Güney Azərbaycan şairlərinin yaradıcılığı ilə bağlı düşüncələr

 

II yazı

 

Həsən Məcidzadə Savalanın əsərlərində məcazların, folklor nümunələrinin bolluğu, əlbəttə, onun da bir söz ustadı kimi xalq ruhuna yaxınlığının bəlirtisidir. Şairin qələmindən sənətkarlıqla süzülən xeyli sayda bayatı, fikrin ən yığcam, yüksək bədii-poetik ladda ifadə forması olan lakonik şeirlərdir. «Bahar bayramı» poemasında bu qəlibdə yazdığı nümunələrdə də məcazlar çoxluq təşkil edir, metaforik xüsusiyyətlər qabarıq nəzərə çarpır. Şairin “qızıl günəş” təşbeh-söz birləşməsindəki epitetə diqqət yetirək:

 

Qızıl günəş işıq salıb,

Min çiçəklə gəlib bahar.

 

Xalq həyatını, ictimai gerçəkliyi təcəssüm etdirən və real hadisələrə bədii dəyər qazandıran Savalan, sonrakı “Atalardan bir söz qalıb, Hər gecənin gündüzü var” beytində xalq ənənələrini inikas etdirməyə nail olub.

Haşım Tərlan da poemalarında rəngarəng məcaz sistemi yaradıb. Şairin təş-beh, mübaliğə, epitet, metafora yaratmaq ustalığı həqiqətən böyük maraq doğurur:

 

Yenə də köksümdə çırpınır ürək,

Qəhrəman yaradır tarixin əli,

Önündə qul kimi baş əyir həyat.

Ucalır göylərə məğrur heykəlin.

 

“Başına gül səpir göydən kainat”, “Tarixin hökmünü oxuyur zaman”, “Tehran qəzəblidir, çatılmış qaşı”, “İzdiham əlində titrəyir şəhər”, “Şəhər qəzəblidir, şəhər xəstədir”, “Ellər dalğalanır ürəyində kin”, “Gizlin camalını açdı inqilab” kimi nümunələrdə şairin qanadlı fikirləri orijinal epitetlərlə oxucuya təqdim olunur…

Mahmud Sadıqpur Şaminin “Daşlı yol” poeması da bədii təsvir və bədii ifadə vasitələrinin zənginliyi ilə diqqət çəkir:

 

Zağalar var, dənizlər var bu yolda –

Dəli çaylar, haray salan vulkanlar…

 

Bu bənddəki “dəli çay və haray salan vulkanlar “ ifadələrində “dəli” sözü ipə-sapa yatmayan çayın, “haray salan” isə püskürən vulkanın xarakterini təyin edən epitetlərdir. Maraqlıdır ki, Mirzə Məhəmməd də “Həcrinin taleyi” poemasında “dəli sel” ifadəsi ilə epitet yaradıb:

 

Qıvrıldı, açıldı əjdaha kimi,

Dəli sel şəhərdə tufan qopardı…

 

Yəni selin əjdaha kimi qıvrılıb açılaraq tufan qoparan, şəhər və kəndləri dağıdıb viran qoyan dəhşətli qüvvə olduğunu bədii təyin vasitəsilə – sifət şəklində müəyyənləşdirib.

Bədii təsvir və ifadə vasitələrindən geniş surətdə istifadə edən Muradəli Qureyşi Qaflantının “Bizim kəndin bir illik tarixi” poemasındakı “Azər ellərinin yaslı günüydü, Qanlı ürəyinin paslı günüydü” – misralarında “yaslı gün”, “paslı gün” və “qanlı ürək” ifadələri ilə ardıcıl olaraq üç epitet yaradılıb. Qaflantı bu epitetlərlə 21 Azər Hərəkatının qələbə çalmasından sonra Güney Azərbaycanda qurulmuş Milli Hökumətin Rza şah Pəhləvi qoşunlarının xarici havadarlarının köməyilə xüsusi qəddarlıq və görünməmiş amansızlıqla məğlub etdiyi qanlı olayı xarakterizə etmişdir.

Məhəmməd Biriyanın yaradıcılığında məcazlar üstünlük təşkil etdiyini görürük. “Ərk qalası əfsanəsi” poemasında bu cəhət daha aydın müşahidə olunur. Poemada xəyanət nəticəsində sevgilisini itirmiş, məhəbbəti sanki daşlara dəyib çilik-çilik olmuş Qara qulun qəmdən, qüssədən belinin büküldüyünü və necə iztirab çəkdiyini, mənəvi ağrılar burulğanında çabaladığını his edirik.

Şairin poemada canlandırdığı baş qəhrəmanın – eşqi yolunda can çürütmüş aşiq insanın – Qara qulun çəkdiyi iztirablar üzündən həyat eşqi sönüb, bütün varlığını bədbin ruh çulğayıb. Bu poemada xəyalən dialoq quran və aşiq insanın nə üçün bu qədər əzaba düçar olduğunun səbəblərini göstərən şair həmin dialoq vasitəsilə poemada cərəyan edən hadisələrə aydınlıq gətirir, oxucunu narahatlıqdan qurtarır. Poemada bədii sual, təzad, təkrir, epitet və s. məcazlardan geniş istifadə olunması nakam aşiqin qəm dastanının daha emosional bir dillə ifadəsinə yardımçı olur. Hətta şair seçdiyi epitetlərlə dünyanın bütün gözəlliklərinin eşqində məğlub olduğunu düşünən Qara qulun nəzərində mənasızlaşdığını oxucusuna çatdırır:

 

Bu gözəl, səfalı, xoş mənzərələr,

Nə üçün ruhuna etməyir əsər?

 

Şəhriyarın “Mumiyalanmış adam” poemasında metaforik xüsusiyyətlər diqqətdən kənarda qalmır: “Dumanlı və qaranlıq bir çayxana, Qucaqlayıb səkilərin dizini” misralarında çayxananın əlamətlərini bildirən “dumanlı və qaranlıq” epitetləri “səkilərin dizini qucaqlamaq” kimi orijinal metaforanın yaranmasına bir körpüdür. “Heydərbabaya salam” poemasında bədii təsvir vasitələri ilə yanaşı, bədii ifadə vasitələrindən də məharətlə istifadə faktları istənilən qədərdir:

 

Bir çıxaydım Damqayanın başına,

Bir baxaydım keçmişinə, yaşına.

Bir görəydim nələr gəlmiş başına,

Mən də onun qarlarıynan ağlardım,

Qış donduran ürəkləri dağlardım…

 

Bu beşlikdə təkrir, metafora və “Qış donduran ürəklər” kimi təkrarsız, bənzərsiz epitetin verilməsi emosional deyim tərzi yaradıb.

Qeyd etdiyimiz kimi, Güney şairlərinin yaradıcılığında diqqəti cəlb edən əsas xüsusiyyətlərdən biri hər hansı fikir, ideya və amalın təzə obraz və epitetlər vasitəsilə təcəssüm etdirilməsi, bədii fikrin oxucuya orijinal bir formada çatdırılmasıdır. Onların lirik şeir və poemalarında əsasən, isim, sifət və feli sifətlə ifadə olunuan sadə, həm də feli sifət tərkibləri ilə düzələn mürəkkəb epitetlər işlənib. Feli sifətlə ifadə olunan sadə və mürəkkəb epitetlərdən istifadəyə daha çox rast gəlinir. Əslində “epitet həm bir, həm də bir neçə sözlə ifadə edilir. Sadə və düzəltmə olmağından asılı olmayaraq, bir sözlə ifadə olunan epitet sadə epitet, bir neçə sözlə ifadə olunan epitetsə mürəkkəb epitet hesab olunur”.

Obrazlı deyim tərzi, bədii-fəlsəfi təfəkkür daha qabarıq olan Bulud Qaraçorlu Səhəndin yaradıcılığında milli düşüncənin kökləri dərindir. Onun şeir və poemalarında milli düşüncə bədii təsvir və ifadə vasitələrinin, sadə və mürəkkəb epitetlərin vasitəsilə daha təsirli şəkildə oxucu təfəkkürünə ötürülür. “Sazımın sözü” poemasındakı bu nümunələr – “Həqq yandıran çırağımız, kor olmuş göz, boyu uzun, saçı uzun, kövşəni bürüyən sükut, qəhrəman el, qara dövran, qara ruzigar, əprimiş Qorqud, sicilləmə-sicilləmə söz, irq birligi, qan birligi zurnası, şahbaz ayğır at, mərd arxa, altun işıq cübbə, ala gözlü igidlər” sadə və mənalı, şair idealını yansıdan, bədii məqsədin açılmasına yardım edən təptəzə epitetlər, orijinal məcazlardır. Səhəndin nəzmə çəkdiyi “Kitabi-Dədə Qorqud” dastanında da qəhrəmanlıqla bağlı seçilmiş epitetlər Oğuz cəmiyyətinin üzvü olan insanların qəhrəmanlıq anlayışını göstərir. Bu birliyi, milli varlığı qorumağın yeganə yolu da qəhrəmanlıqdır. Dastanda Oğuz ellərini idarə edənlərin həyat anlayışı, insani münasibətləri, ailə quruluşu və dəyərləri ideallaşdırılır. Bu hədəfə çatmaqda isə epitetlər xüsusi rol oynayır.”

Ustad Şəhriyarın “Səhəndim” və Kərim Məşrutəçi Sönməzin “İsanın son şamı” poemalarından örnək gətirdiyimiz yuxarıdakı misralarda mürəkkəb epi-tetlərin ən bariz nümunələrini görür, Səhəndin “Sazımın sözü” epopeyasındakı mürəkkəb epitetlər silsiləsinin isə bir dəniz fənəri tək müəllif qayəsinin istiqamətini bəlləməsinin şahidi oluruq.

Güney Azərbaycanda Sabir, Mirzə Əli Möcüz satira məktəbinin ən layiqli nümayəndələrindən biri kimi xalqın və ölkənin ciddi problemlərinə əsl vətəndaşlıq mövqeyindən yanaşaraq çevik poetik münasibət sərgiləyən Məcid Şəbbağ Yalqız Təbriz zəlzələsi zamanı da susmamış “Qanlı faciə” poemasını yazaraq təbii fəlakətə düçar olan və böyük itkilərlə üz-üzə qalan xalqının yaşadığı dəhşətli faciəni, ölüm-itimi, böyük kədəri məhz yaratdığı orijinal təşbeh, metafora, epitet və s. kimi bədii təsvir vasitələrilə daha dolğun ifadə edib və oxucuya daha təsirli şəkildə çatdırıb. Yalqız poemada zəlzələnin baş verdiyi o məşum vaxtı o qədər yüksək poetika ilə təsvir edir ki, dərin təfəkkürünün məhsulu olan və bir neçə sözlə ifadə edilən mürəkkəb epitetlərin mükəmməlliyi oxucunu heyrətləndirir:

 

Gecə keçmiş yarıdan, hər yerə zülmət əl atan vaxt,

O qara pərdə dalında hər yeri al qana qatan vaxt.

Az qalırdı çıxa dan ulduzu ta sübhə çatan vaxt,

Çalışıb gündüzü ellər, gecəni xəstə yatan vaxt.

Zalimin məzluma hər yerdə gəlib bir də batan vaxt,

Ellərin bəxti yatan vaxt, qara yel kamə çatan vaxt,

Qara günlük oyanıb zəlzələ adlı topun atdı...

 

Bu məqamda təkcə Yalqızın deyil, Şəhriyar, Sahir, Səhənd, Savalan, Yanar, Haray, Şami, H.Cəfərinin, eləcə də əksər Güney şairlərinin şeir və poemalarında tez-tez işlətdikləri “qara gün” ifadəsinə diqqət yetirməyi gərəkli sayırıq. Mahmud Sadıqpurun “Gədiklərdə qara yellər uvuldar, Zirvələr var baxanda göz qaralar” (“Daşlı yol”), Səhəndin poemasındakı:

 

Mənə qulaq as, Aydın,

Eşit qara günümdən.

…Səadətli bir həyat

Çəkir sənin nazını.

Qara qış qarsamayır

Baharuvu, yazuvu

 

- parçalarında sırf məcazın varlığının fərqindəyik. Amma diqqətlə nəzər yetirəndə, görürük ki, “Qara gün” fikri heç də ayın günlərindən birinin qara olmasına dəlalət etmir, şair burada özünü “Qara gün” adlandırır – (əslində, “Qaragün” sözü birlikdə yazılan xüsusi isimdir, hətta ləqəb kimi də işlənir (“Kitabi-Dədə Qorqud”da Qaragünə qəhrəman obrazıdır, nəticə etibarilə mübtədadır, yəni epitet yarada bilmir - E.F.). Əlbəttə, həm də “gün” say etibarilə ayı (30-31 günü) tamamlayan göstəricidir. “Qara” sözü isə rəng bildirir. Bu səbəbdən, “gün qaradır” ifadəsi sözün məcazi mənasıdır və “qara gün”, “qara yel”, “qara qış” ifadələri də heç şübhəsiz, məcazdır və “qara” sözü məcazi mənada işlənərək poetik funksiyasını yerinə yetirir və yuxarıdakı misralarda epitet rolunda çıxış edir. Deməli, “qara gün” ifadəsinin möhtəvasında günün rənginin qaralığı deyil, bir şəxsin, yaxud millətin, bir xalqın əzablı, ağrılı, dərdli-ələmli, ölüm-itimli tale yaşaması durur… Həm də türkcədə “qara” sözü həm də “böyük” mənasını da təcəssüm etdirir. Bu halda, yenə də “qara gün” ifadəsinin nüvəsində bir insanın taleyində, yaxud xalqın həyatında yaşadığı acıların böyüklüyü, dözülməzliyi gizlənir.

Bədii dilin inkişafında, hadisə və olayların, tarixi qəhrəmanların, ictimai-siyasi liderlərin fəaliyyətinin obrazlı bədii dillə təsvirində epitetlərin roluna qısa baxış onu deməyə əsas verir ki, “bədii təsvir və ifadə vasitələri o zaman güclü və təsirli olur ki, hadisənin daha canlı və daha dürüst ifadəsinə kömək etsin.”

 

Esmira FUAD

ədəbiyyatşünas

Xalq Cəbhəsi.- 2016.- 5 may.- S.14