Azərbaycanda dini
tolerantlıq: sosial-fəlsəfi təhlil
(əvvəli
ötən sayımızda)
Bu gün Şərqdə bəzi dövlətlər
dini və mənəvi identiklik böhranı
yaşayırlar. Müxtəlif qlobal güclərin də
marağı olan qeyri-sabitlik vəziyyəti bu cəmiyyətlərdə
vətəndaş konsensusuna mane olur. Azərbaycan
ötən əsrin 90-cı illərində bu problemlə
üzləşmişdir. Bu vəziyyətin
aradan qaldırılması üçün, qeyd etdiyimiz kimi,
“azərbaycançılıq” ideyası misilsiz rol oynadı.
Demokratik, dünyəvi dövlət
quruculuğu insanların bir identiklik formasını inkar edərək,
digərini qəbul etdiyi cəmiyyət demək deyil. Bu, mənəvi və hüquqi sanksiyaların ahəngini
təmin edən cəmiyyət deməkdir. İctimai şüurda dünyəvi və dini
idealların sintezi Azərbaycanda özünəməxsus milli
mənəvi identikliyi təmin etməklə, dövlətin
müəyyən etdiyi modernləşmə kursunun hədəflərindən
biri, cəmiyyətdə inkişaf və sabitliyin
qarantıdır.
Dövlət səviyyəsində
dözümlülük ədalətli və qərəzsiz
qanunvericilik, qanunçuluğa, məhkəmə-prosessual və
inzibati normalara əməl edilməsi deməkdir. Tolerantlıq
hər bir insana heç bir diskriminasiya olmadan iqtisadi və
sosial inkişaf imkanı yaradılmasını tələb
edir. Bu gün Azərbaycan Yer kürəsindəki ən
demokratik dövlətlərə belə nümunə ola biləcək bəşəri bir
tolerantlıq məkanıdır. O, ənənəvi dini
icmaların konstruktiv fəaliyyətindən və
qarşılıqlı ünsiyyətindən yaranmış
dünyəvi hakimiyyət və dövlət-din münasibətlərinin
nadir modelinin yarandığı ölkədir. Müqəddəs
islami dəyərlərdən bəhrələnib,
qarşılıqlı hörmət, faydalı ünsiyyət
və sarsılmaz əməkdaşlığa söykənən
tolerantlıq Azərbaycanda çox qədim tarixi köklərə
və zəngin ənənələrə malikdir.
Müstəqillik əldə edən respublikamızda
ardıcıl davam edən inkişaf prosesləri birmənalı
olaraq həm də mənəviyyat və mədəniyyət
sferasını da əhatə etmişdir.
Azərbaycanda dini etiqad azadlığının təmin
edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsini
vacib hesab edən Heydər Əliyevin fərmanı ilə
2001-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi yaradıldı.
Son illərdə isə Azərbaycan yalnız iqtisadi tərəqqi
göstəriciləri ilə deyil, həm də multietnik cəmiyyət
və milli dövlət münasibətlərinin necə tənzimlənməli
olduğunu bu illərdə dünyaya nümayiş
etdirmişdir.
Bu inkişaf mövcud sabitlik, vətəndaş
sülhü və mədəni özünüifadə imkanlarının
genişlənməsində təzahür edir.
Bu gün biz klassik demokratiya ölkəsi və örnəyi
olan qabaqcıl dövlətlərdə etnik, dini və irqi
münaqişələrin baş verməsini, bu cəmiyyətlərdə
parçalanma olduğunun etiraflarını eşidirik
(Ferqyuson hadisələri və Obamanın etirafı). Etnik, irqi və
dini zəmində ekstremizm və radikalizmin güclənməsi
halları, təəssüf ki, bu gün Avropada da baş verir
və geniş yayılmaqdadır.
Azərbaycan rəhbərliyi dünya siyasilərinin
artıq “vaxtı keçmiş, yanlış”
adlandırdıqları “multikulturalizm”in sözün əsl mənasında
himayədarına çevrilmiş, onun alternativi
olmadığını bəyan etmişdir. Dövlət
başçısı Bakı və Azərbaycan
Yeparxiyasının Pravoslav Dini-Mədəniyyət Mərkəzinin
açılışında qeyd etmişdir: “Multikulturalizm Azərbaycanın
dövlət siyasəti və həyat tərzidir. Təəssüf ki, belə fikirlər də var ki,
bəzi ölkələrdə multikulturalizm iflasa
uğrayıb, özünü doğrultmayıb. Əgər bu, həqiqətən belədirsə,
onda bu, ciddi müzakirə mövzusudur. Azərbaycanda
isə biz öz siyasətimizlə də, cəmiyyətin
durumu ilə də sübut edirik ki, multikulturalizm
yaşayır. O, dərin köklərə malikdir və
gələcəkdə bəşəriyyətin
inkişafının yeganə yoludur. Dünya
ölkələrinin əksəriyyəti multimədəni
ölkələrdir. Bu ölkələrdə
müxtəlif xalqların və müxtəlif dinlərin
nümayəndələri arasında dialoq, dostluq və
qardaşlıq münasibətləri gələcək
inkişafın əsasıdır”.
Qafqaz Müsəlmanları İdarəsi, onun sədri,
bütün Qafqazın şeyxi A.Paşazadənin həyata
keçirdiyi fəaliyyəti də Prezidentin bu mövqeyinə
ən böyük dəstəkdir. Bilavasitə
Şeyxülislam Hacı Allahşükür Paşazadənin
təşəbbüsü ilə təşkil edilən qlobal
sammitlər, forum və konfranslar Azərbaycanın dövlət
siyasəti olan tolerantlığa böyük töhfələr
verir.
Azərbaycan XXI əsrə özünün etnik zənginliyi ilə daxil olaraq istər çoxsaylı, istərsə də azsaylı bütün etnoslara eyni dövlət qayğısı ilə yanaşdığını beynəlxalq aləmə sübut edir. Azərbaycan reallığında etnik varlıqlar özlərinə məxsus adət-ənənələrin, din və dillərin, etnik psixologiyanın, maddi və mənəvi mədəniyyətlərin lokal səciyyəvi xüsusiyyətlərini qorumaqla yanaşı, Azərbaycan dilinə, adət-ənənələrinə, mənəvi dəyərlərinə yiyələnmişlər. Bu etnik qruplar nə qədər etnikdirlərsə, o qədər də azərbaycanlıdırlar.
Xalqımız coğrafi və geosiyasi baxımdan həmişə bütün dünyaya açıq olmuş, ən müxtəlif mədəniyyətlər arasında sintez-qovşaq missiyasını daşımışdır. Şərq mədəniyyətini dünya və Avropa mədəniyyətinə və əksinə keçid alması üçün Azərbaycan körpü rolunu oynamışdır. Çoxmillətli, çoxdinli, çoxdilli Azərbaycan üçün bu ideologiyanı tarixi reallığımızın özü irəli sürmüşdür. Həqiqətən ən müxtəlif milli-etnik qrupların nümayəndələrinin yaşadığı Azərbaycan unikal tolerantlıq məkanıdır.
Azərbaycan öz tolerantlıq təcrübəsini bölüşməyə hazırdır. Çünki bu təcrübə hazırda dünyanı düşündürən aşağıdakı suallara cavab tapmağa imkan verir:
1. Ölkənin mədəni müxtəlifliyini onun inkişafına əngəl olmasına deyil, sərvətinə çevirmək necə mümkün olur?
2. Mövcud birgəyaşayışın
hansı məlum modelləri mövcuddur? Multikulturalizm modeli yalnız
sırf Qərb hadisəsidirmi (ABŞ və Kanada)?
3. Şərq-islam
ölkələrində hansı birgəyaşayış
modellərinin müqayisəli təhlili nə göstərir
və onların qarşılıqlı bəhrələnməsini
necə mümkün etmək olar?
4.
Multikulturalizmin böhranı və “panika”sının təməlində
nə durur?
Bu gün ölkəmizdə çoxsaylı millətlərin
nümayəndələri yaşayır və onların
sosial-mədəni problemlərininhəlli həmişə
dövlətin diqqət mərkəzindədir. Azərbaycan
tarixinin bütün səhifələrində bu ərazidə
yaşayan insanların qarşılıqlı hörmət,
dostluq əlaqələrini əks etdirən nə qədər
çox fakt varsa, bunun əksini sübut edən sənədlər
yox səviyyəsindədir. Müxtəlifliyin
vəhdətindən yaranan bu tarixi birliyin əsl dəyəri
dərk edilməlidir. Bu, azərbaycançılığa
dayaqlanan multikulturalizm və tolerantlıq fenomenidir.
Bu gün respublikamızda azərbaycançılıq həm
də mükəmməl tolerantlıq və real inkişaf
modelidir. Azərbaycançılıq ideologiyası, dini
tolerantlığın, polietnik mövcudluğun qarantı kimi
çıxış edir…Azərbaycanda dözümlü
ictimai mühitin formalaşmasını bu gün və gələcəkdə
təmin edən tolerantlığın praqmatik konsensus modeli
daim inkişafdadır. Tolerantlıq
bütün demokratik ölkələr tərəfindən qəbul
edilsə də, onun praktiki surətdə həyata
keçirilməsi üçün mərkəzlər,
institutlar yaradılsa da, lakin bu sahədə hələ də
çətinliklər mövcuddur.
Tolerantlıq müxtəlif elmi aspetklərdən –
psixoloji, sosioloji, kulturoloji, fəlsəfi aspektlərdən təhlil
olunur. «Fəlsəfi baxımdan tolerantlıq dedikdə – həmçinin
müxtəliflik və fərqin qəbul edilməsi, onlara
hörmət və rəğbət nəzərdə tutulur.
Tolerantlıq həm də başqalarının
hüquqlarını tanımaq əsasında, fərqi
düşünmək tərzinə malik olduğunu anlamaq əsasında
münaqişə və ziddiyyətlərin həllinin
axtarılmasını təmin edən əxlaqi imperativ,
maksimadır».
Ölkə Prezidenti müasir dövrdə dini
tolerantlığın yüksək mədəniyyəti və
həyat tərzinə, dövlət siyəsətinə
çevirmişdir. Azərbaycan əsrlər boyu dinlərarası
münasibətlərinin inkişafında öz rolunu
oynamışdır. İctimai-siyasi
quruluşdan asılı olmayaraq, bütün dövrlərdə
Azərbaycanda dini, milli dözumlülük, tolerantlıq
çox yüksək səviyyədə olub. Bu, Azərbaycan xalqının
döümlülüyünün, eyni zamanda müstəqil Azərbaycan
dövlətinin siyasətidir və Azərbaycanda fəaliyyət
göstərən dini qurumların əməyinin praktiki nəticəsidir.
Göründüyü kimi, Azərbaycan xalqının
özünün dözümlülüyü, dövlət və
dini qurumların birgə fəaliyyəti ölkəmizdə
dini tolerantlığın inkişafının əsas,
mühüm amilidir. Əsası Azərbaycan xalqının öz təbiətindən,
onun milli mədəniyyətinin tərkib hissəsi olan islam dinindən irəli gələn, ölkəmizdə
dövlət səviyyəsində yaranan
dözümlülük mühiti Azərbyacanda dini
tolerantlığın inkişafında mühüm rol
oynayır.
«Hazırda Azərbaycanda formalaşan dini tolerantlıq
mühitinin qorunub saxlanması və onun daha da möhkəmlənməsində
Azərbaycan Prezident mühüm rol oynamışdır. Məhz Prezident
İ.Əliyevin dini tolerantlığın möhkəmləndirilməsi
sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində
respublikamızda rəsmi olaraq 525 islam, 34 qeyri-islam təmayüllü
dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.
Hazırda ölkəmizdə 1802 məscid, 550-yə
yaxın pir və zayarətgah bərpa və təmir edilərək
dindarların ixtiyarına verilmişdir.
Azərbaycan özünün mədəniyyəti,
sivilizasiyasının, milli dini müxtəlifliyinin,
özündə etnik və etiqad rəngarəngliyini əks
etdirmişdir.
Dözümlülük, tolerantlıq azərbaycanlıların
öz təbiətindən, mənəviyyatından,
dünyagörüşündən, mentalitetindən, milli
psixologiyası və xarakterindən irəli gəlir: «Sayca
dominant üstünlüyə malik olan azərbaycanlı
özünə hörməti zor və basqı ilə deyil,
qarşılıqlı münasibətlərdəki davranışla
qazanmağa üstünlük verir… Xəyanətə,
böhtana və təcavüzə dözümsüzlük,
ailəyə, dostluğa və peşəyə sədaqət
azərbaycanlının ən çox dəyərləndirdiyi
keyfiyyətdir… Öz milli mənsubluğu ilə
fəxr edən azərbaycanlı digər millətlərə
də hörmətlə yanaşmaq, onlardan özünə və
millətinə hörmət etmək haqqı əldə edir.
Tolerantlıq birmənalı olmamışdır, əks
təqdirdə dinlərarası, millətlərarası
ziddiyyyətlər yarana bilər. Başqalarına
dözümlülük özünə
dözümlülüyün yaranmasını tələb edir . Bir sözlə,
tolerantlıq fərdlərarası münasibətlərdən
başlayaraq sosial qruplar, millətlər, mədəniyyətlər,
sivilizasiyalar arasında dözümlülüyün təzahürüdür.
Azərbaycanda tolerantlıq müxtəlif mədəniyyətlərə,
milli azlıqların dilinə, dininə, bütün vətəndaşların
hüquq və azadlıqlarınan hörmət, əmin-amanlıq,
sülh mədəniyyəti, həyat və düşüncə
tərzidir.
Cavid
Xalq Cəbhəsi.- 2016.- 11 may.-
S.13