Qədim tarixə malik müasir Qəbələ

 

Son illərdə bu şəhər sürətlə inkişaf edərək Azərbaycanın ən gözəl turizm məkanlarından birinə çevrilmişdir

 

Mən hazırda Bakıda yaşasam da, tez-tez yolum doğulub boya-başa catdığım doğma Qəbələyə düşür. Qədim tarixə malik bu rayonun müasir inkişafı elə ilk baxışdan diqqət çəkir. Son illər dövlətin həyata keçirdiyi uğurlu iqtisadi siyasət, xüsusən də regionların inkişafına dair məqsədyönlü proqramlar sayəsində rayonlarımız nəzərə çarpacaq dərəcədə inkişaf edib. Qəbələnin sürətli inkişafı da buna əyani misaldır. Rayonda sosial infrastruktur müasirləşdirilmiş, yeni sənaye müəssisələri yaradılmış, sosial yönümlü obyektlər tikilmiş, yeni iş yerləri açılmış, geniş miqyaslı abadlıq-quruculuq işləri görülmüş, əhalinin həyat səviyyəsi yüksəlmişdir.

Qəbələnin sosial-iqtisadi inkişafında son illər yaradılmış müasir sənaye müəssisələri mühüm yer tutur. Onların hər biri nəinki rayon miqyasında əhəmiyyətlidir, hətta ölkədə və xaricdə öz məhsulları ilə tanınan müəssisələrdir. Bu isə hər şeydən əvvəl yerli əlverişli şərait və sahibkarlığın inkişafına dövlət dəstəyi ilə bağlıdır.

 

Qəbələ Konserv zavodu

 

Bu gün hamının yaxşı tanıdığı “JALƏ” və “ÇÎËÎÒÎÉ ÑÀÄ” şirələri də məhz burada - Qəbələ Konserv Zavodunda istehsal edilir. Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə emalı müəssisəsi olan Qəbələ Konserv Zavodu hələ çox gənc olmasına baxmayaraq, artıq dünya standartlarına cavab verən dadlı-ləzzətli məhsulları ilə Azərbaycan bazarında liderliyi ələ almışdır. 13 hektarlıq ərazidə yerləşən, ildə 70 000 ton meyvə emal etmək və 210 000 ton meyvə şirəsi istehsal etmək gücünə malik olan Qəbələ Konserv Zavodu, Avropada istehsal edilmiş ən müasir avadanlıqlarla təchiz edilmişdir. İtaliyadan, Türkiyədən, Rusiyadan dəvət edilən mütəxəssislər bu avadanlığın istismarında, eləcə də yerli ixtisaslı kadrların hazırlanmasında yaxından iştirak edirlər.

Təsadüfi deyil ki, artıq bu gün Qəbələ Konserv Zavodu istehsal etdiyi təbii meyvə şirələri və eləcə də meyvə şirələri istehsalı üçün əsas xammal olan konsentrat və pürelər yalnız Azərbaycan məkanında deyil, həmçinin Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Baltikyanı respublikalarda, hətta Amerika və Avropa dövlətlərində satılır.

Bütün beynəlxalq keyfiyyət sertifikatlarına malik olan məhsulların istehsalında başlıca prınsiplərdən biri də məhz, bərəkətli Azərbaycan torpağında yetişən yerli xammaldan istifadədir. Bu məqsədlə Qəbələ Konserv Zavodu yerli fermerlərin köməyi ilə ölkənin bütün regionlarından meyvə və tərəvəz məhsulları tədarük edir. On minlərlə həmvətənlimiz bizim sifariş verdiyimiz meyvə və tərəvəzin becərilməsi ilə məşğuldur ki, bu da Respublikada kənd təsərrüfatının inkişafına müsbət təsir göstərir.

Məhsullar respublikanın bütün şəhər və rayonlarını əhatə edən distribüter şəbəkəsi vasitəsi ilə ticarət müəssisələrinə çatdırılır ki, bu da əhali üçün yüzlərlə yeni iş yeri deməkdir. Zavod durmadan yeniləşir, genişlənir. Yeni istehsal sahələri tikilir, məhsulların çeşidı artır. Məqsəd istehlakçıları yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz , təbii məhsullarla təmin etmək və Azərbaycan malını dünya bazarında tanıtmaqdır.

 

"Gilan Qida Şəhərciyi"

 

"Gilan Qida Şəhərciyi"ndə müxtəlif zavodların yaradılması rəqabətə davamlı və müasir standartlara cavab verən qida sənayesinin inkişafına mühüm töhfə hesab oluna bilər. "Gilan Qida Şəhərciyi"ndə iki yeni emal müəssisəsi inşa olunub. Yeni müəssisələrin ümumi tikinti sahəsi 120 min kvadratmetrdir. Kartof emalı müəssisəsində iki istehsal xətti quraşdırılıb. Burada yarımfabrikat dondurulmuş kartof və kartof çipsi istehsal olunacaq. Yarımfabrikat dondurulmuş kartof istehsalı xəttinin istehsal gücü saatda 3 ton hazır məhsul təşkil edir. Çips istehsalı xəttinin istehsal gücü isə saatda bir ton hazır məhsul olacaq. Hər iki istehsal xətti tam avtomatlaşdırılmış sistem üzrə çalışır. Burada xammal 6 min kvadratmetr sahəyə malik ilkin soyuducu anbara yerləşdirilir. Müəssisədə, həmçinin keyfiyyətə nəzarət laboratoriyaları var. İstehsala göndərilmədən əvvəl məhsulun fiziki-kimyəvi göstəriciləri yoxlanılır. Burada stehsal olunan məhsullar bir çox xarici ölkələrə ixrac edilir. Müəssisədə üç istehsal xəttində 9 növ qablaşdırmada 48 çeşiddə məhsul istehsalı planlaşdırılır. Müəssisədə saatda 10 min litr hazır məhsul istehsalı gücünə malik isti dolum sistemi vasitəsilə plastik qablaşdırmada meyvə lətli içkilər və soyuq çay istehsal olunur. Digər xətt saatda 36 min litr hazır limonad və digər qazlı sərinləşdirici içkilər, qazlı və qazsız su istehsalı üçün nəzərdə tutulub. Saatda 5 min litr hazır məhsul istehsal gücünə malik xətdə isə qazlı və qazsız su, qazlı sərinləşdirici içkilərin istehsal edir. Müəssisədə qablaşdırma mərhələsindən öncə müəyyən reseptlər əsasında hazırlanmış tərkiblər laboratoriyada yoxlanılır və təsdiqdən sonra istehsala göndərilir. Burada bütün istehsal prosesi tam avtomatlaşdırılıb.

 

Beltmann piano fabriki

 

1901-ci ildə Yohann Beltmannın Niderland Krallığında əsasını qoyduğu “Beltmann” piano fabrikini 1983-cü ildə nəticəsi Hans Lefernik Almaniyaya köçürüb və müəssisə orada 2002-ci ilədək fəaliyyət göstərib. 2008-ci ilin fevralında yeni “Beltmann” piano fabrikinin yaradılması ideyası yaranıb və həmin ilin oktyabrında Qəbələdə müəssisənin inşasına başlanılıb. 2009-cu ilin sentyabrında fabrikdə üç pianonun hazırlanması ilə “Beltmann” markalı pianoların istehsalının əsası qoyulub. Hazırda dünyada “Beltmann” markalı pianolar yalnız Qəbələ piano fabrikində istehsal olunur. Regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 piano istehsal edilir. Fabrikin 150 nəfərlik yeməkxanası, sərgi salonu və yataqxanası mövcuddur.

 

Qəbələ su-limonad istehsalı zavodu

 

İllik istehsal gücü 50 milyon litr olan müəssisə regionların sosial-iqtisadi inkişafı dövlət proqramının uğurla həyata keçirilməsinin bəhrəsidir. Rayon iqtisadiyyatında əhəmiyyətli yer tutan müəssisədə dünya standartlarına cavab verən avadanlıq İtaliyanın “Podovan” şirkəti tərəfindən quraşdırılmışdır. İstehsal prosesi tam avtomatlaşdırılmışdır. Zavodun iş prinsipi xammalın qəbulundan başlayaraq qablaşdırılmaya qədər mövcud olan bütün prosesləri əhatə edir. Zavodda beş çeşiddə məhsul – kola, tərxun, düşes, limon, üzüm limonadları, həmçinin qazlı və qazsız sular hazırlanaraq müxtəlif tutumlu plastik və şüşə qablarda bazara çıxarılır.

Yerli və xarici bazarın tələblərinə cavab verən bu məhsulların nümunələri bir çox ölkələrin nümayəndələri tərəfindən laborator analizdən keçirilərək yüksək qiymət almışdır. Müəssisədə istehsal olunan məhsullar Rusiya, Ukrayna, Belarus, Baltikyanı respublikaların, Amerika qitəsi dövlətlərinin bazarlarına çıxarılır. Burada başlıca prinsiplərdən biri də məhsulun məhz yerli xammaldan, bərəkətli Azərbaycan torpağında yetişən nemətlərdən hazırlanmasıdır. Bu məqsədlə müəssisələr yerli fermerlərin köməyi ilə ölkəmizin bütün regionlarından meyvə və tərəvəz məhsulları qəbul edir. Bu, zavodlardan sifariş alan on minlərlə insanın meyvə və tərəvəz məhsullarının becərilməsinə və yetişdirilməsinə marağını daha da artırır. Bu da ölkəmizdə aqrar sahənin inkişafında mühüm rol oynayan amildir.

 

Qəbələ Fındıq emalı zavodu

 

Qəbələ fındıq emalı müəssisəsi 2005-ci ilin sentyabr ayında fəaliyyətə başlayıb. Tam müasir texnoloji avadanlıqlarla təchiz olunmuş və dünya-avropa standartlarına uyğun olan müəssisə Azərbaycanın əsas fındıq rayonlarından olan Qəbələ rayonunda yerləşir. Hazırda müəssisədə Təhlükəli Amillərin Təhlili və Nəzarəti Kritik Nöqtələri (HACCP) sistemi tətbiq olunmuşdur. Fındıq əsasən əhalidən alınır. Müəssisə tam gücü ilə işləyəndə müəssisədə 250 nəfər işçi çalışır.

Hazır məhsul 1 tonluq, xüsusi fındıq ləpəsi üçün toxunulmuş 30 kq-lıq polipropilen, 80 kq-lıq parça kisələrə və 25 kq-lıq polietilen vakuum paketlərə (vakuum paketlər karton qutulara qoyulur) qablaşdırılır. Emal olunmuş məhsullar əsasən Almaniya, İtaliya, İspaniya və digər Avropa ölkələrinə, həmçinin Rusiya və Ukrainaya ixrac edilir.

 

Perspektivli turizm sektoru

 

Son illərdə Qəbələ Azərbaycanın ən gözəl turizm şəhərlərindən birinə çevrilmişdir. Turizm rayon iqtisadiyyatının əlverişli və perspektivli, gəlirli sahələrindən biridir. Rayonun sosial-iqtisadi inkişafı və zəngin turizm potensialı yaxın illərdə Qəbələnin dünyanın məşhur turizm mərkəzlərindən birinə çevriləcəyinə zəmin yaradır. Təsadüfü deyildir ki, Prezident İlham Əliyev Qəbələ rayonuna səfərləri zamanı yeni beşulduzlu otel və istirahət mərkəzlərinin açılışında iştirak edir, turizmin daha da inkişafı üçün dəyərli tövsiyələrini verir. Bu qayğıdan ruhlanan iş adamları dünyanın daha müasir turizm xidmətlərini rayonda tətbiq etmək və turistləri heyrətləndirmək üçün yeni otel və istirahət mərkəzlərinin inşasını həyata keçirirlər.

Rayonda turizmin inkişaf dinamikasına nəzərə salsaq görərik ki, bu yerlərə turist axını yüksələn templə davam edir. Onların arasında mədəniyyətimizlə, tarixi abidələrimizlə maraqlananların sayının çox olması sevindirici haldır. Nadir təbii iqlim şəraiti, mineral bulaqları ilə seçilən, tarixi İpək Yolunun üstündə yerləşən, qədim Qafqaz Albaniyasının paytaxtı olan Qəbələ şəhərinin qalıqları ilə şöhrət tapmış rayonda həm də böyük turizm imkanlarından bacarıqla istifadə edilməsi özəl sektorda turizm-istirahət komplekslərinin sayının sürətlə artmasına səbəb olmuşdur.

Qəbələ həm də çoxlu sayda tarixi abidələri, maddi-mədəniyyət nümunələri ilə məşhurdur. Bu tarixi abidələr Qəbələnin tarixinin min illər bundan əvvəllərə gedib çıxdığını göstərir. Bu füsunkar yurd yerinin qədim tarixi, adət-ənənələri, xalq sənəti nümunələri çox zəngindir. Çuxur Qəbələ kəndində yerləşən qədim Qəbələ şəhərinin qalıqları, rayonun müxtəlif yerlərindəki daş kurqanlar (eramızdan əvvəl III-I minillik), Həzrə kəndindəki türbələr kompleksi (XIV-XV əsrlər), Nic qəsəbəsindəki nekropol (antik dövr), Heydər Əliyev muzeyi, tarix-diyarşünaslıq muzeyi, İ.B.Qutqaşınlının xatirə muzeyi, Şəhidlərin xatirəsi muzeyi turistlərin ən çox ziyarət etdiyi yerlərdəndir.

 

Mahir Həmzəoğlu

Xalq Cəbhəsi.- 2016.- 1 mart.- S.12