Novruz bayramı və milli dövlətçilik
ənənələri
III
yazı
Aida
İmanquliyevanın adlandırdığı kimi «Mərkəzi
Asiyadan Balkanlara qədər uzanan böyük bir ərazidə
məskunlaşan bütün türk xalqları tərəfindən
sevinclə qarşılanan Yeni il – Novruz
bayramının” tarixinə nəzər salınarsa, onun milli
dövlətçilik ənənələri ilə sıx
bağlı olduğu üzə çıxar. Ən
qədim dövrlərdən xalqımızın həyatında,
adət-ənənələr dünyasında özünə
möhkəm yer tutmuş bu bayram təkcə xalq kütlələrinə
məxsus məişət bayramı olaraq qalmayıb, dövlət
səviyyəsində qeyd olunub, xalqımızın həyatını
bütöv şəkildə əhatə edib.
Varlılar da, kasıblar da Novruzu qeyd edib, xalqın
bütün təbəqələri Novruz bayramında bir araya
gəlib, bayramı birgə qeyd edib, bayram sevinci ümummilli dəyər
halına gəlib. Bu da öz növbəsində
xalqımızı birləşdirib, bütövləşdirib,
dövlətçilik tariximizin milli əsaslarını
möhkəmləndirib.
Novruz ənənələri dedikdə göz
önünə ilk növbədə bu bayramla bağlı ailə-məişət,
mərasim ənənələri gəlir. Bunun səbəbi onunla
bağlıdır ki, XX əsrdə sovet hökumətinin
Novruz bayramını rəsmi bayram olmaqdan
çıxarması, onu təqib etməsi, ayin və mərasimlərinin
geniş meydanlarda ümumi xalq kütlələri tərəfindən
böyük coşqu ilə qeyd olunmasına qadağa
qoyması onu məişət hadisəsinə çevirdi. Bu zaman Novruzun evlərdə, ailə-məişət
içərisində icra olunan ənənələri
yaşamaqda davam etsə də, dövlət tərəfindən
rəsmi səviyyədə icra olunan mərasim ənənələri
aradan qalxdı. İnsanlar tədriclə
Novruz bayramının rəsmi mərasimi ənənələrini
unutdular.
Hazırda Azərbaycan müstəqillik eldə edib,
Novruz yenidən dövlət tərəfindən qeyd olunan
ümumxalq bayramına çevrilib. Əlbəttə,
Novruzun tarixi çox qədimdir. Tədqiqatçılar
bu tarixi nə qədər dərinə aparırlarsa, Novruz
bayramının tarixi sanki tükənmir. Çünki
bu, bir ilbaşı bayramıdır. İnsanlar
ilin dəyişməsini ibtidai icma dövründən qeyd
edib, soyuq, ərzaq qıtlığı, səfalətlə
dolu qışdan sonra yazın gəlişini böyük bir
sevinc hissilə qarşılayıb və bunu müxtəlif mərasimlərlə
qeyd ediblər. İctimai-iqtisadi formasiyalar
dəyişdikcə təqvim düşüncəsi daha da
inkişaf edib, bu əsasda Novruz bayramı xalqların və
onların dövlətlərinin həyatında öz yerini
daha da möhkəmlədib, yeni-yeni adət və ənənələrlə
zənginləşib, məzmun və formaca əlvanlaşıb.
Bu tarixi-mədəni prosesdə Novruz hər bir
xalqın öz milli həyat tərzinə, milli
dünyagörüşünə, adət-ənənələrinə
uyğun şəkillər alıb. Elə
bu səbəbdən də orta əsrlər tarixi mənbələrində
Novruz bayramı hər xalqın öz milli ənənələri,
o cümlədən hər xalqın öz dövlətçilik
ənənəsi ilə bağlı bayram kimi təqdim edilməkdədir.
Məsələnin bu tərəfinə hələ 1927-ci ildə
«Maarif və mədəniyyət» jurnalında çap etdirdiyi
«Azərbaycanda Zərdüşti adətləri» adlanan məqaləsində
diqqət verən Yusif Vəzir Çəmənzəminli
yazırdı ki, bu günə qədər adət və ayinlərimiz
tədqiq sahəsindən uzaqda qalıb. Az-çox
Novruz haqqında fikir yürüdülübsə də, tarix
nəzərə alınmayıb və məsələ
mücərrəd mülahizələr şəklində
qalıb. Şərq müəlliflərinin bu barədə
verdiyi məlumat qarışıqdır və çox zaman məsələyə
sami etiqadları
qarışdırdıqlarından tarixi həqiqət ortada
itib gedir. Məsələn, «Bürhani-qate»nin:
«Cənab haq aləmi və Adəmi ol gündə (Novruz
günü) xəlq elədi» deməsi bizə Tövratı
andırır. Halbuki qədim Azərbaycan və
İran Tövrat fəlsəfəsinə
yabançıdır.
Bu fikirdən məlum olur ki, Şərq müəlliflərinin
Novruz bayramı haqqında verdiyi məlumatlar
qarışıq və ziddiyyətlidir. Yəni
bir-birinə düz gəlmir, tarixlər, müxtəlif
dünyagörüşləri bir-birinə
qarışdırılıb. Müəllifə görə,
Novruz bayramının tarixi, mənşəyi ilə
bağlı məlumatlar sami
xalqlarının inanclarına, xüsusilə yəhudilərini
müqəddəs kitabı «Tövrat»dakı məlumatlara
qarışıb.
Y.V.Çəmənzəminlinin
«Bürhani-qate» adlanan fars mənbəyinə
əsasən verdiyi başqa bir məlumat bilavasitə Azərbaycanla
bağlıdır. Müəllif yazır: «Bürhani-qate»
ikinci bir rəvayətdə nağıl eləyir: «Cəmşid
şah ki ərəblər Mətuşələh deyirlər,
səlatini-Pişdadiyandan bir padşahi-məşhurdur, nami-əslisi
Cəmdir, əqtabi-ərzi geşt eləyərək Azərbaycan
vilayətinə gəlib, ol mövzeyi estehsan etməklə əmr
elədi. Bir mürtəfe məhəldə Şərq canibinə
doğru bir mürəssə təxti-ali qurdular, kəndisi dəxi
əlbisəyi-şahanə geyib və başında
mücövhər və müşşə tac
ol təxt üzrə mülukanə keçib qərar elədi.
Vəqta ki, günəş tülu edib, şəşəəsi
ol tac-təxtə toxunduqda bütün ol həvalini qərğeyi-nur
və ziya etməklə hər kəs bu keyfiyyəti təyəmmün
və istisad edib, ziyadəsilə fərəhnak oldular və
bu gün də bir yovmi-mümtazdır deyə o günə
«Novruz» ilə təsmiyə elədilər və pəhləvi
lisanında şüa – pörtövə «şid» itlaq
olunmaqla cəm ləfzinə izafə ilə ol padşaha Cəmşid
dedilər və ol gün cəşni-əzim edib ondan sonra və
hər sənə rəsmi-mərqumu icra elədilər».
Müəllifin fikrindən məlum olur ki, Pişdadiyan
(pişdadilər) sülaləsindən olan məşhur Cəmşid
şah «əqtabi-ərzi» (dünyanın qütbləri
arasındakı əraziləri) gəzib Azərbaycana gəlir. Burada
hündür bir yerdə şah taxtı qurdurur, əyninə
şahlara məxsus geyim geyir, başına şah tacı
qoyaraq həmin taxtda əyləşir. Sübh
tezdən günəş qalxır və onun
şüaları şahın tacına və taxtına
düşərək ətrafı parlaq işığa qərq
edir. Hamı sevinir və həmin gün bir
«yovmi-mümtaz», yəni «seçilmiş, fərqli, məşhur
bir gün» olduğuna görə onu Novruz adlandırıb,
bundan sonra hər il böyük bayram, rəsmi
dövlət bayramı kimi qeyd etməyə başlayırlar.
Bu təsvirdə,
əslində, biri-biri ilə qovuşmuş iki mərasimin təsviri
var: birincisi, Cəmşidin taxta çıxması (tacqoyma) mərasimi.
İkincisi, Novruz mərasimi. Təsvirdən aydın olur ki, yeni şahın taxta
çıxması mərasimi sübh tezdən icra
olunurmuş. Əgər günəş
çıxıb öz şüalarını taxt-tacın
üzərinə salarmışsa, bunu xoş əlamət
kimi qəbul edərmişlər. Yəni
insanlar sübh tezdən günəşin
çıxmasını gözləyərmişlər.
Əgər günəş
doğarmışsa, onda onlar bunu yeni şahın göylər
tərəfindən razılıqla qarşılanması kimi
qəbul edərmişlər. Yox, əgər
günəş doğmayıb, buludların arxasında gizlənərmişsə,
onda insanlar bunu göylərin taxta oturmaq istəyən şaha
etirazı kimi başa düşərmişlər.
Digər tərəfdən, Cəmşidin taxta
oturması gününün Novruz bayramı kimi qəbul
olunmasına gəlincə, bu da yeni ilin başlanmağı ilə
yeni şahlığın başlanmağının
üst-üstə düşməsi deməkdir. Bunu nəzərə
almaq lazımdır ki, Novruz bayramı əsasında
qışın yazla əvəzlənməsi duran
mövsüm bayramıdır. O, dövri-qədimdən
həmişə qışın sonunda – yazın
başlanğıcında qeyd olunub. Yəni insanlar Novruz
bayramı ilə qışı (köhnə ili)
yola salıb, yazı (təzə ili) qarşılayıblar. Demək, belə güman etmək olar ki, Cəmşidin
taxta çıxması mərasimi də məhz bu zamanda –
qışın sonu ilə yazın
başlanğıcının bir-birinə qovuşduğu
vaxtda icra olunub.
Ümumiyyətlə,
tacqoyma mərasimi ilə yeni ilin üst-üstə düşməsi,
daha doğrusu, tacqoyma mərasiminin yeni ilin ilk günündə
icra olunması qədim tarixi ənənədir və
dünyanın əksər xalqlarında buna dair çoxlu
nümunələr var. Belə tarixi-etnoqrafik nümunələri
nəzərdən keçirmiş Mirça Eliade yazır:
«Çox asanlıqla başa düşmək olar ki, nəyə
görə tacqoyma mərasimi kosmoqoniyanı (dünyanın
yaradılışını – S.Q.) təkrarlayır, yaxud Yeni
ildə bayram edilir. Belə hesab edilir ki, şah
bütün kosmosu (dünyanı – S.Q.) təzələyir.
Təzələnmə, əsasən, yeni
mövsüm dövrəsinin gəlməsi ilə Yeni ildə
həyata keçirilir. Lakin bu zaman ritualla
həyata keçirilən yenilənmə, mahiyyətcə,
dünyanın yaradılışının təkrarıdır.
O, hər yeni ildə təkrarlanır».
Bu ümumiləşdirmədən o nəticəni
çıxarmaq olar ki, Cəmşidin tacqoyma mərasiminin yeni
ildə keçirilməsi təsadüf deyil. Yeni ildə hər
şey təzələnməli, yenidən doğulmalı, o
cümlədən hakimiyyət də təzələnməlidir.
Ona görə də belə güman etmək olar ki, yeni ildə
Cəmşidin ya ilk dəfə tacqoyma mərasimi
keçirilir, ya da bu, Cəmşidin hakimiyyətinin hər il Novruzda təkrarlanan yenilənmə, təzələnmə
mərasimidir.
Bu mərasimdə iki cəhəti mühüm hesab
edirik. Bunun birincisi Novruz bayramının dövlətçilik
ənənəsi ilə, ikincisi isə Azərbaycanla
bağlanmasıdır. «Bürhani-qate»dəki
rəvayətdə Novruz bayramının Cəmşidin taxta
çıxması ilə bağlanması bu bayramın
bilavasitə dövlətçilik bayramı olduğunun
sübutudur. Yada salmaq olar ki, müxtəlif rəvayətlərdə
Novruz bayramı dördüncü islam xəlifəsi
Həzrət Əlinin də taxta çıxması ilə əlaqələndirilib.
Tədqiqatçı Ramin Allahverdiyev yazır ki: «Bayramın
keçdiyi mürəkkəb tarix yolu göstərir ki,
müəyyən dövrlərdə Novruz mərasimi ilə
müqəddəs sayılan şəxslərin əlaqələndirilməsi
meylləri olub. Bu cür vəziyyətlərdə
tarixdə böyük hörmət və ehtiram
qazanmış şəxsiyyətlərin real tarixi simaları
tədricən rəvayətləşdirilmiş (əfsanələşdirilmiş)
cizgilərlə əvəzlənilmiş olur. Sonrakı dönəmdə İslamın təsiri
ilə Novruz mərasiminin müsəlmanların müqəddəs
şəxslərindən sayılan Həzrət Əlinin
taxta çıxarılması, həmçinin, xəlifələrin
taxta çıxarılması ilə əlaqələndirilməsi
də bu cür əfsanələşdirilmənin nəticəsi
kimi izah edilməlidir». Cəlal Qasımov da yazır ki,
bir çox mənbələrdə «Novruz»un «Adəmin
yaradıldığı gün», «Nuhun gəmisinin torpağa
oturduğu gün», «Türklərin Ergenekondan
çıxdıqları gün», «Dünyada ilk hökmdar hesab
edilən Kəyumərsin adı ilə bağlı gün»,
«Cəmşidin Azərbaycana səyahəti ilə
bağlı gün», «Atəşpərəstiklikdən qalan
bir bayram», «Yunus peyğəmbərin balığın
qarnından çıxdığı gün», «Həzrəti
Məhəmmədin peyğəmbərlik xələtini
geydiyi gün», «İmam Əlinin xilafətə gəldiyi
gün», «İmam Əlinin doğum günü»,
«Küsülülərin barışması üçün
imam Əli tərəfindən elan edilən bayram», «İmam
Əli ilə Fatimatü-Zəhranın evləndikləri
gün» və sair göstərilir.
İkinci mühüm cəhət budur ki, Cəmşidlə bağlı əfsanənin bir mifoloji rəvayət olmasına baxmayaraq, biz yenə də onun taxta çıxmasının məhz Azərbaycanla bağlanmasını təsadüf hesab etmirik. Güman edirik ki, burada məsələnin kökləri dərindədir və Azərbaycanla bağlanma təsadüfi deyil. Əvvəlcə bu məsələyə Y.V.Çəmənzəminlinin öz münasibətini öyrənək. O yazır ki, «Bürhane-qate» və bütün İran müəlliflərinin «Novruz»u Cəmşidə mənsub elədikləri tarixi həqiqətdən uzaq görünür. Bir kərə Cəm və mənsub olduğu Pişdadiyan sülaləsi və Firdovsinin qeyd etdiyi əksər adlar tarixi adlar gərək olmasınlar: Yunani-qədim müvərrixlərində başqa-başqa adlar göstərilir və İran abidə və kitabələrinin son tədqiqi yunanların haqlı olduqlarını meydana çıxartdı. Ola bilər ki, sasanilər təşviq etdiyi kimi, onlardan əvvəlki sülalələrdən bir padşah «Novruz»a artıq əhəmiyyət verirmiş, lakin bu adətin bir şəxsə isnad edilməsi, məncə, doğru deyil. Lakin «Novruz»un Azərbaycan mədəniyyəti məhsulu olduğuna qaneyəm. Buna zatən «Bürhane-qate» də işarə eləyir. İran mədəniyyətini Midiya və bilxassə Azərbaycan yaradıb və Midiya səltənəti münqəriz olduqda bu mədəniyyət Zərdüştiliklə bərabər İrana keçib və əsrlərcə pars səltənəti ilə yan-yana azərilər (muğlar) məmləkətin ruhani və mədəni həyatını idarə eləmişlər. «Novruz» və başqa adətlərimiz də o zamanlardan qalıb.
S.Qasımova
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2016.- 2 mart.-
S.14.