Azərbaycanda din və məzhəblərin
fəlsəfi mahiyyəti
(əvvəli ötən sayımızda, V
yazı)
A.Bakıxanov əsrinin elmi nailiyyətlərindən
çıxış edərək mənəvi təkmilləşmədə
elmə, elmlə əməlin (praktikanın)
bağlılığına və mövcudatın rasional dərkinə
xüsusi əhəmiyyət verirdi. A.Bakıxanovun fəlsəfi
və etik görüşləri, əsasən “Əxlaqi
kamilləşmə” və “Nəsihət kitabı” əsərlərində
əksini tapmışdır. Həmin əsərlərdə
fəlsəfənin, fəlsəfi və etik kateqoriyaların
tərifi, onların nisbiliyi, mövcudatda səbəbiyyət,
inkişaf və qanunauyğunluğun problemlərindən bəhs
olunur. Bu problemlərin rasional dərkini
onların kamilləşən insan tərəfindən həll
edilməsi əsası kimi təsəvvür edən
A.Bakıxanov, məhz bu yolla vahid ailə saydığı bəşəriyyətin
xoşbəxtliyə çatmasına inanırdı. Digər tərəfdən, A.Bakıxanovun sufizm təmayüllü
dünyagörüşünə görə, həqiqi
xoşbəxtlik mistik kamilləşmə yolu ilə vəhdəti
dərketmə və fəna yolu ilə bəqaya (İlahi əbədiyyətə)
qovuşmaqdır.
İctimai görüşlərində kamil insan və təkmil
cəmiyyət konsepsiyasından çıxış edən
A.Bakıxanov sübut etməyə
çalışırdı ki, dünya nizamının əsasını
sosial bərabərsizlik təşkil edir.
XIX əsrin görkəmli mütəfəkkir,
maarifçi və alimlərindən biri də,
yaradıcılığı ilə Azərbaycan və rus mədəniyyətlərini
təmsil edən Qazan və Peterburq Universitetlərinin
professoru Mirzə Məhəmməd Əli Kazım bəy idi. Bir neçə
Şərq və Avropa dillərini bilən, rus şərqşünaslığının
banilərindən olan Mirzə Kazım bəy XIX əsr Asiya və
Avropanın elmi dairələrində şöhrət
qazanıb. Mirzə Kazım bəyin mədəniyyət
fəlsəfəsinə, Şərq ictimai-siyasi və fəlsəfi
cərəyanlarına, İslam tarixinə və Quranın təfsirinə,
mənəviyyat və qnoseologiya problemlərinə, dilin
inkişaf qanunauyğunluqlarına həsr edilmiş əsərləri
elmi dəyəri, çoxşaxəliliyi və
orijinallığı ilə fərqlənir.
Mirzə Kazım bəy xurafatın əleyhinə çıxmış, maarifi və elmi yüksək dəyərləndirib. O, elmin milli və bölgə zəmininin olmasının vacibliyini xüsusi qeyd edirdi: “Qərb öz siyasəti ilə Asiyada maarifi bərpa edə bilməz… ölkənin islahatçıları ölkənin özündə doğulmalıdırlar”. M.Kazım bəyin “Bab və babilər” əsərində təbiətin bir-birindən fərqli, öz qanunlarına tabe üç (maddi, mənəvi və ruhani) aləmdən ibarət olmasından, təfəkkürün mənşəyinin gizli qüvvə, insan mənəviyyatının isə azad iradə ilə bağlılığından bəhs olunur. Onun “Firdövsiyə görə mifologiya” əsərində müxtəlif bölgə mifləri, onların mənşəyi və təşəkkülündə ədəbi və dini təfəkkür formaları və psixoloji amillər tədqiq edilmiş, “Şamil və müridizm”, “Bab və babilər” kitablarında isə sosial zülm və xarici istibdada qarşı yönəlmiş Şamil hərəkatı və babiliyin İslam bölgəsi təriqətləri ilə bağlı fəlsəfi, sosial, dini və etik görüşlərinin elmi şərhi verilib.
XIX əsr Azərbaycan ictimai-fəlsəfi fikir
tarixi M.F.Axundzadənin (Axundov) “Kəmalüddövlə məktubları”,
“Mollayi Ruminin və onun təsnifinin babında”, “Həkimi-ingilis
Yuma cavab”, “Yek kəlmə haqqında” və s. əsərlərində
əksini tapıb. Mirzə Fətəli Axundzadənin
dünyagörüşünün mənbəyi Azərbaycan,
bütövlükdə İslam Şərqi, Qərb və
rus mədəniyyətləri, ilk növbədə, fəlsəfi
təlimləri və elmi nailiyyətləri olub. Onun fəlsəfi
irsinin ontoloji aspekti materialist və ateist, qnoseoloji aspekti isə
rasionalist təmayüllü idi. M.F.Axundzadəyə
görə, Kainat – əsasında hissəciklərdən
(atomlardan) ibarət maddi substansiya duran, əvvəli və sonu
olmayan kamil, bütöv və vahid varlıqdır. Zaman və məkan onun zəruri atributlarıdır.
Maddi varlıq daim hərəkətdədir,
qanunauyğunluğa söykənir və bunların
mövcudluğunda İlahi qüvvənin iştirakı
yoxdur. Kainat həm yaradan, həm
yaradılandır. Rasionalizmə söykənən
M.F.Axundzadə maddi varlığın insan hissləri, əqli
və müxtəlif elmlər vasitəsilə dərkini təsdiq
edirdi. Onun dünyagörüşündə
dialektika mexanistik baxışlarla birgə mövcuddur.
Kainatda qarşılıqlı əlaqə,
asılılıq, səbəb və nəticə, hissə
ilə tamın vəhdətini görən M.F.Axundzadə hərəkəti
yerdəyişmə və təkcə kəmiyyət dəyişiklikləri
kimi qəbul etmiş, zaman daxilində kəmiyyət dəyişikliklərinin
isə dairəvi hərəkət daxilində baş verdiyini
söyləyib. Başqa sözlə, M.F.Axundzadə
yüksələn xətt üzrə inkişaf
ideyasını qəbul etmirdi. Onun fəlsəfi
əsərlərində materializm və rasionalizmin şərhi
və müdafiəsi idealizm, teologiya və aqnostisizm prinsiplərinin
tənqidi ilə paralel verilir. M.F.Axundzadə
bir çox Azərbaycan maarifçilərindən fərqli
olaraq din və dini dünyagörüşü ilə
ardıcıl mübarizə aparıb. Onun İslam dininə,
bu dinlə bağlı adət və ənənələrə
qarşı radikalizmlə səciyyələnən və bir
sıra məqamlarda obyektivlikdən kənar kəskin
çıxışlarına səbəb dinin və dini
dünyagörüşünün, Azərbaycan xalqı da
daxil olmaqla, İslam bölgəsi xalqlarını maarifdən
və Qərb inkişafından geri qoyduğunu hesab etməsidir.
M.F.Axundzadənin
ərəb əlifbasının sadələşdirilməsi,
yaxud latın əlifbası ilə əvəz
olunması uğrunda apardığı mübarizə də
bununla bağlı idi. M.F.Axundzadə tərəfindən
İslam və İslamla bağlı həyat və
düşüncə tərzinin tənqidinin bir səbəbi
də toxunduğu problemlərə marağı artırmaq məqsədi
olub. O, azadlığın insana əzəli məxsusluğunu
qəbul edir, azadfikirliliyi təbliğ edir, bəşəriyyətə
azadlığı filosof və alimlərin gətirəcəyinə
inanırdı. İnsanların əmlak bərabərliyindən
deyil, hüquq bərabərliyindən bəhs edən
M.F.Axundzadə qadınlar və kişilər arasında
hüquq bərabərliyinə xüsusi diqqət verirdi.
M.F.Axundzadənin fəlsəfi
dünyagörüşü Şərqin mədəni həyatına
böyük təsir göstərib.
XIX əsr
Azərbaycan maarifçilərindən olan təbiətşünas
alim və mütəfəkkir Həsən bəy Zərdabi
Rusiya hakim dairələrinin təzyiq və təqiblərinə
baxmayaraq xalqı maarifləndirmək, ona hüquqlarını
başa salmaq məqsədilə Azərbaycanda ilk azərbaycandilli
qəzet və ilk milli teatr yaratmış, ölkədə
ilk Azərbaycan müəllimləri qurultayının
çağırılmasının təşəbbüsçüsü
olub. Bir nəzəriyyəçi kimi Zərdabi
xalqın “etnik özünümühafizəsi” probleminə
mühüm diqqət yetirmişdir. Onun bu
konsepsiyasında xalqın maariflənməsində dil, mədəniyyət
və din fenomenlərinə xüsusi diqqət verilirdi. “Maarifdən təcrid olmaq xalqın məhvi deməkdir”-
söyləyən Zərdabi xalqın mənlik şüurunu
oyatmağa, onu xurafatdan xilas etməyə
çalışır, milli qırğına təhrik edən
erməni millətçilərini mətbuatda kəskin tənqid
edirdi.
Mövhumat və cəhalətin elm və maarifə zidd
olduğunu göstərən Zərdabi dini idealizm mövqeyindən
çıxış edən Lev Tolstoyun insanın ilahiləşdirilməsinə
aparan görüşlərini də tənqid edirdi. Cəmiyyətdə
sosial bərabərsizliyə insanların elmi və mənəvi
kamilləşməsi ilə son qoyulacağına inanan Zərdabi
maarif zəminində siniflər arasında ümumi dil
tapmağa səsləyirdi. Zərdabi
bütün yaradıcılığı boyu zəhmətkeş
xalqın havadarı və müdafiəçisi olub.
XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikrində
Şərq və dünya mədəniyyətində Cəmaləddin
Əfqaninin mənəvi irsi xüsusi yer tutur. O, Azərbaycan, İran,
Əfqanıstan, Hindistan, Misir, Türkiyə, Rusiya, Fransa,
İngiltərə və s. ölkələrdə fəaliyyət
göstərmiş, dövrünün qlobal sosialsiyasi və mədəni
reallıqlarından çıxış edərək Şərqin
Qərb müstəmləkəçiliyindən
xilasının ideoloji və siyasi yollarını
axtarmış, bununla bağlı nəzəri və praktiki
proqramlar hazırlayaraq həmin proqramların həyata
keçirilməsində şəxsən iştirak edib. Sonralar Azərbaycan və Şərq İslam
bölgəsinin ictimai-fəlsəfi fikrində bu bölgə
xalqlarının qlobal məkanda özünütəsdiq və
siyasi istiqlalının islamlaşma, milliləşmə və
müasirləşmə ideyalarına əsaslanan və
müxtəlif formalarda təzahür edən nəzəri-fəlsəfi
konsepsiyaları C.Əfqaninin mənəvi irsindən
qaynaqlanıb. İdealizm mövqeyində duran
C.Əfqaninin fəlsəfəsində tərəqqi, hakimiyyət,
dövlət, millət, din, dil, mədəniyyət və s.
sosial fenomenlərin orijinal analitik təhlili öz dövrü
üçün sosial aktuallığı ilə fərqlənirdi.
Onun nəzəri baxımdan XIX əsr Şərq
Maarifçiliyinin liberal ideyalarına daha çox meyilli olan fəlsəfi
və ictimai-siyasi görüşləri “Materializmin təkzibi”,
“Renana cavab”, “Milli vəhdət fəlsəfəsi və
birliyin mahiyyəti”, “İslami reforma”, “Tərəqqinin ən
böyük düşməni mütləqiyyətdir” və
s. əsərlərində əksini tapıb.
XIX əsrin fəlsəfi irsi XX əsrdə Azərbaycanda
liberal Maarifçilik fəlsəfəsi ilə bərabər
radikal inqilabi demokratizm və marksizm cərəyanlarının
təşəkkülü üçün qaynaq və
bünövrə oldu. XX əsrdə Azərbaycan fəlsəfi fikri keyfiyyətcə
fərqli bir neçə mərhələ keçmişdir:
1920-ci ilədək, 1920–1991-ci illər və 1991-ci ildən
sonrakı postsovet dövrü. XX əsrin əvvəllərində
dünyada, ilk növbədə, Rusiya imperiyasında sinfi
ziddiyyətlər və müstəmləkəçiliyə
qarşı mübarizənin inqilablar silsiləsi ilə
tamamlanması və bu dövrün mürəkkəb ictimai və
fəlsəfi fikrinin Azərbaycanda fəlsəfənin
inkişaf qaynaqlarını təşkil etməsi ölkənin
siyasi, mənəvi-mədəni və milli intibahı
üçün zəmin olmuşdur. Bu illərdə
Azərbaycanda, əsasən sosial fəlsəfə və etik
fikir inkişaf edirdi. Dövrün ideologiyasını
formalaşdıran mütəfəkkir və siyasətçilər
sosial-iqtisadi, dini və milli problemlərin qoyuluşuna görə
Azərbaycan sosial-fəlsəfi fikrinin keyfiyyətcə fərqli
cərəyanlarını təmsil edirlər. Bunların içində liberal milli burjua və
radikal marksizm təlimlərinin qarşıdurması mövcud
idi. Şərqə, Qərbə və
Rusiyaya siyasi və mədəni yönümlənmədə
də fərqlər özünü göstərirdi.
Azərbaycanda fəlsəfi fikir 1905–1907 illərə qədər,
demək olar ki, tamamilə, sonra isə qismən
Maarifçilik cərəyanı çərçivəsində
inkişaf edib.
Azərbaycanın milli intellektual irsindən
çıxış edən rus, Şərq və Qərb mədəni
dəyərlərinə və fəlsəfi təlimlərinə
yiyələnmiş ziyalılar inanırdılar ki, cəmiyyətin
bütün bəlaları cəhalətdən doğur.
Onlar Maarifçilik ideyalarını, elmi, siyasi
və hüquqi bilikləri yaymaqla cəmiyyətin sosial dəyişməsinə,
xalqın xoşbəxtliyinə, demokratiya və humanizmin qərarlaşmasına
nail olmağın mümkünlüyünə
inanırdılar. Bəzi əsərlərdə
Azərbaycan Maarifçiliyi sosial yönümündən
asılı olaraq mülkədar, müsəlman-islahatçı,
liberal-demokratik, radikal-demokratik və inqilabi-demokratik istiqamətlərə
bölünür. Həmin cərəyanları
birləşdirən amillər Rusiya çarizminə neqativ
münasibət və milli ideya idi ki, öz təzahürünü
millətin suverenliyi və hüquq bərabərliyi tələblərində
tapırdı.
Cavid
Xalq Cəbhəsi.- 2016.- 4 may.- S.13