“Dədə Qorqud” dastanında şəxs
adları
Antroponimlərin mənşəyini bədii əsərlərdə
və bu əsərlərdə adı çəkilən qədim
sakinlərin adlarında axtarmaq da maraqlı araşdırmalara
gətirib çıxarır. Bu baxımdan “Dədə
Qorqud” dastanında xalqımızın yaşayış tərzi,
məişəti, soykökü ilə bağlı olan şəxs
adları maraq doğurur.
Xalqımızın etnogeni ilə bağlı oğuz
tayfalarının soykökünə işıq salan
antroponimlərdən bir qrupu da “Dədə Qorqud”da
mövcuddur.
Xalq yazıçısı Anarın qeyd etdiyi kimi, “Dədə
Qorqud dünyası bu gün yalnız qədim mətnlərdə,
yazılı abidələrdə, milli mədəniyyət
yadigarlarında qalmış bir dünya deyil, o yaşarı
bir dünyadır və Azərbaycanımızın müxtəlif
guşələrində “tərəkəmə”, “ayrım”
köçəri məişətində Dədə Qorqud
ruhu, Dədə Qorqud ab-havası, Dədə Qorqud dili bu
gün də yaşamaqdadır. “Kitabi-Dədə
Qorqud” bütünlüklə Azərbaycan xalqının,
dilimizin, torpağımızın abidəsidir”.
Bu cəhətdən “Dədə Qorqud”
dastanındakı şəxs adları maraq doğurur ki, bu məqalədə
dastanda rast gəldiyimiz bir sıra şəxs adları ilə
bağlı mülahizələrimizi bildirmək istəyirik. Dastandakı şəxs
adlarına nəzər salsaq, təxminən
aşağıdakı siyahı alınar: Dədə Qorqud,
Qazan xan, Dirsə xan, Bayandur, Baybecan, Baybura, Banu Çiçək,
Burla xatın, Səlcan xatın, Qaraca (Qaraçuq) Çoban,
Bəkil, İmran, Uruz, Bamsı Beyrək, Buğac, Dəli
Domrul, Dondar, Qaragünə, Yeynək, Qanlu Qoca, Qutlu Məlik,
Şöklü Məlik, Aslan Məlik, Sandal Məlik, Qonur
Qoca və s. Biz bu yazıda Dədə Qorqud, Qazan, Oğuz xan,
Qaraca (Qaraçuq) Çoban, Banu Çiçək, Dondar
obrazlarının adları ilə bağlı mülahizələrimizi
bildirmək istəyirik.
Qeyd etmək lazımdır ki, “Dədə Qorqud”
boylarının yaranma tarixini, oğuz qəhrəmanlarının
soykökünü araşdırmaq bir sıra tədqiqatçıları
məşğul edib, onların içərisində doğru
elmi nəticələrə gələnlər də
çoxdur. Əvvəla, abidənin müdrik qəhrəmanı
Dədə Qorqud haqqında. Bu adın
birinci tərəfini təşkil edən “dədə”
sözü Azərbaycan ərazisində “ata” sözü əvəzində
işlənib. Təsadüfi deyil ki, bir
sıra türkdilli xalqlar bu dastanı “Qorqud Ata”
adlandırırlar. Klassik poeziyamızda bir çox
şeirlərdə “dədə” sözü işlənib:
Qaibədən
dəlil göründün,
Dədəm, xoş gəldin, xoş gəldin.
(Şah
İsmayıl Xətai)
Bir
ocaqdı, hədyan demə təndirə,
Dədən çox yeyibdi, söymə pendirə.
(Aşıq
Ələsgər)
Müasir
poeziyamızda B.Vahabzadədən, Ə.Vahiddən gətirdiyimiz
aşağıdakı misralardan da aydın olur ki, dilimizdə
ata sözünü əvəz edən dədə
sözü var:
O elə
baxır ki,
Guya borcu var.
Onun dədəsinə mənim dədəmin.
(Bəxtiyar
Vahabzadə)
Məhv
oldum özüm, il də yavuqlaşdı,
dədəm vay!
Düşdüm
nə yaman dərdə, dilim çaşdı, dədəm
vay!
(Əliağa
Vahid)
Müasir Azərbaycan kəndlərinin bir çoxunda
hal-hazırda da “ata”sözünü ifadə “dədə”
sözü işlənməkdədir. Canlı
danışıq dilində “Dədəm oğlu
qardaşım” (Gədəbəy rayonu) ifadəsinin işlənməsi
də fikrimizi bir daha aydınlaşdırır. Eyni zamanda respublikamızın Ağsu, Xaçmaz,
Füzuli və başqa rayonlarında Dədəli kəndlərinin
mövcudluğu “dədə” sözünü bir daha bizim
söykökümüzə bağlayır. Dədə
Qorqud sözünün ikinci tərəfi Qorqud haqqında
maraqlı araşdırmalar aparmış prof. Mirəli Seyidov
göstərir ki, bu sözün mənşəyi haqqında
bir çox türkoloqlar, o sıradan V.V.Bartold,
F.Köprülü, A.N.Samoyloviç, O.Ş.Gökyay, M.Ergin,
Abdulqadir İnan, Giziroğlu, V.M.Jirmunski, H.Araslı, M.H.Təhmasib,
Ə.Dəmirçizadə və başqaları fikir söyləyib,
ciddi elmi araşdırmalar aparıblar və onun oğuz qəbiləsindən
olduğunu qeyd ediblər.
M.Seyidov
“Qorqut” sözünün iki tərkib hissədən – “qor” və
“qut” sözlərinlən ibarət olduğunu göstərir və
“Qut” sözünün “xoşbəxtlik, bəxt, bərəkət,
tale, ruh” mənasında olduğunu qeyd edir.
“Qut” sözü indi canlı danışıq dilində
də işlənməkdədir (Matım-qutum qurudu, ifadəsinin
bir tərəfində işlənir) yəni mat-məətəl
qaldım, ruhum qurudu. M.Seyidov qor sözünü “maya”, “od”,
“küllə üstü örtül¬müş od” kimi mənalandırır.
Hazırda bu söz dilimizdə “kül
içində qor” şəklində, yəni “kül
içində qalan od” mənasında işlədilir. Qorqud sözü də müasir Azərbaycaq dilində
işlənməkdədir. Azərbaycanın bir sıra
kəndlərində qovrulmuş buğdaya “qovurqa”,
döyülüb un halına
salınmasına isə qorqut deyirlər. Yəni
qorda-odda qovrulan. Ehtimal ki, qorqut sözü
bərəkət, ruzi ilə bağlı işlənmiş
antroponimdir. Dədə Qorqud – ruzi verən,
bərəkət gətirən, şənlik gətirən,
ruzili ata mənasını daşıyıb. Dastanda Dədə Qorqudun fəaliyyəti də bu
fikri təsdiqləyir.
Prof.
M.Seyidov yazır: “Qazanı türkdilli xalqların, o
sıradan azərbaycanlıların həyata, kainata
baxışı yaradıb, sonra da o, Qorqud boylarına gəlib,
yenilənib”. Bununla da müəllif onun kitabi “Dədə
Qorqud”dan daha əvvəl xalq arasında əski bir şəxsiyyət
kimi yaşadığını demək istəyib. O,
Qazan sözünün bir tərəfi olan “qaz”, “qas”
sözünün ucalığı, yüksəkliyi
bildirdiyini göstərir. Qafqaz haqqında
aparılmış tədqiqatlarda qaz, qas sözünün
“ucalıq, yüksəlik” mənasını bildirdiyi göstərilir.
Demək, oğuzların baş qəhrəmanı
olan Qazan xan adı ululuqla, yüksəkliklə,
böyüklüklə bağlıdır.
İbadət Rüstəmov “Dədə Qorqud”da insan
gözəlliyi” adlı kitabında isə Qazan sözünə
öz rəşadətinə, qeyrətinə görə ad
qazanmaq kimi məntiqi məna verir. Hal-hazırda dilimizdə
ad qazanmaq sözünün mövcudluğu qazan
sözünü dilimizlə doğmalaşdırır. Azərbaycan ərazisində Qazanla bağlı bir
sıra tarixi toponimik adların Qazan antroponiminin
xalqımızın soykökü ilə
bağlılığını bir daha aşkarlayır.
Məsələn: Qazan köşkü – Cəlilabadda uca
dağ başında əski bir tikilinin izləri. Qazangöl – Girdiman çayı hövzəsində.
Qazandağ – Gəncə tərəflərdə.
Qazanbulaq qəsəbəsi – Goranboy rayonu. Qazangöl düzü – Tovuz rayonunda Kürün sol
sahilində.
Qazançı kəndi – Culfa ərazisində. Qazanlı –
Yevlax rayonunun Bozdağ sisiləsinin zirvəsi.
Hər iki halda Qazan sözü öz mənşəyinə
görə Azərbaycanla bağlanır. Prof Əbdüləzəl
Dəmirçizadə yazır: “Kitabi-Dədə Qorqud”
dastanında işlənən bir sıra yer adları eyni
zamanda tayfa və xalq mənasında işlənib. Bəzən də bunun əksinə olaraq el, tayfa
adları yerinə görə həmin adla tanınan elin və
ya tayfanın yaşadığı ərazini bildirən ad
kimi də işlənib. Bununla belə, bu
dastanda bir sıra el və ya tayfa adları daha çox və
ya ancaq əsas mənasında (el, tayfa kimi) işlənib.
Belə adlardan xüsusilə aşağıdakıları
qeyd etək olar: “Bayat, Oğuz, Qıpcaq, Səncuq, Tatar,
Üç-oq, Boz-oq, Rum, Başı açuq tatyan (Didyan),
Tat…”
Biz burada yalnız “oğuz” sözünün üzərində
dayanmaq istəyirik. Dastanın tədqiqatçılarından Şamil Cəmşidov
oğuz qəhrəmanları haqqında yazır: “Onların vətəni,
yerləşdiyi sahə “Oğuz”, “İç Oğuz”,
“Daş Oğuz”, yaxud “Oğuz elləri” şəklində
göstərilir. Adı çəkilən
başqa sərhəd xaricindəki yerlərə onlar təsadüfi
olaraq düşürlər, ya ova çıxırlar, yaxud təsadüfi
bir döyüşə düşürlərsə də,
onlar yenə qayıdıb Oğuza gəlirlər”. Tədqiqatçı dastanda oğuzun 3 mənada
işləndiyini göstərir.
1.
Oğuz el-oba mənasında (məsələn: “Oğuz bir
gün yaylağa köçdü”);
2.
Oğuz “türkmən” sözü kimi xalqın adını
bildirir (məsələn, “Oğuzun arsızı türkmənin
dəlisinə bənzər”);
3.
Oğuz hökmdarın adıdır, şəxs adıdır
(məsələn, “Oğuz xanın ilxıçısı gəlib
xəbər gətirdi”);
4.
Oğuz yer adıdır (məsələn,
…İç oğuz, Daş oğuz bəylərin
üstünə yığnaq etdi.
Göründüyü kimi, oğuz sözü
bütün mənalarında bizim torpağımızla,
etnogenimizlə bağlıdır. “Oğuznamə”
adlı atalar sözü və zərbi-məsəl toplusunun
mövcudluğu da bunu bir daha təsdiqləyir. Dastanın maraqlı surətlərindən Qaraca
Çoban və ya Qaracuq Çoban haqqında. Əvvəla, Qaraca, Qaracuq da dilimizdə doğma
sözlərdir. Bəlkə də Qaraca
sözü get-gedə dəyişilərək Qaraca, Qaracuq
şəklinə və ya Qaracuq sözü Qaraca şəklinə
düşüb. Bəs onda bu antroponim necə
adlanmalıdır? Dastanın tədqiqatçılarından
Ş.Cəmşidov bu fikirdədir ki, bu surət Qaraçuq
Çoban şəklində yazılmalıdır. Suat Hezarçı və Aydın Oy kimi türk
araşdırıcılarının və rus alimi
V.İ.Kurılevin də bu surətin adını “Qaracuq
Çoban” şəklində yazdıqlarını göstərir.
Ş.Cəmşidov bu fikrini Azərbaycanda olan Qaracuq
dağı ərazisində yaşayan yerli əhalinin Qaracuq
Çobanla bağlı olaraq çoxlu toponim əlamətlərlə
əlaqələndirir. “Xalq igidliyinə və qəhrəmanlığına
Qaraçuq dağının adı ilə əfsanələr
düzəltdiyi bu xariqüladə qəhrəman olsun ki, əslində
Qaraçuqlu kimi …Yerli əhalinin Qaraçuq dağı ərazisində
göstərdiyi toponimik əlamətlərdən “Qaraçuq
Çobanın qoyun arxacı”, “Qaraçuq Çobanın
köç yolu”, “Qaraçuq Çobanın sapand
daşları” və nəhayət, Qaraçuq
Çobanın altı hissədən ibarət nəhəng
“qəbri” diqqəti cəlb edir”.
Ş.Cəmşidov
yazır: “Xalq igidliyinə və qəhrəmanlığına
görə adına Qaracuq
dağının adı ilə əfsanələr düzəltdiyi
və xariqüladə qəhrəman olsun ki, Qaracuqlu imiş.
Yerli əhalinin Qaraçuq dağı ərazisində
göstərdiyi toponimik əlamətlərdən “Qaraçuq
Çobanın qoyun arxacı”, “Qaraçuq Çobanın
köç yolu”, “Qaraçuq Çobanın sapand
daşları” və nəyahət, Qaraçuq
Çobanın altı hissədən ibarət nəhəng qəbri”
diqqəti cəlb edir”.
“Qaraçuq”, “Qaraca dağ” sözlərindəki “qara”
sözü dilimizə çox doğmadır. Kiçik
dağa xalq Qaraca dağ deyə bilər və get-gedə
Qaraca sözü Qaracıq-Qaracuq şəklinə düşə
bilər. Azərbaycanın bir çox
rayonlarında (Gədəbəy), hətta Bakı
yaxınlığında “Qaradağ” adlanan yerlər
mövcuddur.
Bir
neçə kəlmə də Banu Çiçək
haqqında: “Dədə Qorqud” dastanlarında qızlar banu,
qadınlar isə xanım, xatın kimi qeyd olunur. Banu, xatın, xanım sözləri dilimizdə
işlək sözdür. Hal-hazırda
xanım sözü ilə yanaşı xanım-xatın ifadəsinin
də işlənməsi bu sözün xanım sözü mənasını
ifadə etdiyini göstərir. “Banu”
sözü Azərbaycan qadınlarına verilən adlarda,
qız sözünü əvəz edərək işlənib.
Məhin Banu, Xurşud Banu, Ünbül Banu adındakı
“banu” qız sözünü əvəz edir. Banu,
çiçək sözü də Azərbaycan
qızlarına verilən adla əlaqədardır. Xalq ən zərif çiçək və gül
adlarını qızlarına verib.
“Dondar” toponimi haqqında. “Dədə Qoqud” dastanlarda “don”
sözü paltar, geyim mənasında işlənib, məsələn:
“Atdan düşüb tacir donu geyindilər”. “Ağ
donuma kir əyləndi səninçün” və s.
Hal-hazırda Azərbaycanın bir çox yerlərində,
o cümlədən Tovuz, Qubadlı və başqa
rayonlarında Dondar aldı kəndlərin mövcudluğu da
Dondar antroponimini Azərbaycan xalqının etnogeni ilə
bağlayır. Yuxarıda adları çəkilən
antroponimlər “Dədə Qorqud” abidəsinin Azərbaycan
xalqının tarixi keçmişi, soykökü ilə
ayrılmaz olduğunu və Dədə Qorqud boylarının
qəhrəmanlarının daha qədim tariximizlə səsləşdiyini
bir daha aydınlaşdırır.
Maarifə
Hacıyeva
Professor
Xalq Cəbhəsi.- 2016.- 13 may.-
S.14.