Muğanlı kəndində Novruz
bayramı
II yazı
21 mart
2012-ci il. Bu gün
Muğanlı kəndində (Borçalı) bayrama hazırlığın
videoçəkilişləri, o cümlədən
informatorlarla videosöhbətlər aparılmalıdır.
Muğanlı kəndinə gəlirik. Kənddə bizi Asif Rəhim oğlu
qarşılayır və Qasım Səfər oğlunun evinə
götürür. Burada ağbirçək
nənələr və ağsaqqallarla söhbət etməliyik.
Yenə də eyni hərarət və
mehribanlıqla qarşılanırıq. Bu dəfə
aşağıda adları çəkilən dörd söyləyici
ilə işləyirik: Meçan Qurban qızı, 1936-cı
il doğumlu; Zərnişan Qurban qızı Hüseynova,
1934-cü il doğumlu; Əslixan Həbib qızı Heydərova,
1937-ci il doğumlu; Səttər İbrahim oğlu Heydərov,
1935-ci il doğumlu. Adları çəkilən söyləyicilərdən
aşağıdakı məsələlər haqqında məlumatlar
əldə olunur:
1.
Keçəpapaqlar: Qocalar kimlərin və hansı sayda
keçəpapaq ola bilməsi haqqında
sualıma qeyri-müəyən cavablar verirlər. Son sözlərinə görə cəmi 5-10 nəfər
keçəpapaq bəzənirmiş. Hazırda
keçəpapaqlar mart ayının əvvəllindən dəstə
bağlayıb, kəndi gəzib pay yığsalar da, bu işə
əvvəllər bayrama 10 gün qalmış
başlayırmışlar.
2. Maska:
Söyləyicilər hər cür maska gördüklərini
təsdiq edirlər. Mən şir maskası
haqqında xüsusi soruşuram. Zərnişan
Qurban qızı təsdiq edir ki, o, 1939-40-cı illərdə
şir maskasını gözləri ilə görüb.
Mən söhbəti dərinləşdirdikcə
onlar arasında mübahisə düşür. Meçan Qurban qızı deyir ki, axı o vaxt
maskanı hardan alacaqdılar? Kasıblıq
idi. Lakin onun böyük bacısı Zərnişan
Qurban qızı «var idi» deyərək sözünün
üstündə durur.
Maska söhbətinə Səttər İbrahim oğlu
aydınlıq gətirir. O, deyir ki, keçəpapaqlar
başlarına təkcə keçədən papaq geyirdilər,
bircə gözləri görünürdü. Şir
maskası sonradan çıxdı.
3. Çərşənbələrin
ardıcıllığı və adları: dörd çərşənbə
aşağıdakı ardıcıllıqla
keçirilirmiş: Birinci, «xavarrama çərşənbə»;
İkinci, «kürə çərşənbə»;
Üçüncü, «sarımsaqlı çərşənbə»
(variantı: külək çərşənbə);
Dördüncü, «axır çərşənbə» (variantı:
su çərşənbə).
4. Hər
çərşənbədə bişirilən yeməklər.
Söyləyici nənələr birinci dəfə
dörd çərşənbənin dördündə də
aş (plov) dəmlədiklərini söyləyirlər.
Lakin sonra bildirirlər ki, keçmişdə kasıb
vaxtı idi və çərşənbələrdə
südlü aş, cincəl xəngəli, yumurta, güləş
və s. kimi yeməklər bişirilirdi.
5.
Axır çərşənbə falları. Qızlar
bir evə yığışır, kasaya üzük
salıb, kimə ərə gedəcəkləri barəsində
fal açırmışlar. Yaxud
qızlar düzlü kömbə yeyib, niyyət tutub
yatırmışlar ki, yuxuda onlara su verən gələcək
nişanlılarını görsünlər. Axır çərşənbə gecəsi
çiy yumurta ilə fal açırmışlar.
Meçan Qurban qızının qayınatası öz
qız nəvəsinin (Meçan nənənin
qızının) bəxtini bilmək üçün ev adamlarından xəbərsiz toyuq
damının üstünə bir yumurta qoyub, yanında da bir
dənə qırmızı, bir dənə də qara
karandaş qoyub. Kişi səhər ev
adamlarına deyib ki, yaman sevinirəm, nəvəmin bəxti
yaxşı olacaq: yumurtanın üstünə
qırmızı qələmlə xətt çəkilib.
Nənələr deyirlər ki, əgər yumurtanın
üstünə qara qələmlə zolaq çəkilsə
idi, bu, bəxtin pis olacağına işarə imiş. Onlar söhbət
zamanı yumurtanın üstündəki xətti gah «zolaq»,
gah da «yazı» adlandırdılar. Bu xətt çəkənin
kim olduğunu soruşduqda «qurban olduğum
mələklər» cavabını aldım.
6.
Alışma» adəti: Novruzda 5-6 nəfər birləşərək
bir heyvan kəsirmiş. Bu adətin adı
«alışma» imiş.
7. Oyunlar.
Qocalara görə, köhnə vaxtda
keçirilən bayramlardakı oyunlar indi yoxdur. Əvvəllər Novruzda güləşmə olur,
dirədöymə kimi oyunlar oynanırmış.
21 mart
2012-ci il. Nənələrlə
söhbəti bitirib Tanrıverdi Məsuməli oğlu
Qasımovun evinə gəlirik. Burada onunla
və qardaşı Xudaverdi Məsuməli oğlu Qasımovla
görüşərək videosöhbətlər
aparırıq. Əvvəlcə
Tanrıverdi Məsuməli oğlu bildirir ki, Novruz bizim yeni
ilimizdir. Bayramda hamı təzə paltar
geyinməli, hər yer yuyulub təmizlənməli imiş.
Novruz bayramının teatr, karnaval şəklində
zamanla dəyişikliklər də baş verib. Sovet dövründə ağsaqqallıq (institutu –
S.R) zəifləməyə başladı. Gənclərin bir çoxu bayramda şah olmaq
iddiasına düşdü. Ancaq
hamını bir gündə şah eləmək mümkün
deyildi. Ona görə də ağsaqqallar
nifaq düşməməsi üçün dedilər ki, gəlin
keçəpapaqlığı bir on gün əvvəldən
başlayaq. Əvvəlcə uşaqlar, yəni
xavarçılar keçəpapaq oldular. Sonra
cavanlar, sinif-sinif və s., yəni yaş qrupları üzrə.
Belə-belə karnavalın gününün sayını
artırdılar. Ancaq əsl bayram öz
sifətini dəyişmədən durur.
Bu bayramda heç vaxt spirtli içki içilməzdi. Ancaq illərnən bu adət
pozuldu: indi içki də içirlər. Burada
gürcülərin də rolu var. Ətraf kəndlərin
gürcüləri bu bayrama həddən artıq maraq göstərir,
bayramda iştirak edirdilər. Elə indinin
özündə də gəlirlər. Hər
bir ailəyə gürcü qonağı gəlirdi. Onlar bayramı içkisiz keçirmirlər. Ona görə də süfrəyə gürcü
qonağın xatirinə içki qoymağa başladılar.
Belə-belə içki dəbə
düşdü. Burda kirvəliyin də
rolu var. Bizdə kirvənin çox böyük hörməti
var. Gürcülər də bunu görüb bizlə kirvəlik
etməyə başladılar. Bəzən
övladı olmayan gürcü niyyət eləyirdi ki, ay
Allah, mənə bir övlad ver, azərbaycanlılardan kirvə
tutaram. Ona görə də gürcülərin
oğlanlarının da, qızlarının da azərbaycanlılardan
kirvəsi olur. Kirvələr də bayram
günü hökmən bir-birinə qonaq getməli, hər
bir kirvə kirvəsi olduğu uşağa pay
aparmalıdır. Əslində kirvəlik
yolu ilə azərbaycanlılar və gürcülər
biri-biri ilə qohum olur, doğmalaşırlar.
Daha sonra
Xudaverdi Məsuməli oğlu danışır və əvvəlcə
bizə Sərtçala Muğanlı kəndinin əhalisi,
inzibati-etnik quruluşu, tarixi, ətrafındakı tarixi obyektlər,
keçmiş ənənələri yaşadan dağ
adları, kənd əhalisinin Şah İsmayıl Xətayini
çox sevməsi, kənd sakinlərinin İkinci Dünya
müharibəsində iştirakı, kənddə 1914-cü
ildə Realnaya Şkola adlanan məktəbin qurulması
haqqında ətraflı məlumatlar verir. Bu
insan mənə yeriyən, canlı tarix təsiri
bağışlayır. Sonralar videoçəkilişi
dəfələrlə seyr edərkən ürəyimdən
bir ağrı keçir ki, əgər Xudaverdi Məsuməli
oğlu bu bildiklərini özü yazmasa (onsuz da onun fikirlərini
kimsə özünün yaza biləcəyi tərzdə
çətin ki, yaza bilə), zamanla onun yaddaşındakı
tarix birdəfəlik unudulub gedəcək.
Kənddə
«Novruz» sözü az işlənirmiş,
elə «bayram» deyirmişlər. Bayrama qeyri-adi
hazırlıqlar görülərmiş. Bayram
1970-ci ilə qədər ilkin formasını
saxlamışdı. 1922-ci ildən 70-ci ilə
qədər çox sıxıntılar olub. Bayramda şah taxtının qurulmasını
gürcü höküməti zamanla siyasi-tarixi rəng verib,
bu da bayrama müəyyən təsirlər edib. Sonralar
bir çox formal dəyişikliklər baş verdi.
Çərşənbələr
başlamamışdan əvvəl ağsaqqallar şah
seçirmişlər. Pullu Bayram XX əsrin
əvvəllərindən 30-cu illərə qədər
bayramın padşahı olub. O, ağsaqqalların icazəsi
ilə keçəpapaq olmaq üçün 7 və yaxud 12 adam götürürdü.
Bayrama qədər evləri təmizləyir, döşəməsinə palçıq şirə çəkir, bayram günü hamı, ən azı uşaqlar təzə geyinirmişlər. Ağsaqqalların iştirakı ilə küsülülər barışdırılırmış. Tutaq ki, kimsə kiminsə qızını götürüb qaçıb. Onlar ilin axırına qədər hökmən barışmalı idilər. Çünki bayram günü onlar artıq əllərində müəyyən şirniyyat bir-birinin evinə gedib bayramlaşmalı idilər. Hətta qan düşmənləri belə barışır, bayram günü biri-birinə şirin görsənirdilər. Qorxurdular ki, bunun düşər-düşməzi olar. Çünki inanca görə, bayram günü küsülü qalanda illərnən küsülü qala bilərdin. Bu isə daimi düşmənçilik içində yaşamaq deməkdir. Keçəpapaqların şahı öz ətrafındakı adamları (köməkçilərini) özü seçirdi. Onların tamaşası ilin axır gecəsi başlanırdı. Qapıları döyüb pay istəyirdilər.
Biz öz gözlərimizlə görmüşük. Keçəpapaqlar başlarına boğaza qədər qara keçədən hazırlanmış, qurd qulağına bənzər qulaqları, uzun qara tükləri olan papaq geyirdilər. Bu gün onlar şir maskası geysələr də, hamı ağzında deyir ki, mən «keçəpapağa çıxıram», yəni «keçə papaq» geyirəm. Sonralar dəyişikliklər baş verdi. SSRİ-nin, Azərbaycanın, Gürcüstanın bayraqlarını asdılar. Bu milli keçəpapaq geyimləri də dəyişdi. Mağazadan cürbəcür geyimlər aldılar. Ermənilər bizim bu bayram keçməsin deyə gürcülərə deyirdilər ki, bunlar Şah Abbasın bayramın eləyirlər, onu taxta çıxardırlar. Yəni əllərindən gələn pisliyi eləyirdilər.
Keçəpapaqlar əyinlərinə tərsinə çevrilmiş kürk geyirdilər. Onların belindəki kəmərdə xəncər yeri olurdu. Bəziləri əlinə ağac götürürdülər. Bəzilərinin isə əlində doğruçu qılınc olurdu. Şər qarışana yaxın qapılara gedirdilər. Xüsusən o qapılara gedirdilər ki, orada toy olacaqdı. Yəni kimsə niyyət eləyib, qohum-qonşu qızlarını yığıb, gecəni çalğı çaldıracaq, qızlar da səhərə qədər deyib-güləcəkdilər. Keçəpapaqlar qapılarda oynayırdılar. Onlara yumurta, şirniyyat verirdilər.
Şah mütləq qırmızı geyinərdi, yanında səməni, xonça olurmuş. Şahın tacı, niqabı olurdu. Üç dənə 4-5 metrlik ağacdan (şalbandan) ibarət olan taxt qurulurdu. O taxtın başında təkcə şah otururdu. Aşağıda üzü açıq, yəni maskası olmayan bir şəxs köməkçi olurdu. Digər bir yanda başqa bir şəxs də olurdu ki, o da onları qoruyurdu: üzlərin açmasınlar, maskalarına toxunmasınlar. Şah öz dəstəsi ilə zurnanın, balabanın, qoşa nağaranın sədaları altında kəndin ortasına gəlirdi. O, öz taxtına çıxmazdan əvvəl arxasındakı keçəpapaqlarla birgə meydanı dörd dolanırdı. Şahın üzündə niqab olurdu. Uzun saqqalı olurdu. Tacında hökmən güzgü olmalı idi. O, meydana gələndə əynində qırmızı paltar olmurdu. Şah həmin qırmızı əbanı taxta çıxanda geyirdi.
Əvvəlcədən 2-3 nəfər günahkar hazırlanırdı. Kim ki sözə baxmırdı, adamları incidirdi, onlardan günahkar düzəldirdilər. Həmin günahkarları sorğu-sual edirdilər. Ancaq danışıqla yox, mimikalarla, lal işarələrlə, əl-qolla mühakimə edirdilər. Sonra şah cəza təyin edirdi və keçəpapaqlar onları şallaqlayırdılar. Əvvəlcə onların ayaqlarını falaqqaya salırdılar, sonra ayaqlarının altına şallaqla vururdular. Yəni bərk vurmurdular, amma özlərini elə göstərirdilər ki, guya bərk vururlar. Elə olurdu ki, şah həmin günahkarlardan birinə şiddətli cəza verirdi. Onu şahın taxtının altından asırdılar. Bu zaman bir ağsaqqal şaha təzim edib, bir peşkəşin müqabilində günahkarı azad etdirirmiş. Onda deyirdilər ki, oyna.
Meydanda hamı bir yerdə dururdu. Amma insanlar necə gəldi bir-birinə qarışmırdılar. Hərənin öz yeri var idi, yəni cavanlar bir tərəfdə, qocalar bir tərəfdə, qadınlar öz tərəfində. Amma hamı bir yerdə olurdu.
Ağsaqqallar bir qədər arxada dururdu. Bir mübahisə düşəndə molla, ağsaqqallar işə qarışırdı. Mübahisə demək olar ki, həmişə düşürdü. Çünki keçəpapaqlar şahın vergisini yığırdı. Vergi verməyənlə güləşir, onu şallaqlayırdılar. Bəzən tərslik olurdu və bu zaman molla, ağsaqqal dərhal işə qarışırdı. Şah keçəpapaqlar kimi əyninə tərsinə çevrilmiş kürk geymirdi. O, çuxa geyirdi. Ayağında cüyburun çəkməsi olurdu. Şah taxta çıxanda qırmızı əbasın geyirdi və bu zaman camaat əl çalırdı. Hələ şah gəlməmiş insanlar meydanda cürbəcür oyunlar oynayırdılar…
Seyfəddin Rzasoy
filologiya üzrə elmlər doktoru
Xalq Cəbhəsi.-
2016.- 10 mart.- S.14