıyıq ki, hansı dinə etiqad etməsindən asılı olmayaraq, onların hər biri Azərbaycan Respublikasının vətəndaşıdır. Onların hər biri müharibə şəraitində olan ölkəmizin potensial qüvvəsi, ordumuzun əsgəridir. Odur ki, hər bir vətəndaş ölkənin qanunlarına tabe olmalı, müxtəlif maraqların dövlətçilik maraqlarından önə keçməsinə imkan verməməlidir. Çünki hər bir din vətənimizi sevməyi bizə təlqin edir”.
Əli
Xalq Cəbhəsi.- 2016.- 29 iyun.-
S.9.