Ahıska türkləri
Axısqalılar təsərrüfat
və mədəni inkişafda yaxından iştirak edirlər
VII
yazı
Araşdırmaçı
Sevil Piriyeva 1989-cu il Fərqanə hadisələri
və Ahıska türklərinin Azərbaycanda məskunlaşmasının
ikinci mərhələsi ilə bağlı bildirir: “Fərqanə
hadisələrindən sonra Ahıska türkləri
keçmiş SSRİ-nin bir çox şəhərlərində
yerləşdirilmişdi. Ahıskalıların
40 min nəfərdən çoxu Azərbaycan ərazisində
məskunlaşdılar. Onların müxtəlif
ehtiyacları ancaq respublika hesabına ödənilməsi
mümkün olmadığı üçün Azərbaycan
hökuməti SSRİ Nazirlər Sovetinin sədri L.A.Voroninə
yardımla bağlı müraciət etmişdi. Azərbaycan
SSR-ə köçmüş Ahıska türklərinə
yardım haqda SSRİ Nazirlər Sovetinin 15 sentyabr 1989-cu il
tarixli PP-25076 saylı qərarında deyilirdi: “Azərbaycan SSR
Nazirlər Sovetinin məlumatına görə, məlum Fərqanə
hadisələrindən sonra Ahıska türklərinin
könüllü olaraq Azərbaycana köçüb gəlmələrini
nəzərə alaraq, 1989-cu ilə kapital qoyuluşu limiti
bitdiyi üçün SSRİ Nazirlər Soveti 1990-cı ilə
703 milyon manat pul
ayrılmasını nəzərdə tutub. SSRİ
Dövlət Plan Komitəsinin sədr müavini V.A.Durasov 23
sentyabr 1989-cu ildə 526 Ahıska türkü Azərbaycan KP
MK-nın birinci katibi Ə.Vəzirova və Azərbaycan SSR
Nazirlər Sovetinin sədri A.Mütəllimova baş vermiş
faciənin əsl günahkarlarının tapılması və
başqa problemlərlə bağlı müraciət
etmişlər.
Özbəkistanda
baş verən hadisələr haqqında əldə olan məlumatlara
görə, komissiya üzvlərinin və müşahidəçilərin
rəylərinə əsasən Özbəkistandakı
«pambıq işi» ilə əlaqədar burada T.Qdlyan və
N.İvanovun rəhbərliyi altında işləyən
yoxlama komissiyasının bu faciədə əli olması təsdiqlənir.
Komissiya üzvlərindən
birinin
etirafına görə, istintaq komissiya üzvləri tərəfindən
türk əhalisi və ayrı-ayrı türklərin
adından saxta şikayət ərizələri tərtib
edilir, bu ərizələr vasitəsi ilə həm Özbəkistanın
yüksək rütbəli dövlət məmurlarından
böyük məbləğdə rüşvət alınır,
həm də onların qəzəbi türk əhalisinə
qarşı yönəldilirdi. Sonralar müxtəlif
qırğın
aksiyaları həyata keçirilərkən bu pulların müəyyən
hissəsi türkləri öldürən və evlərini
yandıran ekstremistlərə mükafat olaraq verilibmiş. Həmin hadisələr zamanı Ahıska türklərinin
Vətənə qayıtmaq uğrunda ictimai hərəkatı
özünün ən yüksək inkişaf pilləsinə
qalxmışdı və real nəticələrin
qazanılacağı vaxt uzaqda deyildi.
Lakin Fərqanə faciəsi nəticəsində
geniş bir ərazidə vurulan maddi və mənəvi
çətinliklərlə üzləşən Ahıska
xalqı yeni mürəkkəb problemlərlə
qarşılaşdı. Fərqanə avantürası xalq hərəkatına
ağır zərbə vurdu, ahıskalıların geri
dönmək planları alt-üst edildi. Lakin
milli düşüncəyə, etnik şüura endirilən ən
böyük mənəvi ziyan bu idi ki, çoxları Fərqanə
hadisələrinin araşdırılmasını onun
şişirdilməsi kimi başa düşür, hətta həmin
faciələr barədə susmağı lazım bilirdilər.
Lakin onlar, görünür, təsəvvürə
belə gətirmirdilər ki, bu hadisələri unutmaq və
onlara siyasi qiymət verməmək gələcəkdə daha
dəhşətli hadisələrin yenidən baş verməsi,
təkrarlanması ehtimalını artıra bilər. Bu cür sosial biganəlikdən istifadə edən
qüvvələr türk dünyasını
parçalamağa, türk dövlətləri və
xalqları arasında nifaq salmaqla onların zəifləməsinə
cəhd göstərirlər”.
Hələ
1944-cü ildə Ahıska türkləri Özbəkistanda məskunlaşdıqdan
sonra kənd təsərrüfatının bütün sahələrində
sürətli dönüş yaranmışdı: “Fərqanə
hadisələrindən sonra əkinçiliklə məşğul
olan Ahıska türklərinin böyük bir qisminin Özbəkistanı
tərk etməsi nəticəsində Özbəkistan kənd
təsərrüfatının bütün infrastrukturu
ağır vəziyyətlə üzləşməli
olmuşdu. Özbəkistan Respublikası Nazirlər
Sovetinin başçısı Geyrət Qadirov etiraf etmişdi
ki, «Türkləri əvəz edən yoxdur, bu ağır
işlərin öhdəsindən yalnız onlar gəlirdilər.
Biz onları geri qaytarmaq üçün
çalışmalıyıq. Respublika
600 min ton pambıq verirdi, 50 ildə Ahıska türklərinin
hesabına bu rəqəm 3 milyon tona çatdı». Həqiqətən
1989-cu ildə Şamaxı rayonunun Mədrəsə
kəndinə Özbəkistan rəhbərliyini təmsil edən
nümayəndə heyəti gəlmişdi. Onlar ahıskalılara
geri dönməyi təklif etdikdə: «Biz bu xəyanəti
heç vaxt bağışlamayacağıq» deyərək
onları geri qaytardılar”.
Fakt:
“İlqar Qədimov 1940-cı ildə Gürcüstan SSR-in
Adıgün rayonunun Dersel kəndində anadan olub. 1944-cü ildə Özbəkistan SSR-in Səmərqənd
vilayətinin Bulunduq rayonuna deportasiya olunub. 1958-ci ildən sonra ahıskalıların
böyük bir qismi kimi, o da Azərbaycana köçərək
ailəsi ilə Şamaxı rayonunda məskunlaşıb.
Onun baş vermiş Fərqanə hadisələri
ilə bağlı söylədikləri əsl
reallığa söykənirdi. O qeyd edirdi ki, «Özbək
ziyalıları Özbəkistanda çıxan dövrü mətbuatda
Fərqanə hadisələrində günahkar kimi yerli
türkləri təqsirləndirirdilər. Sonradan
bu işdə ermənilərin əli olduğu bilindi. Belə ki, Fərqanə hadisələrinin baş
verməsinin əsas səbəbkarı ermənilər,
xüsusilə də, orada yoxlama aparan SSRİ baş
prokurorluğunun işçisi, milliyyətcə erməni olan
T.Qdlyanın apardığı kütləvi təbliğat
işi oldu». T.Qdlyan istintaq zamanı Fərqanə
vilayətindən türk əsilli bir dəstə sovet təsərrüfat
fəallarını da həbs etdirmişdi. Onların çoxu Özbəkistan Respublikasında
rəhbər vəzifədə çalışanların
qohumları idilər. T.Qdlyan onlara
ayrı-ayrılıqda tapşırıbmış ki, «Siz
türkləri özbək torpaqlarından
çıxarın, mən həbsləri dayandırım,
tutulanları buraxdırım». İ.Qədimov: «Mən
dediklərimi özbəklərin rəhbər vəzifədə
işləyənlərinin dillərindən də
eşitmişəm»-deyir”.
Müxtəlif dövrlərdə Azərbaycanda
yaşayan Ahıska türkləri istər respublikanın təsərrüfat,
istərsə də mədəni həyatında yaxından
iştirak edir, öz qüvvə və bacarıqlarını
əsirgəməyiblər. Araşdırmaçı yazır:
“Tədqiqat işilə bağlı Azərbaycanın 46
rayonunda məskunlaşmış ahıskalıların həyat
və məişəti ilə tanışlıq göstərdi
ki, onlar Azərbaycan kəndlərinin ictimai və siyasi həyatında,
təsərrüfat və mədəni inkişafında
yaxından və layiqincə iştirak edirlər. İllər boyu ağır zəhmətə
qatlaşmış ahıskalılar harada məskunlaşmalarından
asılı olmayaraq özünəməxsus mədəni həyat
qurmuşlar. Onlar iş və istirahətlərini, asudə
vaxtlarını üzvi şəkildə əlaqələndirməyi
bacarırlar. Məskunlaşdıqları kəndlərin
əksəriyətində elə ilk günlərdən asudə
vaxtlarını səmərəli və mənalı
keçirmək məqsədilə qədim adətlərinə
söykənən musiqi kollektivləri yaradıblar. Məlum
Fərqanə hadisələrindən sonra Azərbaycan dövləti
ahıskalıların Azərbaycana gəlmələri
üçün hər
cür
şərait yaratmışdı. Ona görə
də onların böyük əksəriyyəti Azərbaycana
köçərək respublikanın müxtəlif bölgələrində
məskunlaşmağa başlamışlar. Azərbaycan hökuməti ahıskalı
köçkünlərinin Fərqanədən gətirilməsi,
məskunlaşdırılması, onların minimum
ehtiyaclarının ödənilməsi üçün
xüsusi komissiya yaratmışdı. Komissiya 1989-cu il 15
sentyabr PP 25076 saylı məktubla SSRİ Nazirlər Soveti və
SSRİ Dövlət Plan Komitəsi qarşısında Azərbaycanda
məskunlaşdırılmış Fərqanə
qaçqınlarının maddi ehtiyaclarını ödəmək
barəsində məsələ qaldırılır. Məktubda 1989-1990-cı illər üçün
qaçqınlara yardım məqsədi ilə əlavə
300 milyon rubl kapital qoyuluşu ayrılması SSRİ Nazirlər
Sovetindən xahiş edilirdi. Azərbaycan SSR Nazirlər
Sovetinin yardım ayrılması haqqında təklifini
müzakirə edən SSRİ Dövlət Plan Komitəsi
SSRİ-nin iqtisadi və sosial inkişaf layihəsinə
1990-cı il üçün mərkəzləşdirilmiş
formada Azərbaycan SSR Nazirlər Sovetinə 703 milyon rubl
ayırdığını bəhanə edərək,
1990-cı ildə Ahıska türklərinin məskunlaşması
üçün də bu məbləğin kifayət olduğunu
bildirir. Azərbaycan SSR Nazirlər Sovetinin təklifinə
və işin nəticələrinə 1990-cı ilin ikinci
rübündə baxılmasının nəzərdə
tutulduğu qeyd edilirdi. Faciəli və məşəqqətli
hadisələrlə bağlı Ahıska türklərinin Azərbaycana
köçməsindən sonra onların dili
bir Azərbaycan
əhalisinin qədim adət-ənənələrinə olan
marağı sayəsində hər iki xalqın
qarşılıqlı mədəni əlaqələrinin
inkişafında yeni mərhələ başladı. Beləliklə,
ahıskalıların özündə və eləcə
də, Azərbaycanda bu etnosları bir-birinə bağlayan saf
etnomədəni mühit formalaşmış oldu.
Həm Ahıskada, həm də Özbəkistanda bir yerdə yaşamış ailələr Azərbaycanda yenidən bir yerdə birləşmək imkanı əldə etmişdilər. Onlar yeni məskənlərə öz əvvəlki rayon və kəndlərinin adlarını verirdilər. Bu haqda dosent İ.Kazımov yazır: «Toponimlər bu xalqın etnolinqvistik yaddaşı kimi qiymətlidir. Keçmiş nəsillərin qoyub getdiyi yer-yurd adlarına türklər həmişə həssas münasibət bəsləyib, haraya sürgün olunmuşlarsa, yeni məskən saldıqları yerlərə keçmiş məskənlərinin adlarını veriblər. Bir vaxt Türkoba adı (Böyük və Didi Türkoba) cənubi Gürcüstanda məşhur idi. 1944-cü ildə ahıskalılar sürgün olunanda həmin toponimi də özləri ilə Özbəkistana apardılar, oradan ikinci dəfə Azərbaycana - Abşeron rayonu Şurabad
qəsəbəsinə gətirdilər. Yeni salınan kəndə Tükroba adını verdilər. Adı yaşatdılar, təskinlik tapmaq, tarixi birliyi yaşatmaq üçün. Eləcə də Ahıska, Adıgün, Azğur, Zeqan, Oşora və digər yer adları düz 46 ildir ki, yeni-yeni regionlarda öz varlığını qoruyur. Bu əlamət milli mədəniyyətə, el-obaya ehtiramın böyük ifadəsidir”.
Azərbaycan hökuməti ahıskalıların mənzil və digər kommunal ehtiyaclarının təmin olunmasına diqqət və qayğı göstərmişdi. Azərbaycan SSR Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetinə dəfələrlə müraciət etməsinə baxmayaraq, Fərqanədən deportasiya olunmuş ahıskalılara yardım məqsədilə heç bir əlavə maliyə vəsaiti ayrılmadı. Azərbaycan hökuməti yalnız daxili imkanları hesabına müxtəlif səviyyələrdə köçkünlərə hər cür yardım göstərməyə çalışmışdı. Həmin yardımlar həm hökumət, həm ayrı-ayrı şəxslər, həm də kollektivlər tərəfindən göstərilmişdi. Ahıskalıların Azərbaycanda yaşayışı, adət-ənənələri barədə məsələlər «Azərbaycan qadını» jurnalının 1989-cu il 12-ci sayında jurnalist Svetlana Nəcəfovanın «Cavabsız suallar» məqaləsində öz real əksini tapıb. Məqaləni həyacansız oxumaq olmur: «Onlar gecələrini gündüzlərinə qatıb çalışır, özlərinə ev-eşik qururdular. Həyat tədricən öz axarına düşürdü, ağır faciələrlə üzləşmiş neçə-neçə yaxınlarını, qohumlarını, əzizlərini itirmiş bu insanlar həyatın bütün sahələrinə qarşı diqqətli idilər».
Uğur
Xalq Cəbhəsi.-
2016.- 1 mart.- S.13