İlan zəhəri…
AMEA Zoologiya
İnstitutunda herpetologiya
sahəsində tədqiqatlar
aparılır
İlan zəhərindən müxtəlif
ölkələrin xalq
təbabətində hələ
qədim zamanlardan istifadə edilsə də, onun müalicəvi
əhəmiyyəti tibb
elminə XIX əsrin sonlarında məlum olub. Yalnız bundan sonra ilan zəhərinin elmi tədqiqinə başlanılıb, onun biokimyəvi tərkibi, farmakoloji və müalicəvi əhəmiyyətini
öyrənmək üçün
araşdırmalar aparılıb.
İlan
zəhəri istehsalının
ilk illəri
AMEA-nın məlumatına
əsasən, XIX əsrin
sonlarında tibbi əhəmiyyəti elmə
məlum olduqdan və tibbi xammal
kimi əczaçılıq
sənayesində istifadə
olunmağa başladıqdan
sonra dünyada ilan zəhərinin istehsalına ehtiyac yaranıb. Bu məqsədlə
zəhərli ilanlar təbiətdən ovlanılır
və zəhərlərini
almaq üçün
süni şəraitdə
serpentarilərdə (ilan
saxlanan yer - latınca “serpente" - ilan deməkdir) saxlanılır. İlanların süni şəraitdə
yetişdirilməsi problemi
hələlik həll
edilmədiyindən, bütün
dünyada ilan zəhəri yalnız təbii resurslar hesabına istehsal edilir.
Bu gün dünyanın bir çox yerlərində, xüsusilə
Avstraliya, Hindistan, bir çox Asiya və Latın
Amerikası ölkələrində,
o cümlədən Rusiyada
xeyli sayda serpentarilər fəaliyyət
göstərir. Dünyada ən
iri və qədim serpentari isə Braziliyada 1899-cu ildə San-Paulo şəhərində
yaradılmış Buntan
İnstitutudur. Burada
müxtəlif növ
ilanlar yalnız 6 ay ərzində saxlanılır
və bu müddətdə hər ilandan 0,03-0,04 qram quru zəhər
əldə edilir.
Keçmiş SSRİ-də serpentarilərin yaradılmasına və ilan zəhəri istehsalına ilk dəfə
1932-1934-cü illərdə Orta Asiya respublikalarında
və Rusiyada başlanıb. Bu məqsədlə
Orta Asiya kobrası və Orta Asiya gürzəsi,
Qumluq əfisi və Adi gürzə
növlərindən istifadə
olunub. Lakin ilk dövrlər ilanların süni şəraitdə saxlanma texnologiyası elmi cəhətdən tam öyrənilmədiyi
və buna görə də səmərəsiz olduğu
üçün ovlanmış
ilanlar qısa müddətdə məhv
olurdu. Nəticədə zəhərli ilanlar
intensiv olaraq ovlandığından təbiətdə
onların sayı azalırdı. Bu səbəbdən 1960-cı illərdə
Orta Asiyada istehsal məqsədilə
istifadə olunan zəhərli ilan növləri qırmızı
kitaba daxil edildi və onların ovlanması dayandırıldı.
Azərbaycanda ilan zəhərinin
istehsalında uğurlu
dövr
Azərbaycanda ilan zəhəri istehsalının ən uğurlu dövrü
1980-1989-cu illəri əhatə
edir. Belə ki, bu dövrdə Herpetoloji mərkəz tərəfindən hər
il istehsal olunan 3,0-4,0 kq
quru gürzə zəhərinin satışından
yüksək gəlir
əldə edilirdi.
İlan zəhərinin istehsalı
üçün ilanların
təbiətdən ovlanması
mövcud qanunvericiliyə
uyğun və elmi əsaslandırılmış
qaydada aparılıb. Naxçıvan
MR və Qarabağ düzənliyi də daxil olmaqla, bütün ölkə ərazisindən hər il 1800-2000 baş
gürzə ovlanıb.
Bir qayda olaraq, gürzələrin
1300-1500 başı lisenziya
əsasında təbii
ərazilərdən, 300-500 başı isə yaşayış məskənlərindən
və onlara bitişik 2 km məsafədəki
ərazilərdən ovlanıb.
İlanların ovlanması nəticəsində
həm də yaşayış məskənləri
zəhərli ilanlardan
təmizlənib və
insanların ilanlardan təhlükəsizliyi təmin
olunub.
2009-cu ildə elmi
istiqamətdə fəaliyyətinin
bərpası məqsədilə
“Zootoksinlər” İstehsal,
Elmi Araşdırma Mərkəzi Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin Sərəncamı
ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tərkibinə
verilib. AMEA Rəyasət
Heyətinin qərarı
ilə Mərkəz bütün əmlakı ilə Zoologiya İnstitutunun balansına keçirilib. Hazırda Zoologiya
institutu Ağsu rayonunda yerləşən
təcrübə bazasında
zəhərli ilanların
istehsal məqsədilə
süni şəraitdə
saxlanmasına və yetişdirilməsinə aid elmi-təcrübi
tədqiqatlar aparır,
ilan zəhərinin sertifikatlaşdırılması, sonda istehsalının bərpası istiqamətində
tədbirlər həyata
keçirir. İnstitutun herpetoloq
alimləri zəhərli
ilanlardan istifadənin
innovativ texnologiyasının
işlənməsi ilə
bağlı layihələr
üzərində çalışırlar.
İlan
zəhəri əczaçılıq
və kosmetologiya sənayesində müxtəlif
müalicəvi və
profilaktik preparatların
istehsalında da geniş istifadə edilir
Cənubi Qafqazda Azərbaycanın sürünən heyvanlar faunası növ müxtəlifliyi baxımından
daha zəngindir. Herpetofauna resursları
arasında zəhərli
ilanlar xüsusi yer tutur. Qiymətli tibbi xammal olan
zəhərinə görə
bu ilan növləri
iqtisadi cəhətdən
faydalı olmaqla yanaşı, həm də insan üçün
təhlükəli zəhərli
sancmalarına görə
sosial əhəmiyyət
daşıyır. İlan zəhəri
əczaçılıq sənayesində
müxtəlif müalicəvi
və profilaktik dərmanların, ilan sancması zamanı istifadə olunan qan zərdablarının,
habelə profilaktik kosmetika məhsullarının
istehsalında istifadə
edilir. İlan zəhəri və
onun tərkibindəki
ayrı-ayrı bioloji
aktiv komponentlər (fermentlər) fundamental diaqnostik
tibbi-bioloji tədqiqatlarda
da geniş tətbiq olunur. Hazırda dünyanın müxtəlif
ölkələrində ilan
zəhərinin yeni tətbiq sahələrinin
axtarışı davam
etdirilir, o cümlədən
xərçəng və
QİÇS xəstəliyinin müalicəsində istifadə
perspektivləri öyrənilir.
İlan zəhəri əldə etmək üçün zəhərli ilan növlərinin təbii resurslarından istifadə
olunur. Buna görə zəhərli ilan növlərinin təbii resurslarından davamlı istifadəyə nail olmaq və ilan zəhəri
istehsalının təbii
resurslardan asılılığını
aradan qaldırmaq istiqamətində aparılan
elmi-təcrübi tədqiqatlar
da önəmlidir.
Azərbaycanın herpetofaunasında təbii
resursu istehsal məqsədilə istifadə
etməyə imkan verən zəhərli ilan növü Levantiya irigürzəsidir. Cənubi Qafqazda
bu ilan növü
əsasən Azərbaycanda
yayılıb. Ölkəmizdə
məhdud ərazidə
yayılmış və
sayca az
olan daha 4 zəhərli ilan növü mövcuddur. Zəhərli ilanlar faunasının
biomüxtəlifliyi, bu
ilan növlərinin müasir ekoloji vəziyyəti barədə
məlumatların əldə
edilməsi üçün
xüsusi tədqiqatların
aparılmasına ehtiyac
var.
İlan
zəhəri ilə bağlı tədqiqatlar…
Ölkəmizdə iqtisadiyyatın, o cümlədən
qeyri-neft sektorunun inkişafı məqsədilə
istehsal yönümlü
elmi tədqiqat işlərinin genişləndirilməsi,
innovativ tədqiqat proqramları və layihələrin hazırlanması
olduqca vacibdir. Bu baxımdan
zəhərli ilanlar və ilan zəhəri
ilə bağlı perspektivli və innovativ istiqamətlərdə
tədqiqatların aparılması
tələb olunur:
1. Azərbaycanın zəhərli
ilanlar faunasının
müasir sistematikasının
və ekoloji vəziyyətinin öyrənilməsi;
2. İstehsal məqsədilə
zəhərli ilanların
süni şəraitdə
saxlanması və yetişdirilməsi probleminin
həlli istiqamətində
elmi-təcrübi tədqiqatların
aparılması;
3. Zəhərli ilanların təbii resurslarının
davamlı istifadəsinə
nail olmaq üçün
innovativ texnoloji proqramın hazırlanması;
4. İlan zəhəri, onun tərkibindəki ayrı-ayrı fermentlərin
biokimyəvi və farmakoloji xusiyyətlərinin
öyrənilməsi, onların
tətbiq sahələrinin
araşdırılması, yeni məhsulların isthsalına dair texnologiyaların hazırlanması;
Göstərilən istiqamətlərdə elmi-təcrübi
tədqiqatların aparılması
üçün müasir
maddi-texniki bazanın
(serpentari və volyerlər, biokimyəvi, farmakoloji, toksinoloji tədqiqatlar aparmağa imkan verən laboratoriya və s.) olması vacibdir.
Hazırda AMEA Zoologiya İnstitutu Ağsu rayonunda yerləşən Dayaq Məntəqəsində zəhərli
ilan növlərinin volyer şəraitində saxlanması və yetişdirilməsi problemlərini
öyrənmək üçün
təcrübi tədqiqatlara
başlayıb. Zoologiya İnstitutunda, həmçinin
ilan zəhəri və digər bioloji aktiv substansiyaların
biokimyəvi, toksinoloji
və farmakoloji tədqiqi üçün
müasir laboratoriya yaratmaq da nəzərdə
tutulur. Belə bir laboratoriyanın
yaranması ilan zəhərinin və digər zootoksinlərin tədqiqinə aid göstərilən
perspektivlərin reallaşmasına
böyük töhfə
olardı.
Xalq Cəbhəsi.- 2016.- 12 may.- S.14.