Buduq və buduqlular
Buduqlularla bağlı ilk rəsmi sənəd 1607-ci ildə
Səfəvi hökmdarı I Şah Abbas tərəfindən
verilmiş fərmandır. Buduq və buduqlular barədə
XVIII və XIX əsrin əvvəllərində verilmiş
Quba xanlarının – Həsənəli xanın, Fətəli
xanın, Şeyxəli xanın fərmanları xüsusi əhəmiyyət
kəsb edir. A.Bakıxanovun
"Gülüstani-İrəm" əsərində Buduq və
buduqlularla bağlı müəyyən yer verilib. XVIII əsrdə Buduq eyni adlı mahalın mərkəzi
olub.
Tarix elmləri
doktoru, professor Vaqif Buduqlu-Piriyev “Buduq və
buduqlular” adlı kitab yazıb. Kitab 1994-cü
ildə "Sabah" nəşriyyatında çap olunub.
Kitabda Azərbaycanın qədim
yaşayış məskənlərindən biri – Quba rayonunun
Buduq kəndi və onun sakinləri barədə elmi
araşdırmalar əksini tapıb. Burada Buduq kəndinin
tarixi, buduqluların etnik mənsubiyyətləri,
bugünü və keçmişi, buduq dilinin öyrənilməsi
səviyyəsi, Buduğa aid tarixi sənədlər və
materiallar, maraqlı söhbətlər, rəvayətlər
verilir.
Buduq kəndində buduq dilində danışan buduqlular
yaşayır.
Buduqluların mədəniyyətləri də
dilləri kimi qrızlıların mədəniyyətnə
çox yaxındır. Əldə olan məlumata
görə, Buduq kəndinin əsası Qafqaz Albaniyası
dövründə qoyulub. Əhalinin Sasani
qoşunlarının qəfil basqınlarından qorunması
üçün kənd çətin keçilən yerdə
salınıb. Buduqlular yolların
keçilməsinin yalnız yay mövsümündə
mümkün olduğu ərazidə məskən salıblar.
Kəndin yaxınlığında yerləşən
Küləxana və Əmbərə dağında olan
mağaralar burada qədim sakinlərin mövcud olmasından xəbər
verir. “Buduq” sözü qədim türk
dillərində “dəliqanlı, hirsli” mənasını
verir. Buduqlular isə özlərini “budad”
adlandırırlar.
Buduqlulara
dair əldə olunan ilk tarixi məlumat Xlll əsrin sonu XlV əsrin
əvvəllərində yaşamış Fəzlullah Rəşidəddinin
“Came ət-təvarix” (“Tarixlərin toplusu”) əsərində
verilib. Müəllif öz əsərində
qeyd edir ki, bu qəbilə Tumbine xanın 5-ci oğlu
Bat-Kulkinin nəslindən şaxələnib. Buduqlular tarixən nəsillərə - böyük
və ya kiçik ailə birliklərinə
bölünüblər və indi də həmin nəsillərin
adı ilə tanınırlar. Kəndin qəbirstanlığında
hər bir nəslin öz yeri olub.
Buduq və
buduqlularla bağlı saytda oxuyuruq: “Buduq Azərbaycanın ən
qədim kəndlərindən biridir. İlk
ibtidai insanların yaşadığı ehtimal edilən
mağaralar, mürəkkəb relyef xüsusiyyətlərinə
malik keçilməz dağlar, təbiətin füsünkar mənzərələri
insanı valeh edir. Babadağdan, Qırxbulaqdan axan sular
Qaraçayda birləşib, lal və sükutla bizə baxan
pir Əbdülməhəmmədə, Keçili
dağına,Ənbərəyə layla
çalır, suların şırıltısı dağ
şəlalələrinə qarışıb Sənəm
yaylağından Çərəkə düzünədək
yayılır.
Buduq və buduqlular haqqında bir çox alimlər, tarixçilər,
etnoqraflar, dilçilər fikir söyləyib, məqalələr
dərc edib, kitablar yazıblar. Ancaq bütün deyilənlər
ehtimallar üzərində qurulduğu üçün Buduqun
tarixi, buduqluların kimliyi və soykökləri barədə
elmi dəqiqləşdirmələr aparılmayıb. Yalnız 13-14-cü əsrlərin görkəmli
tarixçisi, mənbəşünası, dövlət xadimi
Fəzlullah Rəşidəddin İbn Həmədani
özünün “Camə ət-təvarix” (“Tarixlərin
toplusu”) kitabında Buduğun tarixinə və soykökünə
işıq sala biləcək məlumat verib. Bu məlumat buduqluların kimliyinin və soyköklərinin
öyrənilməsində açar rolunu oynaya bilər.
Məlumdur ki, buduqlular özlərini öz dillərində
“budat” adlandırırlar, bir-birləri ilə ünsiyyətdə
olarkən “vin budati” deyə soruşurlar. Maraqlıdır
ki, F.Rəşidəddin öz əsərlərində budat qəbiləsinin
mövcudluğu barədə xəbər verir. “Camə ət-təvarix”
kitabının 98 və 193-cü səhifələrində
yazır: “Budat qəbiləsi, bu qəbilə Tumbinə
xanın 5-ci oğlu Bat-Kulkinin nəslindən şaxələnib.
Çingiz xanın dövründə onların
başçısı Urud və ya Uruday idi. Çingiz
xan Tayçuit qəbiləsi ilə vuruşduğu vaxt onlar -
budatlar onunla ( Çingiz xanla) müttəfiq
idilər və onun qoşununda birləşmişdilər,
onlardan (budatlardan) çoxlu əmirlər olmuş və
vardır. Lakin hazırda adları məlum
deyil”. Rəşidəddin köçəri
türk xalqlarının təsnifatını verərkən
budatları “Qədim vaxtlarda moğol ləqəbi
daşıyan türk qəbilələrindən “Nirun
türkləri” sırasına daxil edib. Göründüyü
kimi, burada əlavə şərhə ehtiyac yoxdur, ən
azından böyük tarixçi alimin şəxsiyyətinə
və məlumatına hörmətlə
yanaşılmalıdır”.
Sonralar
Buduq kəndi mahal mərkəzinə çevrilir: “Buduq bəyləri
Quba qəzasının içtimai həyatında
mühüm rol oynayırdılar. Buduq bəylərinin
sonuncu nümayəndəsi Soltan bəy Abadan bəy oğlu
olub. Bu cüssəli, üzündən-gözündən
nur tökülən bəyimizi mən uşaq vaxtı
görmüşdüm. O, həqiqətən də
oturuşu-duruşu ilə el ağsaqqalı idi. 1833-cü ildə Buduq mahalına 19 kənd birləşdirilmişdi.
Mahal mərkəzi kimi inzibati idarəetmə, mədəniyyət
mərkəzi kimi inkişafda idi. XX əsrin 60-cı illərərinə
kimi keçmiş Qonaqkənd rayonunun tərkibində olan
Buduq və s. kəndlərdə həyat qaynayırdı, əkinçilik
və maldarlıq, qoyunçuluq geniş vüsət
almışdı. N.S.Xurşovun yarıtmaz siyasəti
ilə Qonaqkənd rayonu ləğv edildi, əkin sahələri
sıradan çıxdı, kəndlər boşaldı, o
cümlədən buduqluların aran torpaqlara axını
başladı. Hazırda budatlar-buduqlular Azərbaycanımızın
çox yerində - ən çoxu Quba, Xaçmaz, Şabran,
Qusar və Siyəzən rayonlarında, Dağıstanda və
Rusiyanın müxtəlif yerlərində yaşayırlar.
Quba
rayonunda Bağbanlı, Barlı, Nərimanabad, Dəlləkli,
Vladimirovka, Vəlvələ, Qəcərzeyid, Amsar,
Qışlaq və s. kəndlərində, Xaçmaz rayonunun
Arzu kənd, Hacıəlibəy, Ağyazı, Barisbol,
Yergüc, Suxtakələ kəndlərində daha kompakt
yaşayırlar. Qusarın Balaqusar, Həsənqala, Şabran
və Siyəzən şəhər və kəndlərində
buduqlu ailələr var. Bakı, Sumqayıt, Gəncə şəhərlərində,
Qaxın Qum kəndində, Göyçayda,
İsmayıllıda, Qəbələdə və Şəkidə
buduqluların yaşadıqları barədə məlumatlar
var”.
Buduq kəndində
vaxtilə 500 ev və kəndli təsərüffatı
mövcud idi: “Orta məktəb, klub, kitabxana, poçt-rabitə,
feldşer-mama məntəqəsi və hətta ətraf kəndlərdən
məktəbə gələn uşaqlar üçün
internat da təşkil olunmuşdu. Rayonda buduqlu
müəllimlər daha çox idilər, ətraf kəndlərdə
dərs keçirdilər. Ömürlərini
xalqın övladlarının təhsilinə və tərbiyəsinə
həsr etmiş belə müəllimlərdən bəzilərini
xatırlamaq yerinə düşər. Bu gün həyatdan
getmiş buduqlu müəllimlərdən Ramazan Bahadirovu,
Nurulla Məmmədovu, Bəylər Abdullayevi, Şərafəddin
Bahadurovu, Əbubəkir Ağayevi, Zalı Əliyevi, Həmdulla
Əhmədovu, Şabran rayonunda təhsil şöbəsinə
başçılıq etmiş rayon ağsaqqalı Teyfur
Adayevi, Quba şəhərində buduqlu Müsənnif müəllimi,
buduqlu Əhməd müəllimi, Xaçmaz rayonunda buduqlu
Hüseyn müəllimi, Qiyasəddin müəllimi, Feyzulla
müəllimi, Şahlar müəllimi, vaxtilə Kuba
respublikasında tərcüməçi işləmiş Sabir
müəllimi və bir çox başqalarını göstərmək
olar.
Böyük Vətən müharibəsində
iştirak etmiş, Taqanroq və 223-cü atıcı diviziya
qəhrəmanlarını necə unutmaq olar? Canı-qanı
ilə azərbaycanlı qardaşları ilə birgə
buduqlular Ukraynada, Kerçdə, Terek çayı sahillərində
döyüşlərdə həlak olub, hətta Almaniyaya -
Berlinə kimi gedib çıxmışdılar. Onlardan biri Beybut Hidayət oğlu Əhmədov bir
çox orden və medallara layiq görülüb, müharibə
bitdikdən bir neçə il sonra da Berlin
komendantlığında çalışıb”.
1940-50 ci
illərdən başlayaraq buduqlular yavaş-yavaş aran kəndlərə
köç etməyə başlayırlar: “Buna səbəb əhalinin
sıxlığı, yol və s. çətinliklərlə
bağlı idi. Kənddə 100-dən çox
əqrəba, nəsil var idi ki, onların hər birinin
ayrıca qəbirsanlıqları bu gün də
qalmaqdadır. Buduq kəndində,
Qazmalarda, Dağüstü və Yalavanc kəndlərində
150-yə yaxın ailə məskunlaşıb ki, onlar buduq
dilində danışa bilirlər.
Dəliqaya kəndi də Buduqluların
yaşadığı dağ kəndidir, orada da 30-dan çox
buduqlu ailəsi məskunlaşıb”.
Buduqluların
tarixi haqqında tarix elmləri doktoru Vaqif Piriyev “Buduqlar”
adlı məqaləsində yazır: “Buduqlular əsasən
Qubanın 64 kilometr cənub-qərbində, Qaraçayın
sol sahilindən 2 kilometr aralıda, Böyük Qafqaz dağ
silsiləsi yamacında, Babadağın
yaxınlığında yerləşən Buduq kəndində
yaşayırlar. 1990-cı illərin məlumatına
görə, Buduq kənd sovetliyinin tabeliyində olan
üç kənddə - Buduq, Yalavanc və
Dağüstüdə 780 nəfər buduqlu yaşayıb.
Buduqluların etnik mənsubiyyəti haqqında
müxtəlif fikirlər mövcuddur. Məsələn,
onların ləzgilərlə yaxın qohumluq əlaqələlərinin
olmaması (M.H.Baharlı), onların Şəki-Zaqatala
zonasından köçüb gəlmələri və ya
alban diyarı olan Beddən (Q.Qeybullayev), eləcə də
Herodotun fərziyyələrinə görə budiyalarla
yaxınlığı, Fəzlullah Rəşidəddinə
görə isə budat tayfalarına aid olmaları barədə
(V.Piriyev) müxtəlif fikirlər var. Bu mövzu ilə
bağlı geniş tədqiqat işlərinin
aparılması vacibdir. Bunu da qeyd etmək
lazımdır ki, buduqluların Qafqaz Albaniyası
tayfalarına aidiyyəti şəksizdir”.
Buduqluların
keçmişi haqda məşhur tarixçi və səyyahların
əsərlərində, eyni zamanda Azərbaycan tarixinin
müxtəlif səhifələrində məlumatlar az deyil. Məlumatların birində
bildirilir ki, Buduq kəndinin əsası Qafqaz Albaniyası
zamanı qoyulub. Buduq kəndi meşəsiz
ərazidə qərar tutur. Bəzi tədqiqatçılar
“buduq” sözünü “dik yerdə həyat” və ya “təpədə
həyat” kimi də mənalandırırlar. Buduqluların öz dilləri var, “budadi-mez”
adlandırırlar. Bu dilin əlifbası
olmayıb, dil yalnız şifahi şəkildə
yayılıb. Bu dildə boğaz səslərinin
çox olması onun latın əlifbası
ilə yazılışına o qədər də imkan vermir.
Ancaq son illər buduqlu tədqiqatçıların
əməyi nəticəsində “budadi-mez”in əlifbasının
ilkin versiyası və dilin lüğəti hazırlanıb.
Buduq dilində olan bəzi sözlərin tərcüməsi:
mez-dil, didə-ana, ada-ata, şid-qardaş, şidr-bacı,
memen-qonaq və s.
Buduqlu ailədə böyüyə hörmət
çox vacibdir. Buduqlu ailələri əsasən
çoxuşaqlı olur. Buduqlular qonaqpərvərdirlər.
Buduqda evlər digər dağ kəndlərinə
bənzər formada, yonulmuş daşdan inşa edilir. Hamar ərazi demək olar, olmadığından evlər
bir-birinə yaxın tikilir. Hətta bəzi
yerlərdə bir evin damından o biri evin damına keçmək
mümkündür. Otaqlar xalça-palazla
bəzədilir. Bu, payız-qış
aylarında evlərin daha isti və rahat olmasına şərait
yaradır. Buduqlular əsasən
heyvandarlıq və qismən də əkinçiliklə,
bostaçılıqla məşğul olurlar.
Uğur
Xalq
Cəbhəsi.- 2016.- 3 mart.- S.13.