Güney Azərbaycan şairlərinin
yaradıcılığı ilə bağlı
düşüncələr
I yazı
Çağdaş
dövr Güney Azərbaycan şairləri – Şəhriyar,
Sahir, Savalan, Sönməz, Oxtay, Yanar, Yalqız, Biriya, H.Nitqi,
H.Cəfəri, M.Hüseyni və b. poema
yaradıcılığında mükəmməl bir məcaz
sisteminin varlığı onların bu janrda qələmə
aldığı əsərlərin daha maraqla oxunmasına və
yadda qalmasına zəmin yaradır. Poemalarda ən
çox işlənən məcaz növlərindən biri
müxtəlif üsullarla, müxtəlif səviyyələrdə
yaradılan epitetlərdir. Baş qəhrəmanların,
ayrı-ayrı obrazların portret cizgilərinin
yaradılmasında, onların zahiri görkəminin, daxili aləminin,
xarakterinin səciyyəvi xüsusiyyətlərinin
açılmasında Güney şairlərinin ən
çox köməyinə gələn bədii təsvir və
ifadə vasitələridir. Bu poemalarda
işlədilən saysız-hesabsız epitetləri onlar məhz
obrazların xarakterinə uyğun olaraq seçiblər.
Mənfi obrazı səciyyələndirməkdən
ötrü ən kəskin, xoşagəlməz ifadələr
işlətdikləri halda, “müsbət obrazlardan da
ötrü səmimi, istiqanlı, mehriban ifadələri əsirgəmir,
bu isə oxucunun əsəri qavramasını müəyyən
istiqamətə yönəldir.”
Ədəbiyyatı obrazlı təfəkkürü
ifadə edən bədii dil yaradır. Bədii dilin
çox mühüm tərkib hissəsi, obrazlı desək,
libası, bəzəyi isə bədii təsvir və ifadə
vasitələridir. Ədəbiyyatşünaslıqda
bədii təsvir vasitələri məcazlar kimi də təqdim
edilir. Bədii əsəri məcazsız
təsvir etmək mümkünsüzdür. Çünki dildə sözlər müxtəlif mənalarda
işlənə bildiyindən təbii olaraq sözün həqiqi
və məcazi mənaları meydana çıxır. Poemalara da bu cəhət xasdır. F.e.d. Rafiq
Yusifoğlu irihəcmli əsərlərdə-poemalarda bədii
təsvir vasitələrinin rolu, mühüm əhəmiyyəti
haqqında yazır: «Poema poetik əsərlər
sırasına daxil olduğundan, ondakı bədii təsvir və
ifadə vasitələrindən danışmağa da ehtiyac
duyulur. Hər hansı bir sənət əsərinə, abidəyə
vurulan naxışlar, ornamentlər ona gözəllik gətirdiyi
kimi, bədii əsəri də gözəlləşdirən
epitetlər, təşbehlər, metaforalar, metonimiyalar,
mübaliğələr, litotalar və s. bu kimi məcazlardır.”
Əslində bədii təsvir vasitələri sözün
kəsb etdiyi məna ilə bağlıdır. Deməli, bədii
təsvir vasitələrini aydın dərk etmək
üçün, hər şeydən öncə,
sözün həqiqi və məcazi mənalarını bilmək
gərəkdir. Təbii ki, sözün həqiqi
mənasından fərqli olaraq məcazi mənası onun
bilavasitə daşıdığı deyil, şərti mənasıdır.
Bədii ədəbiyyatda sözün məcazi
mənada işlədilməsi çox əhəmiyyətlidir
və əsərə emosionallıq gətirir, hadisəni, əhvalatı,
danışığı poetikləşdirir, fikrin bədii təsir
gücünü artırır. Məsələn, Məcid
Şəbbağ Yalqız “Qanlı faciə” mənzuməsində
dağıdıcı xarakterli təbiət hadisəsi olan zəlzələni
divə, baş verdiyi məkanı nəfəsindən od
püskürən əjdahaya, divə bənzədir, həmin
müddəti isə qəmli, dəhşətli bir zaman kimi
xarakterizə edir, sözün məcazi mənalarını
bir-birindən orijinal bədii təsvir vasitələri-epitet,
təşbeh və metafora yaradır:
Qəmli,
dəhşətli zamandır!
Ölkəmizdə nə fəğandır, nə
tufandır.
Əjdaha
yer açıb ağzın div tək həvəsindən
Püskürür
od nəfəsindən…
Gələni
kamına çəkdi,
Nəfsini
saldı hara, yıxdı dağıtdı, oda çəkdi,
Zəlzələ
div kimi qanmır nə zamandır
Ya bura hansı məkandır?
Sözün
həqiqi və məcazi mənaları – epitetlər, təşbehlər,
metaforalar, metonimiyalar, simvollar və s. bütövlükdə
bədii təsvir vasitələri sistemini yaradır. Güney
Azərbaycanda bədii təsvir vasitələrindən zərgər
dəqiqliyi ilə istifadə edən və onların köməyilə
obrazlı ifadələr, ecazkar bədii təsvirlər, bənzərsiz
poetik lövhələr, bədii portrerlər yaradan şairlər
az deyil. Onların bədii təsvir
vasitələri yaratmaq üsulları son dərəcə əlvan,
rəngarəng, çoxqatlı və zəngindir. Bəzən fikrin bədii-emosional təsir
gücünü artırmaq üçün real həyat hadisələrini
əks etdirən misralarla yanaşı, elə misra-təşbeh,
epitet, yaxud metafora işlədirlər ki, yaranmış yeni
obrazlı ifadə orijinallığı ilə oxucunu həqiqətən
heyrətləndirir. A.Şalıgin də bu fikirdədir:
«Nitqin görümlülüyünü və
emosionallığını artıran ən əhəmiyyətli
vasitələrdən biri də epitetdir.“
“Epitet” - yunan sözüdür, məcazın növlərindəndir
və “bir sözü qüvvətləndirmək və zənginləşdirmək,
xassə vermək” üçün əsas sözə
qoşulan əlavə sözdür. Daha dəqiq desək,
epitet bədii təyindir və cümlədə də məhz
ikinci dərəcəli cümlə üzvü-təyin
rolunda çıxış edir.
Ustad
Şəhriyar «Nişapurda günəş batarkən» əsərində
bu əlamət və mahiyyəti epitet sözlərin vasitəsilə
belə sərgiləyir:
Cəmalin
elə bir şəm alışdırdı, sevgilim,
Elə şəm ki, əzəldən pərvanən idi
sənin.
Ağlımın
pərdəsini parçaladı məhəbbət,
Ağlım
çıxdı başımdan, divanən idi sənin…
Bu
parçada şair saflığı, təmizliyi, mənəvi
və idraki nə varsa, hamısını sevgiyə və həyata
aid edir, canlı bir epitet yaradır: «Alışan şəm,
pərvanə camal“ ağlı başdan
çıxaran gözəllik duyğusu və s. sevgiliyə
şamil edilir, amma sevgilinin-qızın özü də təmizliyi,
saflığı və gözəlliyi ilə birlikdə
sevgiyə və həyata aiddir. Həmçinin
«Ağlımın pərdəsini parçaladı məhəbbət»,
yəni „hissim-sevgim ağlıma qalib gəldi“
fikri ilə də epitetin gözəl nümunəsi təqdim
edilir. Parçalamaq əsasən heyvana, bəzən
də insana aid edilən əlamətdir, məhəbbət isə
məcazi sözdür, hiss, duyğudur. Diqqət
yetirdikdə şairin necə böyük sənətkarlıqla
epitet içində əlavə bir epitet, həm də metafora
yaratdığının şahidi oluruq. Bu, təbii ki,
poetik tapıntıdır və bu səviyyəli
uğurları da Şəhriyar kimi qüdrətli sənətkarlar
qazana bilirlər:
Şeir də
övlad tək canda bəslənir,
İlikdə,
sümükdə, qanda bəslənir…
Sənsən
başım üstə açılan səhər,
Sənsiz
gündüzüm də gecəyə dönər…
Şəhriyar
“Səhəndim” poemasında bu fərqi
qabarıqlaşdırır, başı dumanlı, uca Səhənd
dağını vüqarlı Şah dağına, kişinin
qeyrəti hesab edilən papağa, elin dayağına bənzətməklə,
təşbeh, həm də oxşarlığın tipik
nümunəsini-epitet yaratmış, təhkiyəni daha da
canlandırmışdır. Maraqlıdır ki, sanki eyni epitet
sıralanmasını, amma məna fərqilə Məcid
Şəbbağ Yalqızın ustad şairin “Səhəndiyyə”sinə
nəzirə olaraq yazdığı “Səməndiyyə”
poemasında izləyirik:
Şah bəyim!
Bal pətəyim,
gül- çiçəyim, nazlı səməndim,
Saçı
boynumda kəməndim!
Poetik
irsində daha çox həzin lirika duyulan Həbib Sahirə
bu özəlliyi qazandı-ran əsərlərini bədii təsvir
və bədii ifadə vasitələri ilə böyük
zövq və ustalıqla, əsl şair məharətilə
bəzəməsidir. Şairin lirikasında, həmçinin
poemalarında müşahidə olunan üslubi xüsusiyyətlərdən
biri rəğbət bəslədiyi qəhrəmanlarını
xüsusi məhəbbətlə təsvir edib, onların
portretlərini səciyyələndirərkən bədii təsvir
və ifadə vasitələri sistemindən sənətkarlıqla
istifadə etməsidir. Ümumiyyətlə,
“epitetlər müxtəlif üsullarla, müxtəlif səviyyələrdə
yaradılır. Bu müxtəliflik nəticəsində
insan xarakterinin daxili səciyyəsi, zahiri cizgiləri, hal-vəziyyəti
öz əksini tapır”.
Sahir də “Nərgiz” poemasında mənfi və müsbət
qəhrəmanların xarakterinə uyğun, əməllərinə
aydınlıq gətirən epitetlər işlədir. Poemanın baş qəhrəmanı
Nərgiz “uzun saçlı, gözəl sona, sarı
çiçək, pəri, ceyran, zavallı qız, qanadı
qırılmış quş”, hər il ayrı-ayrı ellərdən
bir qız qaçıraraq özünə kəniz edən
qoca xan isə “El xanı, yaşlı, başlı ağa,
aslan, vicdansız, gözəl qızlar ovçusu, yolkəsən,
karvansoyan, asi, qan içən, dişi düşmüş
heyvan, donqar, çürük başlı qoca” kimi təqdim
olunur:
Üç
ildir ki, obalarda dəyərsiz,
Həm
arvadam, qoca xana, həm kəniz!
Bu
vicdansız, gözəl qızlar ovçusu,
Bu yolkəsən,
karvan soyan, bu asi,
İndiyədək bir çox gəlin
qaçırmış.
Bir çox quşun qol-qanadın o qırmış.
Göründüyü kimi, Həbib Sahir bədii-estetik
vəzifələrin həllində qəhrəmanın zahiri
görkəmindən bir açar kimi istifadə edir. “Bu, daha
çox obraz haqqında ümumi təsəvvür yaratmaq məqsədi
güdür. Şair portret təsvirlərində
epitetlərin köməyi ilə obrazın xarici görkəmini
onun fərdi keyfiyyətlərinin təmsilçisinə
çevirir.”
Epitetlər Güney Azərbaycan şairlərinin
obrazlı təfəkkürü, bədii düşüncə
tərzi ilə üzvi surətdə bağlı olan
mühüm bir dil vasitəsidir. Bədii təyinlər-epitetlərlə
poetik donu daha da zənginləşən poema yüksək sənətkarlığın
aşkara çıxarılması üçün bir
meyardır. Bu meyar bir sıra görkəmli
yazarların poema yaradıcılığının daha təravətli,
obrazlı və təsirli olmasına zəmin yaradıb.
Böyük Səhənd də həmin sənətkarların
sırasındadır. F.e.d. S.Əmirov onun sənətkarlığını
yüksək qiymətləndirərək yazır:
“Poetikanın elmi-nəzəri və ədəbi-estetik
müddəalarına Güney ədəbiyyatında hansı
səviyyədə əməl olunub?” – sualına Səhəndin
“Sazımın sözü” əsərində müdrik cavablar
tapmaq mümkündür.”
Ədəbiyyat-şünas-alim Ruqiyyə Qənbərqızı
qeyd edir ki, «Səhəndi yetirən xalqın dərdləri də
keçmişi qədər böyükdür. İki əsrə
yaxındır ki, Azərbaycan xalqı və torpağı iki
yerə bölünmüşdür. Şair
poemasında bu tarixi müsibətdən və ədalətsizlikdən
ürəkağrısı ilə danışır. Səhənd bütün həyatı, yaradıcılığı
boyu Azərbaycan xalqının milli azadlığı, milli
birliyi uğrunda mübarizə aparıb. Şair
böyük bir həqiqəti dərk etmişdi ki, onun
xalqı ancaq Sovet Azərbaycanında yaşayan qardaş və
bacıları ilə birləşdiyi zaman azadlığın
nə olduğunu biləcək.”
“Araz”
poemasında işlətdiyi bədii təyinlər: “Azad həyat,
azad dil, azad nəğmə, azad tel, azad ürək, sədəfli
saz, əziz Qafqaz, mavi göylər, almaz donlu göylər, səadətli
həyat, haqq söz” və s. kimi epitetlərdə Səhəndin
Quzey Azərbaycanda qələbə çalmış sosializm
quruluşuna, burada baş verən hadisələrə və
insanlara pozitiv münasibəti və sevgisi aydın
görünür. Şairin heyrət və
sevinc, nifrət və narazılıq, kədər və
özləm duyğularını emo-sional şəkildə
ifadə etməsində köməyinə gələn epitetlərin
“seçilməsi təkcə zövqə görə deyil, həm
də, onunla yanaşı, fikrin tələbinə görə”
həyata keçirilir. Əhməd Alovun «Ərk
qalası» poemasında isə məcazlarla yanaşı,
şairin fikirlərinin fəlsəfi yükü də oxucunun
diqqətindən qaçmır, onu
düşündürür:
Axşamdır, qaranlıq yağır göylərdən.
Qərq olmuş gəmiyə bənzəyir şəhər.
Cumur zülmətlərə o, yavaş-yavaş.
Şairin hadisələrə fəlsəfi
yanaşması əsərin bədii təsir
gücünü artırmaqla bərabər, oxucuda hadisələrin
sonrakı gedişinə marağı artırır. Həmçinin
qaranlığın göydən yağması-axşamın
düşməsi və qədim Təbriz şəhərinin
qərq olmuş gəmiyə bənzədilməsi orijinal təşbehlərdir.
“Qərq olmuş gəmi” ifadəsi isə eyni
zamanda epitetdir. Şairin qaranlığa
bürünmüş şəhərin “yoxa
çıxması”nı, yəni artıq
gecənin öz həyatının
başlandığını, onun da gecə ömrünü
yaşadığını böyük ustalıqla verməsi
oxucunu heyrətləndirir. Təbii ki,
qaranlıq düşərkən ətrafın görünməz
olması təbii haldır. Lakin belə
bir halın bədii-fəlsəfi dillə xarakterizə edilməsi
əsl sənətkarlıqdır.
Esmira FUAD
ədəbiyyatşünas
Xalq Cəbhəsi.- 2016.- 4 may.-
S.14.