Azərbaycanda multikulturalizmin təzahürləri

 

I yazı

 

Bu yazıda Lahıcda yaşayan ziyalı Dadaş Əliyevin “Folklorda multikulturalizm və bilinqvizm” mövzusunda fikirlərini təqdim edirik. Araşdırmada qeyd olur ki, Azərbaycanda multikulturalizmin təzahürləri ictimai həyatın müxtəlif sahələrində və mədəniyyətdə, o cümlədən şifahi xalq ədəbiyyatı nümunələrində araşdırılıb, multikulturalizmin əsas vasitəsi olan bilinqvizmin sosio-kommunikativ baxımdan cəmiyyətimizin reallığı kimi vahid məqsəd ətrafında birləşməsinin, onların arasında milli və dini dözümsüzlük əvəzində qarşılıqlı hörmət və etibarın mümkünlüyü inandırıcı şəkildə sübuta cəhd edilib. Multikulturalizmin millətlərarası münasibətlərdə aparıcı xətt kimi hakim olduğu Azərbaycanda yaşayan hər bir xalqın dili, dini baxışları və mədəniyyətinin özünəməxsusluqları polilinqvizmin doğurduğu multikulturalizm hadisəsinin araşdırılmasını dövrümüz üçün artıq dərəcədə aktuallaşdırıb. Dünyada baş verən qlobal dəyişikliklərin və qloballaşma adlandırılan bir prosesin fonunda Azərbaycan xalqının ənənəvi məişət və mədəniyyət məsələlərinin tədqiqi milli özünütəsdiq və özünütanıtma baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir. Azərbaycan xalqının etnokulturoloji məsələlərinin öyrənilməsi məsələsinin maraqlı tərəfi ondan ibarətdir ki , tədqiqata təkcə ərazinin ən böyük bir etnosu kimi Azərbaycan xalqı deyil, həm də Azərbaycan ərazisində kompakt şəkildə yaşayan milli azlıqlar da cəlb edilir. Bu baxımdan Azərbaycanda yaşayan talış, ləzgi, tat, lahıc, xınalıqlı, avar, udin və ba şqa azsaylı xalqların məişəti və mədəni həyatı həm yerli, həm də xarici alimlərin maraq dairəsinə daxil olub və folklorşünaslıqda araşdırmaların regional istiqamətdə aparılmasına səbəb olub.

Araşdırmaçı düşünür ki, müasir dünyamız bir tərəfdən sosial-iqtisadi problemlərin gətirib çıxardığı qlobal iqtisadi böhran, digər tərəfdən dünyanın hərbi-siyasi gücləri arasında dünya bazarlarının bölüşdürülməsi və daha artıq nüfuza sahib olmaq uğrunda gedən mübarizələr, üçüncü tərəfdən isə hər gün daha da genişlənən transmilli cinayətkarlıq, mütəşəkkil millətçi radikal qruplar, “məzhəb çıxaran, yol ayıran xadimi-ədyan”ların yaramaz əməllərinin nəticəsində yaradılmış firqəçiliyin və günü-gündən fəsadları çoxalan dini təəssübkeşliyin sərhədlərini aşaraq dindaxili məzhəblər və fərqli dinlər arasındakı ziddiyyətlərin süni şəkildə qabardılması kimi reallıqlarla üzləşib. Xalqlar arasında münaqişələrin yerini səmimi və qarşılıqlı anlaşmanın alması hər bir ayıq düşünən insanı maraqlandırır, çünki milli və dini ədavətin nəticəsi mənasız müharibə və günahsız qurbanlardır: “Multikulturalizm mürəkkəb strukturlu və fərqli mədəniyyətlərə söykənən müasir cəmiyyəti səciyyələndirən ən mühüm cəhətlərdən biridir. Onun mövcudluğu dövrümüzün obyektiv reallığı olmaqla artıq sosial tələbata çevrilmiş və hər bir insanın özünü yaşadığı ölkənin tamhüquqlu vətəndaşı kimi hiss etdiyi, özünün milli identikliyini və bu müstəvidə milli mədəni ənənələrini hər zaman qoruduğu bir cəmiyyətin varlığı həmin dövlətin imicini yüksəldən atributlardan sayılır. Müasir Azəbaycanın reallığı hesab edilən milli və dini tolerantlıq ölkəmizdə birdən-birə yaranmayıb. Ölkəmizin ərazisi tarixən fərqli imperiyaların tərkibinə qatılıb, müəyyən zaman müddətində azğın işğalçıların hücumlarına məruz qalıb və onlar da özləri ilə bərabər həm milli və dini özəlliklərini, həm dini inanclarını, həm də mədəni adət-ənənələrini bizim torpaqlara gətirib və gətirdikləri ya zorən, ya da ki könüllü olaraq qəbul edilib. Azərbaycandakı xalqların birgə yaşayışı onlar üçün ortaq mənəvi dəyərlərin formalaşmasına, əksər bayramların və digər mərasimlərin birgə keçirilməsinə imkan verib. Azərbaycanın şimal-qərbində (Quba, Xaçmaz, Qusar, Siyəzən, Dəvəçi, Xızı, Abşeron, Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Qəbələ, Oğuz, Zaqatala, Qax, Balakən) ləzgi, avar, tat, lahıc, xınalıqlı, haputlu, molokan ruslar, ingiloy, tsaxur, qrız, dağ yəhudiləri, udin və s., cənub-şərqində (Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı ) isə talışlar kimi azsaylı xalqlar yaşasalar da, qeyd etmək lazımdır ki, XX əsrin sonu və XXI əsrin əvvəllərində əhalisi sürətlə artıb. Artıq meqapolisə çevrilməkdə olan paytaxt Bakı şəhərində Azərbaycanda yaşayan bütün azsaylı xalqların nümayəndələrinə rast gəlmək mümkündür. Azərbaycanda yaşayan, demək olar ki, bütün millətlərin nümayəndələrinin yaşadığı Bakı şəhərində dil, din və adət-ənənə fərqlərini müşahidə etmək heç də həmişə mümkün deyil , amma bu məsələ regionlarda özünü daha aydın və tez-tez büruzə verir. Kulinariya və geyim mədəniyyətində, bütün ölkəmiz üçün ümumi sayılan bayramların keçirilməsi və məişətimiz üçün ənənəvi sayılan toy və yas mərasimlərinin təşkilində, milli və dini fəqlilikləri olan insanların ünsiyyət qurmasında, ortaq mədəni dəyərlərin təzahür etdiyi məqamlarda, həmçinin hər bir xalqın ədəbiyyatının bünövrəsi sayılan şifahi xalq ədəbiyyatı nümunələrinin janr və süjet baxımından ortaq əlamətlər qazanmasında müxtəlif mədəniyyətlərin qarşılıqlı təsiri danılmazdır”.

O, bu qənaətə gəlir ki, Azərbaycanda multikulturalizmin və bilinqvizmin təzahürünü görmək üçün ümumi qeydlərlə kifayətlənmək mümkün deyil. Bu məqsədlə Azərbaycan folklorunu regional baxımdan araşdırmaq və bilinqvizmin yaranması bu məqalənin əsas obyektləri kimi müəyyən edildi: “Bilinqvizm multiulturalizmin tərkib hissəsi olub, onun daha aydın şəkildə təzahürü və sosial-tarxi baxımdan əsaslandırılmasının mühüm amili hesab edilməlidir. O, mədəniyyətlərarası dialoqun əsas vasitəsi kimi fərqli mədəniyyətlərin yanaşı yaşamasını təmin edir. Dil cəmiyyətin varlığının ən mühüm göstəricilərindən biri və şüurlu varlığın ozünüifadə vasitəsidir. Bir məsələ də heç də şübhə doğurmur ki, hər bir xalq böyük və kiçik olmasından asılı olmayaraq ana dilini özünüifadə və özünütəsdiq vasitəsi hesab edir və milli özünəməxsusluğunu ictimai həyatın hər bir sahəsində onun köməyi ilə nəzərə çatdırır. Bilinqvizmin bir sosial-mədəni hadisə kimi inkişafının əsas səbəbləri kimi aşağıdakılar göstərilə bilər:

-Tarixi və siyasi hadisələr, coğrafi yerdəyişmələr;

- Hakim dil və hakim millət faktorunun güclənməsi;

- Başqa ölkələrin və xalqların mədəniyyətini öyrənilməsi, öz doğma mədəniyyətinin dərindən dərk edilməsi və mədəniyyətlərarası dialoqun yaranması;

- Azərbaycan dilinin dövlət dili statusuna malik olması, onun aparıcı ünsiyyət vasitəsi və məktəblərin əksəriyyətində təhsil dili kimi fəaliyyət göstərməsi.

Bütün tarix boyu bir insan bir yaxud bir neçə dildə danışmağa ehtiyac hiss edib. Keçmişdə və bu gün eyni bir coğrafi məkanda yanaşı yaşamış fərqli millətlərin nümayəndələri bir-birindən fərqləndikləri kimi onların arasındakı münasibətlər də həmişə eyni olmayıb: ya onlar qonşuluğunda yaşayanlar haqqında heç bir məlumata sahib olmayıb, ya müəyyən məlumata sahib olsalar da, bir-biri ilə heç bir əlaqə qurmayıb, hətta bəzən nifaqda yaşayıb, ya da ki, bir-birini yaxından tanıyıb, bütün milli və dini fərqliliklərə baxmayaraq mehriban qonşuluq münasibəti qurub, bir-birinin iqtisadi, mədəni və normal insani həyatlarında ortaq dəyərlər əldə edib və müəyyən tarixi məqamlarda vahid ideya və məqsəd ətrafında birləşiblər.

Polietnik tərkibə malik olan dünya ölkələrinin sosial-kommunikativ sistemində dillər bir-biri ilə elə qaynayıb qarışır ki, bu zaman bilinqvizm mühüm bir vasitə kimi eyni sosial-coğrafi məkanda yaşayan müxtəlif dilli insanlar arasında qarşlıqlı anlaşma mümkün olur və dil maneəsini aradan götürür. Müasir dünyanın dil baxımından inkişafında mühüm istiqamətlərdən biri kimi bilinqvizm bir ölkə, yaxud məhdud ərazi daxilində iki dilin eyni zamanda mövcudluğu, yaxud insanlar tərəfindən eyni səviyyədə işlədilməsi kimi başa düşülür. Müasir dünyada bilinqvizm adalanan bu dil hadisəsi çox yayılıb və məşhurlaşıb.

Bilinqvizm, belə demək mümkünsə, iki dil dünyasının məhsulu olub, həmin dünyalara məxsus insanların fərqli bir xalqın mədəniyyəti ilə bağlı yeni informasiya əldə etməklə zənginləşən ikidili şəxsiyyətin formalaşmasına səbəb olur. Bu, ona gətirib çıxarır ki , bir xalqa aid olan milli və maddi-mənəvi dəyərlər zaman keçdikcə başqa bir xalqın nümayəndələri ilə qarşılıqlı ünsiyyət və yanaşı yaşama şərtlərində ortaq mədəni ənənələrin yaranmasına təsir göstərir. Müasir dünyamızda bilinqvizm həm sosial və kulturoloji baxımdan önəmli bir hadisə kimi bir çox tədqiqatçıların obyekti kimi həmişə maraq doğuran məsələlərdəndir. Məsələn, Kanadada ingilis və fransız dillərində, İsveçrədə eyni zamanda 4 dildə: alman, fransız, italyan və reteroman dillərində danışan insanlar yaşayır. Birinci halda bilinqvizm, ikinci halda isə polilinqvizm hadisəsi ilə üzləşirik.

Qədim mənbələrdə “dillər dağı” yaxud “dil topası” adlanan və həqiqətən də , bir-birindən tamamilə fərqlənən dillərin funksionallaşdığı Qafqazın həm təbii sərvətləri, həm də milli və dini özəllikləri ilə çox maraq doğuran bir parçası da Azərbaycandır. Ölkəmizin əsasən şimal-qərb və cənub- şərq regionlarında etnik müxtəliflik olduqca aşkar şəkildə özünü büruzə verir. Azərbaycanda bilinqvizm bütün azsaylı xalqların yaşadığı yaşayış məntəqələrində rast gəlinir, polilinqvizm isə hələ rus çariçası Yekaterina dövründə Azərbaycanın bir sıra bölgələrinə kompakt şəkildə köçürülmüş molokan rusların məskunlaşdığı kəndlərin birində - İsmayıllı rayonunun İvanovka kəndində mövcuddur. Maraqlı cəhət bundan ibarətdir ki, həmin kəndə köçüb gəlmiş ləzgilər həm öz ana dilləri - ləzgicəni, həm dövlət dilini - azərbaycancanı, həm də İvanovka kəndinin əsas sakinlərinin dilini - ruscanı bilirlər. Təbii ki, hər dildən fərqli məqsədlər üçün istifadə edilir. Bilinqvizmin yaranma səbəbləri sırasına siyasi, tarixi, müxtəlif ölkələr və xalqlar arasında iqtisadi, siyasi və mədəni əlaqələrin gücləndirilməsi aid edilir”.

 

 

Uğur

Xalq Cəbhəsi.-2016.- 5 mart.- S.13