Novruz barış, harmoniya, sabitlik yaradan bayramdır

 

IV yazı

 

Görünən budur ki, Novruz bayramının Azərbaycan mədəniyyətinin məhsulu olduğunu qəbul edən Y.V.Çəmənzəminli həmin bayramın Cəmşid şahla əlaqələndirilməsini qəbul etmir və göstərir ki, Cəmşid şah və onun mənsub olduğu Pişdadilər sülaləsi tarixi şəxsiyyət və sülalə deyil. Bu, doğrudan da belədir. Belə ki, Cəmşid şah «Dünya xalqlarının mifləri» ensiklopediyasında da İran mifologiyası və eposunda Pişdadilər sülaləsindən olan əfsanəvi-mifoloji obraz kimi təqdim olunur. İ.Braginski yazır ki, «Avesta»da Cəmşidin adı Yima kimi keçir. Onun yeddi yüzillik hakimiyyəti «Şahnamə»də «qızıl əsr» kimi təsvir olunur. Cəmşid insanlara heyvan dərisindən olan paltar əvəzinə, parçadan olan paltar geyməyi öyrədir, dövlətçilik və insanların təbəqələrə bölünməsi ənənələrini yaradır.

XI əsr fars-tacik şairi, riyaziyyatçı, astronom, filosof Ömər Xəyyamın «Novruznamə» əsərində Cəmşid haqqında verilmiş məlumatlar da onun əfsanəvi-mifoloji obraz olduğunu göstərir: «Cəmşid iblisi özünə tabe edir və bina və zərxara inşa etməyi əmr edir. Ondan əvvəl zərxaranı “iblis toxunuşu” adlandırırıblar. Lakin insanlar tədriclə indi gördüyümüz vəziyyətə gəlib çatırlar. Daha sonra Cəmşid uzunqulaqla atı cütləşdirib, qatır əldə edib. O, qiymətli daşların surətlərini əldə edib, bütün silah və bər-bəzək növlərini düzəldib. O, mədənlərdən qızıl, gümüş, mis, qalay, qurğuşun əldə edib: tac, taxt-tac, bilərzik, boyunbağı və üzüklər düzəldib. O, müşk, ənbər, kamfara, zəfəran, aloya və digər ətirli maddələr əldə edib. O, bizim qeyd etdiyimiz bayram gününə Novruz adını verdi və insanlara hər il yeni fərvərdinin hadisəsinin qeyd etməyi, bunu dönüm (Günəş) baş verməyənədək yeni gün (il) hesab etməyi əmr etdi».

Cəmşid şah haqqında Ömər Xəyyamın verdiyi bu məlumatı təhlil edən R.Allahverdiyev də yazır ki, buradakı Cəmşid obrazı heç də tarixi şəxs kimi özünü təqdim etmir. Burada bu obraz daha çox əfsanələşib, yaxud başqa cür desək, mifləşdirilmiş şəxs kimi nəzərə çarpır. Onun icra etdiyi funksiyalar da, əslində, mədəni qəhrəmanın (demiurqun) yerinə yetirdiyi funksiyalarla eyniyyət təşkil edir. Cəmşid obrazı bir sıra şərq xalqlarında olduğu kimi, farsların da ilkin mədəni qəhrəmanıdır. Şərq xalqlarının belə bir mühüm hadisəni öz demiurqu ilə bağlaması tam mifoloji təfəkkürün daxili məntiqi qanunauyğunluğuna cavab verir.

Beləliklə, verilmiş bu məlumatlar Cəmşidin bir mifoloji obraz olduğunu, onunla bağlı ənənələrin, o cümlədən Novruz ənənəsinin əfsanəvi tarix olmasını, başqa sözlə burada miflə tarixin bir-birinə qovuşmasını göstərir. Qeyd edək ki, mütəxəssislərin qənaətincə, Novruz bayramında miflə tarix yan-yana, iç-içədir. Məhərrəm Qasımlı bu barədə yazır ki, Novruz bayramının tərkibi aşağıdaki iki qatdan ibarətdir:

a) təbiətin oyanmasını əks etdirən mifoloji qat;

b) müxtəlif tarixi dönəmlərin ovqatını ifadə və inikas edən siyasi-ideoloji qat.

Birinci qat əsas və aparıcı axarı təşkil edir. Burada mövsüm mərasiminin genetik başlanğıcı, təkamül prosesi, tarixi-tipoloji mənzərəsi və humanist-bəşəri səciyyəsi öz əksini tapır. İkinci qatda isə ayrı-ayrı epoxalara məxsus hakim sistemlərin mərasimdən məqsədli şəkildə faydalanmaq, onu öz ideoloji qəlibinə salmaq, siyasi mənafeyin icraçısına çevirmək niyyəti qərarlaşıb. Yüzillər aşıb keçib, siyasi-ideoloji sistemlərin biri digərini əvəz edib, hər yeni gələn sistem Novruzu özününkü etməyə çalışıb, ancaq buna nail ola bilməyib. Təbiətin oyanışını, insanın ruh və ovqatının yeniləşməsini inikas edən ilkin mifoloji qat xalqın etnoqrafik həyatına qovuşaraq əsil xalq bayramını ortaya gətirib.

Miflə tarixin bu cür qovuşması baxımından Cəmşidlə bağlı rəvayətlərə yanaşaraq görürük ki, onlarda əsas, diqqətçəkici məsələ həmin əfsanəvi, mifoloji tarixin məhz Azərbaycanla bağlanmasıdır. Bunu təsadüf saymırıq. Çünki digər mifoloji ənənələr də məhz Azərbaycana işarə edir. Biz Cəmşidin taxta çıxmaq – tac qoymaq niyyətilə Azərbaycana gəlməsi ilə «Oğuznamə» dastanında Oğuz kağanın Azərbaycana gəlməsi arasında da bir bağlılıq, oxşarlıq, əlaqə görürük.

XIV əsr müsəlman tarixçisi Fəzlullah Rəşidəddinin Oğuz kağanın dünya ölkələrini fəth etməsindən bəhs edən «Oğuznamə» əsərinin «Oğuzun Arran və Muğan tərəfə hərəkəti» hissəsində deyilir ki, Oğuz Şirvan tərəfindən qalxıb Arran və Muğana gəldiyi zaman yay mövsümü idi. Hava son dərəcə isti və bu istidən orada qalmaq mümkün olmadığından məsləhətləşərək yaylaq olan dağlara tərəf getdilər. “Qış gələndə təkrar enərək bu vilayətləri alar və yağma edərik”- dedilər. Yay aylarında bu vilayətlərin bütün yaylaqlarını və Sabalan dağlarına, Alataq və Ağdıböri dağlarına qədər yerlərini tamam işğal etdilər (Rəvayətlərə görə, Alataq adını onlar qoymuşdular və Sabalan adını da onlar vermişdilər. Türkcə «ortaya çıxıb dik duran nəsnəyə sabalan deyirlər). Yaylaqda qaldıqları zaman bu tərəflərdə olan bütün ölkələri ələ keçirib zəbt etdilər. Azərbaycan vilayətini də aldılar. Özünün xas atlarını otlaqları çox geniş və gözəl olan Ucan səhrasının otlaqlarında bəslədi. Orada olduğu vaxt bir gün hər kəsin toplanıb, bir ətək torpaq gətirərək burada bir təpə düzəltmələrini əmr etdi. Öncə özü bir ətək torpaq gətirib tökdü. Şəxsən özü torpaq tökdüyü üçün bütün əsgərlər də bir ətək torpaq gətirib tökdülər. Böyük bir təpə oldu. Bu təpənin adına Azərbaycan dedilər. («Azər» türkcə «yüksək» deməkdir, «baycan» da «zənginlərin, uluların» yeri anlamındadır. Bu ölkə bu şəkildə məşhur oldu. Bu gün də Azərbaycan demələrinin səbəbi budur).

Burada Oğuz kağan haqqında rəvayətlə Cəmşid haqqındakı rəvayət arasında düşündürücü oxşarlıqlar var. Hər ikisi dünyanı gəzir, hər ikisi Azərbaycana gəlir və hər ikisi burada dövlətçiliklə bağlı mərasim icra edir. Cəmşid burada taxta çıxır, taxta çıxdığı gün Novruz adlanır. Maraqlıdır ki, «Oğuznamə»də Cəmşidin taxta çıxmaq – tac qoymaq üçün gəldiyi Azərbaycanın əsasını Oğuz kağan qoyur. O, burada mənası məlum olmayan bir mərasim icra edir, tökmə təpə düzəldir. Belə tökmə təpələrin kurqan adlandığı məlumdur və kurqanlar türk dünyasının hər yerində türklərə məxsus abidələrdir. Ancaq burada düşündürücü məqam Oğuzun bu tökmə təpəni nə səbəbdən ucaltması və ona Azərbaycan adını verməsidir. Oğuz kağanın həmin təpədə hansı mərasimi icra etməsi barədə «Oğuznamə» dastanında heç nə deyilmir. Azərbaycana tac qoyma mərasimi üçün gələn Cəmşid məhz uca bir təpədə taxt qurdurur və mərasimi burada icra etdirir. O, mərasimi sanki Oğuzun ucaltdığı və Azərbaycan adını verdiyi təpədə həyata keçirir. Bu cəhətlərinə görə hər iki rəvayət bir-biri ilə bağlanır. Hər iki mərasim Azərbaycanda icra olunur. Oğuz burada təpə ucaltdırır və adını Azərbaycan qoyur. Cəmşid isə Azərbaycandakı uca bir təpədə tacqoyma mərasimini həyata keçirtdirir. Burada əsas olan cəhətlərdən biri budur ki, istər Cəmşidin, istərsə də Oğuzun icra etdirdiyi mərasimlə «Yeni gün» – Novruz başlanır. «Novruz» sözünün mənası hərfi mənada «yeni gün» deməkdir. Cəmşidin taxta çıxması ilə Novruz – Yeni gün adlanan bayramın əsası qoyulur. Oğuzun ucaltdığı təpə ilə də bu vilayətin yeni adı – Azərbaycan adı qoyulur. Yeni adın qoyulması isə elə yeni həyatın, yeni zamanın, yeni günün – Novruzun başlanması deməkdir.

Bütün bu oxşarlıqları nəzərə alaraq güman etmək olar ki, Oğuzun tikdirdiyi uca təpə onun hakimiyyətinin rəmzidir. Təpəninin tikilməsi ilə o, sanki Cəmşid kimi öz hakimiyyətini təsdiq edir, təzələyir. M.Eliadenin bir qədər əvvəl nümunə verdiyimiz fikrindən məlum olduğu kimi, şahlar hər yeni ildə öz hakimiyyətlərini və dünyanı təzələyirdilər. Oğuz da bu təpəni tikməklə öz hakimiyyətini təzələyir. Yəni o, «Oğuznamə» dastanında bilavasitə təsvir olunmasa da, elə Cəmşid şah kimi sanki tacqoyma mərasimini həyata keçirir. Cəmşidin tacqoyma mərasimi «Yeni gün» – «Novruz» olduğu kimi, Oğuzun da öz hakimiyyətinin təzələnməsinin rəmzi olan təpə tikdirməsi Yeni gün – Novruzdur.

Əlavə etmək olar ki, Oğuz və Cəmşid haqqındakı bu rəvayətlərlə «Ərkənəqon» əfsanəsi arasında da bağlılıq görünür. Rəvayətdən görünür ki, göytürklərin martın 9-da icra etdikləri bayram milli qurtuluş, yenidən doğuluş, yenidən yaranma, təzələnmə, yeni gün bayramıdır. Yəni martın 9-u göytürklərin Novruz – Yeni gün bayramıdır və onlar bu bayramı hər il qeyd edirdilər. «Ərkənəqon» rəvayəti ilə Oğuz və Cəmşid haqqındakı rəvayətləri birləşdirən cəhətlər bunlardır:

1. Cəmşidin Azərbaycanda bir uca təpədə taxta çıxması həm də Yeni gün – Novruz bayramıdır.

2. Oğuz Azərbaycanda öz hakimiyyətinin rəmzi olan bir uca təpə tikdirir. Bu təpənin adını Azərbaycan qoyan Oğuz həm də bu vilayətin Azərbaycan adı ilə başlanan Yeni gününün başlanğıcını qoyur.

3. Oğuz və Cəmşidlə bağlı rəvayətlərdə təpə hakimiyyətlə, dövlətçilik ənənəsi ilə bağlıdır. Çox güman ki, «Oğuznamə» dastanında deyilməsə də, Oğuz da öz hakimiyyətinin rəmzi olan həmin təpədə taxtaoturma (tacqoyma) mərasimini icra etdirir. Çünki o, təpəyə yeni ad verir. Yeni ad vermək yeni həyatın, yeni dövrün, yeni zamanın, yeni günün (Novruzun) başlanması deməkdir.

4. Arxaik-mifoloji ənənədə tacqoyma yeni illə bağlıdır. Cəmşid yeni ildə – Novruzda tac qoyur. Oğuz hakimiyyət, taxt-tac simvolu olan təpəni tikdirməklə yeni zamanın – Novruzun əsasını qoyur. «Ərkənəqon» əfsanəsində də yeni həyata, yeni günə, yeni zamana, yeni hakimiyyətə qədəm qoyan türklər onu bayram kimi qeyd edirlər.

Beləliklə, deyilən səbəblərdən Cəmşid şah, Oğuz kağan və «Ərkənəqon» haqqında rəvayətlər hakimiyyətin, dövlətçiliyin və ilin yenilənməsi motivləri əsasında vahid məna sırasında birləşə bilir.

Burada Novruz bayramının dövlətçiliklə bağlı mühüm bir cəhəti üzə çıxır. Bütün il boyu hakimlik edən, insanlara hökm edən, onları mühakimə edən sasani şahları Novruz bayramında özləri hökm edilənə, məhkuma, mühakimə olunana çevrilirmiş. Yəni Novruzda xalqın hakimiyyəti qurulurmuş və bütün bunların əsasında haqq, ədalət dururmuş. Görünən budur ki, Novruz bayramı hökmdarla rəyiyyət, dövlətlə xalq, idarə edənlərlə idarə olunanlar arasında barış, harmoniya, sabitlik yaradan bayram olub.

 

 

 

S.Qasımova

Araşdırmaçı

Xalq Cəbhəsi.- 2016.- 3 mart.- S.14