Azərbaycanda
multikulturalizmin təzahürləri
II
yazı
Bu yazıda Lahıcda yaşayan ziyalı Dadaş
Əliyevin “Folklorda multikulturalizm və bilinqvizm” mövzusunda
fikirlərini təqdim edirik. Araşdırmanın davamında
göstərilir: “Bu baxımdan Azərbaycanın bölgələrindən
biri olan İsmayıllı rayonu olduqca maraqlıdır. Bu
bölgə 3 fərqli coğrafi lanşaftda (dağlıq,
dağətəyi və düzənlik) yerləşib, Azərbaycan
tarixinin mühüm mərhələlərinin izlərini
qoruyub saxlayıb, xalq sənətləri ənənələrinin
bu gün də yaşadığı və türk, yəhudi,
Qafqaz, İran və slavyan mənşəli xalqların əmələ
gətirdiyi etnik mənzərəyə sahib olan bir bölgədir.
Maraq dairəmizdə olan lahıcdilli mühitdə yuxarıda
qeyd edilənlər özünü əksər hallarda
göstərə bilir: lahıclı azərbaycanca eşitdiyi
ya da oxuduğu bir söyləntini tam şəkildə
anlayır və məzmununu lahıcca ifadə edir, ya da azərbaycanca
olan bir mətni elə eşitdiyi dildə yenidən nəql edə
bilir, ya da ki eşitdiyini həm Lahıc, həm də Azərbaycan
dillərində həmin dillərin tələb etdiyi formada
müsahibinə çatdırır. Bunu
xüsusilə alınma folklor nümunələrində
görmək olur. Belə ki, söyləyici
öz dil bilgisi səviyyəsindən asılı olaraq bir
nümunəni eşitdiyi dildə, digər nümunəni hər
iki dildə, başqa bir nümunəni isə doğma dilində
ifa edir. Folklor söyləyicləri öz təbiətləri
etibarilə adətən axtarıcı olurlar və
güclü yaddaşları hesabına bildikləri və
başqa dillərdə eşitdikləri folklor nümunələrini
ifa şəraitindən asılı olaraq həm öz ana
dilində, həm də həmin folklor nümunələrini
eşitdikləri dildə - Azərbaycan dilində söyləməklə
həm öz folklor repertuarını yeni süjet, janr, bədii
fiqurlar və formalarla zənginləşdirir, iki fərqli dildən
eyni zamanda istifadə etməklə maraqlı sintezə nail
olur, belə ki, öz ana dilində çətinlik çəkərək
demək istədiyini digər dildən istifadə etməklə
söyləyir”.
Araşdırmaçı
deyir: “Lahıcda və onun ətrafındakı kəndlərdə
tatdilli əhali yaşayır. Ona qonşu olan 3
kənddə Azərbaycan türkləri məskunlaşıblar.
Bu ərazidə yanaşı yaşayan fərqli
etniklər bir-biri ilə qaynayıb qarışıblar.
Birgə yaşayışın və
qarşılıqlı zənginləşmənin nəticəsi
olaraq yaranan folklor nümunələri ümumazərbaycan ədəbiyyatını
xəzinəsində layiqli yer tutur”.
Tatdilli əhali
arasında xüsusilə seçilən lahıcların
folkloru haqqında danışan araşdırmaçı
bildirir: “Azərbaycanda yaşayan digər xalqların folkloru
ortaq və fərqli xüsusiyyətlərə malikdir. Tarixi və
mədəni köklər, birgə yaşayış,
oxşar sosial-ictimai problemlər və s. elə bir zəmin
yaradıb ki, lahıcların folklorunda Azərbaycan və
dünya folklorunda rast gəlinən ortaq nağıl süjetləri,
məzmunu və təyinatı bir-birinə bənzəyən
epik nümunələr, qonşu xalqların folklor nümunələrinin
yeni formada interpretasiyaları özünü aydın şəkildə
büruzə versin.
Lahıc folklorunun əksər nümunələri digər
azsaylı xalqların folklorunda olduğu kimi iki dildə -
Lahıc və Azərbaycan dillərində yaranır və
ifa edilirdi. Dünyanın bütün folklorşünasları
birmənalı olaraq qeyd edirlər ki, dünya
xalqlarının yaratdıqları bədii nümunələrdə
oxşar motiv, süjet, qəhrəman, habelə həyat hadisələrinə
oxşar münasibət görmək mümkündür.
Hər bir xalqın folklorunda yalan, tənbəllik,
lovğalıq, xəyanət, böyüklərə hörmətsizlik,
tamah kimi bəyənilməyən insani xüsusiyyətlər,
yaxud hər zaman vəsf edilən anaya və vətənə
sevgi, qayğıkeşlik, səxavətlilik, xeyirxahlıq
kimi keyfiyyətlər özünə yer tapır. Lahıc foklorunun əmələ gəlməsi
folklor daşıyıcısının Lahıc dilini
hansı səviyyədə bilməsi, onun həyat tərzi, məşğuliyyəti,
təhsili, dini baxışları, başqa xalqların folkloru
ilə tanışlıq imkanlarından asılı olur.
Folklor söyləyiciləri xüsusi məharət,
güclü yaddaş, impovizə bacarığı, hər
iki dildə zəngin söz ehtiyatı, baməzə və
gözəl nitqə malik idilər. Onların
təhsili yox idi, amma öz cazibəli və məntiqli nitqləri
ilə dinləyiciləri uzun müddət gərginlikdə və
maraqda saxlaya bilirdilər. Bunun
üçün söyləyicilər hadisələrin məkanını
və qəhrəmanlarını şəraitə uyğun
olaraq dəyişir, asanlıqla bir dildən başqa dilə
keçə bilirdilər. Məsələn,
bəzi nağılçılar nağılın
pişrovunu azərbaycanca, əsas hissəni isə lahıcca
söyləyirdilər. Lahıc dilində
yaranmış nağıllar o qədər də çox
deyildi. Lakin söylənən
nağılların əksəriyyətini Azərbaycan
(türk) və İran motivli nağıllar təşkil
edirdi. Bu zaman ümumtürk folklorunun tərkib hissəsi
olan Azərbaycan folklorunun güclü təsiri hiss olunur. İlk növbədə demək lazımdır ki,
Lahıc folklorunda İran ədəbiyyatı, folkloru, musiqisi
və məişətinin izləri də aydın hiss olunur.
Bunu nağılların motivlərindəki (Şah Abbas, divlər,
cinlər, pəhləvanlar, dərvişlər, keçəllər,
qaranlıq və işıqlı dünya, mistik 3,7 və 40 ədədləri
) və atalar sözü və məsəllərdəki tərcüməsiz
oturuşmuş paralellizm, həyata oxşar baxış,
müqayisə üçün seçilmiş detallarda belə
bu təsiri görmək mümkündür”.
Ayrı-ayrı
folklor janrlarının seçdiyi foklor mühitində, yəni
İsmayıllı rayonu Lahıc qəsəbəsində
nümunələrin araşdırılmasına keçən
Dadaş Əliyev bildirir: “Lahıc lətifələrinin əsas
xüsusiyyəti odur ki, onların Qulu Şeyda, Nəcəfalı
Möytab, Nəzər Aliheydər, Ələmdar kimi
özünəməxsus yerli qəhrəmanları var,
Lahıc dilində söylənir və elə
lahıcların arasında daha çox dolaşır. Lətifənin
söylənməsi ilk növbədə bir kommunikativ akt kimi
qiymətləndirilsə də, unutmaq olmaz ki, hər bir lətifənin
mətni incə yumor hissi ilə “yoğrulmuş” və əksər
vaxtlarda hazırcavablığın yekunu olmuş lakonik cümlələrdən
ibarət olan bir mətndir. Lahıc əhalisi həmişə
ədəbiyyata həvəs göstərdiyindən burada Bəhlul
Danəndə və Molla Nəsrəddinlə bağlı lətifələr
daha çox söylənilirdi. Lahıc lətifələrinin
əsas qəhrəmanı sayılan Qulu Şeyda ilə
bağlı bir neçə lətifədə Azırbaycan və
digər xalqların lətifələrində oxşar məqamlara
da rast gəlinir. Məsələn, Qulu bir gün
küçədə bikar dayandığı vaxt
Lahıcın varlı və xəsis adamlarından sayılan
Baba Aşur adında şəxs ona dükandan
aldığı bir yeşik stəkan - nəlbəkini evinə
aparmasını tapşırır . Qulu ondan zəhmətinə görə nə verəcəyini
soruşduqda “3 ağıllı söz” deyir. Sonda Qulu
Şeyda aldandığını başa düşdükdə
gətirdiyi yeşiyi pilləkənlə
üzüaşağı buraxır və deyir: “Kim sənə
desə ki, bu yeşikdə bir qab salamat qalacaq, inanma”. Yaxud bir dəfə ərdə olan iki
qızının yanına gedən Qulu Şeyda bir
qızı üçün gün çıxması, o
birisi üçün yağışın yağması
üçün dua edir. Arvadı qızlarının
halını soruşduqda Qulu belə deyir: “Hələ ki, pis
deyillər, amma yağış yağsa, vay
böyüyün, yağmasa, vay kiçiyin halına”. Bu lətifədə diqqət çəkən bir məqamı
qeyd etmək yerinə düşərdi. Qulu
Şeydanın sıra lətifələrində ənənəvi
lətifə qəhrəmanlarının, xüsusən də
Molla Nəsrəddinin təsiri aydın hiss olunur.
Lahıcda lətifələr yerindən asılı olaraq həm
Lahıc, həm də Azərbaycan dilində nəql edilirdi və
maraqlısı də bu idi ki , lətifələrdən
çıxan və indi də zərbi-məsəl kimi işlənən
ifadələr, məsələn, “Sən çaldın”,
“Dava yorğan davası imiş”, ya da ki, Bəhlul Danəndə
lətifələrinin birində söylənən “Qoyunu
qoyun, keçini keçi ayağından asarlar” fikirləri əsasən
azərbaycanca deyilirdi.
Lahıc folklorunda atalar sözləri və məsəllər
xüsusi yer tutur. Onları yaranma tərzinə görə 3 yerə
ayırmaq olar :
1. Azərbaycan və fars dillərindən Lahıc dilinə tərcümə
olunanlar: Pötıra bı ləiftı görə duroz soz –
Ayağını yorğanına görə uzat;
2. Yalnız azərbaycanca səslənənlər:
Cücəni payızda sayarlar;
3. Yalnız lahıcca səslənənlər:
Qəribə səyə dımi bə are lingi bə biran - Yad
itin quyruğu ayaqlarının arasında olur.
Azərbaycan folklorunun lirikasının tacı sayılan
bayatılar Lahıcda yalnız azərbaycanca söylənilirdi. Bəzən
bu bayatılara yerli şəraitlə bağlı elementlər
əlavə edirdilər.
Stəkanım
qanlıdır,
Əl dəymə, dərmanlıdır.
Əslimi
xəbər alsan,
Əslim Girdimanlıdır.
Amma bu
bayatıların janr spesifikasına əməl edərək
şeir təbi olan lahıclar öz ana dillərində də
bayatılar qoşurdular:
Niyola
üşeyirə (Niyalın var meşəsi),
Vəçi bənövşeyirə (Doludur bənövşəsi).
Bə
qürbət ərs çımmənə (
Gözümün qərib eldə)
Ki mı dorı püşöyirə (Ağlamaqdır
peşəsi).
Bu müəlifli bayatılarda “əzizinəm, aşiqəm,
mən aşiq” kimi rekursiv elementlərdən istifadə
olunmurdu”.
Araşdırmaçı
Lahıc folklor mühitində yaranmış müəyyən
nümunələrini və həmin nümunələin
yarandığı bilinqval dil mühitinin səciyyəvi
xüsusiyyətlərini araşdırarkən
aşağıdakı nəticələrə gəlir: “Ana
dilində olan folklor nümunələrini digər xalqların
folklor nümunələri ilə müqayisə etmək
imkanı əldə edə bilir. Başqa dildə
eşitdiyi folklor nümunəsindəki hadisələri yerli
coğrafi məkana köçürür və qəhrəmanları
auditoriyadan asılı olaraq fərqli dillərdə
danışdırır. Yeni mövzu və
janrlarla zənginləşir. Həyatın
bütün sahələrində Azərbaycanda yaşayan
azsaylı xalqlar arasında oxşarlıqlar kifayət qədər
çoxdur.
Multikulturalizm
Azərbaycan cəmiyyətində müxtəlif millətlər
arasında qarşılıqlı etibar və hörmət
hissinin formalaşması, dini məsələlərdə
dözümlülüyün nümayişi, fərqli mədəniyyətlərin
bir-birini tamamlayaraq zənginləşdirilməsi, ölkə
və beynəxalq səviyyəli tədbirlərdə mədəniyyətlərarası
dialoqun qurulması və dövlət dili ilə yanaşı
azsaylı xalqların milli mənliyinin sübutu olan ana dillərinin
inkişaf etdirilməsi üçün böyük əhəmiyyətə
malikdir”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 8 mart.-
S.13.