“Azərbaycanda tolerantlığın
möhkəm və zəngin ənənələri, dərin
tarixi keçmişi var”
Namiq Zeynəddin:
“ Azərbaycan xalqı bölgədə
yaşayan insanlar arasında sülh və əmin-amanlıq
şəraitinin yaradılmasına həmişə
böyük diqqət göstərib”
“Şərqlə Qərbin qovşağında, tarixi
İpək yolun üzərində yerləşən Azərbaycan
qədim zamanlardan indiyədək sivilizasiyalar arasında birləşdirici
rol oynayıb.
Zəngin mədəniyyətə malik
xalqımız böyük tarixi yol keçmişdir.
Müasir Azərbaycanın sələfi olan Manna, Midiya,
Atropatena Albaniya kimi dövlətlər İslam dininin Ön
Asiya, həmçinin Qaqazda yayılmasına qədər
böyük sivilizasiyanın əsasını qoymuşlar.
Dünya mədəniyyətinə, türk-islam
sivilizasiyasına böyük töhfələr vermiş
ölkəmiz çoxmillətli və çoxkonfessiyalı cəmiyyətə
malikdir. Əsrlər boyu ölkəmizdə müsəlmanlar,
xristianlar, yəhudilər və digər dinlərin nümayəndələri
tarixən qarşılıqlı anlaşma və əmin-amanlıq
şəraitində yaşamış və yaşayırlar”.
Bunu ilahiyyatçı Namiq Zeynəddin bildirib.
O, deyib ki, dini tolerantlıq Azərbaycan üçün
xarakterikdir: “Bu gün Azərbaycanda dünya dinləri ənənəvi
olaraq qarşılıqlı etimad və əmin-amanlıq
şəraitində fəaliyyət göstərir, İslam və
qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst
şəkildə yerinə yetirirlər. Ölkəmizdə
dinindən, dilindən, etnik mənsubiyyətindən
asılı olmayaraq, bütün etnik-dini təbəqələrin
mili-mənəvi dəyərlərinə sahib olması
üçün hərtərəfli hüquqi və demokratik
şərait təmin edilib.
Müxtəlif etnoslardan, etnik qruplardan ibarət ölkə
əhalisi ağır işğalçılıq müharibələrinə,
məhrumiyyətlərə, təzyiqlərə, mürtəce
təbliğatlara baxmayaraq bütün dövrlərdə
birliyini qoruyub saxlaya bilmişdir. Çoxsaylı
müxtəlif səbəblər sırasında ölkənin
əsas əhalisi olan və böyük əksəriyyəti
təşkil edən Azərbaycan türklərinin mentalitetindəki
tolerantlığı xüsusi qeyd etmək zəruridir.
Ən qədim zamanlardan bu günə qədər Azərbaycan
türkləri insanların irqi, dini, milli və s. fərqlərinə
diqqət yetiriblər, lakin heç vaxt Adəm-Həvva
davamçılarını bu əlamətlərinə
görə qiymətləndirməyiblər. Onlar
bütün xalqlarda və etnik fərdlərdə mənəvi-əxlaqi
meyarları əsas götürüblər”.
Onun
fikrincə, Azərbaycanda tolerantlığın möhkəm
və zəngin ənənələri, dərin tarixi
keçmişi var: “Azərbaycan xalqı bölgədə
yaşayan insanlar arasında sülh və əmin-amanlıq
şəraitinin yaradılmasına həmişə
böyük diqqət göstərib, başqa konfessiyaların
nümayəndələri ilə dinc yanaşı yaşamaq
azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindən
birinə çevrilib.
Bəşər sivilizasiyanın müxtəlif mədəniyyətlərinin
qorunması üçün dinlər və mədəniyyətlər
arasında dialoqun yaranması böyük əhəmiyyət
daşıyır. Bu baxımdan tolerantlıq və
dözümlülük ənənələri zəngin olan
ölkə və regionların təcrübəsi nümunə
ola bilər. Azərbaycan bir
çox millətlərin və dini konfessiyaların dinc və
mehriban yaşamasının unikal nümunəsidir.
Ölkəmizdə tolerantlıq ənənənin kökləri
tarixin dərinliklərinə gedib çıxır: Babil
hökmdarı II Novuxodonosurun (e. ə. 586 il)
Yerusəlimi zəbt etməsi nəticəsində talan
olmuş İudeya çarlığından qaçan yəhudi
köçkünləri Azərbaycan torpağında özlərinə
sığınacaq tapıb. Tarixi mənbələrə
əsasən, o vaxtlar Babildə 40 minə qədər əsir
var idi.
Tədqiqatçıların verdiyi məlumata görə,
eramızın birinci yüzilliyinin ortalarında
xristianlığın ilk ardıcılları Azərbaycana pənah
gətirib və sonradan burada yaranan Alban aftokefal kilsəsinin əsasını
qoyublar. İslamın Azərbaycana gəlişi ilə dini
dözümlülük ənənələri daha da möhkəmlənmişdir.
Müsəlman tolerantlığının əsasını
Qurani-Kərimin surə və ayələri təşkil edir:
“Dində məcburiyyət (zorakılıq) yoxdur…” (əl-Bəqərə, 256). Tarixçilərin
dediklərinə görə, VII-VIII əsrlərdə müsəlmanlar
Yəhudilik, Xristianlıq və Zərdüştiliyin tərəfdarlarına
qarşı ehtiram və dözümlülük göstəriblər.
Azərbaycan ərazisində yaşayan çoxsaylı
etnik-dini qruplar arasında möhkəm əlaqələrin
formalaşmasında tarixin acı həqiqətlərinin də
müəyyən rolu olub.
Azərbaycanlılarla
qaynayıb qarışan müxtəlif etnik-dini qruplar imperiya
dövlətlərin təzyiqinə və fitnəsinə
baxmayaraq, bir çox hallarda Azərbaycan xalqının tolerant
düşüncəsinə etibar edib, rəğbət
göstərərək, mehriban qonşuluq əlaqələri
qurub və onu qorunub saxlamağa səy göstəriblər.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra
xalqımızın milli koduna çevrilmiş
tolerantlığın daha da inkişaf etdirilməsi
üçün münbit şərait və hüquqi baza
yaradılıb. Lakin keçən əsrin sonlarında Vətənimizdə
tarixən mövcud olan dini dözümlülüyü
möhkəmləndirilməsinə minlərlə
günahsız insanın ölümü, bir milyondan artıq
soydaşımızın yurd-yuvalarından didərgin
düşməsi və 20%-dən çox tarixi
torpaqlarımızın işğalı ilə nəticələnən
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi mane olurdu. Münaqişə
dini zəmində baş verməsə də,
işğalçı Ermənistanın həmin dövr dini
lideri I Vazgen separatçı hərəkatı
qızışdıranlardan biri idi. Ermənilər
hər vasitədən istifadə edərək ölkəmizdə
əmin-amanlıq və qardaşlıq şəraitində
yaşayan digər dini konfessiyalar arasında qarşıdurma
yaratmaq istəyirdilər.
Erməni separatizminin ideoloqları hər imkandan istifadə
edərək, Qərbə və Rusiyaya belə bir mif təlqin
etməyə çalışırdılar ki, güya Azərbaycandan
“islam təhlükəsi” gözlənilir. Digər tərəfdən,
Azərbaycanda anti-müharibə və hətta ermənipərəst
meyllərin yayılması üçün bəzi qüvvələr
respublikanın müsəlman əhalisinin
xristianlaşdırılmasından istifadə edirdilər.
Şübhəsiz ki, belə hərəkətlər
dinlərarası dialoqun möhkəmlənməsinə xidmət
etmirdi. Lakin bu hadisələr
respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə
həlledici mənfi təsir göstərə bilmədi”.
O, deyib
ki, ölkəmizin bütün konfessiya nümayəndələri
ermənilərin təcavüzkarlıq və etnik təmizləmə
siyasətindən əl çəkməsi, işğal
olunmuş ərazilərin qeyd-şərtsiz
boşaldılması ilə bağlı BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi məlum qərar və qətnamələrin
icrasına, işğal nəticəsində məcburi
köçkün düşmüş insanların öz
yurd-yuvasına qayıtması tələbi ilə dəfələrlə
beynəlxalq təşkilatlar və dünya ictimaiyyətinə
müraciət ünvanlayıblar: “Onlar bununla Azərbaycan
xalqı ilə bir daha birlik və həmrəylik
nümayiş etdiriblər.
Müstəqilliyin ilk illərində ölkədəki
müharibə şəraiti, siyasi gərginlik, məmur
özbaşınalığı və iqtisadi böhran milli-mənəvi
dəyərlərin qorunması işini zəiflədirdi. Lakin
1993-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyevin xalqın təkidi ilə yenidən
hakimiyyətə gəlişindən sonra bütün sahələrdə
olduğu kimi, milli-mənəvi dəyərlərinin
qorunması, tolerant münasibətlərin daha da möhkəmləndirilməsi
istiqamətində də canlanma yarandı. Uzun illər istifadəsiz qalmış məscid və
kilsələr əsaslı təmir edilərək xalqın
istifadəsinə verildi. Bundan əlavə,
yeni ibadətgahların inşasına başlanıldı.
Bir sözlə, Azərbaycan xalqı öz
soy-kökünə, adət-ənənələrinə və
dini etiqadlarına qovuşmuş oldu.
Müasir Azərbaycan dövlət-din münasibətləri
modeli çərçivəsində bütün dini
konfessiyalar qanun qarşısında bərabərdir və eyni
statusa malikdir.
Ölkə vətəndaşlarının əksəriyyətini
təşkil edən müsəlmanların hüquqlarının
təmin olunması ilə yanaşı, dövlət
respublikada yaşayan digər din mənsublarında da yüksək
qayğı göstərir. Belə ki,
1920-ci ildə bağlanmış Jen-Mironosets Baş kafedral
kilsəsinin binası 1991-ci ildə Rus Pravoslav kilsəsinə
verilib. Azərbaycanda səfərdə olan Moskvanın və
Bütün Rusiyanın sabiq Patriarxı II Aleksi 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs
elan edib və ona Baş kafedral kilsə statusu verib. Qeyd etmək
lazımdır ki, Allah evinin bərpasını Moskvada
yaşayan azərbaycanlı iş adamı, dini mənsubiyyətinə
görə müsəlman olan Aydın Qurbanov öz üzərinə
götürüb. Onun vəsaiti hesabına baş kafedral kilsə
az bir zamanda bərpa edilərək
dindarların ixtiyarına verilib. Bundan başqa,
1999-2001-ci illərdə paytaxtda digər pravoslav məbədi
Müqəddəs Məryamin miladı Baş kafedral kilsəsi
bərpa olunub.
Respublikamızda yaşayan azsaylı katolik
icmasının üzvləri də dövlət
qayğısından kənarda qalmayıb. Ümummilli
Lider Heydər Əliyevin göstərişi əsasında
Bakının mərkəzində Roma-katolik kilsəsinin
inşası üçün yer ayrılıb. 2005-ci ildə məbədin tikintisinə
başlanıb, nəhayət 2008-ci ilin mart ayının 7-də
Bakıda Müqəddəs Məryəm katolik kilsəsinin rəsmi
açılış mərasimi keçirilib və müasir
üslubda tikilmiş bu məbəd katoliklərin ixriyarına
verilib.
Respublikada qədim ənənələrə malik olan yəhudi
icmasının mədəni irsi də Azərbaycan hökumətinin
qayğısı ilə əhatə olunur. 1990-cı ildən
respublikada “Azərbaycan-İsrail” dostluq, habelə “Soxnut” cəmiyyətləri
fəaliyyət göstərirlər..
Bakıda nəzəriyyəçi-fizik, Nobel mükafatı
laureatı Lev Landau, respublikanın əməkdar həkimi
Solomon Qusman, müharibə qəhrəmanı Albert Aqarunov və
digər tanınmış yəhudi şəxsiyyətlərinin
yaşadıqları binalarda xatirə lövhələri
qorunub saxlanılır”.
O, əlavə
edib ki, 1997-ci-ildə “Coynt” yəhudi komitəsinin maliyyə dəstəyilə
gürcü yəhudilərinin sinaqoqu bərpa edilib:
“2003-cü ilin martın 9-da Bakıda yeni yəhudi sinaqoqu
açılıb. Bu, Avropada ən böyük
sinaqoqlardan hesab olunur. 2003-cü ilin sentyabr ayından isə
Azərbaycanda ilk yəhudi məktəbi fəailiyyət
göstəriri
Azərbaycanda antisemitizmə heç vaxt yer olmayıb və
indi də yoxdur. Ümummilli Lider Heydər Əliyev 15 noyabr 1998-ci ildə
yəhudi icmaların rəhbərlərilə keçirilən
görüşdə qeyd edib: “Respublikada belə hadisələr
baş vermir və biz onların yaranmasına heç vaxt imkan
verməyəcəyik”.
Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq
sahəsində nadir təcrübəsi xarici dövlətlər
tərəfindən yüksək qiymətləndirilib. 2002-ci ilin may ayında Azərbaycanda
səfərdə olan Roma-katolik kilsəsinin sabiq
başçısı Papa II Pavel ölkəmizdəki tarixi
dözümlülük ənənələrini xüsusi qeyd
edib.
Rum
patriarxı I Varfolomey 2003-cü il aprelində
Azərbaycanda rəsmi səfərdə olub. Ölkəmizdki
mövcud dini durumu, dövlətin dini konfessiyalara göstərdiyi
qayğını yüksək dəyərləndirən I
Varfolomey deyib: “Mən buradakı tolerantlığın səviyyəsindən
məmnunam. Azərbaycanda hər kəs istədiyi
dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir”.
Qeyd etmək lazımdır ki, ölkə rəhbərliyi
mütəmadi olaraq dini icmaların liderlərilə
görüşür, onların ehtiyac və problemlərilə
maraqlanır.
Prezident İlham Əliyev daim ölkənin
xristian və yəhudi icmalarını əsas dini bayramlar
münasibətilə təbrik edir.
Ulu Öndər Heydər Əliyevin alternativsiz siyasətini onun siyasi kursunun layiqli davamçısı olan ölkə Prezitenti İlham Əliyev uğurla və uzaqgörənliklə davam etdirir. Ölkədəki tolerantlığın və dini etiqad azadlığının təminatçısı olan Prezidentin təşəbbüsü və qaygısı ilə müxtəlif konfessiyalara məxsus dini ibadət yerləri, tarixi-dini abidələr dövlət tərəfindən bərpa edilmiş, yeniləri tikilib.
Bu sahədə YUNESCO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyilə Heydər Əliyev Fondunun ardıcıl və təqdirəlayiq fəaliyyətinin xüsusi rolu var. Milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına böyük önəm verən Fondun məscid və ziyaratgahları bərpa etməklə yanaşı, bir-sıra qeyr-islam məbədlərinin bərpası və yenidən qurulması məqsədilə layihələr hazırlaması və həyata keçirilməsi təqdirəlayiqdir.
Ölkəmizdə dəfələrlə dini dözümlülük, dinlərarası dialoq mövzularına dair beynəlxalq konfranslar, elmi simpoziumlar və s. tədbirlər keçirilib. Təkcə son bir il ərzində ölkədə iki böyük beynəlxlq konfrans təşkil edilib. Azərbaycan Resbublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçən ilin noyabr ayının 6-7-də “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda Beynəlxalq konfrans keçirilib. Konfransda dünyanın 25 ölkəsindən 200-dək nümayəndə qatılıb. Açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynayıb. İctimai-siyası quruluşundan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının duyğularıdır, eyni zamanda müstəqil Azərbaycan dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət göstərən dini qurumların əməyinin praktiki nədicəsidir...”.
Əli
Xalq Cəbhəsi.- 2016.- 19 mart.- S.9