“Məişət
zorakılığına məruz qalmış qadınlar
üçün sığınacaq və yardım mərkəzləri
açılmalıdır”
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Hicran Hüseynovanın APA-ya müsahibəsi
(ixtisarla)
- Hicran
xanım, Komitənin fəaliyyətə
başlamasının 10 ili tamam oldu. Bu 10
ildə Komitə tərəfindən həyata keçirilən
işlər haqqında məlumat verməyinizi xahiş edərdik...
-
Bildiyiniz kimi, qadın və uşaq hüquqlarının
müdafiəsi, onlara diqqət və qayğının daha da
artırılması cəmiyyətin ən əsas vəzifələrindən
biridir. Qloballaşan dünyada qadın və
uşaq məsələləri dövlətin diqqət mərkəzindədir.
Bütün dövlətlər
üçün xüsusi əhəmiyyət kəsb edən
Ümumdünya Qadın Konfranslarının keçirilməsi,
bu tədbirlərdə qadınların iştirakının təmin
edilməsi, onların hüquqlarının qorunması istiqamətində
bütün səylərin birləşdirilməsi sahəsində
nailiyyətlərin əldə edilməsinə təkan verib.
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycan qadınları da IV Ümumdünya
Qadın Konfransında iştirak hüququ qazanıb və
1995-ci ildə dövlətimiz tərəfindən Pekin Bəyannaməsi
və Fəaliyyət Platforması qəbul olunub. Bu, sənədin
imzalanmasının 20 illik yubileyi Komitə tərəfindən
keçən il qeyd edilib. Keçən
ilin sentyabrında Nyu-Yorkda “Gender Bərabərliyi və
Qadınların Səlahiyyətlərinin
Artırılması üzrə Qlobal Liderlərin
Görüşü: Fəaliyyət üçün öhdəlik”
mövzusunda dövlət və hökumət
başçılarının iştirakı ilə tədbir
keçirilib. Zirvə görüşündə “Pekin Bəyannaməsinin
və Fəaliyyət Platforması”nın
tam icrası ilə bağlı Azərbaycan tərəfinin
konsensusunu nümayiş etdirən bəyanatı
yayılıb. Bəyanatda bildirilib ki, Platformadan
sonra qadınların vəziyyətinin
yaxşılaşdırılması sahəsində müəyyən
olunmuş 12 strateji istiqamət üzrə bir çox dövlətlərin
uzun müddətə əldə etdiyi nəticələri Azərbaycan
çox qısa müddət ərzində əldə edərək
mühüm irəliləyişlərə sahib olub.
Ölkəmizdə gender bərabərliyinin təmin edilməsi
sahəsində çox güclü və əsaslı tədbirlər
həyata keçirilib. Azərbaycan
respublikası qadın və uşaq hüquqlarının
müdafiəsini dövlət siyasətinin prioritetləri
siyahısına daxil edib. Torpaqlarımızın
20 faizinin düşmən tapdağında olmasına, 1
milyondan çox qaçqın və məcburi
köçkünümüzün olmasına baxmayaraq, Azərbaycan
hər zaman inkişaf yolunu tutub və insan
hüquqlarının qorunmasına istiqamətlənib.
Ölkəmiz qadın siyasətinin daha da inkişaf etdirilməsi
üçün gender bərabərliyi və qadın
hüquqlarının qorunması üzrə mühüm beynəlxalq
sənədlərə qoşulub. Bu sənədlər
siyahısına BMT-nin “Qadınlara qarşı
ayrı-seçkiliyin bütün formalarının ləğvi”,
“Uşaq hüquqları haqqında” Konvensiyaları misal gətirmək
olar. Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin
1998-ci il tarixli Fərmanı ilə
Qadın Problemləri üzrə Dövlət Komitəsinin
yaradılması gender siyasətinin həyata keçirilməsinə
daha əlverişli zəmin yaradıb. Bundan başqa, daha sonra
Azərbaycan prezidenti cənab İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi yaradılıb. Bu, 10 il ərzində
qanunvericilik bazası təkmilləşdirilib, maarifləndirmə
tədbirləri geniş şəkildə həyata
keçirilib. “Gender bərabərliyinin təminatları
haqqında”, “Məişət zorakılığının
qarşısının alınması haqqında” qanunlar qəbul
edilib, Ailə, İnzibati Xətalar, Cinayət və Mülki
Məcəllələrə mühüm dəyişikliklər
edilib. Xüsusən də diqqət yetirilməli
olan məsələlərdən biri bu qanunların işləkliyinin
təmin edilməsidir. Məişət
zorakılığı qurbanlarına mühafizə orderlərinin
verilməsi, qanunlara, məhkəmə qərarlarına
istinadların edilməsi implimentasiya mexanizminin tətbiqinə
bariz nümunədir. Həmçinin nikah
yaşı qadınlar üçün 17-dən 18-ə
qaldırılıb. Qadınların məcburi
erkən nikaha vadar edilməsinin qarşısını almaq məqsədilə
Cinayət Məcəlləsinin eyni maddəsinə dəyişiklik
edilib və nikah yaşına çatan qadını nikaha
daxil olmağa məcbur etməyə görə azadlıqdan məhrumetmə
və cərimələr tətbiq edilib. Nikaha
daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən
keçmələri ilə bağlı tələb qüvvəyə
minib və bu da sağlam və möhkəm ailələrin
qurulması yolunda mühüm addım olub.
Ötən illər ərzində maarifləndirmə tədbirləri
daha da genişləndirilib. Ötən 10 il ərzində
biz güclü mütəxəssis komandası
formalaşdırmışıq. Komitənin
müvafiq sahələri üzrə ekspertlərinin
ixtisaslarının artırılmasına xüsusi önəm
verərək onları ixtisasartırma kurslarına cəlb
etmişik, onların qadın, uşaq siyasəti, məişət
zorakılığı sahəsində problemlərin həllində
daha da peşəkarlaşmaları üçün lazımi
tədbirləri həyata keçirmişik. Hətta əməkdaşlarımız xarici ölkələrdə
təşkil edilmiş konfranslarda ekspert kimi
çıxışlar edirlər.
- Son
vaxtlar cəmiyyətdə məişət
zorakılığı halları artmaqdadır. Demək olar ki, hər gün ailə-məişət
zəmində baş vermiş qətl xəbəri
yayılır. Sizcə məsələnin
kökündə nə dayanır?
- Məişət
zorakılığı hadisələrinin baş verməsi bu
gün dünyada narahatlıq doğuran məsələlərdəndir.
Avropada hər 3 qadından biri zorakılıq
qurbanına çevrilir. Digər ölkələrlə
müqayisədə Azərbaycanda bu halların azalması
müşahidə edilir. Əgər 2009-cu
ildə qadınlara qarşı zorakılıqla bağlı
baş vermiş cinayət hadisələrinin sayı 4696 idisə,
2015-ci ildə bu rəqəm 2248 təşkil edib. Bildiyiniz kimi, məişət
zorakılığının qarşısının
alınması istiqamətində Komitə tərəfindən
Məlumat Bankı yaradılır. Müvafiq
məlumatların toplanması üçün digər
dövlət qurumları ilə birgə işlər
görülür. 2015-ci ilin 6
ayının məlumatları toplanaraq statistik təhlil
aparılıb və problemlər araşdırılıb.
Məlum olmuşdur ki, zorakılıq
faktlarının çoxu fiziki növə aiddir. Zorakılıqlar daha çox ər-arvad münasibətlərindən
irəli gəlir. Zorakılıqla
bağlı baş vermiş hadisələrin kökündə
birinci növbədə qadının ailədəki statusu məsələsi
dayanır. Daha sonra ailə üzvlərindən
hansısa birinin zərərli vərdişlərin aludəçisi
olması, sosial-iqtisadi durumun aşağı olması, təhsil
göstəriciləri və şəxsi keyfiyyətlər bu
kimi faktların baş verməsinə təsir göstərir.
-
Qadın hüquqları ilə məşğul olan QHT məişət
zorakılığının qurbanı olan qadınlar barəsində
mühafizə orderinin yetərincə tətbiq
olunmadığını deyir. Bu orderin işləkliyi
ilə bağlı apardığınız işlər nə
qədər effektivdir?
- 2010-cu
ildə “Məişət zorakılığının qarşısının
alınması haqqında” Qanunda 1-ci maddənin 1.0.9-cu bəndinə
əsasən, mühafizə orderi məişət
zorakılığı törətmiş şəxsin zərər
çəkmiş şəxsə qarşı edə biləcəyi
hərəkətlərə tətbiq olunan məhdudiyyətlər
haqqında akt təsbit edilib. Qanun qəbul
edildikdən sonra Komitə tərəfindən rayonlarda,
bölgələrdə mütəmadi olaraq maarifləndirmə
işləri aparılıb. Məişət
zorakılığı ilə əlaqədar olaraq uzunmüddətli
orderin verilməsi üzrə 2013-cü ildə 3 fakt qeydə
alınıb, 2014-cü ildə də eyni rəqəm təşkil
edib.
Zorakılıq qurbanlarına mühafizə orderlərinin
verilməsi ilə bağlı problemlər
yaşanmaqdadır. Təəssüflər olsun ki, qanunun 6 il
əvvəl qəbul olunmasına baxmayaraq, indiyədək
orderlər çox az sayda insana verilib. İndiyədək bu
orderlər yalnız qadınlara verilib, mühafizə orderi
olduqda həmin ailələrlə həmişə profilaktik
iş aparılır. Order verilən
münaqişəli ailələr rayon icra hakimiyyətləri
və ərazi polis orqanları tərəfindən qeydiyyata
götürülür. Mühafizə
orderi verildikdə zorakılıq törədən şəxsin
zərərçəkənə, yəni məişət
zorakılığı qurbanına yaxınlaşmasına
icazə verilmir. Əgər
zorakılıq törədən şəxs bu qərarı
pozarsa, onda cinayət məsuliyyətinə cəlb edilir.
- Azərbaycanda
hansı yaş həddinə qədər ailə quranlar erkən
nikaha daxil olmuş sayılır?
- Azərbaycanda
oğlan və qızlar üçün nikah yaşı 18
müəyyən edilib. Ailə Məcəlləsinə
də dəyişiklik edilərək nikah yaşı
qadınlar üçün 17 yaşdan 18 yaşa
qaldırılıb. Ailə Məcəlləsinin
9.2-ci bəndinə əsasən, üzrlü səbəblər
olduqda, nikahın bağlanma müddəti müvafiq icra
hakimiyyəti orqanı tərəfindən azaldıla və ya
1 aydan çox olmayan müddətə uzadıla bilər.
18 yaşdan aşağı artıq erkən
nikah sayılır. Diqqətinizə bir daha
çatdırım ki, qadınların məcburi erkən
nikaha vadar edilməsinin qarşısını almaq məqsədilə
Cinayət Məcəlləsinin eyni maddəsinə dəyişiklik
edilib və nikah yaşına çatan qadını nikaha
daxil olmağa məcbur etmə 2 min manatdan 3 min manatadək cərimə
və 2 il müddətədək azadlıqdan məhrumetmə
ilə cəzalandırılır. Bu əməllər nikah
yaşına çatmayan şəxs barəsində törədildikdə
isə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və
ya 4 il müddətədək azadlıqdan
məhrumetmə cəzası tətbiq olunur.
-
Hansı bölgələrdə daha çox erkən nikah
hallarına təsadüf olunur?
- Azərbaycanda
bir müddət erkən nikahların sayı azalsa da, son
zamanlar bəzi rayonlarda, Bakının bir sıra kəndlərində
belə nikahların sayının artdığı məlumdur.
Bunun qarşısının alınması və
effektiv nəticələrin əldə olunması
üçün erkən nikahların daha çox rast gəlindiyi
yerləri müəyyənləşdirmək və
müvafiq bölgələr üzrə maarifləndirmə
işləri aparmaq lazımdır. Komitə
yarandığı gündən bu məsələlərlə
bağlı qabaqlayıcı və profilaktik tədbirlər
görür. Son 2 ildə Komitənin nəzdində fəaliyyət
göstərən 11 regional Uşaq və Ailələrə Dəstək
Mərkəzi tərəfindən 20 erkən nikah faktı qeyd
olunub, onlardan 17-nin qarşısı alınıb. Son 3 ildə ümumilikdə 250-yə qədər
icma görüşü və maarifləndirici tədbirlər
keçirilib. Mərkəzlərin yerləşdiyi
rayonlarda icra nümayəndəlikləri vasitəsilə
birbaşa 30 minə qədər ailəyə ünvanlı
maarifləndirici məktub göndərilib. 70 mindən artıq məktub isə rayonların ərazisində
risk qrupundan olan şəxslərə və məktəblilərə
paylanılıb. Həmçinin 2 min
nüsxəyə yaxın erkən nikah bukletləri
hazırlanaraq paylanılıb. Eyni zamanda, “Sağlam ailə-sağlam
cəmiyyətin təməlidir”, “Yaşlı nəslin təcrübəsindən
faydalanaq”, “Sağlam həyat naminə erkən nikaha yox deyək”,
“Ailə, məktəb, cəmiyyət” adlı maarifləndirici
layihələr həyata keçirilir. Bu yaxınlarda Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi Sabunçu Rayon İcra Hakimiyyəti ilə birgə
Nardaran qəsəbəsində yerləşən 295 saylı
məktəbdə şagirdlərin iştirakı ilə
keçirilən tədbirdə çıxışlar edilərək
erkən nikah, qızların təhsildən yayınması
haqqında ətraflı məlumatlar verilib, bu halların
qarşısının alınması istiqamətində
görüləcək tədbirlər haqqında müzakirələr
aparılıb.
- “Azərbaycan
2020: Gələcəyə Baxış” İnkişaf
Konsepsiyasının müvafiq bəndlərinə uyğun
olaraq Sizin Komitə tərəfindən Azərbaycan Ailəsi
Strategiyası, Milli Uşaq Strategiyasının və Uşaq
Məcəlləsinin hazırlanması nəzərdə
tutulurdu...
- “Azərbaycan 2020” çərçivəsində Milli
Uşaq Strategiyası hazırlanaraq aidiyyəti qurumlarla
razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinə
göndərilib. Uşaq Məcəlləsinin, Gender bərabərliyi
üzrə Milli Fəaliyyət Planının və “Azərbaycanın
Ailə Strategiyası”nın layihələri
üzrə işlər yekunlaşdırılaraq aidiyyəti
üzrə razılaşdırılması üçün
qurumlara göndəriləcək.
Xalq Cəbhəsi.-
2016.- 10 mart.- S.15