Ahıska türklərinin təsərrüfat
həyatı
Ahısqa türklərininin məşğuliyyət formaları zənginliyi ilə fərqlənir. Araşdırmaçı Sevil Piriyeva bildirir ki, həyatı böyük məhrumiyyətlər və ağrılarla dolu olan Ahıska türklərinin təsərrüfat həyatının araşdırılması aktuallıqla diqqət mərkəzində dayanır: “Məlum olduğu kimi deportasiyaya məruz qalan xalqın təkcə özü ağrılarla, faciələrlə üzləşmir, bütün mənəvi dəyərləri, elmi, mədəniyyəti, ədəbiyyatı, incəsənəti, tarixi, bir sözlə, mənəviyyatı deportasiyaya uğrayır. Təsərrüfat həyatı, maddi mədəniyyəti də bu sıradadır. Ona görə də Ahıska türklərinin təsərrüfat həyatının öyrənilməsi mühüm əhəmiyyətə malikdir. Buna eyni zamanda türk xalqlarının təsərrüfat həyatı kontekstində də baxmaq zərurəti var. Yeni mühit, onların düşdüyü ərazi heç şübhəsiz, özünün əlavələrini də edib. Hər bir regionun spesifik xüsusiyyətləri var. Ahıska türkləri deportasiya olunduğu yerlərdə təkcə özlərinin mövcud adət-ənənəsi, məşğuliyyəti ilə məhdudlaşa bilmədi. Onlar eyni zamanda özlərinin yeni şəraitdə həyat tərzini, yaşayışını qurmalı idilər. Məhz bu vəziyyətdə Ahıska türklərinin təsərrüfat həyatının öyrənilməsi zəngin əsrarəngizliklə, fakt bolluğu ilə müşahidə olunur”.
Azərbaycan ağır vəziyyətdə olduğu, özü Ermənistandan zorakılıqla çıxarılan qaçqınları qəbul etdiyi halda, başqa ölkələrdən, regionlardan Ahıska türklərini də qəbul edib: “Ona görə də təcavüzə məruz qalmış bir xalqın bütün istiqamətlərdə həyatında heç şübhəsiz, yeni məskunlaşdığı ərazilərin təsiri də az deyil.
Ahıska türklərində bütün istiqamətlərdə deportasiyanın izləri görünür. Məhz ona görə də professor Asif Hacıyev yazır: «Ahıska türklərinin maddi mədəniyyətinin öyrənilməsi böyük çətinliklərlə bağlıdır. Vətəndən uzaqlarda türklərin ənənəvi yaşayış tərzi, ənənə vərdişləri xeyli dəyişilib. Təbii ki, qürbətdə hər şeydən çətin təsərrüfat və məişət özünəməxsusluğunu saxlamaq olub».
Lakin bütün məhrumiyyətlərə, çətinliklərə baxmayaraq ahıskalılar özlərinin maddi və mənəvi mədəniyyətini qorudular. Yerləşdiyi tarixi-coğrafi ərazi, mövcud şərait əkinçilik təsərrüfatı və maldarlığın inkişafı üçün əlverişli idi. Ahıska bölgəsində də əhalinin əsas təsərrüfat sahələrindən biri əkinçilik olmuşdu. Buğda, arpa, qarğıdalı (mısır), noxud, mərci və digər taxıl bitkiləri nəinki yerli əhalinin tələbatını ödəyir, eyni zamanda bu məhsullar qonşu bölgələrlə ticarət əlaqələrinin yaranması və inkişafında mühüm yer tuturdu. Ən qədim dövrlərdən əkinçilikdə istifadə olunan əsas əmək alətləri – sürgü (rəndə), oraq, yaba, bel, kürək, cılğa (yer şumlamaq üçün ağacdan düzəldilər, öküzə qoşular), tırpan (kərənti, dəryaz), tırmıq (dırmıq), tapan (mala), saban (daş atmaq üçün silah yerinə istifadə olunan alət), kazma (qazma bir tərəfi yumru kəsər, o bir tərəfi yer eşmək üçün), dirgən, dönməcə, sırma və digər kənd təsərrüfatı alətlərinin mövcudluğu, eləcə də məişət və mədəni
həyatının etnoqrafik təhlili göstərir ki, bu alətlər ümumtürk mədəniyyəti üçün də səciyyəvidir. Bunlar Azərbaycanda, Anadolunun hər yerində təsərrüfatda işlənən ümumtürk əmək alətləri qrupuna aiddir.
Ahıskalıları qonşu regionların əhalisinin adət-ənənəsindən, məişətindən kənarda təsəvvür etmək mümkün deyil. Çünki mədəni əlaqələr heç şübhəsiz onların özünə də təsir etməli idi. Ona görə də Ahıskanın maddi və mənəvi mədəniyyətindən araşdırmalar apararkən Anadolu və Qafqaz mədəniyyətini xüsusi vurğulamaq lazım gəlir. Hansı ki, Ahıska camaatı həmişə onlarla təmasda olub. Məhz bu səbəbdən də digər regionlarla adət-ənənə, təsərrüfat yaxınlığı görünməkdədir.
Ahıska mahalının coğrafi baxımdan dağlıq, dağətəyi və düzən zonada yerləşməsi əhalinin təsərrüfat həyatının zənginliyi üçün də mühüm amil olmuşdur. Bu, bir növ etnoqrafik-mədəni özünəməxsusluğu təsdiq edən amildir. Təbii şərait regionun təsərrüfat həyatına son dərəcədə təsir etmişdir. Ahıska əhalisi Cənubi Qafqazın dağətəyi zonasında məskunlaşıb. Burada iqlim şəraitinin dağətəyi olmasına baxmayaraq, «Ahıskanı ulu dağlar, sıx meşələr, dərin dərələr, bərəkətli vadilər diyarı» kimi səciyyələndirirlər.
Hesab edirlər ki, dağ silsiləsi (Mesxet və Cavaxet) arasında yerləşən bu region təbii şəraitin münbitliyi ilə həmişə böyük maraq doğurub. Ona görə də burada əkinçilik, maldarlıq, bağbançılıq sürətlə inkişaf edib. Kür, Çorox, Poshov və s. çaylardan təsərrüfatların suvarılmasında geniş istifadə olunub. Başı qarlı dağlardan axan çaylardan əhali bol-bol bəhrələnib. Cavaxet silsiləsi şərqdə Borçalı çökəyinə qədər uzanır. Dağ silsiləsi ilə yuxarı qalxdıqca havalar sərtləşir. Ona görə də onların dağətəyi regionlardan fərqli olaraq, təsərrüfatlarında müəyyən fərqlər yaranır. Əqər dağətəyi zonada əkinçilik, bağçılıq, maldarlıq daha çox üstünlük təşkil edirdisə, dağlıq regionlarda maldarlıq aparıcı rol oynayırdı. Böyük dağ silsilələri, yaylalar, dərələr, təpələr, meşələr (ormanlar), hamısı ahıskalıların qədim türk tayfalarının maddi sərvəti idi. Horoz, Bolacul, Fındıqlı, Çoban-köprülü, Əcərə, Saxan, Yalbuz, Alasana, Saburtaq, Çebil, Abioğlu və s. kimi dağlar maldarlığın inkişafı üçün son dərəcədə böyük imkanlar yaradırdı.
Burada havaların sərtliyinə baxmayaraq, dağətəyi zonalardakı qədər olmasa da, əkinçilik də inkişaf edirdi. Əhali dolanışığını təmin etmək üçün bu münbit torpaqlarda buğda, arpa, darı, çovdar kimi bitkiləri əkib becərirdi. Hətta çay vadilərinə yaxın ərazilərdə yaşayanlar həyətyanı sahələrində müxtəlif tərəvəz bitkiləri, ilə yanaşı, meyvə ağacları əkirdilər. Demək olar, Ahıska camaatı özünün zəhmətsevərliyi, işgüzarlığı ilə rahat bir həyat yaşayırdı. Yediban, Qusxana, Qarasu, Qostala, Hamzula, Nakal, Qavaxlu və s. kimi meşələr özünün nadir ağacları, ov heyvanlarının çoxluğu ilə həmişə diqqət mərkəzində olub. Bunlar eyni zamanda Ahıska camaatının dolanışığına, rahat həyat sürməsinə kömək edib. Həmin meşələrdəki palıd, fısdıq, dəmirağacı, vələs, bozağac xalqın maddi sərvəti kimi qorunub. Burada elə qədim ağaclar var ki, tarixi çox-çox əski zamanlara gedir, yaşı yüzillərlə ölçülür. Məsələn, təkcə meşələrin qorunması ilə bitmir, eyni zaman yaşıllıqların salınması da vacib bir iş kimi ahıskalıların diqqət mərkəzində olmuşdu. Bundan əlavə həmin meşələrdə qoz (ceviz), xurma, tut, yemişən, alma, armud, zoğal ağacları da, moruq, böyürtkən bitkiləri də çoxluq təşkil edir. Onlardan Ahıska camaatı müxtəlif məqsədlərlə istifadə edir. Ahıska türk xalqının ən qədim yaşayış məskənlərindən hesab olunur. Buradakı qədim daş heykəllər, qəbirüstü yazılar, saxsı qırıqları, xalq arasında dolaşan əfsanə, rəvayət, nağıl, dastan nümunələri və s. həmin regionun əski zamanlardan bəri yaşaış məskəni olduğunu göstərir.
Region əhalisinin təsərrüfat həyatında qeyd etdiyimiz kimi meşə zolaqlarındakı ağaclardan hazırlanan əşyalar indi ayrı-ayrı evlərdə qorunub saxlanmaqdadır. Ağac qaşıqlar, xəmir yoğurmaq üçün təhnələr, tabaqlar, cəmlər, çanaxlar, taxıl saxlamaq üçün hazırlanan anbarlar bir tərəfdən ahıskalıların təsərrüfat həyatı ilə bağlanırsa, digər tərəfdən sənət nümunəsi kimi əhəmiyyət kəsb edir. İctimai həyatın bütün sahələrində ağacdan hazırlanan əşyalara, qablara rast gəlmək olar. Böyük Vətən müharibəsinə qədərki mərhələdə ağacdan hazırlanan məişət əşyaları demək olar evlərdə üstünlük təşkil edirdi. Xalq arasında Xırtız, Azğur, Pulate, Zediban və s. kəndlərinin camaatı arasında maraqlı əhvalatlar dolaşmaqdadır. Onların bir hissəsi həmin regionun təsərrüfat həyatı ilə bağlı faktları aşkarlayır. Məsələn, Zedibanlılarla bağlı söylənən rəvayətlərin birində deyilir ki, onlar (Zedibanlılar) ev tikərkən dam tirləri (ahıskalılar buna qoşat deyirlər) gödək olur.
Zediban ustaları eşidibmiş ki, tirləri
uzatmaq olur. Lakin onu necə uzatmağı
bilmirlər. Belə qərara gəlirlər
ki, öküzü həmin tirlərin bir başına qoşub dartsınlar.
Elə də edirlər. Ancaq tirlər uzanmır. Bu sadəcə olaraq
əfsanə, rəvayət,
hansısa bir lətifə motivinə yüklənmədən əlavə
etnoqrafik səciyyə
daşıyır. Ahıska türklərinin
bir qədər əski zamanla səsləşən tarixi
düşüncəsini ifadə
edir. Hətta bayatıların, mahnıların müəyyən
bir hissəsində təsərrüfat həyatı,
Ahıska türklərinin
məşğuliyyətilə bağlı bilgilər
var. Bunlar həmin regionun spesifikasını öyrənmək üçün
əsaslı rol oynayır. Ümumiyyətlə, Ahıska türklərinin
tarixi təkcə folklor materiallarının
zənginliyi ilə maraq doğurmur, eyni zamanda maddi
və mənəvi mədəniyyət abidələri
də xüsusilə diqqət mərkəzində
dayanır və bunların bir hissəsi həmin bədii nümunələrdə
yaşanır.
Araşdırmaçı vurğulayır
ki, belə bilgi dolu nümunələr
xalq arasında sonsuzdur: “Yaddaşlarda yaşayan bu nümunələr zaman keçdikcə unudulur. Ağsaqqalların,
ağbirçəklərin dünyasını
dəyişməsilə tarixə
kömülür. Ahıska türklərinin
həyatı, yaşam
tərzi ilə bağlı olan bütün faktları iki istiqamətdə öyrənmək zərurəti
var. Birincisi, onların
deportasiyaya qədərki
olan mərhələdir.
Buradakı etnoqrafik materialların,
folklore nümunələrinin, maddi mədəniyyət abidələrinin, nə varsa hamısının toplanıb araşdırılması
özü böyük
bir nəsil tədqiqatçıların işidir.
Xalqın bitib-tükənməyən
həmin maddi və mənəvi mədəniyyətinin araşdırmaları
onun gen yaddaşına,
keçmişinə işıq
salır. İkinci bir istiqamət
deportasiyadan sonrakı
mərhələdir. Bütövlükdə sürgün həyatı
yaşayan xalqın varlığının hifz
olunması məsələsidir.
Heç
şübhəsiz, deportasiya
yaxşılıqdan xəbər
vermir, burada aclığın, səfavətin,
əhalinin gen yaddaşının
düşünülmüş şəkildə məhvə
sürüklənməsi faktı
var. Burada yeni mühitin diqtəsi mövcuddur. XX yüzildə Krım tatarlarının, çeçenlərin,
Ahıska türklərinin,
Ermənistandan qovulan azərbaycanlıların keçirdiyi
sarsıntılar ağrılarla
dolu bir tarixdir. Həmin xalqların mənəvi
mədəniyyətini, ədəbiyyatını,
tarixini, maddi mədəniyyətini araşdırmaq
bütün zamanlarda
problem kimi aktualdır.
Ahıska türklərinin təsərrüfat həyatı
ilə bağlı araşdırmalarımız, ayrı-ayrı
regionlara ekspedisiyalar zamanı topladığımız
materiallar bunu bir daha təsdiqləyir.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 10 mart.- S.13