“Quran”da dinlərarası
dialoqa yanaşma
Son illərdə beynəlxalq terrorizm və dini ekstremizm
gurultusu, etnik təmizlənmənin artması, həmçinin
milli dövlətlərin zəifləməsi fonunda təcavüzkar
separatçı hərəkatların fəallaşması
“tarixin sonu” barədə ideyaya inamı azaltmışdır. Mədəniyyətlərin
vahid şəklə salınmasına, bazar münasibətlərinin
və Qərb modelli açıq cəmiyyət dəyərlərinin
hər yerdə yayılmasına çoxsaylı cəhdlər
ənənəvi dəyərlərin simasında ciddi maneəyə
rast gəldilər. Bu ənənəvi dəyərlər
bəzən qeyri-iradi olaraq demokratiyanın özünün və
liberalizmin prinsipləri ilə kəskin ziddiyətlər təşkil
edir. Rusiya tədqiqatçısı
M.Delyagin bu Qərb layihəsini “dünyagörüşün
idxalı” adlandırmışdır. Bu isə
təfəkkürdə və əməllərdə nisbi məsuliyyətsizliyin
və özbaşınalığın formalaşmasına səbəb
olur ki, nəticədə ümumi hərc-mərcliyə gətirib
çıxarır.
Fəlsəfə üzrə fəlsəfə doktor
Elmir Quliyevin sözlərinə görə, inkişaf etməkdə
olan ölkələrə liberal dəyərlərin zorla qəbul
etdirilməsi, nəinki varlı və kasıb qütblər
arasındakı məsafənin azalmasına imkan yaratdı, həmçinin
qütbləşmə prosesini kəskinləşdirdi. Bu qlobal
uyğunsuzluğun müxtəlif tərəflərində
olan xalqları bir-birindən nəinki iqtisadi cəhətdən
inkişaf etmiş Şimalın elmi-texnoloji
üstünlüyü, habelə ümumiyyətlə əməyə
və həyatın özünə münasibətdəki
böyük fərqlər ayırırdı. Bununla yanaşı, sosialist blokunun
dağılmasından sonra tam hökmranlıq perspektivi
“güclülər” üçün olduqca cəlbedici oldu.
Bir çox ekspertlərin fikrincə, obyektiv
qloballaşma prosesləri kosmopolitik ideallarla birləşmiş
transmilli elitanın maraqlarının xidmətinə
verilmiş, bu da biososial problemləri daha da kəskinləşdirmiş
və onların həllini çətinləşdirmişdir. Ekoloji,
demoqrafik və sosial proseslər siyasətçilərin və
siyasi texnoloqların günahı ucbatından insanlıq
üçün seçim imkanı qoymayaraq gözlənilməz
bir xarakter almış, daha da böyüyən böhranın
aradan qaldırılması yalnız dünya birliyinin
bütün üzvlərinin sıx əməkdaşlığı
sayəsində mümkün olmuşdur. Hazırda
bu yolda hər bir fərdə müasir dünyanın tərkib
hissələrinin bütövlüyünü və bu vaxtadək
görünməmiş qarşılıqlı
asılılığını praktikada dərk etməyə
ciddi maneə olan amil qlobal təfəkkürün
çatışmazlığıdır. Bu
cür təfəkkür prosesinin formalaşmasında din
müsbət rol oynamalıdır. Çünki
o, nəhəng həyat dəyərləri arsenalına və
insan fəaliyyətinin səciyyəsini müəyyənləşdirən
ideallara malikdir. Bu ideallar həm də tam mənalı
həyat yaşamaq üçün zəruridir.
Əlbəttə, sivilizasiyalararası təfriqədə
məhz dini günahlandıran tədqiqatçılar da
vardır. Buna baxmayaraq, fikrimizcə, dini sahə hazırki
sivilizasiya böhranının dərk olunması
üçün böyük potensiala malikdir. Lakin bu potensialın reallaşdırılması
yalnız o zaman mümkündür ki, kütlələrin dini
şüuru dağıdıcılıq və
qarşıdurmadansa, daha çox yaradıcılığa və
dialoqa yönəldilmiş olsun. Bu yöndə
təkcə dialoq mədəniyyətinin yayılması və
tədrisi deyil, həmçinin özlüyündə dini
maarifçilik xüsusi əhəmiyyət kəsb edir. Dinlərarası dialoqun tarixinin yüz və hətta
min illər olmasına baxmayaraq, onun indiki “məcburi” aktiv mərhələsi
başlanğıcı təxminən keçən
yüzilliyin 80-ci illərinin sonundan qoyulan nisbətən yeni
hadisədir.
Dinlərarası dialoqun mahiyyəti və xarakterinin
transformasiyasının başlıca səbəblərindən
biri beynəlxalq qayda-qanunun dəyişilməsi, həmçinin
bütövlükdə bəşəriyyətin dini irsi ilə
bağlı olan yeni mədəni, etnik və tarixi
reallıqların meydana gəlməsi olmuşdur. Qeyd etmək
lazımdır ki, dinlərarası dialoq bütün çətinliyinə
və çoxmənalılığına baxmayaraq, bir
çox xalqlara sakitləşdirici təsir edərək təsəlli
verə bilər. Mövcud qlobal hədələrin
dəyişkənliyi nöqteyi-nəzərindən o, tədricən
daha çox əhəmiyyət kəsb edir. Bu gün müxtəlif dinlərin və
etiqadların bir çox tərəfdarları bunu başa
düşürlər. Onlar öz müqəddəs
kitablarında və təlimlərində yeni
sivilizasiyalararası “körpülər”in qurulmasının
açarını axtarıb tapırlar.
Dini mətnlərin ardıcıl öyrənilməsi
göstərir ki, demək olar ki, bütün dinlərdə
dialoqun aparılmasına imkan verən müddəalar
vardır. Bu mənada İslam dini də istisna deyil və
Qurani-kərimin səhifələrində digər dini
baxışların və dünyagörüşlərin tərəfdarı
olan şəxslərə qarşı
dözümlülük tərbiyə edilməsinə
xüsusi yer ayrılır. Fərqli
düşüncəyə qarşı
dözümlülüyə çağırış Quranda
müxtəlif formalarda ifadə edilir. Bəzi ayələrdə
qeyd olunur ki, din könüllü səciyyə
daşıyır və məcburiyyəti qəbul etmir: «Dində
məcburiyyət (zorakılıq) yoxdur»; «De: “Haqq rəbbinizdəndir.
Kim istəyir inansın, kim də istəyir
inanmasın (kafir olsun)”» (Quran, 18:29).
Digər
ayələrdə xatırlanır ki, müsəlmanlar
başqa din tərəfdarlarının
haqsızlıqlarına məruz qalacaqlar, lakin bu haqsızlıqları
alicənablıqla bağışlamaq lazımdır: “[Ey
möminlər!] Kitab əhlindən bir çoxu
həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki
həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş
olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər.
Allahın əmri gəlincəyə qədər
(hələlik) həmin şəxsləri əfv edin və
onları qınamayın (onlardan üz çevirməyin)”
(2:109).
Quranın
bəzi yerlərində digər din tərəfdarlarının
bir sıra tərifəlayiq keyfiyyətləri sadalanır:
“[Ya Rəsulum!] Yəhudiləri və
müşrikləri iman gətirənlərin ən pis
düşməni, “Biz xristianlarıq”- deyənləri isə
onların ən yaxın dostu görəcəksən. Bu onların (möminlərin) içində (bilikli,
abid) keşiş və rahiblərin olması və onların
özlərini yuxarı tutmalarına görədir” (Quran,
5:82); “Kitab əhlindən elə kəslər vardır ki, əgər
onlara bir qintar (çoxlu) əmanət verərsənsə,
onu tamamilə sənə qaytararlar” (Quran, 3:75).
Bununla
yanaşı, Quran müsəlmanlara, onlardan
sığınacaq istəyənlərə, hətta islama
etiqad etməyən şəxsə belə, rədd cavabı
verməməyi əmr edir: “Əgər (basqına uğrayan)
müşriklərdən biri səndən aman istəsə,
ona aman ver ki, Allah kəlamını (Quranı) dinləsin.
Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin
olduğu (müşriklərin yaşadığı) yerə
çatdır”(Quran, 9:6). Nəhayət,
islamda başqa dinlərə qarşı
dözümlülüyün təzahürlərindən biri
yəhudi və xristian qadınlarla evlənməyə, həmçinin
Kitab əhli tərəfindən kəsilmiş heyvanların ətini
yeməyə icazə verilməsidir: “Bu gün pak nemətlər
sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri
sizə, sizin yeməkləriniz isə kitab əhlinə
halaldır. Möminlərin, həmçinin sizdən əvvəl
kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin)
azad və ismətli (özlərini zinadan və nəfslərini
haram şeylərdən qoruyan) qadınları mehrlərini
verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna
saxladığınız təqdirdə (evlənmək
üçün) sizə halaldır”(Quran,
5:5).
Müsəlman alimləri qeyd edirlər ki, islama etiqad etməyənlərə
haqsızlıq etmək, həmçinin onların ləyaqətinə,
əmlakına və ya həyatına qəsd
qadağandır. Quranda və Sünnədə olan göstərişlər
bütövlükdə cəmiyyətdə sülhün təmin
olunmasına, müxtəlif mədəniyyətlər və
sivilizasiyalar arasında dialoqun qurulmasına, həmçinin
istənilən səviyyəli sosiumda sabit vəziyyəti
pozan bütün amillərin aradan qaldırılmasına
yönəldilmişdir. Qurana görə, millətlər
və mədəniyyətlər arasındakı dialoq müxtəlif
xalqların və tayfaların yaranmasının başlıca
məqsədlərindən biridir: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan)
yaratdıq. Sonra bir-birinizi tanıyasınız
(kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə
ayırdıq” (Quran, 49:13).
Dini mətnlərin ardıcıl öyrənilməsi
bizi dinlər və mədəniyyətlər arasındakı
dialoqa əsaslanmalı olan bəzi prinsiplərin dərk edilməsinə
gətirib çıxarır. Birincisi, biz öz seçim
azadlığımızı qəbul ediriksə, digər fərdlərin
də azadlığını qəbul etməliyik, axı islam dini məcburiyyəti, onun istənilən
təzahür formasında pisləyir. İkincisi, dialoq
iştirakçıları arasındakı münasibətlər
ədalət prinsipi əsasında qurulmalıdır: “Allah din
yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan
çıxartmayan kimsələrə yaxşılıq etməyi
və onlarla ədalətlə rəftar etməyi sizə
qadağan etməz” (Quran, 60:8).
Üçüncüsü, İslam insanı həmsöhbətə
onun şəxsiyyətindən asılı olmayaraq, hörmət
etməyə çağırır. Başqasının
fikrinə hörmət etmək Quran təliminin
universallığının təzahürlərindən
biridir (Quran, 16:125).
Dördüncüsü, konstruktiv dialoqun həyata
keçirilməsi məqsədi ilə dinlər
qarşılıqlı dərk üçün əlverişli
olan sosial münasibətlərə daxil olmalıdırlar
(Quran, 49:13). Qarşılıqlı anlaşmanın əldə
edilməsi tərəflərin və opponentlərin dəyərlər
səmtini düzgün müəyyən etdikləri zaman
mümkündür və yad dəyərlər bizim
üçün ən mühüm olan öz dəyərimizdən
daha çox fərqləndikcə onları təsəvvür
vasitəsilə dərk etmək bizə daha çətin
olur. Nəhayət, beşincisi, müsbət
nəticələrin əldə edilməsi üçün
dinlərarası dialoq bəşəriyyət
qarşısında duran ən mühüm vəzifələrin
həllinə yönəldilməlidir. Mədəniyyətlərarası
fərqlərin silinib getməsini və ya dinlərin birləşdirilməsini
dialoqun məqsədləri kimi elan etmək mənasız və
hətta təhlükəlidir.
Müsəlman tədqiqatçısı
İ.İbrahimin fikrincə, dialoqun mahiyyəti ondan ibarət
olmalıdır ki, onun bütün iştirakçıları
hər yerdə təzahür edən cinayətlərə və
nöqsanlara qarşı mübarizədə bir-birlərinə
kömək etsinlər. Müəllif onlara sosial ədalətsizliyi,
başlı-başına buraxılmış materializmi və
mənəvi pozğunluğu, hərbi, siyasi, iqtisadi və mədəni
müstəmləkəçiliyi, irqlər və millətlərarası
toqquşmaları, vətəndaş müharibələrini və
genosidləri, geriliyi, xəstəlikləri, insan
hüquqlarına etinasızlığı, ətraf mühitin
çirklənməsini, terrorizmi, ekstremizmi və s. aid edir.
Dinlərarası rəqabət, professor R.Y.Əliyevin
qeyd etdiyi kimi insanlara şəxsiyyətin hərtərəfli
təkmilləşdirilməsi və onun qara qüvvələrin
xofundan azad mənəvi tərəqqiyə, insanları Allaha
yaxınlaşdıran hər şeyə aparan daha
düzgün yol göstərmək cəhdinə əsaslanmalıdır. Dinlərarası
dialoqun konseptual əsaslarının işlənib
hazırlanması mürəkkəb və uzun prosesdir.
O, dünyanın tez dəyişən sosial-siyasi mənzərəsi
və yeni sivilizasiya çağırışları ilə
bir qədər mürəkkəbləşir. Belə
şəraitdə müxtəlif dinlər arasında
tolerantlığı qəbul etməyin və əməkdaşlığın
zəngin ənənələrinə malik olan regionların təcrübəsi
böyük əhəmiyyət kəsb edir. Bu regionlardan biri, əsrlər boyu sivilizasiyaların,
mədəniyyətlərin və dinlərin
qovşağında olmuş Azərbaycandır. Belə regionlar dialoqun əsaslarının nəzəri
cəhətdən işlənməsi və əməli tətbiqi
üçün istiqamətləndirici rolunda
çıxış edə bilərlər. Planetin mədəni rəngarəngliyinin
saxlanması və dünya sivilizasiyasının gələcəyi
bu dialoqun uğurlu həyata keçirilməsindən
asılıdır.
Cavid
Xalq Cəbhəsi.- 2016.- 11 mart.-
S.13.