Ölkəmizin iqtisadi cəhətdən bundan sonrakı inkişaf yolu barədə yeni bir modelin işlənib hazırlanmasına ehtiyac var”

 

Pərviz Heydərov: “Bu baxımdan da konkret zərurət ortaya çıxıb”

 

Ötən ilin sonlarında dünya bazarlarında neftin qiymətinin kəskin düşməsi nəticəsində ölkə iqtisadiyyatında, eləcə də maliyyə sektorunda müşahidə edilən mənfi tendensiya hökuməti antiböhran tədbirləri həyata keçirmək məcburiyyətində qoydu. Etiraf etmək lazımdır ki, qısa vaxtda həyata keçirilən həmin tədbirlər vəziyyətin nisbətən normallaşmasına təsir göstərdi. Ancaq bu prosesin davamlı olması, iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılması məqsədilə əlavə tədbirlərin həyata keçirilməsi də zəruri idi. Elə bu zərurəti nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nə müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədi ilə İşçi qrupu yaradılıb. İşçi qrupuna tapşırılıb ki, bu sərəncamla təsdiq edilmiş “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” nəzərə alınmaqla 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasının və tədbirlər planı, 2025-ci ilədək dövr üçün uzunmüddətli baxışın layihəsi və 2025-ci ildən sonrakı dövrə hədəf baxışın layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edilməsi tapşırılıb. Bəs görəsən dövlət başçısının “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncamı bu istiqamətdə hansı müsbət dəyişikliklərə səbəb olacaq? Ümumiyyətlə, bu strategiyada əsas etibarilə hansı istiqamətlərə üstünlük verilməlidir? Bu və ya digər məsələlərlə bağlı iqtisadçı ekspert Pərviz Heydərova müraciət etdik.

 

-Pərviz müəllim, Prezident İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncamı iqtisadi sahədə hansı müsbət dəyişikliklərə gətirib çıxaracaq?

 

-Qlobal iqtisadiyyatda yaranmış məlum situasiya və bunun Azərbaycana təsirləri haqda indiyədək verdiyimiz bütün açıqlamalarda, o cümlədən yazdığımız şərhlərdə qeyd etmişdik ki, real olaraq ölkəmizin iqtisadi cəhətdən bundan sonrakı inkişaf yolu barədə yeni bir modelin işlənib hazırlanmasına ehtiyac var və bu baxımdan da konkret zərurət ortaya çıxıb. Bu əslində, olduqca müsbət haldır. O baxımdan ki, ölkə Prezidenti də açıq şəkildə bildirib ki, anoloji situasiyanın yaranacağı azı 2030-cu illərdən sonra gözlənilirdi. Belə ki, Prezident İlham Əliyev bu yaxınlarda etdiyi çıxışlarının birində də qeyd etdi ki, bu gün ölkəmiz üçün yeni dövr başlayıb: “Bu, postneft dövrüdür. Postneft dövrü bizim hesablamalarımıza görə 2040-cı ildən sonra başlamalı idi. Ancaq neftin qiymətinin kəskin düşməsi nəticəsində artıq biz postneft dövründə yaşayırıq” – deyə, dövlət başçısı bildirmişdi. Yeni iqtisadi inkişaf modeli isə ayrı-ayrı istiqamətlər və sahələr üzrə müvafiq tapşırıqların verilməsi və Prezident Sərəncamlarının imzalanması ilə müəyyən edilə bilməzdi. Bunun üçün konkret mexanizm və yaxud konsepsiya işlənib hazırlanmalı idi ki, hökumətin əslində, nə etməli olduğu məlum olsun. Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında Sərəncamı da məhz bu tələbdən irəli gəlib. Sərəncamda da qeyd edilib ki, hazırda dünyada gedən siyasi və iqtisadi proseslər ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaq, idxaldan asılılığını azaltmaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının əsaslı inkişafını təmin etmək, insan kapitalından səmərəli istifadə etmək kimi prioritetləri ön plana çəkmişdir. Hesab edirəm ki, bu Sərəncam ölkə iqtisadiyyatının inkişaf modelinin müəyyən edilməsində mühüm rol oynayacaq. Belə ki, o, konkret mexanizm üzrə işlənib hazırlanacaq və dəqiq olaraq məhz hansı istiqamətlər üzrə hərəkət etmək lazım gəldiyini əyani olaraq müəyyən edəcək.

 

-Sizcə strategiyada əsas etibarilə hansı məsələlərə diqqət edilməlidir?

 

-Təbii ki, qeyri-neft sektorunun inkişafına. Özü də ixrac qabiliyyətli qeyri-neft sektorunun inkişafına. Bu, çox mühüm və ciddi məsələdir. Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində indiyədək bir çox layihələrə imza atılıb. Bütün bunlar, heç də dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar baş verməmişdi. Belə ki, ölkəmizdə neft gəlirləri hələ yüksək olan illərdə də qeyri-neft sektorunun inkişafına diqqət yetirilib. Prezident İlham Əliyevin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi haqda Fərmanını xatırlatmaq yerinə düşər. Həmin Konsepsiyaya görə ölkədə 2020-ci ilə qədər ümumi daxili məhsul istehsalı 2 dəfə artmalı idi. Və buna qeyri-neft sektorunun hesabına nail olmaq nəzərdə tutulmuşdu. Bu vəzifə irəli sürülərkən dünya bazarında neftin qiyməti hələ aşağı düşməmişdi. Bu faktın özü də Azərbaycan hökuməti və dövlət başçısı tərəfindən neft ucuzlaşmamışdan öncə də qeyri-neft sektorunun inkişafının düşünüldüyünü və müəyyən addımlar atıldığını göstərirdi. Ancaq indi bəziləri elə danışırlar ki, sanki bu barədə heç fikirləşən olmayıb. Qeyri-neft sektorunun inkişafı harada gəldi zavod və fabrik açmaq və nə gəldi istehsal etmək deyil. İxrac qabiliyyətli məhsul istehsal edə bilməsən, bunun makroiqtisadi sabitlik üçün heç bir önəmi yoxdur və olmayacaq da. Burada marketinq işləri aparılmalı və dünya bazarlarının nəbzi tutulmalıdır. Bu mənada, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nə müvafiq olaraq inkişaf planlarının işlənilməsi məqsədi ilə İşçi qrupunun yaradılması məqsədəuyğundur. İşçi qrup sözügedən sahədə xarici təcrübəni öyrənməklə, çox şeyi müəyyən edəcək. Əvvəllər də qeyd etdiyimiz kimi yaranmış situasiya ilə əlaqədar tamamilə yeni iqtisadi inkişaf modeli yaratmaq məqsədilə hökumət genişmiqyaslı islahatlar həyata keçirməlidir. Qeyri-neft sektorunun inkişafında əsas məsələ orada nəyi necə istehsal etmək olmalıdır. İstehsal etdiyimiz məhsullar öz xarici analoqları ilə həm ölkə daxilində, həm də xaricdə rəqabət qabiliyyətinə malik olmalıdır.

 

-Bunu antiböhran tədbirlərinin bir hissəsi kimi dəyərləndirmək olarmı?

 

-Antiböhran tədbirləri Azərbaycanda çoxdan başlayıb. Bir çoxlarının ironiyalı şərhlərinə və guya, təhlil xarakterli baxışlarına baxmayaraq, Azərbaycanda hökumət öz işindədir. Biz, əvvəlki şərhlərimizdə qeyd etmişdik ki, cari ilin təkcə yanvar ayında Prezident İlham Əliyevin bir-birinin ardınca 3 müşavirə keçirməsi, eləcə də iqtisadiyyatın inkişafı və idarəolunması ilə bağlı müvafiq olaraq bir sıra Fərman və digər normativ sənədlər imzalaması vəziyyətdən çıxış imkanlarının bilavasitə dövlət başçısının nəzarəti altında olduğunu göstərdi. Cari ilin 18 yanvar tarixində investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalandı. Xarici investorlarla yanaşı, yerli sahibkarların da ölkə iqtisadiyyatına bacardıqca çox sərmayə qoymaları tələb olunur. Dövlət qurumları - mərkəzi və yerli icra orqanlarının qarşısında bunun üçün sahibkarlara tələb olunan hər cür şərait yaratmaq tələbi qoyulub.

Həmçinin, geniş özəlləşdirmə prosesinə başlanılacağı gözlənilir ki, bu gün ölkədə özəlləşdirilə bilinən və hətta bunun vacib sayıldığı sahə və müəssisələr çoxdur. Xarici və yerli investorlar da bu işə cəlb olunacaq. Ancaq milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin müəyyən edilməsi bütün bu məsələlərə aydınlıq gətirəcək. Sözügedən tədbirləri bir növ sistemləşdirəcək. Bu mənada Prezident İlham Əliyevin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında Sərəncamını antiböhran tədbirlərinin bir hissəsi kimi deyil, onun bilavasitə çərçivə mexanizmi olaraq dəyərləndirmək daha düzgün olar.

 

-Ümumiyyətlə, milli iqtisadiyyatı hazırkı situasiyada inkişaf etdirmək nə dərəcədə mümkündür?

 

-Qlobal iqtisadi böhranın və çatışmazlıqların milli iqtisadiyyata təsirini sığortalamaq, elə sonuncunun birdəfəlik inkişafı deməkdir. Azərbaycan Prezidenti İlham Əliyev də qeyd etmişdir ki, biz çalışmalıyıq və buna nail olacağıq ki, ölkə iqtisadiyyatı inkişaf etmiş ölkələrin iqtisadiyyatlarından fərqlənməsin və o səviyyədə olsun. “Çünki gərək bütün mexanizmlər, bütün meyarlar bu tələbləri ehtiva etsin.” – deyə, dövlət başçısı bildirmişdi. Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan iqtisadi tənəzzül içərisində idi. Lakin Heydər Əliyevin neft strategiyasının icrası nəticəsində böyük layihələrə nail ola bildik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum ölkəmizə çox böyük imkanlar qazandırdı. Neft Fondu yaradıldı. Azərbaycan böyük həcmdə xam nefti ixrac etməyə və gəlir əldə etməyə başladı. Əldə olunan gəlirlər ölkədə infrastruktur layihələrin icrasına yönəldildi. Ancaq neft daimi deyildi. Bu gün onun qiyməti 3-4 dəfə düşməsəydi belə, hasilat Azərbaycanda azalmaqdadır. Bayaq, qeyd etdik ki, postneft dövrü ölkəmiz üçün 20-25 il sonra gözlənilirdi. Amma bu dövr məhz indi yetişib. Təbii ki, qeyri-neft sektorunun inkişafı müəyyən vaxt və dəqiq yanaşma tələb edir. Neftin qiymətinin aşağı düşməsinə rəğmən, tez bir zamanda qeyri-neft sektorundan müvafiq nəticələr gözləmək düzgün deyil. Lakin milli iqtisadiyyatı hazırkı situasiyada inkişaf etdirmək üçün hər cür imkan var və bunun üçün olduqca əlverişli vaxtdır.

-Bəs beynəlxalq təcrübədə bu necə tənzimlənir?

 

-Dövlət gəlirləri karbohidrogen ehtiyatlarının satışından asılı olan bütün ölkələrdə hazırda çətinlikdir. Söhbət, hansı beynəlxalq təcrübədən gedə bilər ki?. Səudiyyə Ərəbistanı kimi ölkə xaricdən borc almağa hazırlaşır. Rusiyada vəziyyət göz qabağındadır. Venesuelada fövqəladə vəziyyətdir. BVF və DB kimi qurumlar oxşar ölkələr üzrə müqayisə apardıqda yenə Azərbaycan təcrübəsini qeyd edir ki, hələlik ən ağıllı siyasət yeridən Azərbaycandır. Bu mənada, mən, tam inam və məsuliyyətlə deyirəm ki, real vəziyyətdən ən az itki ilə çıxan məhz biz olacağıq. Və söhbət, məhz bizim təcrübənin öyrənilməsindən gedəcəkdir. Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin müəyyən edilməsi və bundan irəli gələn məsələlərin həll edilməsi bu sahədə başlıca nümunə olacaqdır.

 

Xalq Cəbhəsi.- 2016.- 18 mart.- S.7.