Ombudsman 31 mart - Azərbaycanlıların
Soyqırımı Günü ilə bağlı dünya
ictimaiyyətinə müraciət etdi
Azərbaycanın İnsan Hüquqları üzrə
Müvəkkili (Ombudsman) Elmira Süleymanova 31 mart - Azərbaycanlıların
Soyqırımı Günü ilə əlaqədar bəyanat
qəbul edib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Bəyanatda bildirilir ki, erməni millətçilərinin
və onların havadarlarının azərbaycanlılara
qarşı iki əsrdən artıq müddətdə məqsədyönlü
şəkildə həyata keçirdikləri
soyqırımı, etnik təmizləmə və deportasiya
siyasətinin məqsədi azərbaycanlıları öz
tarixi torpaqlarından qovmaq və bu ərazilərdə
“Böyük Ermənistan” dövləti yaratmaq olub.
Qeyd olunur ki, XIX əsrin əvvəllərindən
başlayaraq, tarixi Azərbaycan torpaqları olan Qarabağa,
Naxçıvana, Zəngəzura, İrəvan quberniyasına
və digər bölgələrə İran və Türkiyədən
minlərlə erməni ailəsi
köçürülüb. Ermənistan 1988-ci ildən
başladığı növbəti təcavüz nəticəsində
Azərbaycanın Dağlıq Qarabağ ərazisini, eləcə
də yeddi ətraf rayonu işğal etmiş, ölkəmizin
20 faiz ərazisi zəbt edilib, bir milyon soydaşımız
qaçqın və məcburi köçkün vəziyyətinə
düşüb, onların hüquqları kütləvi şəkildə
kobudcasına pozulub.
Sənəddə
deyilir: "Xalqımıza qarşı törədilən
qanlı faciələr sırasında 31 mart 1918-ci il tarixli soyqırım hadisələri
özünün ağır nəticələri ilə
seçilir. 1918-ci ilin mart ayından etibarən Bakı
Kommunası tərəfindən əksinqilabçılarla
mübarizə adı ilə Bakı quberniyasını azərbaycanlılardan
təmizləmək məqsədini güdən erməni millətçiləri
tərəfindən dinc azərbaycanlı əhali yalnız
milli mənsubiyyətinə görə məhv edilib, ermənilər
insanları diri-diri yandırmış, nadir tarixi abidələr,
məktəblər, xəstəxanalar, məscidlər
dağıdılıb. Silahlı erməni-bolşevik
birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel
tarixlərində törətdiyi qırğınlar kütləvi
şəkil alıb, erməni dəstələri
günahsız insanları amansızcasına qətlə
yetiriblər. Qırğınların davam
etdiyi dövrdə ölkə ərazisində yüz minlərlə
azərbaycanlı, o cümlədən Bakı və ətraf
kəndlərin 30 mindən çox sakini milli mənsubiyyətinə
görə qəddarlıqla öldürülüb. Bu zaman ermənilər bir çox qədim
binaları, o cümlədən ziyarətgahları, dünya
memarlığının incilərindən sayılan
İsmailiyyə binasını top atəşinə tutaraq
dağıdıb; Cümə və Təzəpir məscidlərinin
minarələri ağır zədə alıb, karvansarada vəhşicəsinə
öldürülmüş insanların meyitlərini elə
oradaca yandırıblar".
Sonra bəyanatda
qeyd edilir: "Azərbaycanlıların soyqırımı əsasən
Bakı, Şamaxı, Quba, Kürdəmir və Salyan qəzalarında,
Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda
xüsusi qəddarlıqla həyata keçirilib. Mart hadisələri zamanı Şamaxının 75 kəndi
ermənilər tərəfindən tamamilə məhv edilib,
7000 nəfər öldürülüb. Şamaxı
şəhəri və ona qonşu olan kəndlərdə
törədilmiş soyqırımı hadisələri
haqqında bu gün arxivlərdə 7 cild, 925 səhifədən
ibarət araşdırma materiallarının olması bu
bölgədə baş vermiş faciələrin
miqyasını bir daha göstərir. Tarixi mənbələrdə
qeyd olunduğu kimi, Şamaxıya hələ mart
ayının ortalarında 2000 erməni əsgərinin və
60 maşına yüklənmiş silah-sursatın göndərilməsi
buradakı qırğına əvvəlcədən
hazırlıq görülməsinin sübutudur".
Bəyanat
müəllifləri qeyd edir ki, Quba qəzasında da qanlı
hadisələr eyni müstəvidə cərəyan etmiş,
erməni hərbi dəstələri 122 kəndi yandırmış,
günahsız insanları, o cümlədən
qadınları və uşaqları qətlə yetiriblər:
"Lənkəran qəzasında 40-a yaxın kənd
dağıdılmış, yüzlərlə günahsız
insan öldürülüb, neçə-neçə ev talan
edilmiş və yandırılıb. Bütövlükdə
isə həmin dövrdə Azərbaycan ərazisində yüz
minlərlə soydaşımız dəhşətli
soyqırımına məruz qalmışdır. Aradan illər keçsə də, o qanlı hadisələr
unudulmayıb və xalqımızın qan yaddaşında
silinməz izlər buraxıb. Son dövrdə Qubada
1918-ci il hadisələri zamanı erməni
separatçılarının törətdikləri kütləvi
insan qətllərini aşkarlayan faktlar üzə
çıxarılıb".
Bildirilir
ki, tapılmış saysız-hesabsız insan sümükləri
bu qırğınlar zamanı onların vəhşiliyini və
vandalizmini təsdiqləyən əyani dəlillərdir:
"Bu ərazidə on minlərlə insanın qətlə
yetirilməsinin sübutu kimi və onların xatirəsinə
ehtiram əlaməti olaraq Quba soyqırımı Memorial
Kompleksi yaradılıb. Prezident Heydər Əliyevin
imzaladığı “Azərbaycanlıların
soyqırımı haqqında” 26 mart 1998-ci il
tarixli Fərmanda bu hadisələrə siyasi qiymət
verilmiş və azərbaycanlıların ermənilər tərəfindən
soyqırımına məruz qalması ilk dəfə rəsmi
surətdə bəyan edilib. Eyni zamanda 31 mart - Azərbaycanlıların
Soyqırımı Günü hər il
ölkəmizdə dövlət səviyyəsində qeyd
edilir.
Beynəlxalq hüquqa görə, soyqırımı ən
ağır beynəlxalq cinayət olmaqla, sülh və bəşəriyyətin
təhlükəsizliyi əleyhinə yönələn təcavüz,
insanlıq əleyhinə, müharibə və beynəlxalq
terrorizm kimi cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin
əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə
qəbul edilmiş “Genosid cinayətinin
qarşısının alınması və cəzalandırılması
haqqında” Konvensiya ilə müəyyən olunmuşdur. Konvensiyaya görə, soyqırımı hər
hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv
etmək məqsədilə törədilən hərəkətlərdir.
İnsanlıq əleyhinə cinayətin tərkibini
təşkil edən və bu sənəddə göstərilən
əməllərdən hər biri 1918-ci ilin mart hadisələri
zamanı ermənilər tərəfindən azərbaycanlılara
qarşı törədilmişdir və hüquqi baxımdan
soyqırımı kimi qiymətləndirilməlidir".
Bəyanatda
sonra deyilir: "Hadisələr göstərir ki, erməni
millətçiləri sonralar da öz çirkin niyyətlərindən
əl çəkməyib, dinc insanları qəddar
üsullarla kütləvi qırğına məruz qoyaraq,
cinayətlərini ört-basdır etmək üçün
müxtəlif vasitələrə, tarixi
saxtalaşdırmağa və öz xeyirlərinə
yazmağa əl atıblar. Zəbt olunmuş
Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan ərazisinin
ayrılmaz tərkib hissəsidir. BMT Təhlükəsizlik
Şurası Azərbaycanın işğal olunmuş
torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə
dörd məlum qətnamə, BMT Baş Məclisi “Azərbaycanın
işğal olunmuş ərazilərində vəziyyət”
adlı 14 mart 2008-ci il tarixli Qətnamə, Avropa Şurası
Parlament Assambleyası Azərbaycan ərazilərinin erməni
hərbi qüvvələri tərəfindən işğal
edildiyini və Dağlıq Qarabağ regionunun
separatçı qüvvələr tərəfindən idarə
olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnamə
və 1690 saylı tövsiyə, həmçinin Avropa
Parlamenti Dağlıq Qarabağla bağlı 23 oktyabr
2013-cü ildə qətnamə qəbul etsələr də,
Ermənistan bunları hələ də yerinə yetirmir. Halbuki bu qətnamələrdə birmənalı
olaraq, Ermənistandan öz hərbi qüvvələrini
işğal etdiyi Azərbaycan ərazilərindən
çıxarması, bir milyon azərbaycanlı
qaçqın və məcburi köçkünün öz
doğma torpaqlarına qayıtmasına imkan yaratması tələb
olunub. Azərbaycan tərəfi
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
həllinə daim səy göstərir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev ərazi
bütövlüyümüzün bərpasına nail
olacağımızı dəfələrlə bəyan
edib".
Sonra
bildirilir: "Dünya ictimaiyyəti Azərbaycanın
haqlı mövqeyini getdikcə daha çox dəstəkləyir,
problemin beynəlxalq hüquq normaları çərçivəsində
dinc vasitələrlə həll edilməsində
maraqlıdır. Qeyd olunmalıdır ki,
ABŞ-ın Nyu-York ştatının Senatı və Nyu-Cersi
ştatının Baş Assambleyası 31 mart – Azərbaycanlıların
soyqırımı gününü tanıyan qətnamələr
qəbul ediblər. Bir daha bəyan edirik
ki, bu soyqırımına beynəlxalq miqyasda hələ də
hüquqi qiymət verilməyib. Dünya
birliyinə və mötəbər beynəlxalq qurumlara
müraciət edərək, Azərbaycana qarşı
aparılan uzunmüddətli erməni təcavüzünə,
kütləvi şəkildə insan hüquqlarının
pozulmasına son qoyulacağına, uzun müddət davam edən
bu münaqişənin sülh və danışıqlar yolu
ilə aradan qaldırılmasına kömək göstəriləcəyinə
əminliyimizi ifadə edirik. Beynəlxalq təşkilatları
ikili standartlara yol vermədən haqlı mövqeyimizi dəstəkləməyə
çağırır, ədalətin tezliklə öz yerini
tapacağına, insanlığa qarşı törədilən
bu qatı cinayətin genosid aktı kimi beynəlxalq hüquqi
qiymətini alacağına, cinayətkarların cəzasız
qalmayacağına, soyqırımı törətmiş Ermənistana
qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən
sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi
bütövlüyünün, bir milyon qaçqın və məcburi
köçkün soydaşımızın kütləvi
şəkildə pozulmuş hüquqlarının bərpa
ediləcəyinə, əsir və girovların azad
olunacağına inanırıq. Ümid edirik
ki, bütün nüfuzlu beynəlxalq qurumlar, sülhməramlı
insanlar imkanlarını səfərbər etməklə, Azərbaycan
torpaqlarında sülhün və əmin-amanlığın
bərqərar edilməsində səylər göstərəcəklər.
Ölkəmizdə və bütövlükdə
regionda sülh, davamlı inkişaf və işgüzar əməkdaşlıq
naminə zəruri şəraitə nail olunacaq. Hər bir kəsin, hər hansı bir zəmində
ayrı-seçkiliyə yol verilmədən ümumbəşər
miqyasında tanınmış fundamental insan hüquq və
azadlıqlarının təmin olunması üçün
real imkanlar yaranacaq".
Bəyanat
BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik
Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali
Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına,
ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar
İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq
Sülh Bürosuna, müxtəlif ölkələrin
ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki
və xarici ölkələrin respublikamızdakı səfirliklərinə,
Azərbaycanın diaspor təşkilatlarına
ünvanlanıb.
Xalq Cəbhəsi.- 2016.- 30 mart.-
S.7.