“Lap qədimlərdən
müxtəlif mədəniyyətlərin və dinlərin
formalaşdığı Azərbaycan...”!
Məhəbbət Paşayeva: “Spesifik, müxtəlif və zəngin mədəni irsə malikdir”
“Lap qədimlərdən müxtəlif mədəniyyətlərin
və dinlərin formalaşdığı Azərbaycan
spesifik, müxtəlif
və zəngin mədəni irsə malikdir. Azərbaycanın mədəni irsində
islamdan əvvəlki inancların izlərinin üzə çıxarılmasında
Qafqaz Albaniyası dövrü ölkəmizin
tarixində xüsusi yer tutur və
böyük əhəmiyyət
daşıyır. Azərbaycanlıların mənəvi irsini təşkil edən alban mədəniyyəti və etnosu tarixdə müəyyən
transformasiyaya uğrasa
da, alban mədəniyyətinin izləri
azərbaycanlıların zəngin
və qədim ənənələrində, dini
ayinlərində, tarixi
abidlərində və
xalq inanclarında bizim günlərə qədər qorunub saxlanılıb”. Bunu
tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva
bildirib. O, deyib ki, müxtəlif dini dünyagörüşlərinin,
xristian və islam dinlərindən əvvəlki inancların
qorunub saxlanılması,
onların bir-biri ilə çulğalaşması,
ümumi sitayiş yerlərinin istər müsəlmanlar, istərsə
də xristianlar tərəfindən ziyarət
edilməsi və dini mərasimlərin ümumi olması nəticəsində hazırda
Azərbaycanda dinlərin
sinkretizmi yaranıb: “Azərbaycan əhalisinin dini etiqadından asılı olmayaraq Komrad (Qəbələ), Armatay (Zaqatala), Kürmük (Qax), Kiş (Şəki) kimi qədim alban məbədlərini ziyarət etməsi birmənalı şəkildə
təsdiq edir ki, onlar hətta
xristian və islam dinlərini qəbul etdikdən sonra da öz
qədim adət-ənənələrini
unutmayıblar.
Belə ziyarət yerlərindən
biri də Qax rayonunda yerləşən
Kürmük məbədidir. Qədim alban
məbədi Kürmük
həm müsəlmanların,
həm də xristianların ziyarət yeridir. Erkən orta əsrlərə
aid qədim alban ibadətgahlarının izlərini
mühafizə edən
Kürmük məbədi
müxtəlif konfessiyalarlardan
olan minlərlə adımın ziyarətgahıdır.
Bu məbəd yerli sakinlərin monoteist dinləri - xristianlığı və
islamı qəbul edəndən sonra öz qədim inanclar sistemini unutmadığına əyani
nümunədir.
Kürmük məbədi erkən orta əsrlərə aid alban monastırının
qədim xarabalıqları
üzərində ucaldılıb. 2006-cı ildə aparılan arxeoloji qazıntılar nəticəsində məbədin
ərazisində qədim
tikililərin qalıqları
tapılıb. Məlum olub
ki, erkən orta əsrlərə
(I-III əsrlər) aid bu
alban məbədində
müxtəlif tarixi dövrlərdə bərpa
işləri aparılıb.
Bu arxeoloji məlumatları
tarixi və etnoqrafik tədqiqatlar da təsdiq edir. Məsələn, XIX əsrin ayrı-ayrı
mənbələri göstərir
ki, Kürmük kilsəsinin yaxınlığındakı
qayalıq yerlərdə
qədim məbədin
oyma fraqmentləri qalıb. Yerli əhalinin sözlərinə
görə, Kürmük
məbədi yaxınlığındakı
yüksək qayalıq
ərazidə qədim
zamanlarda Ay məbədi
mövcud olub. Bu qədim ziyarətgah
zəmanəmizə qədər
gəlib çıxıb.
Antik mənbələr, habelə
arxeoloji və etnoqrafik tədqiqatlar belə deməyə əsas verir ki, uzaq keçmişdə
həmin ərazidə
Ay məbədi yerləşib”.
Onun fikrincə,
Strabon xristianlığı
qəbul etməmişdən
əvvəl albanların
Heliosa (Günəş),
Zevsə (Yer və Göy Allahı), o cümlədən
İberiya yaxınlığında
yerləşən Selena (Ay) məbədinə sitayiş
etmələrindən yazır. Strabonun
İberiya yaxınlığında
göstərdiyi, Selena məbədinin
yerləşdiyi yer isə Şəki vilayətidir: “Tarixi etnoqrafik tədqiqatlar onu da göstərir
ki, Qafqaz Albaniyasının şimal-qərb
ərazisini əhatə
edən, əsas siyasi-inzibati mərkəzlərdən
biri olan Şəki vilayəti Ay məbədləri ilə
zəngin olub. Həmin arealda, müasir Azərbaycanın Şəki-Zaqatala
regionunda Ay kultunun izləri bizim günlərədək gəlib
çıxıb. Buna
paralel olaraq, Azərbaycan Respublikasının
şimal- qərb regionunda eramızdan əvvəl III minilliyə
aid arxeoloji abidələrdə
aypara şəklində
başdaşlarının aşkar
edilməsi də hələ qədim zamanlarda bu yerlərdə
Ay kultuna inancın olmasının əyani təsdiqidir. Bu regionda
mövcud olan Komrad, Almatay, Kürmük, Kiş alban məbədləri ilkin təyinatına görə qədim albanların sitayiş etdikləri müqəddəs
üçlüyə – Göy,
Günəş və
Ay allahı şərəfinə
inşa edilib, sonralar, erkən xristianlıq dövründə
xristian mərasimlərinin
keçirildiyi xristian
məbədlərinə çevrilib.
Arxeoloji və etnoqrafik tədqiqatlar təsdiq edir ki, Armatay, Kürmük,
Kiş, Qum bazilikası,
girdə planlı Ləkit məbədi kimi erkən xristianlıq abidələrinin
çoxu qədim dövrlərdə politeist
inancların dini mərasimlərinin keçirildiyi
qədim məbədlərin
təməlləri üzərində
ucaldılıb. Xristianlığın Qafqaz Albaniyasına yayılması və dövlət dininə çevrilməsi zamanı
xristianlıqdan qabaqkı
ibadətgahların yerlərində
xristian məbədləri
tikilib. Qədim dini etiqadlarına sadiq qalan ölkə
sakinləri həmin ibadətxanaları “ocaq”,
“pir” adlandırmağa
davam ediblər, monoteist etiqaddan qabaqkı inanclarının
elementlərini klassik ideologiyaya daxil ediblər. Kürmük məbədi də
qədim Ay məbədlərindən
birinin yerində inşa edilən erkən orta əsrlərə aid alban tikililərindən biridir.
XIX əsrdə Rusiya
İmperiyası Azərbaycan
torpaqlarında siyasi hökmranlığını möhkəmləndirmək
məqsədi ilə xristianlaşdırma siyasəti
yeridir və gücləndirilmiş şəkildə
rus pravoslav məzhəbini yaymağa başlayır. Bu məqsədlə
1836-cı ildə Rusiya
imperatoru I Nikolayın
fərmanı ilə
Alban Apostol Kilsəsinin
fəaliyyəti dayandırılır.
Nəticədə xristian albanlar
pravoslav, yaxud qriqorian kilsəsinə üz tutmağa məcbur olur, qriqorianlaşmaya və gürcüləşməyə məruz qalırlar. Həmin dövrdən başlayaraq, Rusiya məmurları müsəlman
matrisasını “sıyıqlaşdırmaq”
məqsədi ilə alban tayfalarının nəsilləri olan ingiloylar arasında pravoslav kilsəsinin təsirini gücləndirməyə,
buna paralel olaraq, onları müsəlman təbəqəsindən
qopararaq gürcüləşmə
məcrasına yönəltməyə,
bununla da onları etnik köklərindən qoparmağa
çalışırlar”.
O, əlavə edib ki, 1892-1894-cü illərdə
qədim Kürmük
alban məbədinin yerində pravoslav kilsəsi tikilir: “Pravoslav kilsəsinin məhz qədim alban məbədinin yerində inşa edilməsinin səbəbi
lap qədimlərdən region sakinlərinin bu ziyarət yerinə əhalinin axınını
təmin etmək, tədricən onlara pravoslav məzhəbini qəbul etdirmək məqsədi daşıyır.
Ancaq dini mənsubiyyətindən
asılı olmayaraq yerli əhali bu yeri Kürmük
məbədi, “ocaq”, “pir” adlandırmağa davam edir və
burada müxtəlif mərasimlər həyata keçirir. Həmin mərasimlər
arasında “Kürmükoba”
bayramı diqqəti xüsusi cəlb edir. Həmin bayram barədə
XIX əsrin müəllifləri
öz əsərlərində
yazıblar. Onlar bildiriblər
ki, “Kürmükoba” bayramında yerli sakinlər çox vaxt ayrı-ayrı ibtidai dini mərasimləri,
habelə qurbankəsmə
ayinini icra edirlər.
Hazırda “Kümrükoba” bayramında
həm xristian, həm də islam dinlərinin
elementləri əksini
tapıb, amma bayram prosesində qədim inancların və təbiətlə bağlı mərasimlərin
qalıqları daha çox təzahür edir. Lap qədimlərdən
təbiətlə bağlı
mərasimlərin rəmzi
kimi tanınan “Kümrükoba” bayramı
prinsip etibarilə Kürmük çayı
ilə bağlıdır.
Həmin mərasimin aprel və noyabr
aylarında, yəni daşqınların çoxaldığı
dövrdə keçirilməsi
belə düşünməyə
əsas verir ki, Kümrük məbədi, habelə “Kümrükoba” ayininin özü regionun həyat mənbəyi olan bol sulu Kümrükçaydan
qaynaqlanır. Kümrükçayın ətraf ərazilərə
bol bərəkət bəxş edən suları bəzən dağıdıcı daşqınlara
çevrilirmiş ki,
bu da həmin
regionun sakinlərinin şüurunda onun gücünə inam formalaşdırıb. Buna
görə də ildə iki dəfə
- daşqınların çoxaldığı
erkən baharda və payızda Kürmükçayın şərəfinə
mərasim həyata keçirilir. “Kümrükoba” ifadəsinin
tərkibindəki “oba”
sözü bayramın
lokal xarakter daşıdığını göstərir. Məlum
olduğu kimi, Azərbaycanda patronomik birliyi göstərən terminlərdən biri olan “oba” bu
bayramın yalnız həmin xoronimin, yəni Kürmükobanın
- Kürmük diyarının,
Kürmük çayı
yaxınlığındakı yerin bayramı olduğunu göstərir”.
Onun fikrincə, amma son illər gürcü pravoslav kilsəsinin Kürmük məbədinin adını dəyişdirib Müqəddəs Georgi kilsəsi qoymağa, paralel olaraq, qədim mərasimin – təbiətin qüdrətinə həsr olunmuş “Kümrükoba” bayramının ilkin mahiyyətini təhrif edərək, onu “Müqəddəs Georgi Günü” bayramı adlandırmağa əsassız cəhdləri getdikcə güclənir: “Bu bayramı Müqəddəs Georginin doğum günü şərəfinə dini mərasim kimi təqdim etməyə çalışan Gürcüstan tərəfi hamıya aydın olan sadə həqiqəti, məhz xristian dinində hər hansı şəxsin şərəfinə olan heç bir bayramın ildə iki dəfə keçirilmədiyini unudur. Gürcüstan tərəfinin “Kürmükoba” bayramına xristian xarakteri vermək, onu “Müqəddəs Georgi Günü” kimi təqdim etmək cəhdləri boşdur və “sabun qovuğuna” bənzəyir. Qaxlılar üçün isə bu bayram həmişə “Kürmükoba” bayramı olaraq qalır və onlar bayram zamanı müqəddəs yer kimi məbədi ziyarət edirlər. “Kürmükoba” bayramına dini etiqadından asılı olmayaraq yaxınlıqdakı regionlardan minlərlə zəvvar axışıb gəlir. Tarixinə sadiq qalan insanlar bayram zamanı xristian dinindən əvvəlki inancların izlərini qoruyub saxlayan dini ayinləri - Aya, Günəşə və təbiətə sitayiş ayinlərini icra edir, ağacların budaqlarına parça qırıntısı bağlayır, qaya daşlarında şam yandırır, ürəklərində arzu tutur, məbədin həyətində xoruz, toyuq və hətta qoyun kəsirlər ki, bu da dini sinkretizmin mühüm əlamətlərindən biridir.
Bu bayramda dini mənsubiyyətindən asılı olmayaraq geniş kütlələrin, yəni həm müsəlmanların, həm də xristianların iştirak etməsi həmin mərasimin qədim ibtidai köklərə malik olduğunu birmənalı şəkildə təsdiq edir. Kürmükçayın qüdrətinin bayram edilməsi rəmzi olan “Kürmükoba” bayramı özünün bütün tarixi ərzində ilkin mahiyyətini, Ay və Su kultu ilə bağlı olan qədim məhsul mərasimi izlərini qoruyub saxlayıb. Regionun yerli əhalisi qədim alban mədəniyyəti matrisasına söykənən ümumazərbaycan ənənələrini də əbədiləşdirib və əsrlərin sınağına baxmayaraq, Azərbaycan tarixinin ən erkən mərhələlərində formalaşan qədim dünyagörüşünü qoruyub saxlaya bilib”.
Əli
Xalq Cəbhəsi.- 2016.- 16 mart.-
S.9.