Söhrab Tahir üçün ayrılıq sözü…

 

“Sənin zirvən azadlıqdır, o zirvənə çataram, Savalanım, Savalan

 

 

Tanınmış şair Söhrab Tahir bu həyatla vidalaşdı. Onun ikiyə bölünmüş Azərbaycanımızın nisgilini böyük bir yanğıyla ifadə edən şeirləri hər birimizi dərdə mərhəmlik, həmdəmlik üstə kökləyib. O, 1926-ci il avqustun 6-da İranın Astara şəhərində sənətkar ailəsində anadan olub. "Səadət" və "Şahpur" məktəblərində 9-cu sinfədək təhsil alıb, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə "İran-İngilis neft şirkəti"ndə işləməyə məcbur olub. Sovet ordusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib. 1946-cı ildə Bakıya təhsil almağa göndərilib. 1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası alıb. 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxuyub. 1959-1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, "Səhər" ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən "Azərbaycan" jurnalında redaktor, 1991-ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri olub.

Şair uzun illərdir şəkər xəstəliindən əziyyət çəkirdi. Son illərdə xəstəliyi şiddətlənən S.Tahirin hər iki ayağı amputasiya edilmişdi...

İkiyə bölünmüş Azərbaycanın dərdilə yaşamaq onillərdir ki, onun ömrünə, aqibətinə çevrilmişdi. Bu vaxta qədər Güney dərdimizlə bağlı neçə-neçə dərdli soydaşımız ömrünü başa vurub. Dərdlilər ölüb, böyük dərdimiz yenə də yaşayır…

Söhrab Tahirin Güney Azərbaycan dərdimiz üstə köklənmiş poeziyasında nəinki dərdi çağırmaq, dərdlə bir olmaq, dərdi yaşamaqla bağlı bitməyən həmdərdliyi vardı. Şair ağlı kəsəndən də əvvəl, ta beşikdən fitrətən ana dilini duyub, ona bağlanmışdı. Çünki bu dilin ulusun ruhundan ilahi bir soraq olduğunu iliyinə kimi duyur, bu duyğunu canlı yaşayırdı. Ancaq fars şovinizmi bu gün də milyonlarla soydaşımızı daim özgəçilik üstə kökləməyə, onu farslaşdırmağa çalışır. S.Tahir habelə türkün özgə dilində torpağa tapşırılmasını da anlamır, «öləndə də «əl-fatehəm» ərəbcədir»-deyir və sual verir: «Söylə görüm, tarix başı, hansı xalqın üç dili var, üç məsləyi.

Dil dərdimiz var: Azərbaycanımızın Güneyində bizi daim özgələşmədən qoruyan dilimizi əlimizdən almaq, ruhsuzlaşdırmaq istəyirlər. Bilirlər ki, dilsiz millət həm də başsızdır. S.Tahirin poeziyasındakı ayrılıq notu qəriblikdə qalan torpağımızın hər dağında, daşında hiss olunur. Ana yurdumuzun Qoşqarı, Kəpəzi Savalanından ayrı düşüb; öz dədə-baba torpağımızda qərar tutmuş Babək qalasına soydaşlarımızı həsrət qoyurlar. «Ver dilimi, al canımı» deyən şair ana dilini düşmən qarşısında ruhununsipəri sanır, ona daim güc-qüvvət verən dilimizin qiymətini, əvəzsizliyini gözəl anlayır. Bu sevgidəndir ki, onun Savalan dağına xitabı son dərəcə duyğuludur. Yurduna, ulusuna təpədən-dırnağacan bağlı olanda, üstəgəl də yurdunu öz dilində öymək imkanın olanda səni sevməyənlər hiss edirlər ki, bu sevginin qarşısında duruş gətirmək mümkün deyil. O, «Savalanım»-deyə müraciət etdiyi dağı öyür, onun üçün bulud, günəş, yağış olmağı fəxarət sayır. Savalan həm qüdrət rəmzidir, həm də zəriflik timsalıdır. Savalana deyir ki, əyninə zirehli qayalardan sipər çəksin, qayaları çiyninə aşırsın, bir ilahi ətir kimi, ruh kimi şairin ömrünə gəlsin.

Savalana az qala yalvarır ki,ətəyində məskən salıb, könlünü oymaq istəyən düşmənə qətiyyən inanmasın. Savalanın bu halında qalması bəsdir ki, milyonlarla soydaşımıza inanc, güvənc yeri olsun. Savalanın qüdrətindəndir ki, çox təpələr ona baxıb iftixardan dağlaşıb:

 

Ətəklərin gül xırmanı, gül içində bataram.

Qayaların sərin kölgə, kölgələnib yataram.

Güllə edib daşlarını sapandımda ataram.

Sənin zirvən azadlıqdır, o zirvənə çataram,

Savalanım, Savalan

 

«Ata» eposu haqda danışan S.Tahir deyirdi ki, əsər 50 min misradan çoxdur. Burada bir ərəb və fars sözüyoxdur: «Qədim əcdadlarımızın zamanında farslar, ya o biri xalqlar hələ bu torpaqlarda yox idilər. Farslar bizim eradan 2 min il əvvəl indiki İran torpaqlarına gəliblər. Midiya kimi dövlətçiliyimiz var idi. Eposda yazmışam ki, türkdilli tayfalar Fars körfəsindən başlayıb Buzboğaza (Berinq boğazı) qədər olan möhtəşəm ərazidə yaşayıb. Həmişə dünyada türkə, onun artmasına qarşı mümkün qədər imperiyalar maneçilik törədiblər».

Şair qayğılanırdı ki, dünyanın rəsmi qəbul etdiyi dillərdən biri də türk dili olmalıdır: «Türk dili Azərbaycan türkcəsinin timsalında tanınmalıdır, çünki dilimiz başqatürkdilli xalqların dilindən daha çox inkişaf edib. Dilimiz daha anlaşılan, birləşdirici faktora malikdir. Güclü xalqlar, dövlətlər qloballaşma zamanında da dillərini saxlayacaqlar. Ona görə də indidən əlləşməliyik. Həmişə özümüzü kənarda saxlayırıq, zəhmət çəkmək istəmirik. Bu mənada xalqı ayıltmaq hələ çox vaxt tələb edəcək». Ədəbiyyatşünas Gülxani Pənah S.Tahirin yaradıcılığını araşdırıb: «Söhrab Tahir Azərbaycan poeziyasının inkişafında dəsti-xətti olan sənətkarlarımızdan biridir. İstər sövet dövründə, istərsə də sonrakı illərdə baş verən ictimai-siyasi-mədəni hadisələr şairin yaradıcılığında bu və ya digər şəkildə öz bədii əksini tapıb».

«Azəri-Türk» eposu haqqında danışan araşdırmaçı deyir ki, Söhrab Tahir yüksək poetik dillə qələmə aldığı əsərində eramızdan təxminən 9 min il

əvvəl tarix səhnəsində mövcud olan, müxtəlif adlarla tanınan, Sakit okeandan Aralıq dənizinədək, Yaxın, Orta Asiyada, Sibirdən Çinə qədər böyük bir ərazidə özlərinin həm mədəni, həm də ictimai-tarixi izlərini qoruyub saxlayan türk tayfalarının yaşayışını, döyüş qabiliyyətini, ləyaqətini tərənnüm edir, mənsub olduğu Azərbaycan-Türk xalqının həyat və məişətinin bədii lövhələrini yaradır. Xalqına, soykökünə, onun yaratdığı milli-mənəvi dəyərlərə sadiq qalan Söhrab Tahir xalqımızın mənşəyini, ilk məskən saldıqları əraziləri, onların qədim həyat tərzini, milli varlığını dərindən öyrənib. Çünki onun dediyi kimi, «Azərbaycan xalqının varlığı, etnogenezi ilə əlaqədar elmi kitablarla yanaşı şamanizm, zərdüştizm haqqında kitablar, əsatir, əfsanə, dastan, nağıl, deyim və söyləncələr oxuduqca, onun qədim varlığını özündə əks etdirən sənədlərlə, qəhrəmanlıq eposları ilə tanış olduqca yavaş-yavaş dünyanın ən qədim, ən nəcib, ən döyüşkən, ən ləyaqətli və şücaətli xalqları olan türkdilli qəbilə, tayfa və ellərini, o cümlədən qədim Azərbaycan xalqının ən qədim tarixinin monumental mənzərələrini aydın şəkildə görməyə» başlayıb və bunlar ona imkan verib ki, milli-istiqlal hərəkatını özündə əks etdirən «Ata» kimi poema-eposu yarada bilsin.

S.Tahirin qələminə məxsus olan bu poema-epos xalq şeiri üslubunda yazılmış poetik bir əsərdir. Bir çox tarixi həqiqətləri özündə əks etdirən Dədə Qorqud, Koroğlu kimi epos-dastanlar xalq ədəbiyyatında, xalqımızın soykökündə duran oğuz tayfalarının həyat və məişətini özündə ehtiva edən mənbələr məlumdur. Yaranan hər bir epos-dastan o xalqın milli-bədii təfəkkürünün məhsuludur. Onlar cilalanıb qiymətli sənət əsəri kimi tanınana qədər uzun, tarixi bir inkişaf yolu keçərək daha da püxtələşib, bu keçimlərdə daha da cilalanıb, qiymətli sənət əsərinə çevrilib. S.Tahirin yaratdığı «Epos» biçimlənmiş zəngin türk-azəri təfəkkürünün məhsuludur. Mayasını özündən əvvəl yaranan xalq eposlarından götürüb. Türk xalqlarının ilkin dövrlərini, yüzillərin, illərin yaddaşına həkk etdiyi tarixini arayan, araşdıran şairin məqsədi minilliklərin içərisində itib-batmış, müxtəlif xalqların, dövlətlərin ərazisində bu günə qədər də mövcud olmaqda, qalmaqda olan türk mədəniyyət dünyasının yaşantılarını inkar etməyin mümkünsüzlüyünü, xalqının çox qədim, köklü-köməcli bir xalq olaraq qədimdən təşəkkül tapıb inkişaf etdiyini, tarixi, elmi araşdırmaların gəldiyi dəqiq qənaət zəminində noetikaya çevirmək, xalqına, eləcə də bütün dünyada Türk Dünyasının qədimliyini, ilkinliyini inkar etmək istəyən düşmənlərinə çatdırmaq, yalançı uydurma ideyalarla xalqının haqqını əlindən almağa çalışanları geri oturtmaqdır. Onun dili, mədəniyyəti, tarixi 9 min ildən də qabaq yaranmış olsa da, o yaşayır. Onu yaşadan varisləri, bu dilin sahibi olan müasir türk xalqlarıdır. Xalqın varlığı elə tarixin özüdür. Xalq özü bu tarixi kitabı, minillərin, minilliklərin maddi və mənəvi mədəniyyətini yaşadır, qoruyur, cilalayır, püxtələşdirir. Yurd sevgisi hər şeyə qalib gələndir”.

 

 

Uğur

Xalq Cəbhəsi.- 2016.- 6 may.- S.14.