Azərbaycanda mövcud
dinlərin tarixi…
Azərbaycan tarixən tolerant bir dövlət olduğunu
dəfələrlə sübuta yetirib. Elə Azərbaycanda
yaşayan müxtəlif dinlərə mənsub insanların təşəkkül
tarixi dediklərimizi bir daha sübut edir. Müxtəlif
xalqlara və dinlərə mənsub insanların Azərbaycana
pənah gətirməsinin əsas səbəbi bu ölkədə
yaşayan insanların mədəniyyəti və onların
xarakterik keyfiyyətinə çevrilmiş tolerantlıq
xüsusiyyətidir. Bu, elə bir sərvətdir
ki, min illər boyu heç bir qüvvə onu Azərbaycan
xalqından ala bilməyib, əksinə, əsrlər
keçdikcə daha da zənginləşib və möhkəmlənib.
Bəs, Azərbaycanda dinlərin tarixi necə səciyyələndirilir?
Bütpərəstlik-Səmavi dinlərə qədər
Azərbaycan ərazilərində bütpərəstlik
hökm sürmüşdür. Amma bu dövrdə bəzi
inanclara, xüsusilə, oda, suya, ağaca və səma cismlərinə
inam daha güclü olmuşdur. Min illərin
keçməsinə baxmayaraq, bu inamın əlamətləri
insanların yaddaşında qalmış və bu gün də
onların həyat tərzində özünü büruzə
verir. Çoxallahlılıqla
bağlı inancların məcmusu kimi bütpərəstlik
ibtidai dinlərin zəminində yaranmışdır. Azərbaycan
əhalisinin bütpərəstlik təsəvvürlərinin
kökləri çox qədimlərə gedib
çıxır və animizm (ruh mənasını
daşıyan latın sözü “anima”dan
əmələ gəlmişdir. Filoloji və
etnoqrafik araşdırmalar ölkə ərazisində bütpərəstliyin
mənzərəsini yaratmağa imkan verir. Arxeoloji
qazıntılar Xınıslı, Dağkolanı,
Çırağlıda qədim tarixə malik iri daş
bütlər, İsmayıllıda antropomorf fiqurlar, Mingəçevirdə
gil heykəllər aşkar etmişdir.
Bütpərəstliklə bağlı ayinçilik çox
vaxt sintez halında təmsil olunmuşdur, yəni inanclar
bir-birindən az fərqlənmiş, biri
digərindən təsirlənmiş, bir-birini tamamlayaraq
bölgə əhalisinin mənəvi dəyərlər
sisteminin təşəkkülündə birgə iştirak
etmişdir. Qədim Azərbaycan ərazisində
ölmüş əcdadların ruhlarına, qayalara və
ağaclara (qayın, palıd və s.), müxtəlif təbiət
hadisələrinə və səma cisimlərinə pərəstiş
güclü olmuşdur. Tanrı xan adı
ilə tanınan palıd ağacına da pərəstiş
edilir, at qurbanı kəsilirdi. Musa
Kalankaytuklu Alban hökmdarlarının xristianlığı
yaymaq üçün bütpərəstliyə qarşı
çağırışları, ağac bütləri kəsib
atmaları barədə məlumat vermişdir.
Zərdüştilik-Zərdüştilik tarixən Azərbaycan
ərazilərində yaranaraq digər ərazilərə
yayılmışdır. Adətən, atəşpərəstliyi
zərdüştilik dini ilə eyniləşdirirlər.
Əslində zərdüştilik atəşpərəstliyin
içindən çıxsa da, müstəqil din kimi meydana gəlmişdir.
Halbuki, hər iki inam müstəqil din sahələri
kimi meydana gəlib və onların yaranması bilavasitə Azərbaycan
əraziləri və xalqı ilə bağlıdır.
Zərdüşti əqidələrində od
mühüm yer tuturdu və buna görə zərdüştiləri
çox vaxt atəşpərəst hesab edirlər. Zərdüştilər ölmüş adamların
cəsədlərini murdar hesab etdikləri üçün
torpağa tapşırmır, dağlarda
hazırladıqları xüsusi yerlərdə
saxlayırdılar ki, qurd-quş yesin. Yalnız
bundan sonra təmizlənmiş sümüklər
yığılaraq dəfn edilirdi. Zərdüştiliyə
qədər dünyada müxtəlif dinlər və inanclar olub,
amma onların hamısı məhəlli xarakter
daşıyıb və demək olar ki, yarandığı
bölgənin sərhədlərini aşa bilməyib. Üç böyük imperiyanın dövlət
dini olmuş zərdüştilik nəinki məhəlli din
anlayışının sərhədlərini
aşmış, hətta ilk dəfə qədim dünyada
mükəmməl din, dünyagörüşü, əxlaq və
məişət, mənəviyyat prinsipləri toplusu
yaratmışdır. Bu dinin özəlliyi
ondadır ki, onun yaradıcısı sayılan Zərdüşt
özünə qədər mövcud olan ilahların
hamısını rədd edərək yeganə Allah -
Hörmüzü kainatın və bütün canlı
varlıqların yaradıcısı kimi irəli
sürüb. Bu baxımdan, bütpərəstlikdən
fərqlənən Zərdüştilik bütpərəst
dinlərlə səmavi dinlər arasında ayrıca bir mərhələ
təşkil edir. Yəhudilik-Azərbaycan
xalqının bu zənginliyini təsdiqləyən və min
illər ərzində ondan faydalanan xalqlardan biri də yəhudilərdir.
Azərbaycanda məskunlaşmalarının tarixi 2600 il öncəyə gedib çıxan yəhudilərin
bu böyük tarixi dövr ərzində azərbaycanlılar
tərəfindən nə vaxtsa dini ayrı-seçkiliyə məruz
qalmalarına dair heç bir fakt yoxdur. Yəhudilər
Azərbaycana gəlməmişdən əvvəl bu ərazilərdə
müxtəlif dinlər və inanclar olub, lakin onların
heç biri kənardan gəlməyib, burada formalaşıb.
Bu baxımdan, Azərbaycana kənardan gəlmiş
ilk din olan yəhudilik həm də bu ərazilərdə
yayılan ilk səmavi dindir. Azərbaycanda
ən qədim yəhudi icması sayılan dağ yəhudiləri
bizim eradan əvvəl VI əsrdə Yerusəlimdə birinci
xram adlanan məbədin sökülməsi nəticəsində
vətənlərini tərk etmiş qədim yəhudi qəbilələrinin
nəslindəndirlər. Azərbaycanda
üç yəhudi icması - dağ, əşkinazi və
gürcü yəhudiləri icmaları mövcuddur.
Bütövlükdə ölkədə yəhudilərin
sayı təxminən 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir
ki, təxminən 6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri
isə digər şəhərlərdə yaşayır. Dağ yəhudiləri hazırda ölkədəki
bütün yəhudi diasporu arasında çoxluq təşkil
edir. Əşkinazi yəhudilər 4,3
min nəfərdir. Onların əksəriyyəti
Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri təxminən 700 nəfərdir.
Onların ölkəmizə gəlişi əsasən
XIX əsrin sonuna, sənaye bumu dövrünə təsadüf
edir.
Xristianlıq-Xristianlıq Azərbaycan ərazisinə
yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin
həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə
nüfuz etmişdir. 70-ci ildə Yerusəlimin (Qüdsün)
süqutundan sonra yəhudilərin Qafqaza
köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi
möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri altında bölgədə
ilk xristian icmaları yaranır. Albaniyada
xristianlığın yayılmasında bu dövr həvari
dövrü adlanır və həvarilərdən Varfolomey və
Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey
Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə
yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib
çıxmış və Kiş adlı yerdə kilsə
tikmişdir. Bu kilsə Ermənistandakı
birinci xristian kilsəsindən qabaq tikilmişdir. 313-cü ildə Roma imperatoru Konstantin
xristianlığa etiqad üzərindən qadağanı
götürəndə Alban hökmdarı Urnayr
xristianlığı dövlət dini elan edir. Bu vaxtdan etibarən Azərbaycanda
xristianlığın yayılmasının qrekofil
dövrü adlanan yeni dövrü başlanır. Akademik Z.Bünyadov göstərir ki, Urnayr, II
Vaçe və III Vaçaqan ölkədə
xristianlığı yaymaq üçün mübarizə
aparmışlar. IV-V əsrlərdə
ruhanilik və kilsə iyerarxiyası təşəkkül
tapır. Katolikosun göstərişi ilə
feodallar öz ərazilərində kilsə üçün
xüsusi yerlər ayırırdılar. Bölgədə
kilsələr tikilir, dini kitablar siryani, arami və yunan dillərindən
Alban dilinə tərcümə edilirdi. Azərbaycan
tarixinin xristianlıqla bağlı məqamları təkcə
İslamdan öncəki dövrə aid deyil, əksinə,
İslam Azərbaycanda aparıcı dinə çevrildikdən
sonra da bu ərazilərdə xristianlar yaşayıb və
ümumi mədəniyyətimizin formalaşmasında
yaxından iştirak ediblər. Alban-udi xristian
kilsəsi-Azərbaycanda xristianlığın tarixi Alban kilsəsindən
başlayır. Qədim qaynaqlar sübut
edir ki, Alban kilsəsi nəinki Qafqazda, hətta bütün
xristian dünyasında ən qədim kilsələrdən
biridir və apostol mənşəlidir. Alban
kilsəsinin qədimliyini təkcə tarixi faktlar yox, həm də
mövcudluğunu dövrümüzə qədər qoruyub
saxlamış qədim alban məbədləri təsdiqləyir.
Alban katolikosunun iqamətgahı Çoqay şəhərində
yerləşirdi. 552-ci ildə iqamətgah
Bərdəyə köçürülmüşdür.
İslam fütuhatlarından, xüsusilə
Alban məlikliyinin süqutundan sonra ölkədə
xristianlığın rolu zəifləmiş, kilsələrdə
ibadət erməni dilində aparılmış, Alban dili
sıxışdırılmışdır. VIII-IX əsrlərdə Azərbaycan ərazisində
müstəqil dövlətlər yarananda Alban kilsəsi yenidən
avtokefal kilsə statusunu bərpa etmişdir.
Pravoslavlıq -Azərbaycana XIX əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" çərçivəsində nüfuz etməyə başlamışdır. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlamışdır. Rus pravoslav kilsəsində baş verən parçalanmanın ağır nəticələrindən sığortalanmaq üçün sektant xristianların Qafqaza sürgünü başlanır. Azərbaycanda ilk rus köçkünləri 1834-cü ildə Şamaxı qəzasında Altı-Ağac kəndini, 1838-ci ildə Lənkəran qəzasında Vel kəndini, 1842-ci ildə Yelizavetpol quberniyasında Borisı - Ruslar, 1844-cü ildə isə Slavyanka kəndlərini salırlar. 1868-ci ildə Bakı quberniyasının ərazisində 21 sektant kəndi var idi ki, burada 13 min sektant yaşayırdı. Pravoslavlığın Azərbaycanda yayılmasında, yeni kilsə və ibadət evlərinin inşasında Azərbaycanlılar da fəal iştirak etmişlər. Katoliklik-Azərbaycanda xristianlığın yayılma tarixində katoliklik ayrıca səhifə təşkil edir və bu səhifənin yaşı əsrlərlə ölçülür. Azərbaycanda hələ orta əsrlərdən yayılmağa başlayan katoliklik XIV əsrin əvvəllərindən etibarən, xüsusilə, XVII-XVIII yüzilliklərdə geniş yayılıb, hətta Azərbaycanın ən iri şəhərlərində katolik monastrları, missiya və məktəbləri fəaliyyət göstərib. Tarixi sənədlər katolik missionerlərin çoxsaylı xeyriyyə, tərcümə və tibb fəaliyyətlərindən, yerli əhaliyə göstərdikləri yardımlardan xəbər verir. Xüsusilə, XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində - neft bumu dövründə Bakıya çoxsaylı katoliklər köçmüş və Azərbaycanda katolik kilsəsinin həyatında yeni mərhələ başlamışdır. Bakıda ilk Roma-katolik prixodu XIX əsrin 50-ci illərində rus ordusu tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaradılmışdır. İslam-Azərbaycanın islamlaşması hicrətin 18-ci ilindən (639-ci il) başlanmışdır.Həmin dövrdə ərəblər Ərdəbil, Təbriz, Naxçıvan, Beyləqan, Bərdə, Şirvan, Muğan və Arranı fəth edir, Xəzər sahili boyunca Dərbəndə kimi irəliləyirlər. Tarixçi Bəlazurinin məlumatına görə, artıq xəlifə Əli bin Əbu Talibin hakimiyyəti dövründə (656-661) Azərbaycan əhalisinin əksəriyyəti islamı qəbul etmişdi. Şimalda bu proses bir qədər uzun çəkmişdir. Ərəblər fəth etdikləri ərazilərdə əhali üzərinə vergi qoyur, sülh müqaviləsi bağlayıb yürüşlərini davam etdirir, sonra yenə geri qayıdırdılar. Yerli əhali vergiləri verməkdən imtina etdikləri halda hücumlar başlanırdı.İslam fütuhatları çox yerdə sülh yolu ilə, bəzi yerlərdə isə silah gücünə həyata keçirilirdi. Fəth edilmiş ərazilərdə bütpərəst əhaliyə islamı qəbul etmək təklif olunurdu, qəbul edənlərə toxunulmurdu. İslamı qəbul etməyən yəhudi və xristianlar cizyə ödəyir və müsəlmanların himayəsi altında olurdular.İslamı qəbul etməkdən imtina edənlər müsəlmanlarla döyüşməli olurdular. Sərhəd məntəqələrində ancaq müsəlmanlar yaşayırdılar. Bu məntəqələri möhkəmlətmək üçün Xilafətin müxtəlif vilayətlərindən gələn müsəlmanlar burada yerləşdirilir, islamı qəbul etməyən yerli əhali bir qədər kənara köçürülürdü. Azərbaycanda islamlaşma prosesini bir neçə mərhələyə bölmək olar. Birinci mərhələ kimi VII əsrin ortalarından VIII əsrin əvvəllərinə qədər davam edən islam fütuhatları dövrünü götürmək olar. Bu mərhələ 705-ci ildə Alban dövlətinin süqutu və Alban kilsəsinin öz müstəqilliyini itirməsi ilə bitir. İkinci mərhələ VIII əsrin əvvəllərindən Qərbi İranda və İraqda Büveyhilərin hakimiyyətə gəlməsinəqədərki dövrü əhatə edir. Üçüncü mərhələ Büveyhilərin hakimiyyəti dövrünü (935-1055) əhatə edir. Bu dövrdə mötədil şiəlik Azərbaycanda yayılmağa başlayır və Dərbəndə qədər gedib çıxır. Sünni hənəfi və şiə imami məzhəbləri aparıcı məzhəblər olurlar. Sufilik də özünə xeyli ardıcıl tapır. Dördüncü mərhələ Səlcuqlular dövrü (XI əsrin ortaları - XIII əsrin ortaları) ilə bağlıdır. Bu mərhələdə sünnilik bölgədə güclənir, şiəliyin mövqeləri zəifləyir. Şafii məzhəbi aparıcı məzhəbə çevrilir,sufi təriqətləri geniş yayılır. Azərbaycan Atabəyləri və Şirvanşahları islamı xristianlığın təzyiqindən qoruya bilirlər. Beşinci mərhələ monqol istilaları dövrünü (XIII əsrin I yarısı - XV əsrin II yarısı) əhatə edir. Bu dövrdə sufilik geniş yayılır, hürufilik güclənir. Altıncı mərhələ Səfəvilərin (1501-1786) və XVI əsrdən etibarən Osmanlıların (1281-1924) hakimiyyəti dövrü ilə bağlıdır. Səfəvilər şiəliyi təbliğ edir və başlarına 12 şiə imamının şərəfinə 12 qırmızı zolaqlı əmmamə bağlayırdılar. Buna görə də onlar "qızılbaşlar" adlanırdılar. Çaldıranda Səfəvilərə qalib gələn Osmanlılar Azərbaycanda sünni hənəfi məzhəbini yayırdılar. İslam mədəniyyətini azərbaycanlılarsız təsəvvür etmək mümkün olmadığı kimi, Azərbaycan mədəniyyətini də İslamsız təsəvvür etmək qeyri-mümkündür. Əgər mədəniyyətimizdən bir anlığa İslamı və onun izlərini silsək, bu zaman Azərbaycan tarixini və mədəniyyətini inkar etmiş olarıq. Azərbaycanda İslamla bağlı önəmli məqamlardan biri də odur ki, bu din Qafqazda ölkəmiz vasitəsilə yayılmışdır. Bunun məntiqi nəticəsidir ki, hazırda Azərbaycan Qafqaz regionunda yaşayan bütün müsəlmanlar üçün dini mərkəz rolunu oynayır və bu fakt istər elmi, istərsə də dini dairələr tərəfindən qəbul edilir.
Əli
Xalq Cəbhəsi.-
2016.- 10 mart.- S.9