Təbrizdən ötüb keçdi Mərəndi…

 

I yazı

 

“Oğul, çox yüksək bal gətirmisən. Ona görə fizika, kimya, riyaziyyat, mühəndislik, həkimlik kimi kurslarda oxuya bilərsən. Niyə ədəbiyyatda oxumağa belə israr edirsən?” Bu sözləri Bakı Dövlət Universitetinin professoru tələbə qəbulunda yüksək bal toplayan Məhəmməd Tağı Zehtabiyə deyəndə belə cavab alır: “Hörmətli müəllim, bu uzaqlıqda yolu bunca çətinlikləri dözüb, buraya gəlib çatmağımın nədəni ana dilimi akademik səviyyədə öyrənib öyrətməkdir. Bizdə alim, həkim, mühəndis, çoxdur, ancaq öz dilimizi akademik bilən yoxdur.”

O, bu sözləri professoruna deməmişdən öncə Azərbaycan Demokrat Firqəsinin tikdiyi Təbriz universitetinin ədəbiyyat fakültəsinə qəbul olunan ilk tələbələrdən idi. Nə yazıq ki, Təbriz universiteti Pəhləvi rejimi qarşısında sarsılır, ancaq bizim Şahin sarsılmayıb daha da artıq istəklərinə çatmağa dirənir: qaçaq yolla o vaxt İrandan SSRİ-yə keçir. Ancaq oradakı kommunist rejimi gerçək üzünü göstərir, onu iki il Sibirdə zindanına salır, sonra da Düşənbə şəhərinə sürgün edir. Bu çaşdırıcı olaylar prof. Zehtabi kimi bir insanı öz gerçək varlığına aparıb çatdıran nədənlərdən ən önəmliləri sayıla bilər. Bu illərin yaradıcılığı onun düz yolda olub, sarsılmaz irəliləməsini aydın göstərir.

Azərbaycanın çağdaş ədəbiyyatında xalqın çox böyük sevgisini qazana bilən ədəbi örnəklər çox olub, başda gedənlərdən biri ustad Şəhriyarın “Heydər babaya salam” poemasıdır. Prof. Zehtabinin “Şahin Zəncirdə” toplusu ilk dəfə “Əxtər yayın evi” işbirliyi ilə Təbrizdə 5000 tirajla yayılıb. Bu kitab içindəki qoşular yazılan vaxtda yayılsaydı, ustad Şəhriyarın “Heydər baba”sı ilə çağdaş olardı, ancaq bizim kütlənin ana dilində təhsili olmamasına görə “Heydər baba” poeması qədər toplumsevər ola bilməzdi. “Heydər baba” da daha çox ustad Şəhriyarın öz səsi ilə yazdırdığı lentlərlə xalq arasında yayılıb bəyənildi. O vaxt ağız ədəbiyyatı yazılı ədəbiyyatdan daha çox yayğın idi, bəlkə demək olar, indi də belədir. Şairlərin bir sırası bu durumdan yaxşı barına biliblər. “Heydər baba” ilə ona bənzər qoşuların geniş yayılmasının ikinci nədəni bu biçim qoşqularda seçilib işlənən materialların özəlliyidir. Ustad Şəhriyar xalqın ən azı yüzillərlə yaşadığı, tanıdığı, mənimsədiyi materiallardır. “Şahin Zəncirdə” və ona bənzər qoşuların materialları isə kütləyə yad olan, hətta kütlənin qorxub çəkindiyi materiallardır. O üzdən belə qoşular sevilsə də, gizlicə sevilir, yəni qoşunu sevən kimsə sevdiyini öz ürəyində saxlayıb ört-basır etməyə çalışır. Bu nədənlə belə ədəbiyyatın etkisi uzaqlardan gələn sel kimi daha çox güclü olur.

Yazının hədəfi bu məsələni araşdırmaq deyil, ancaq ədəbi baxımdan cəsarətlə demək olar, “Şahin Zəncirdə” toplusu çoxlu açılardan çağdaş əsərlərin çoxundan üstündür və yazılı ədəbiyyat yayıldıqca onun etkisi çağdaş soyumuzun düşüncə formalaşmasında çox böyük rol oynaya biləcək. Bu məqalənin hədəfi prof. Zehtabinin qoşusal (poetik) dili, estetikası, fəlsəfəsi, dünyagörüşü, özəlliklə, bu əsərlərin bizimlə araya qoyub paylaşdığı bilgin birisinin yaşadığı təcrübələridir. O üzdən əslində bəri başdan “Qoşqu nədir?” sorğusuna gənəl bir cavab olaraq yazıya varmalıyıq.

Qoşqu dünyasal bir dildir. İlkin çağlardan, yəni eradan öncə mağaralarda yaşayan ata-babalardan bəri insan qoşqunu hər durumunda işlədib. Siyasətçilərdən tutmuş əsgərlər, əkinçilər, işçilər, din qulluqçuları, məmə yeyəndən pəpə yeyənə hər bir insan qoşqu ilə öz yaşamında barınıb. Nədən? Birinci olaraq qoşqu insana ləzzət verir. İnsanlar qoşqudan xoşlandıqları üçün deyib, oxuyub, sinədən söyləyiblər. Ondan daha önəmli nədəni hər insanın varlığı özü olduğuna görə qoşquya özəl ruhsal bir dəyər kimi baxılıb. Qoşqunu belə də açıqlamaq olar: gündəlik dildən daha yığcam, ancaq daha çox mənali deyilən bir dil. Bu açıqlamanı başa düşmək üçün öncə başa düşməliyik qoşqu nə “deyir”?

Dilin özəl işləri var. Birinci olaraq dil - bilgi verir. Örnəyin, “qar yağır”, “bitki sərgisində yeni bitiklər sərgilənmişdi”, “Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Demokratik Respublikasının öndəridir” deməklə biz dili bilgi verməkdə yararlanırıq. Bu da bizə gündəlik yaşayışımızda yardım edir.

Ancaq romanlar, öykülər, dramaturgiya və qoşqular yalnız bilgi vermək üçün yazılmayıb. Bunlar bizə yaşayışı anlayıb başa düşməklə birlikdə dünyagörüşümüzü genişlədib itilətmək üçündür. Bizim hamımıza daha ayıq-sayıq, daha mənalı və dərin yaşamaq üçün başqalarının təcrübələrindən yararlanmaq içdən gərəkdir. Şair isə öz duyduğu, gördüyü, ya təsəvvür etdiyi təcrübələri boğçasından seçib, qarışdırıb, düzənləyir. O, çox qabarıq yeni təcrübələr yaradır və oxucu bu təcrübələrə ortaq olaraq dünyagörüşünü və düşüncəsini artırır. Bu üzdən demək olar, ədəbiyyat yaşam üçün yalnız bir yardım yox, bəlkə bir yaşam aracıdır.

Əlbəttə, dilin üçüncü önəmli işi də inandırmaqdır. Dilin bu funksiyasından siyasətçilərlə toplumsal danışmanlar daha artıq barınır. Ədəbiyyat siyasi bir hədəfi olsa da, qandırmaqla yox, yalnız danışıq yolu ilə etkili olur.

Hər ədəbi əsərin təməl işi oxucu ilə danışıb ilişki qurmaq və qabarıq düzənli təcrübələri çatdırmaqdır. O üzdən hər qoşquya yanaşdıqda iki yanaşmadan saqınmalıyıq. Birinci, qoşquya bir etika dərsi, ya bir öyüd gözü ilə baxmaqdır. İkincisi isə həmişə qoşqudan gözəllik gözləməkdir. Vaxt olur, qoşqu hətta çirkin də ola bilər. Çirkin bir təcrübəni şair necə gözəlləşdirib gül-çiçəyə tuta bilər? Tuta bilsə də təcrübənin etkisi azalacaq. Qoşqu bütün yaşayışı öz “mülkiyyətinə alır”. Onun birinci qayğısı gözəllik ya estetika, fəlsəfi gerçək, ya qandırmaq yox, təcrübələri çatdırmaqdır. Gözəlliklə fəlsəfi gerçək təcrübənin görkəmləridir, ancaq bir təcrübə hər çeşiddə ola bilər – gözəl də, çirkin də, əcaib də, adi də, nəcabətli də zatıqırıq da, gerçək də, uydurma da. Hər halda qoşqu ədəbiyyatın ən yığcam, ən qatılı, və ən az sözlə ən çox deyən formasıdır.

Prof. Zehtabi o vaxt SSRİ-yə necə qaça bildiyi, orada necə və kimlərin xəyanətilə zindana düşməsi, Sibirdə görüb çəkdikləri, Düşənbə şəhərində sürgünlüyü üzərində yazsaydı, cildlərlə bitik olardı. Ancaq bəlkə də o bitiklərin etkisi “Şahin Zəncirdə” toplusu kimi ola bilməzdi. Ədəbiyyatımızın şah əsərlərindən biri sayılan bu toplunu düzgün başa düşə bilmək üçün ondan örnək olaraq “Şahin Zəncirdə” qoşqusunu seçib öncə onun əlifbasına qısaca baxmalıyıq. Hər ədəbi əsər sayıla bilən bir qoşquda bu ayrıntılar olmalıdır: anlatma, bədii dil və poetika, anlamla biçim, ana duyğu və ton, ifadə aracları, musiqili şəkildə söz biçimləri, ritmlə ölçü ya vəzn və janr. Bunlardan başqa hər epik qoşquda bir toqquşma olmalıdır. Xeyirlə şərin, gecə ilə gündüzün, pislə yaxşının, aşiqlə məşuqun, şairlə özlüyü və başqaları. Qoşqunu başa düşə bilmək üçün bu toqquşmanın hansı xarakterlərin arasında olduğunu seçib ayırd etmək onun anlamını və nəyi danışdığını başa düşə bilməsində böyük yardım edəcək.

Hər şair sözlərin ayrıca nə qədər dəyər daşımasını öz bilgisi ilə yaddaşını əsaslanaraq ölçüb-biçib seçir və o üzdən onların yalnız leksik anlamını yox, başqa hansı anlamları da nəzərdə alaraq düşüncələrini və yaşadığı təcrübəni sözlərlə düzənləyib qoşqusunu rəngarəng ifadə aracları ilə yaradır. Prof. Zehtabi gənc yaşlardan belə dünya görmüş qocaman ağsaqqallar təcrübəsi qazanan bir yaşam sürməsindən başqa dilçi alim, ədəbiyyatçı, tarixçı və pedaqoqdur. O üzdən onun qoşqusal dili ya poetikası adi bir şairə heç vaxt bənzəməz. Onun “Şahin Zəncirdə” poemasında aşağıdakı sözlər özül rol oynayaraq özül dəyərlər daşımaqdadır. Onlardan “şahin”, “zəncir”, “Qaf dağı”, “şimşək”, “Mişov”, “Xəzər”, “qürbət”, “həsrət”, “zülmət”, “al pərdə”, “od”, və “ilan” hərəsi öz əsil leksikasından başqa oxucuya dərin anlamlar danışır.

Bu əzəmətli poema “Şimşək” sözü ilə başlayır, “Şimşək kimi illər boyu sonsuzluğu yarmış” şər güclərin simgəsi olan qaranlıq gecəni hər an yarmaqda olan şairin çabalarını göz önünə gətirib özünü bir həqiqət aşiqi kimi bəri başdan tanıtdırır. Şimşək işığa və eyni halda cəld olmağa, yatmışları diksindirmək, gözləri işıqlandırmağa işarədir.

Qoşquda dediyi kimi, “şahin” ya “qartal” göylərdə süzüb ovun üzərinə şimşək kimi şıdırğı cuman bir quşdan başqa daha geniş anlamlar yetirir. Şahin ya qartal bütün dünya ədəbiyyatında güc, sərbəstlik, itigörənlik simgəsidir. Şair özünü bu poemada bir şahin şəklində göstərirsə, haqlıdır. Yalnız “nəzərindən heç nə qaça bilməyən” bir şahin Şəbistər – şairin ana yurdu – yaxınlığında olan Mişov dağından qalxıb, uçub gedib Xəzəri öpmək istəyə bilər:

 

“Bir anda Mişovdan uçaraq aşdı Səhəndi;

Təbrizdən ötüb keçdi Mərəndi;

Şimşək kimi bir şaxdı dumanda,

Qıy vurdu gəlin tək Savalanda ...

Görcək Xəzəri, istədi öpsün yanağından,

Aşcaq qanadın, saxladı lakin

Zəncir ayağından.”

O, bu bölümdə vətən xəritəsini oxucu önündə ustalıqla sərir və eyni halda Vətəni dolanmaq duyğusu ilə özünü elə özgür hiss edir ki ona ilişən qandalın belə haradan gəlib ona ilişdiyini təsəvvür edə bilmir:

“Göylərdə boy atmış qoca qartal

Hardan biləcəkdi nədi zəncir,

Nədi qandal?!”

Beləliklə, o, əslində özünü bir xalqın nümayəndəsi olaraq özü kimi özgür yaşamış bir xalqın da zəncirlərə düşməsini göstərib haradan gəlməsini bu fəlsəfi sorğu ilə soruşaraq ardıca belə cavablayır:“Yox, yox; bu fəlakətdə fəqət məndədi təqsir.”

Şair bu fəlsəfi cavabdan öncə qoşqunun səviyyəsini ana təbiətin gözəlliklərindən bir klassik tablo yaradaraq getdikcə qaldırmadan öncə oxucunun ruhunu epik bir poemanın qalxa biləcək səmasına qaldırmaq istəyir. Oxucu istər-istəməz özünü bu səviyyəyə qaldırmalıdır, yoxsa anlam dolayılarında itib qalmalı olacaq. Şairin baxımından Qaf dağlarına gedib qandallara düşməsi bəri başdan oxucuya aydın danışır: o, nə istəyirdi, nəyə gəlib çatır.

Gəncəli Nizaminin “İskəndərnamə” poemasına özü sonra işarə edib Qaf dağının SSRİ olduğunu göstərir. Ancaq Qaf dağları klassik ədəbiyyatımızda dünyanın sonu kimi anlaşılır: İskəndərin işıq və əbədi həyat axtararaq gəlib Qaf dağlarında zülmətə batması hamıya bəllidir. Prof. Zehtabi o vaxt Pəhləvilər rejiminin yaratdığı zülmət dünyasından qaçaraq gedib ondan daha dəhşətli bir qaranlıqla zülm dünyasına tuş gəlir. O, Təbriz Universitetində ədəbiyyat fakültəsinə qəbul olunan ilk tələbələrdən idi, ancaq bu, bir ildən çox çəkmir, SSRİ-yə qaçır. Onun ora çatdığı vaxtlar Stalin diktatorluğunun sıxma-boğmasının zirvəsi idi. Bu ağır durum Azərbaycan şairlərinin çoxunun qoşqularında yer tutub. Onlardan ən qabarıq birisini - “Davam edir 37”-ni (Xəlil Rza Ulutürk) göstərmək olar. Ədəbiyyat aşiqi olan gənc universitetə getmək yerinə Sibirdə iki il zindana, sonra da Düşənbə şəhərinə sürgünə gedir. Bunca sıxıntıya düşməsində kimsəni yox, yalnız özünü günahlı sanır. Sonrakı bölümdə o, atası ilə özünün danışıq səhnəsini yaradır. Burdakı ata bilgin dir. O “Şərqin ulu İlyası” Nizamini və əlbəttə, başqa klassikləri oxumuş birisidir. O üzdən onun danışığını başa düşmək üçün klassik ədəbiyyatla tanış olan biri onu daha rahat başa düşə bilər.

 

Araz Əhmədoğlu

Araşdırmaçı

Xalq Cəbhəsi.- 2016.- 12 mart.- S.14