“Xocalı – qırğın haqqında həqiqət”
Fransa Milli Assambleyasında
bu adda konfrans-debatı
keçirilib
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Fransa Milli Assambleyasında
Azərbaycanın Dostları
Assosiasiyasının təşkilatçılığı
ilə “Xocalı – qırğın haqqında
həqiqət” mövzusunda
konfrans-debat keçirilib.
Assosiasiyanın sədri, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Manselin moderatorluq etdiyi konfransın məruzəçiləri Azərbaycan
Milli Məclisinin deputatı Cavanşir Feyziyev, münaqişə
zonalarında geosiyasət
üzrə ekspert Didye Şode və tarixçi alim Maksim Quen
olub.
Konfrans Heydər
Əliyev Fondunun hazırladığı “Xocalı
soyqırımı” sənədli
filminin nümayişi
ilə başlayıb.
Jan-Fransua Mansel qeyd edib ki,
Azərbaycan xalqının
ən ağrılı
dərdi olan Xocalı faciəsinin ildönümünə həsr
edilən tədbirlərin
keçirilməsindən məqsəd
Azərbaycan reallıqlarını
Fransa ictimaiyyətinə
çatdırmaqdır. Bugünkü konfransda da bu
kütləvi qırğın
haqqında ictimaiyyətə
ətraflı məlumat
veriləcək.
Cavanşir Feyziyev çıxışında
Xocalı həqiqətləri
ilə bağlı faktları konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, erməni
silahlılarının 1992-ci il fevralın
26-na keçən gecə
Azərbaycanın Xocalı
şəhərini işğal
etməsindən, erməni
millətçilərinin Azərbaycan
xalqına qarşı
həyata keçirdikləri
etnik təmizləmə
siyasətindən danışıb.
Xocalıda dəhşətli
cinayət törədildiyini
vurğulayan deputat bu faciə ilə
bağlı Ermənistan
prezidenti Serj Sarkisyanın söylədiyi
fikirləri xatırladıb:
“Azərbaycanlılar elə
bilirdilər ki, biz zarafat edirik və heç vaxt mülki əhaliyə əl qaldırmarıq. Amma Xocalıdakı
əməliyyatdan sonra
başa düşdülər
ki, biz kifayət qədər ciddiyik”.
Maksim Quen Ermənistanın ASALA terror təşkilatının
həyata keçirdiyi
amansız qətllərdən,
qanlı cinayətlərdən
söz açıb. O, ermənilərin
daim insanları qətlə yetirməsinə,
onlara işgəncə
verməsinə baxmayaraq,
özlərini qurban kimi qələmə verdiklərini bildirib. Tarixçi alim ASALA-nın müxtəlif ölkələrdə
törətdiyi terror aktlarından
danışıb və
bu terror aktlarının
erməni lobbisi tərəfindən ört-basdır
edildiyini bildirib.
Parisdəki Orli beynəlxalq
aeroportunda törədilən
terror aktının qurbanlarının
sayının göstərildiyindən
də çox olmasına baxmayaraq, bu günədək onların xatirəsinə
heç bir xatirə lövhəsi qoyulmadığı bildirilib
və bu terror aktının, eləcə
də Xocalı soyqırımının lazımi
səviyyədə qiymətləndirilməməsinin
səbəblərinin eyni
olduğu vurğulanıb.
O, ASALA təşkilatının Azərbaycan və türk xalqlarına qarşı törətdikləri
kütləvi qırğınlardan
da söhbət açıb.
Münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şode Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
və onun nəticələri haqqında
məlumat verib. Münaqişə
nəticəsində Azərbaycan
ərazisinin beşdə
bir hissəsinin işğal olunduğunu,
800 mindən çox insanın Dağlıq Qarabağ və zəbt edilmiş ətraf rayonlardan, 250 min azərbaycanlının isə
Ermənistandakı öz
doğma yurdlarından
didərgin düşdüyünü
bildirib. O, Azərbaycan
hökumətinin 1 milyondan
çox qaçqın
və məcburi köçkünün yerləşdirilməsi
ilə bağlı üzləşdiyi çətinliklərdən
də danışıb.
Ekspert Azərbaycanın regionda güclü orduya malik olmasına baxmayaraq, hələ də səbirlə münaqişənin sülh
yolu ilə həllinə çalışdığını
söyləyib.
D.Şode Azərbaycanın geosiyasi mövqeyini yüksək qiymətləndirərək, onun
Avropanın enerji mənbələrinin şaxələndirilməsindəki
rolundan bəhs edib. Ölkəmizin təkcə öz
enerji ehtiyatlarını
deyil, eyni zamanda, Türkmənistan və İranın enerji resurslarının da Avropaya çıxışında
roluna və regionun stabilliyinin təminində əhəmiyyətinə
toxunaraq, böyük dövlətlərin münaqişəyə
ikili standartlarla yanaşdığını bildirib.
O, status-kvonun qəbuledilməzliyini
vurğulayıb.
Məruzələrdən sonra müzakirələr zamanı çıxış
edən senator Natali Qule Ermənistan-Azərbaycan
münaqişəsinin həlli
məsələsində ATƏT-in Minsk qrupunun təkcə həmsədr dövlətlərinin
yox, digər üzv ölkələrinin
də məsələyə
münasibətinin vacib
olduğunu qeyd edib.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov fevralın 26-nın Azərbaycan
xalqı üçün
həm matəm, həm də ümid günü olduğunu bildirib. O deyib ki, bu gün
Xocalı qurbanlarının
anım günü, eləcə də həmrəylik günüdür.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə keçirilən
“Xocalıya ədalət!”
kampaniyası çərçivəsində
təşkil olunan bu tədbirin əsas məqsədi regionda ədalətin bərqərar olunması və fransız ictimaiyyətinin faciə ilə bağlı müfəssəl məlumatlandırılmasıdır.
Faciə
ilə bağlı cəzasızlıq Ermənistana
müttəfiqlərinin köməyi
ilə etnik təmizləmə aparmaqda
və Azərbaycan ərazisinin beşdə bir hissəsini işğal etməkdə
davam etməsinə imkan verib. Azərbaycan əhalisinin hər 8 nəfərindən biri qaçqın və ya məcburi köçkünə çevrilib.
Səfir Ermənistanın qeyri-konstruktiv
və təcavüzkar
mövqeyi ilə danışıqlar prosesini
pozduğunu, vasitəçilərin
təkliflərinin heç
birini qəbul etmədiyini diqqətə
çatdırıb. O, beynəlxalq
ictimaiyyətin Xocalı
faciəsi ilə bağlı ciddi təzyiqləri olmadıqca
bu vəziyyətin belə davam edəcəyini və Cənubi Qafqaz regionunda təhlükəsizliyi
və stabilliyi pozacağını bildirib.
Diplomat deyib ki, Xocalı bütün dünyada eşidilməli
olan bir haraydır. Ermənistanı Azərbaycan ərazilərini
işğal etməsinə
son qoymağa, bir milyondan çox qaçqın və köçkün azərbaycanlının
insan hüquqlarına
riayət etməyə
məcbur etmək lazımdır. Azərbaycan bir
qarış torpağını
da güzəştə
getməyəcək. Bu
gün Azərbaycan münaqişənin sülh
yolu ilə həlli istiqamətindəki
öhdəliklərinə sadiq
qalsa da, status-kvo nəinki qəbuledilməz, həm də dözülməzdir.
Avropada dəyərlərdən, insan
hüquqlarından danışılır.
Əgər bir neçə
jurnalistin hüququndan
danışırıqsa, nəyə
görə öz doğma torpaqlarından didərgin salınmış
bir milyon dinc əhalinin hüquqlarından danışa
bilmərik?
Türkiyənin Fransadakı səfiri Hakki Akıl Xocalı soyqırımı
zamanı Parisdə olduğunu və bu faciənin fransız mətbuatında
yetərincə işıqlandırılmadığını
qeyd edib. O, Fransa
mətbuatının bu
məsələyə daha
çox diqqət ayırmasının vacibliyini
vurğulayıb.
Xalq
Cəbhəsi.- 2016.- 2 mart.- S.7.