Tolerantlıq tarixinə qısa baxış

 

Tolerantlıq digər inanc və əqidələrə dözümlü yanaşmadır. Tolerantlıq insan hüquqları və vicdanla bağlıdır. Tolerantlıq insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Onun üçün həm də irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizmin qəbul edilməməsi xarakterikdir.

Dözümlülük ideyası heç də yeni deyildir, belə ki, bu haqda ilk fikirlər XVI- XVII əsrlərdə Avropada peyda olmuşdur. Bu zaman dözümlülük yalnız din və vicdan ilə bağlı olmuşdur.1648-ci ildə imzalanmış Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəddir. Ancaq Vestfal sülhünün ardınca gələn 30 illik müharibə və bu müharibə zamanı göstərilən dini dözümsüzlük həmin dövr üçün dözümlülüyün yetişmədiyini sübut etdi. Dözümlülük haqqında tam dolğun fikirlər yalnız II minilliyin sonunda formalaşmağa başladı.

Dözümlülük konsepsiyası

Müxtəlif qaynaqlarda tolerantlığın bəzi əsas izahları diskusiya üçün yaxşı başlanğıc nöqtə sayıla bilər. Məsələn, Etnik Ensiklopediyada Susan Mendus göstərmişdir ki, "Dözümlülük beynəlxalq səviyyədə bir şəxsin xoşlamadığı və ya əxlaqi cəhətdən yanlış saydığı hərəkətə icazə verməsi və ya bu hərəkətin qarşısını almamasıdır". Buna əlavə olaraq o qeyd edir ki, "Dözümlülük tolerant şəxsin müdaxilə etmə gücü olmasını, yalnız onun bu gücdən istifadə etməkdən imtinasını tələb edir". Digər bir qaynaqda, Fəlsəfə Ensiklopediyasında Maurise Kranston qeyd edir ki: "Dözümlülük xoşlanılmayan və ya bəyənilməyən hər hansı bir şeyin mövcudluğunda təmkinlik göstərmə siyasətidir".

İlk fikirdə dözümlülüyün aspektlərinin insanın xoşlamadığı şeylərdən əxlaqi inanclara qədər geniş olması göstərilir. Burada həmçinin dözümlülüyün beynəlxalq aspektdə olması da qeyd edilir və vurğulanır ki, bir kəsə və ya bir qrupa dözmə müəyyən bir istiqamətdə seçilmiş rəftar olmalıdır. İkinci fikirdə isə dözümlülüyün yalnız insanın davranış siyasəti ilə bağlı olduğu və dözümlülüyün beynəlxalq hərəkətdən çox insanın bu gün, sabah və gələcəkdə müəyyən qaydada davranışı olduğu vurğulanır. Hər iki fikir açıq-aydın göstərir ki, dözümlülük heç də xoşbəxt dövlət demək deyildir. Dözümlülük baş verən hadisələrə məmnun olmamaq və eyni zamanda bəyənilməyən hərəkətin qarşısını almaq üçün heçnə etməməkdir. Dözümlülük doğru və yanlış, günahkar və ya günahsız, pis və yaxşı kimi üç hissəli etik konsepsiyadan fərqlənir. Burada bir tərəfdə dözümsüzlük, digər tərəfdə isə başqalarının inancını qəbul etmə dayanır. Tolerantlığı başa düşməkdən ötrü tərəddüd edən digər tərəfin konsepsiyasını anlamaq çox vacibdir. Ümumilikdə götürdükdə dözümsüzlük əsasən başqasına qarşı mənfi münasibətdə olmaq və bu münasibətə qarşı hər hansı bir hərəkət etməməkdir.

Məşhur siyasi xadim Mahatma Qandinin qeyd etdiyi kimi, "Günümüzün ehtiyacı yalnız bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına qarşı qarşılıqlı hörmət və dözümlülükdür". Həqiqətən də dinlər arasında dialoqun yaradılması, qarşılıqlı hörmət göstərilməsi müasir cəmiyyətdə demokratik stabilliyin yaradılması üçün çox vacibdir.

Xalqların tolerantlığa münasibəti

Hər bir xalqın dözümlülük haqqında müxtəlif düşüncələri vardır. Məsələn, Amerikalılar dözümlülüyü öz konstitusiyalarının ayrılmaz hissəsi hesab etdiyi halda Britaniyalılar dözümlülüyü milli xarakterlərinin ayrılmaz hissəsi hesab edirlər. Dözümlülük hər bir ölkənin vətəndaşları tərəfindən yüksək qiymətləndirilir, lakin çox zaman dözümlülük tam dərk edilmir. Bunun da əsas səbəbi qeyri-sabit və müvəffəqiyyətsiz azadlıq təcrübəsidir. Təcrübə elə bir təsis edilmiş nümunədir ki, o, özündə formal və qeyri-formal qaydaları, davranış tərzini, qarşılıqlı münasibəti ehtiva edir. Dözümlülüyün formal qaydaları hüquqi və konstitusional, qeyri-formal qaydaları isə sosial normalardır. Bütün bunlar göstərir ki, dözümlü davranış tərzi liberal cəmiyyətin nail olmaq istədiyi əsas nailliyyətdir və dözümlülük münasibəti də onun açarıdır. Dözümlülük münasibətinin möhkəm qurulmadığı cəmiyyətdə əsasən dözümsüzlük davranışı yararanacaqdır ki, onların ünsiyyəti də, mədəniyyəti də dözümsüzlük davranışlarına məcbur edəcəkdir və beləliklə də bütün təcrübə bu davranışlar nəticəsində puç olacaq.

İnsan hüquqlarına dair bəyannamə

Tolerantlıq fikirlərinin yaranmasının əsasını 1948-ci il İnsan Hüqularına dair Ümumi Bəyannamənin qəbulu təşkil etdi. Bu bəyannamədə göstərilirdi ki, "insan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir", "insan hüquqlarına qarşı etinasızlıq və nifrət insanın vicdanını hiddətləndirən vəhşi aktlara gətirib çıxarır". İnsan hüquqlarına dair bəyannamənin qəbul edilməsindən sonra dözümlülük barəsində bir çox aktlar və bəyannamələr qəbul edilmişdir. 1993-cü il 8-9 oktyabr tarixində Vyanada keçirilmiş Avropa Şurasının üzv Dövlətlərinin Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısında irqçiliyin yüksəlişi, xaricilərə qarşı qərəzli münasibət və antisemitizm, dözümsüzlük mühitinin inkişafı, əsasən, mühacirlərə və mühacir mənşəli insanlara qarşı zorakılıq aktlarının artması, aqressiv millətçilik və etnomərkəzçilik formasında xaricilərə qarşı yeni qərəzli münasibətin inkişafı ilə bağlı həyəcan təbili səslənmiş və bunun nəticəsi olaraq irqçilik, xaricilərə qarşı qərəzli münasibət, antisemitizm və dözümsüzlüyə qarşı mübarizə üçün Fəaliyyət Planı qəbul olunmuşdur. Bu Fəaliyyət Planı cəmiyyətin səfərbərliyi və belə halların mübarizəsinə yönəlmiş təminat və siyasətlərin təkmilləşdirilməsi və səmərəli icrası üçün lazım olan geniş sayda görüləcək tədbirləri özündə əks etdirirdi.

Tolerantlıq prinsiplərinə dair bəyannamə

 

1995-ci il noyabrın 16-da keçirilmiş UNESKO Baş Konfransının 28-ci sessiyasında tolerantlıq prinsiplərinə dair bəyannamə qəbul olundu. Bu bəyannamədə vurğulanır ki, "dözümlülük, ilk növbədə insan azadlıqları və universal hüquqların etirafı əsasında formalaşan fəal münasibətdir", bununla yanaşı "dözümlülük, insan hüquqlarına dair beynəlxalq hüquq aktlarında müəyyən olunmuş normaları iddia edən, həqiqətin mütləqləşdirilməsindən və ehkamçılıqdan imtina edən bir anlayışdır".

Baxmayaraq ki, beynəlxalq hüququn əsasını hüquq bərabərliyinin pozulmaması prinsipi təşkil edir, dərinin rəngi, irq, cins, dil, din, siyasi və digər əqidələr, milli, sosial və digər mənşəli əlamətlərə dair diskriminasiya demək olar ki, dünyanın hər bir ölkəsində mövcuddur. İnsan Haqlarının BMT komissiyasının irqçiliyin müasir formaları məsələlərinə dair xüsusi məruzəçisinin məlumatlarında müxtəlif dövlətlərdə qaradərililər, ərəblər, çinlilər, müsəlmanlar, yəhudilər, qaraçılar, mühacirlərə qarşı dözümsüzlük halları təhlil edilir.

Tolerantlığın tarixi və etimoloji mahiyyəti

Məna, mahiyyət və etimoloji baxımdan tolerantlıq ictimai-siyasi fikirdə, fəlsəfədə, dinşünaslıqda, tarixşünaslıqda, etnoqrafiya və sosiologiyada daha çox rastlaşdığımız mövzulardandır. Hər bir elm sahəsində bu məfhum və anlayış, demək olar ki, oxşar formada işlədilir. Bunun üçün anlayışın kəsb etdiyi məna yükünə, onun etimoloji, sosioloji və etnoqrafik mahiyyətinə diqqət yetirək. Hər bir millət və xalq tolerantlığı özünün qrammatik və etimoloji dəyərlərinə uyğun olaraq mənalandırmış və qiymətləndirmişdir. Biz bunu tolerantlığa aid mövcud izah və şərhlərdə daha aydın formada görürük. Belə ki, Azərbaycan dilinin leksikasında tolerantlıq - dözülə bilmə, yol vermə, hesablaşma, dözüm və səbir mənalarında işlədilir. Rusiya ictimai fikrində tolerantlıq - terpimost (dözümlülük) mənasını daşıyır.

İnkarolunmaz faktdır ki, sosioloji baxışlar, mövqe və anlayışlar hələ çox qədimlərdən Hindistanda, Yunanıstan və Çində mövcud olmuşdur. Lakin bu təlimlər elmi forma və məzmun daşıya bilməmişlər. Sosiologiyanın elmi anlamı sonrakı tarixi dövrlərdə vətəndaşlıq mövqeyi qazanmışdır. Məlumdur ki, ilk dəfə XIX əsrdə böyük fransız filosofu və sosioloqu Oqüst Kont “Pozitiv fəlsəfə kursu” əsərində bu haqda yazmışdır. Eyni sözləri tolerantlıq haqqında da söyləmək olar.

Tolerantlıq təliminin dini, ictimai-siyasi, etnoqrafik mahiyyətinin elmi qiymətləndirilməsi ictimai fikir tarixində, bir qayda olaraq, XVII–XVIII əsrə aid edilir. Tolerantlıq təlimindən bəhs edərkən belə bir cəhəti nəzərə almaq lazımdır ki, bu təlim həm xristian dinli, həm də İslam dinli Şərq xalqlarının ictimai–siyasi, dini və sosial həyatlarında xüsusi mərhələ təşkil etmişdir.

Lakin Şərq və Qərbin, xristian və İslam dinli xalqların qəbul etdikləri tolerantlıq arasında həm oxşar, həm də fərqli cəhətlərin olduğu faktını da inkar etmək olmaz. Bu baxımdan bu münasibətlər haqqında danışmaq üçün ictimai–siyasi fikir tarixinin bəzi məqamlarına diqqət yetirək. İlk əvvəl mövcud ədəbiyyatda tolerantlığa verilən məna və mahiyyətdən söhbət açaq. Sözün geniş mənasında yanaşsaq, tolerantlıq anlayışının tarixi çox qədimdir. Lakin bununla yanaşı, qeyd etmək gərəkdir ki, bu məfhum müxtəlif dövrlərdə fərqli məna yükü daşımışdır. Burada iki fərqli cəhəti xüsusilə qeyd etmək vacibdir. Bunlardan birincisi tolerantlığın ilkin və ibtidai formada cəmiyyətdə oynadığı roldur, ikincisi isə bu təlimin elmi, fəlsəfi, dini–siyasi və sosioloji baxımdan kəsb etdiyi məna və mahiyyətdir.Bu baxımdan tolerantlığı “sosiologiya” və sosioloji təlimlər arasında mövcud olan münasibətlərlə müqayisə etmək olar. Belə ki, hələ sinifli cəmiyyətin formalaşdığı dövrdə həm tolerantlıq və həm də sosioloji baxışlar ictimai quruluşların inkişafı prosesində sosial–iqtisadi dəyişikliklər üçün cəmiyyətin üzvləri arasında münasibətlərin tənzimlənməsində şəksiz rol oynamışdır. Təbiidir ki, bu mövqe və baxışlar, sözün geniş mənasında, indiki anlamdan uzaq olmuşdur. Bunun əyani nümunəsi ilə biz Hindistan, Çin və digər qədim dövlətlərin ictimai fikir tarixində rastlaşırıq. Bu da inkarolunmaz faktdır ki, həm tolerantlıq, həm də sosiologiyanın ilkin elmi məna və mahiyyəti ilk dəfə Avropa mütəfəkkir və filosofları tərəfindən açılmışdır və bu, XVII–XVIII əsrlərə aiddir. Tolerantlığın ilkin elmi şərhi XVII əsr böyük ingilis filosofu, iqtisadçısı və tarixçisi Con Lok tərəfindən verilmişdir.

 

Cavid

Xalq Cəbhəsi.- 2016.- 17 mart.- S.13.