Molokanlar Azərbaycanda: tarix və adət-ənənələr
Azərbaycanda məskunlaşan, buranı özlərinin
doğma Vətəni kimi qəbul edən molokanların
maraqlı, özlərinə məxsus həyat tərzləri
var. 1820-ci ildən başlayaraq molokanlar Cənubi Qafqaza,
Krıma, 1870-ci illərdə isə Sibirə, Zakaspi və
Qars vilayətlərinə köçürülüblər. Azərbaycanda
molokanlar əsasən kəndlərdə ayrıca icmalar şəkilində
məskunlaşıblar. Onlar öz adət-ənənələrini,
dillərini və dini baxışlarını qoruyub saxlamaqla
yanaşı, həmin ərazidə yaşayan yerli azərbaycanlılarla
qarşlıqlı ünsiyyət də qurublar.
Molokanların dini hərəkatının əsasını
XVIII əsrin 80-cı illərində Tambov quberniyasının
kəndlisi Semyon Uklein qoyub. Öncə pravoslav
olan Uklein duxobor təriqətinə daxil olur, sonra onlardan
ayrılaraq özünün xüsusi dərnəyini
yaradır. O, yeni təlimi açıq şəkildə
təbliğ etmək üçün öz
ardıcıllarından 70 "apostol" (həvari) seçərək,
onlarla birgə "Zəbur"dan surələri ucadan oxuyaraq
Tambova daxil olur. Lakin polis onları həbs edir.
Yalançı "apostollar" pravoslav dininə
qayıdaraq azad olunurlar, Ukleinin özü isə tənbeh
olunması üçün ruhanilərin ixtiyarına verilir.
Î da
özünü pravoslavlığa qayıtmış kimi
göstərərək azad olunur. Ancaq bundan
sonra da Uklein öz təlimini, əvvəlkinə nisbətən
ehtiyatla təbliğ etməkdə davam edir. O, Tambov,
Voronej, Saratov, Yekaterinoslav, Həştərxan
quberniyalarına, Don Ordusu torpaqlarına və Qafqaza səyahət
edir. İmperator I Aleksandr taxta
çıxdıqdan sonra təriqətçilərə
qarşı müəyyən dözümlülük göstərdiyindən,
yeni təlim təbliğatçılarının nailiyyətləri
daha da artır.
İmperator
I Nikolayın hakimiyyətinin əvvəlindən etibarən
duxoborluların aqibəti molokanların da başına gəldi:
hökumət yaşamaq üçün onların Qafqaza yerləşdirilməsi
haqqında qərar çıxardı. Molokanlar başqa
protestant qruplarının təsirinə uymurlar və daha
mötədildirlər, yeni təriqətlərin
ardıcılları ilə müqayisədə öz təlimlərinin
təbliğatına az meyllidirlər. Molokanlar hərəkatının
davamçıları orucluq vaxtı süd (rus dilində
“moloko”) içdiklərinə görə belə
adlanırlar. Molokanlar özləri isə
bu adı, "mənəvi südlə qidalanmaları" ilə
izah edirlər.
Molokanlar özlərinin dini təliminin yeganə mənbəyi
kimi Bibliyanı tanıyırlar. Onlar kilsədə
xüsusi səlahiyyətlərə malik şəxslərin
iyerarxiyasını qəbul etmirlər. Molokanların
kilsələri yoxdur, onların ehkamçılıq təlimi
"Dini qaydalar" adlı kitablarda təsvir olunur. Tarixən molokan icmasına qocalar və ya
seçilmiş şəxslər başçılıq
edib. Onların təliminə görə,
ölülər ruhən deyil, cismən diriləcəklər.
Ukleinin bütün dini təlimini də məhz
bu fikir təşkil edir. Duxoborlar kimi
molokanlar Allaha ancaq ruhi etiqadı qəbul edir, dini ayinlər
haqqında pravoslav təlimini rədd edirlər. Orucluğa gəldikdə isə molokanların fikrincə,
oruc müəyyən vaxt müddətində deyil, insanın
özünü günahkar olduğunu və nəfsinin
ağlına üstün gəldiyini hiss etdikdə
tutulmalıdır. Həm də orucluqda yemək
və içməkdən tamamilə imtina olunmalıdır.
Molokanlar qidalanmada donuz əti və pulsuz balıqdan
başqa bütün digər ərzaqlardan istifadə edə bilərlər. Molokanların
ibadəti Bibliyanın, əsasən də Zəburun məşhur
hissələrinin qiraətindən və nəğmə kimi
oxunmasından ibarətdir. Bu halda aşağıdakı
qaydaya riayət olunur: molokanların keşiş
adlandırdıqları adam adətən
ön cərgədə əyləşib Bibliyadan kəlamlar
oxuyur, dinləyicilər isə onu uzada-uzada təkrarlayaraq nəğmə
şəklində ifa edirlər.
Zaman
keçdikcə molokanlar üç qrupa bölünüblər:
ümumi, daimi və qərarsızlar. Molokan
qaydaları xeyli dəyişikliyə məruz qalıb. Hazırda Azərbaycanda molokanlar əsasən
Bakı, Sumqayıt, Şamaxı, İsmayıllı, Gədəbəy
və Qubada yaşayırlar. İlk molokan
icmaları Azərbaycanda XVIII əsrin ortalarında meydana gəlib.
Onları bura Rusiyadan, kafirliyə və pravoslav
kilsəsinin əleyhinə çıxdıqlarına görə
sürgün etmişdilər. Onların
dini mərkəzləri yoxdur və hər bir icma müstəqil
şəkildə fəaliyyət göstərir. Bununla yanaşı Bakı icması ilə Stavropol
diyarının molokan icmaları arasında əlaqə
saxlanılır. Pul gəlirləri
üzvlərinə maddi yardım göstərməyə, ibadət
evlərinin saxlanılmasına sərf olunur.
Azərbaycanda məşhur olan İsmayıllı
rayonunun İvanovka kəndində vaxtilə Rusiyadan bu diyara
köçüb gəlmiş malakanlar nəslinin
davamçıları yaşayır. Son illərdə dəfələrlə
nəinki Azərbaycan telekanalarında, eləcə də
Avropanın telekanallarında İsmayıllı rayonunun İvanovka
kəndinin sakinləri haqqında reportajlar hazırlanıb.
Reportajlarda yerli sakinlər olan malakanların
gündəlik həyat tərzi, adət-ənənələri,
milli mətbəx nümunələrindən bəhs edən
maraqlı məlumatlar işıqlandırılıb.
İvanovkada kolxoz quruluşu olduğundan kəndin
özünəməxsus daxili büdcəsi var. Kəndin
maraqlı arxitekturası var. Yol boyu evlər sanki xətkeşlə
çəkilmiş kimi simmetrik və səliqəlidir. Burada fəhlənin
də, sürücünün də, kolxoz sədrinin də
evi bir-birindən fərqlənmir. İvanovkada
hazırda ruslarla yanaşı ləzgilər və azərbaycanlılar
da yaşayır. Geyim və
dünyagörüşü baxımından ivanovkalılar
heç də paytaxt sakinlərindən seçilmirlər.
İvanovka rusları dəbdəbədən
uzaqdırlar. Onlar ata-babalarının əsrlər
əvvəl qoyduğu milli ənənələrini qoruyub
saxlamağı özlərinə borc bilirlər.
İvanovkada evlərin tikilişindən tutmuş
insanların dünyagörüşünə, qonaqlara
davranışına kimi hər şey fərqlidir. Kəndin
tarixi də xeyli zəngindir. Kəndin əsası
1847-ci ildə çar Rusiyası dövründə Qafqaza
köçürülmüş ruslar tərəfindən
qoyulub. Kəndin adı da onun
yaradıcısı olan kəndçi İvan Perşinin
şərəfinə İvanovka adlandırılıb. İvanovkalılar daha çox
üzümçülük, taxılçılıq və
heyvandarlıqla məşğul olurlar. Bu kəndin
çaxır, pendir və s. kimi məhsulları daxili bazarda
öz yerlərini tutub. Kənddə bir neçə
sex, park və zavod fəaliyyət göstərir.
Gədəbəy rayonunun ərazisində yerləşən
Yeni-İvanovka kəndində də malakanlar yaşayır. Gədəbəy
rayonunun İvanovka kəndinin əsası XIX əsrin
ortalarında, Çar Rusiyasının regionlarda
apardığı əhalinin ruslaşması siyasəti nəticəsində
Azərbaycana köçürülən malakanlar tərəfindən
qoyulub. Şəhər mərkəzi ilə
kənd arasındakı məsafə təxminən 38-40
kilometr təşkil edir. Kənd
ağsaqqallarının dediyinə görə bura ilk malakanlar
1852-ci ildə Samara şəhəri və Rostov vilayətlərindən
gəliblər. Yeni-İvanovkanin əsası
qoyulan vaxt burada 600-ə yaxın malakan yaşayıb. İvanovka Ermənistanla sərhəd ərazidə
yerləşdiyindən burada yaşayan malakanların əksəriyyəti
90-ci illərin əvvəllərində, yəni Ermənistanın
Azərbaycana təcavüzü nəticəsində kəndi
tərk edib.
G.Fazilqızı yazır ki, günümüzdə
burada yaşayan malakanlardan biri Uvarova Nadejda Yakovlevnadır. O, 1941-ci ildə elə bu kənddə
dünyaya gəlib. 74 yaşlı kənd sakini gənclik illərini
belə xatırlayır: “Mənim cavanlığım
çox gözəl keçib. Biz kənd
klubuna gedirdik, rəqs edirdik. Dostlarımızla
meşəyə gedirdik. Orada oyunlar
oynayırdıq, gəzirdik. Bir sözlə
əylənirdik. 1960-cı ildə mən
ailə həyatı qurdum və həyatım bir az dəyişdi”.
Nadejda Uvarovanın iki övladı hazırda
Rusiyada yaşayır. O isə burada öz nəvəsi,
gəlini və nəticəsi ilə qalır. Nəvəsinin
azərbaycanlı qızı ilə evləndiyini deyən
Nadejda Uvarova gəlinindən də razılıq edir: “O
çox nəcib, qonaqpərvər, xoşniyyətli gəlindir.
Mənimlə çox yaxşı rəftar
edir. O gələndən evdə heç bir iş
görmürəm, hamısını özü edir. Hətta həyət-bacadakı işləri də
özü görür. Məni əziyyətə
salmır.”
Malakanlarla azərbaycanlılar iki əsrə
yaxındır ki, bu kənddə birlikdə yaşayırlar. Burada məskunlaşan
malakanlar, yeni vaxtlarda ehtiyat etsələr də, sonradan isti
münsibət görərək yerli əhali ilə
qarışmağa başlayıblar. Zaman Rəhimov - kənd
ağsaqqal: “Xeyirdi, şərdi, harda sevinc-kədər var,
qarşılıqlı gediş-gəliş olub. Hazırda da əhali kənddə yaşayan ruslara
köməklik edir. Köçüb gedənlər
isə çox peşman olublar. Deyirlər ki,
köçüb getməklə düz iş
tutmamışıq. Çünki Azərbaycan
xalqı kimi bir xalqı heç yerdə tapa bilmərik.
Bu xalq çox isti, çox mehriban millətdir”.
Burada yaşayan malakanların sayı azalsa da, bu
xalqın tarixi və məişətini yaşatmaq və gələcək
nəsillərə ötürmək üçün kənddə
“Rus tarixi və məişəti” muzeyi fəlaiyyət
göstərir. Muzeydə slavyan xalqlarının evlərinə
xas kürsülü sobaya, yun əyirmək üçün
istifadə olunan cəhrəyə, palaz və ya kilim toxumaq
üçün yararlı olan dəzgaha rast gəlmək
olar. Burada eyni zamanda məişətdə istifadə
olunan müxtəlif ev əşyaları
da qorunub saxlanılır. Bundan əlavə
muzeyi ziyarət edən hər bir kəs qonaq kitabına öz
ürək sözlərini yaza bilər. Yeni-İvanovkada
xüsusi diqqət cəlb edən məkanlardan biri də Qədim
malakan qəbiristanlığıdır. Burada
yaşı iki əsrə yaxın olan başdaşlarına
rast gəlmək olar. Bu məzarlıqda
malakanlarla yanaşı yəhudi xalqının da nümayəndələri
dəfn olunub.
1852-ci ildə Azərbaycana gələn və ilk
malaknlardan olan İvanov, elə İvanovka kəndinin əsasını
qoyan şəxsdir. O, 1882-ci ildə vəfat edib və qədim malakan qəbristanlığında
dəfn olunub. İvanov burada dəfn olunan ilk
malakandır, bu səbəbdən də onun qəbri rəngi
və həcmi ilə seçilir. Lakin məzarlıqda
xüsusi diqqəti fırlanan başdaşı olan qəbir
çəkir. Rəvayət olunur ki,
başdaşının bu cür hazırlanması, burada dəfn
olunan şəxsin İvanovdan sonra vəfat edən ikinci
malakan olmasına işarədir. Günümüzdə
də malakanlar öz atət-ənənələrinə
uyğun olaraq dəfn olunur ki, mərasimdə kənd əhalisinin
çoxu iştirak edir. Kənd
ağsaqqalları qeyd edir ki, malakanlar tərəfindən
inşa olunan məktəb binası taxtadan olduğundan istifadəyə
yararsız olub. Hazırda isə kəndin
tam təmirli məktəbi var. Bu gün Yeni-İvanovka kəndi,
qəbiristanlığı, muzeyi və köhnə malakan evləri
ilə tarixin izlərini yaşadır. Bura
bir daha Azərbaycan xalqının qonaqpərvərliyini,
özgə xalqların dininə, tarixinə, adət-ənənəsinə
olan hörmət və ehtiramını sübut edir.
Gədəbəyə ilk ruslar 1831-ci ildə ayaq basdı. Sürgün edilmiş 12 malakan ailə Novosaratovka kəndinə yerləşib. Burada yaşayan ruslar Azərbaycan dilində Gədəbəy ləhcəsi ilə danışırlar. Malakan kəndlərinin memarlıq quruluşu və məişəti fərqlidir. Ruslar köhnə adət-ənənələrini, mətbəxlərini, musiqilərini yaşadırlar.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 2 mart.-
S.13.