Soyqırım yaddaşlarda necə yaşayır?

 

1918-ci ildə Şamaxı və ətraf kəndlərdə 3632 kişi, 1771 qadın, 956 uşaq vəhşicəsinə öldürülüb

 

I yazı

Osmanlı imperiyası dönəmində – 1915-ci ildə guya türklərin ermənilərə qarşı soyqırım törədilməsi ilə bağlı artıq yüz ildir ki, cəfəng iddialarla çıxış edən ermənilərin hay-küyünə Avropanın gecə-gündüz insan haqlarından danışan dövlətləri də qoşulmaqdadır. Guya Türkiyədə və Azərbaycanda konkret olaraq son yüzildə ermənilərə qarşı çoxlu soyqırımlar törədilib, “məzlum” erməni xalqının nümayəndələri də özlərini “müdafiə” etməyə məcbur olublar. Ermənilər çox hallarda dediklərini bir-birinin əksini təşkil edən “sənədlər”də uydurublar, “erməni soyqırımı”nı “təsdiq edən” kitablar yazıblar, ya da başqalarına yazdırıblar. Təkcə keçən yüzildə ermənilərin Azərbaycan torpaqlarının çox hissəsini mənimsəməsi bəşəri səviyyədə cinayətdir, soyqırımdır.

Ümumən mövzu ilə bağlı Azərbaycanın əfsanə və rəvayətlərini nəzərdən keçirdikdə müəyyən qənaətlərə gəlmək olur. Xalq yaddaşında faciəyə münasibət olduqca ciddidir; faciənin yüzillərlə mifoloji yaddaşda birikib qalması onu deməyə əsas verir, xalqın folklor yaddaşının təmsilçiləri olan şəxslər fitrətən duyurlar ki, ümidsizlik yaşamın sonu demək olardı.

Konkret olaraq əfsanələrdə ümumi şəkildə də olsa xalqımızın başına gələn faciələrin, soyqırımların izlərini buya başqa şəkildə görürük. Əfsanələrdə xalqın faciələrdən sarsılmaması, yaşamağa, yaratmağa inamını itirməməsi, əksinə, uzaq minilliklərdə, yüzilliklərdə rastlaşdığı hadisələrə, qətllərə, qarətlərə əfsanə, rəvayət ölçüsündən yanaşması, sanki hadisələrin üzərindəymiş kimi varlığını təsdiq etməsi məqamları diqqəti çəkir. Bütün bunlar bizə bir həqiqəti deyir: başqa xalqın, dövlətin torpağında, varında gözü olmayan xalq özünə inamında demək olar, sarsılmır; o, halallığı özü üçün ölçü seçir, bu cür var olmağı ləyaqətə uyğunluq sayır.

Tarixi şəxsiyyətlər, el, tayfa, qövm adı ilə bağlı əfsanələri araşdıran mərhum prof. A.Nəbiyev bu qənaətə gəlir ki, onların böyük əksəriyyətində Azərbaycana gəlmiş tarixi şəxsiyyətlərin həyatı, buradakı böyük məğlubiyətləri, xəzinələrini və sərvələrini bu ərazidən apara bilməməsi, onları Şirvanda basdırması və s. təsvir edilir: “Hər şeydən əvvəl bu əfsanələr İsgəndər Zülqərinə ləqəbi ilə tanınan, dünya hökmdarlığı iddiasına düşən şahın Azərbaycana yürüşləri, buradakı tarixi məğlubiyyətləri ilə bağlıdır. Bu isə belə bir mənəvi dəyəri cəmiyyətə təlqin edir ki, zülmqan tökməklə əldə edilən sərvətdən xeyir tapmaq mümkün deyil, sərvət zəhmətlə qazanıldıqda halal olur və nəsli xoşbəxtliyə qovuşdurur”.

Sara ilə bağlı silsilə əfsanələrin məzmununda müəyyən fərqlər olsa da, (“Çay qızı”, “İntiqam”, “Apardı Sellər Saranı”, “Sara”, “Arpaçay və əjdaha”) “Çay qızı”nda xalqın yadlıqlara, işğalçılara münasibəti özünü bütünlüklə göstərir: “ Sara yad gözlərin ona zilləndiyini görmədi. Arpaçay isə gördü. Saranı qısqandı. Bu yad baxışlardan qəzəbləndi, aşdı-daşdı, Saranı öz qoynuna aldı, apardı, sonra da heç nə olmayıbmış kimi sakit-sakit axmağa başladı. Bütün Muğan camaatı tökülüb gəldi. Saranı oturduğu yerdə görməyib kədərləndilər, ürəklərinin ağrısı qəmli bir mahnıya çevrildi… O gündən həmin mahnı dillər əzbəri oldu:

Arpa çayı, aşdı-daşdı, Sel Saranı aldı qaçdı…”

“Aldədə” əfsanəsində isə odda yanmayan, yurdunun təəssübünü çəkən, hər cür sınaqlardan üzağlıqla çıxan, yurdu işğal edənlərə yenilməyən Aldədə obrazı yaradılıb. Aldədə oddan qorxmur, çünki o, odu təmsil edir. Əfsanədə odun isidicilik xüsusiyyətindən ötə olan ulusal-insani-mənəvi keyfiyyəti qabadılır. İnama görə, od bütünlüklə şəri, hər cür pislikləri yandırıb kül eləyir.

Aldədə yurdun ruhunun daşıyıcısı olduğuna, torpağa ürəkdən bağlı olduğuna görə güclüdür, yenilməzdir. Əfsanəyə görə, səhərə kimi od kimi qızan təndirdə - qapalı yerdə qalan Aldədə yanmır, ancaq qucağındakı quzu tamam bişir. Aldədə ərəblərə dörd ağac çubuğu göstərərək: “Bu ağacları dörd tərəfə atacağam, hara düşsə, o torpağa toxunmayın” – deyir. Ağacın hara düşdüyünü görən də (Savalan dağına, Şah dağına, Alvız dağına, Ağrı dağına) Aldədədir.

“Dədə Günəş” əfsanəsində təsvir olunur ki, ərəblər Dədə Günəşi gölə atırlar, boğulmur, oda atırlar, yanmır, üçüncü dəfə yaxınlaşanda göyün üzünə qara bulud gəlir, tez-tez şimşək çaxır. Ərəblər qaçıb canlarını qurtarmağı qənimət bilirlər, xəlifəyə bildirirlər ki, su da, od da, yer də, göy də, bulud da, şimşək də Aldədənin tərəfindədir. O, adi bir insan deyil, bütöv bir Vətəndir.

Qalalarla bağlı Azərbaycan əfsanələrində düşmənə təslim olmamaq, onun hiylələrinə aldanmamaq, sonda qəhrəmanların özündən, rahatlığından keçməsi, ölümü bahasına olsa da qalalaşması təsvir olunur. “Pəri qalası”, “Gülüstan qalası”, “Lənkəran qalası” əfsanələri bu qəbildəndir. “Lənkəran qalası” əfsanəsində deyilir ki, xan düşməndən qorunmaq üçün tikdirdiyi qalaya oğlunu hördürür ki, xalq geri çəkilməsin, torpağı qorusun. Burada torpağın müqəddəslik səviyyəsində anlaşılması, insanın Yurdu, Vətəni qorumağa hazır olması üçün özündənkeçməyə yüksəlməsi gərəkliyi vurğulanır.

Rəvayətlərdə araşdırılan mövzu sarıdan konkretlik daha çoxdur. “Sevinirlər ki” rəvayətində deyilir, Nadirin zülmünə qarşı kənd əhli yığışıb onun qərargahına gedir, ölümü mərdanə qarşıladıqlarını bildirir, gülürlər. Mahiyyətcə bu, xalqın özündən güclü olan düşmənə meydan oxuması, onu qorxmazlığıyla sarsıtmasıdır.

“Tək-tək bədir də doğar” rəvayətində deyilir: Nadir şah Şəmkirin Morul kəndində yaşayan igid Bədiri özünə tabe etdirə bilmir, başını kəsdirir. İgidin anası Şahlar xanım Nadirin qarşısında başını dik tutur, “Analar Nadir kimi oğul doğar, tək-tək də Bədir kimi oğul doğar” – deyir. Rəvayətə görə, Nadir ananın qüruru qarşısında baş əyir. Rəvayətdə oğlu Vətən yolunda şəhid olan ananın mahiyyətcə Yurdun ləyaqətini təmsil etməsi ifadə olunur.

Muğan qızı” rəvayətində deyilir ki, düşmənə qarşı döyüşdə Muğan adlı igid qəhrəmanlıqla həlak olur. Reyhan sevgilisinin döyüş paltarını geyinir, eli döyüşə çağırır, qəhrəmancasına ölümüylə düşməni sarsıdır, yenir.

Yeddi qardaş çinar” rəvayətində isə deyilir ki, bir qocanın yeddi oğlu varmış. Qoca oğullarını Vətən üçün böyütdüyünü deyir. Bir gün oğullar Nadir şahın hücumu zamanı döyüşə gedir və həlak olurlar. Qoca əhvalını pozmur, oğulları ölən tərədə yeddi çinar əkir: “Bu çinarın hərəsi mənə bir oğul əvəzidir. Vətənin keşiyini indibu yeddi çinar çəkəcək” – deyir.

Rəvayətdə insanın Vətənə müqəddəs məkan olaraq baxması, övladlarını qurban verən atanın onların varlığının əkdiyi yeddi çinarda yaşayacağına inamı ifadə olunur.

Uzun illər “erməni-müsəlman” davası kimi anlaşılan, ancaq zənn edildiyindən də ağır fəsadlar törədən bu hadisəyə şifahi düşüncədə, xalq yaddaşında münasibət birmənalı olub: xalqımız erməninin kimliyini başına gələn, gətirilən faciələrdən sonra daha dərin tanıyıb. Ancaq təəssüf ki, bu hadisələrlə bağlı şifahi yaddaşlarda yaşayan, rəvayətləşən hadisələr demək olar, son illərə kimi sistemli şəkildə folklor-etnoqrafik material kimi toplanmayıb, ya da az toplanıb. Gecolsa, xalqın nəsildən-nəslə ötürdüyü rəvayət, ya olmuş hadisələri toplamaq, sabaha çatdırmaq gərəkdir.

Ancaq faktdır ki, söyləyici yaddaşı getdikcə korşalır. Çünki təkcə yaxın tarixdə - 100-110 il əvvəl xalqımıza qarşı olmuş qətliamlar qələmə alınmadığı dərəcədə demək olar, it-bata düşür, unudulub gedir.

Şirvan (dağlıq) bölgəsində ermənilərin törətdiyi soyqırımı ilə bağlı o dövrün rəsmi qaynaqlarındakı materiallarla yanaşı xalqın yaddaşında yaşayan acı xatirələr, rəvayətləşmiş məqamlar var.

Əvvəlcə rəsmi məlumatlara varaq. Folklorşünas, professor Seyfəddin Qəniyevin “1918-ci il Şamaxı soyqırımı” kitabında Şirvanın 58 bölgəsində ermənilərin gerçəkləşdirdiyi dəhşətli qırğınlar haqqında konkret faktlar təqdim olunur.

1918-ci ildə bölgədə - Şamaxı və ətraf kəndlərdə 3632 nəfər kişi, 1771 nəfər qadın, 956 uşaq vəhşicəsinə öldürülüb, cəmi 7 nəfər yaralının olduğu müəyyən edilib.

O deməkdir ki, ermənilər heç kəsə aman verməyiblər, hamını öldürüblər.

Digər bir fakt isə ermənilərlə bir vaxtda malakanların da Azərbaycan-türk kəndlərinə hücumu, əhalinin kütləvi şəkildə qətlində iştirak etməsi, soyqırım törətməsidir.

1918-ci il mart qırğınları ilə bağlı 1870-1972-ci illərdə yaşamış ata nənəm Kazımova Tubu Təhməz qızının vaxtilə danışdıqlarını yaxınlarından eşidib yazıya almışam. Həmin mətnləri təqdim edirəm. Söyləyicinin danışıq üslubu olduğu kimi saxlanılıb.

 

Ermənilərin hücumu

 

I mətn

 

1918-ci ildə ermənilər hücum eliyəndə Kalva camahatı qaçib Qarannığ dəriyə (İsmayıllının Sulut kəndindən o yanda yerləşir. Ermənilər Şamaxıdan xeyli uzaq məsafədə yerləşən Sulut kəndinə də gedib çıxıblarmış – topl.)

Məcbur olıblar ki, qaçsünnər dağlara. Erməni də ki, qıra-qıra gəlirmiş.

Uşağları aparmağ çox çətin olıb, ona görə ki, ermənilər səsə adamları tapıb hamıni qırıllarmiş. Qarannığ dərədə günnərnən qalıblar bizim camahat. Türklərin gəlməyi camahati qutarıb qırğınnan. Yoxsa ermənilər meşələrə, dağlara qaçənnəri də qıraceylərmiş.

 

II mətn

 

Anam onda əyağyalın qaçıb ermənilərin əlinnən. Babasəmid dayimi belinə səriyib aparıb. Kimin əlinə keçibsə, aparıb. Türklər gələndə camahat geri qeyidib. dəfə bizimkilər gedib, ermənilər, malakannar kətdərinə aparıblarsa, onu qeytərib gətiriblər. O vaxti malakannar da ermənilrnən birgə hücum eliyiblər.

 

III mətn

 

Tubi nənə danişirdi ki, getdüy gördüy (O dövrdəki Şamaxının erməni kəndləri nəzərdə tutulur-topl.) ermənilər aparmışdilərsə, hamısıni doldırıblar təndirə.

İmamali babon dedi ki (Tubu nənə danışırmıştopl.), taxılımızı gətiriblər, bizi çörəysiz qoyiblər, qədər imkan var, taxıl götirəy, uşağlar acinnən ölməsünnər.

 

V mətn

 

Tubi nənə danışırdi ki, türklər gəldilər bizi xilas elədilər. Bir dənə panıs var idiqara çıraq. Bir türk əsgəri dedi ki, ana can, o panısi mənə verərsən? Dedim can ana, sənə qurbandı. Türklərdi axı, bizi qurtarıblar.

 

 

Uğur

Xalq Cəbhəsi.- 2016.- 29 mart.- S.14