Düşmən bilsin,
ona aman qalmayıb...
Koroğlu türk xalqlarının ümummilli qəhrəmanıdır. Yüzillərdir bu xalq qəhrəmanına
olan sevgi bitib-tükənməyib, əksinə, bir az da artıb, inkişaf edib. Koroğlunun
qəhrəmanlıqları dillərdə dastan olub,
haqqında hekayələr, şeirlər yazılıb, nəğmələr
qoşulub. Sevindirici haldır ki, bu gün
də bu ənənə davam etməkdədir. Belə ki, “Koroğlu” eposunun öyrənilməsi, tədqiqi
eyni zamanda, həm Koroğlunun öz obrazının, həm də
Koroğlu qəhrəmanlarının ədəbiyyata gətirilməsinə
səbəb olub. XX əsrin sonlarında
sovet rejiminin çökməsi ilə Azərbaycanda
başlanan milli azadlıq hərəkatına ziyalı
zümrəsinin qoşulması bu dövrün ədəbi
prosesində yeni bir dalğa canlandırdı. Yazarlar xalqın tarixi keçmişini qabardaraq milli
qəhrəmanları örnək olaraq dünyaya təqdim etməyə
başladılar. Xüsusilə 1980-ci illərin
sonlarında Azərbaycanda başlayan azadlıq hərəkatının
təkanverici qüvvələrindən biri də Koroğlunun
haqq-ədalət uğrunda apardığı mübarizənin
təbliğiylə bağlı olub. Öz
azadlıq ideallarını Koroğlunun simasında görən
Azərbaycan xalqı tarixi keçmişinə nəzər
salıb bu kontekstdən çıxış edərək
mübarizlik əhval-ruhiyyəsini ortaya qoymağı məqsədə
müvafiq hesab edib. Bu dövrdə yaranan
poetik nümunələrdə tez-tez Koroğlu qəhrəmanlarına
müraciət olunurdu. Azərbaycan şairləri Xəlil
Rza Ulutürk, Məmməd Araz, Sabir Rüstəmxanlı, Zəlimxan
Yaqub, Ənvər Əhməd, Oktay Rza, Adil Cəmil, Nizami
Muradoğlu və digərlərinin əsərlərində
tez-tez “Koroğlu” dəlilərinin adları sadalanır, bu igidlərin
qəhrəmanlıqları poetik deyimlərlə
xatırladılır, çağırış ruhlu
şeirlər yazılırdı. Ənvər
Əhmədin “Qalx ayağa, Üzeyir!” şeirində
Qarabağ faciəsi ilə bağlı olaraq Koroğlu yada
salınır, qəribə bir nisgil ilə Koroğlu
arzulanır, “Koroğlu” operasının yaradıcısı
Üzeyir bəyə müraciət olunur. Məlum
olduğu kimi türk xalqının qəhrəman oğlu
Koroğlu dahi bəstəkar Üzeyir Hacıbəylinin diqqətini
cəlb etmiş və bəstəkar “Koroğlu”
operasını yazmışdı. Bu opera
ikinci cahan savaşı zamanı dəfələrlə
Moskvada, Bakıda və sovetlər birliyinin bütün
böyük şəhərlərində, hərbi hissələrdə
tamaşaya qoyulmuşdu. Əsərdə
Koroğlunun qəhrəmanlığının bariz şəkildə
tərənnümü döyüşçülərin
mübarizə ruhunu yüksəltməyə xidmət
etmişdi.
“Koroğlu” operasının bəstəkarı Üzeyir
Hacıbəyli əslən Qarabağdandır. XX əsrin
sonlarında Qarabağ savaşında Üzeyir Hacıbəylinin
vətəni erməni işğalçıları tərəfindən
işğal olundu. Şair Ənvər Əhməd bu
ağrını içindən keçirdərək
başda Üzeyir bəy olmaqla bu dünyanı tərk
etmiş əslən qarabağlı olan nəhəng sənət
adamlarının ruhuna xitab edir, sanki Koroğlunun zəngulələrini
öz ifalarında yaşadan Bülbülü, Cabbar
Qaryağdı oğlunu köməyə
çağırır: Qalx ayağa Üzeyir, ruhuna dağ
basıldı, Natəvan saçlarından qayalardan
asıldı. Ölüm öldürmür
bizi, Vətən, yaramı bağla, Oxuma sən, Qaryağdı,
segah üstündə ağla-deyir.
Daha sonra şair Koroğlu cəngisindən
danışır. “Cəngi” döyüş
havasıdır, “Koroğlu” operasında da döyüş səhnələri
“Cəngi” havasının üzərində qurulub. Bəs nədən indi bu havanın təsiri birdən-birə
yoxa çıxdı? “Koroğlu”
operasında Koroğlunun oxuduğu ariyanın məşhur
ifaçısı Bülbül olub. Şair
üzünü Bülbülə tutur:
Qəbrinə
qan çilənir, susma, oxu, Bülbülüm,
Bulud-bulud ağlayır orda çiçəyim,
gülüm.
Hanı mənim
Koroğlum, cəngisi bəndə düşdü,
Hanı mənim köhlənim, harda kəməndə
düşdü?
Əgər Koroğlunun cəngisi bəndə
düşürsə, demək Koroğlu özü
dardadır, onun köhlən atı – Qırat dara
düşüb. Təəssüf ki, Koroğlu darda olanda
onu qurtaran olmadığı kimi, Koroğlu da Qıratın
belində olanda Qıratın qədrini bilməyib. Xalq
şairi Məmməd Arazın şeirində bu epizod belə
təcəssüm tapıb:
Nağıllar önündə, uyuyan ağıllar
hırıltı sevərlər, hayqırtı sevməzlər.
Nə qədər
ölməyib Koroğlunu,
Nə qədər itməyib, Qıratı sevməzlər.
Məmməd Arazın fikrincə, vaxtında heç nəyin
qədir-qiymətini anlamadıq, sevilməli qəhrəmanlarımızı
xalqımıza görk edə bilmədik. Koroğlu meydanda tək
qalanda unuduldu, igidlər yaddan çıxdı, hətta
Qırat keçəl Həmzənin əlinə keçəndən
sonra Koroğlu Qıratın əvəzsiz bir nemət
olduğunu başa düşdü və üzünü
keçəl Həmzəyə tutub dedi:
Əylən
deyim Qıratın qiymətini,
Səksən
min sərkərdə mala da vermə!
Səksən
min ağ tüklü qəmər öyəcə,
Səksən
min xəzinə pula da vermə!
Məmməd Araz folklora bağlı şair olduğundan
Koroğlu və Qırat adını düşünərək
şeirinə gətirib. Şair yerli-yersiz hədyan və
lazımsız, bayağı lətifələr söyləyib
hırıldayan, Koroğlu nərəsini, bir igid
hayqırtısını unudanları, Qırat kimi köhlənləri
itirənləri qınayırdı. O, təəssüflənirdi
ki, bəzən bu cür qəhrəmanlar unudulur, xəyanətə
tuş olur, etibarsızlıqlarla üzləşirlər. Necə ki, Koroğlu tərk edilib, eləcə də
sonda Vətən, torpaq müxtəlif xəyanətlərin nəticəsində
parçalanıb, işğal olunub, hazırda düşmən
tapdağında inləyir. Sağlığında
qəhrəmanlar qəhrəman kimi qarşılansaydı,
igidlərə qiymət verilsəydi, Vətən də
basılmazdı, Qarabağ da əldən getməzdi. Burada Koroğlu epizodu eyni zamanda iki şairin
yaradıcılığında həm də ortaq nöqtə
yaradır. Belə bir yanğı xalq
şairi Zəlimxan Yaqubun da içindən keçir. Şair Borçalıda Qırata bənzəyən
bir köhlən minir. Köhlən atın
belində özünü Koroğlunun dəlilərinə bənzədən
şair Borçalı harayını gənc nəsillərə
çatdırmağa çalışır. Əhalisinin böyük hissəsi Azərbaycan
türklərindən ibarət olan Borçalı sazın,
sözün vətənidir. Gözəl təbiəti,
saf insanları ilə Vətəndən ayrı düşən
Borçalının oğulları da zaman-zaman bu yurdları
tərk edib gedirlər. Bu nisgil şairin dilində
sözü, əlində sazı yandırır:
Dilimdə
söz yandı, əllərimdə saz,
Cilvələndi bahar, çiçəkləndi yaz.
Oldum Dəmirçioğlu,
oldum Xan Eyvaz,
Koroğlu
nərəsi dindi qulaqda,
Bir
köhlən at mindim Qarabulaqda!
Şair başa düşür ki, zaman-zaman
Borçalının tərk edilməsi bu yurdun gələcək
faciələrinin təməlini yaradır. Torpağa
bağlanmaq, elə bağlanmaq, yerə-yurda sahib
çıxmaq mərd, mübariz oğulların işidir.
Koroğlu qeyrətli oğulları Qarabulağa – Vətənə
səsləyən şairin harayı qulaqlarımızda səda
verir:
Üz
tutun müqəddəs torpağa sarı,
Döşdə gülü öpün, zirvədə
qarı.
Gəlin,
Borçalının mərd oğulları,
Borçalı
qalmasın gözdən iraqda,
Çapın
Qıratları Qarabulaqda!
Zəlimxan Yaqub “Bir köhlən at mindim Qarabulaqda”
şeirinin sonunu belə həyəcan təbili çalaraq
bitirir. Məşhur
atalar sözündə deyilir: “İlan vuran ala çatıdan
qorxar”. Zəlimxan Yaqubun da həyəcan təbili
çalmasını bu gün düzgün qiymətləndirmək,
Borçalı mahalının boşalmasının
qarşısını almaq lazımdır.
Adil Cəmilin
“Qan borcu” poemasında da bu hiss təkrarlanır. Torpağı yağı düşmənlər tərəfindən
işğal olunan bir millətin durub düşünmək
haqqı yoxdur. Öz keçmişinə arxalanıb, ərən
babaların, qoç koroğluların varisləri
döyüş meydanlarına atılıb ya qazi, ya şəhid
olmalı, Vətəni dardan, işğaldan
qurtarmalıdır:
Daha bəsdir
bu cinayət,
Hanı bizim qeyrətimiz?
“Cəngi”miz
var, cəngə çıxaq,
Qoy
çalınsın “Heyratı”mız...
Genetik yaddaşımızın bizə təlqin etdiyi
Koroğlu irsinin davamçıları olaraq
çağdaş Azərbaycan şairlərinin ərənləri
döyüşə səsləməsinin bir Koroğlu
gözləntisi var və olub. Təsadüfi deyil ki,
Koroğlu adıyla doğulub Koroğlu kimi qəhrəmanlıq
göstərmiş Azərbaycanın Milli Qəhrəmanı
Koroğlu İsmayıl oğlu Rəhimov ona valideynlərinin
verdiyi adı doğruldub, erməni
işğalçılarına qarşı mübarizədə
igidlik göstərib. Koroğlu Rəhimov
3 iyul 1992-ci ildə Ağdərə uğrunda gedən
savaşlarda qəhrəmancasına həlak olub. Şair
Oktay Rza Koroğlu Rəhimovun igidliyini xalq qəhrəmanı
Koroğlu ilə müqayisə edərək hər ikisinə
hörmət və ehtiramını bildirir:
İki
Koroğlu: biri tariximin əvvəllərində
Yurdumun sabahı üçün doğulub.
Biri
müstəqillik, hərb illərində
Döyüşən, vuruşan Koroğlu olub.
Biri
ağalara yad, qənim idi,
Qədim
Çənlibeldə çalıb min zəfər...
Biri
Qarabağda göstərib hünər,
Yaşıl xiyabanda uyuyur indi.
İnanırıq ki, yeni-yeni Koroğlular doğulacaq,
yeni “cəngilər” çalınacaq, türkün cəngavərlik
dünyasının itirilmiş əzəməti bərpa ediləcək. Bu baxımdan
N.Muradın “Vətən” şeiri də poetik
yükünü Koroğlu “cəngisi” ilə zənginləşdirib.
İtirilmiş torpaqların yenidən döyüş
meydanlarından keçərək alınması
üçün çağırış bu şeirin əsas
qayəsini təşkil edir:
Haqqa yol
gedirəm, yolum duman, çən,
Zəngəzur mahalım, Qarabağ vətən.
Döyüş təbilləri çalınmır nədən?
Cəngi
çaldırmağa vədəndi, Vətən!
Şairin
Allaha müraciətlə yazıldığı “Qalmayıb”
şeirinin son bəndlərində Koroğlu igidliyi, qəhrəmanlığının
arzulanması və bu həsrətin nə zamansa sona yetəcəyinə
bir ümid edilir ki, nə vaxtsa Koroğlu və onun 7777 dəlisi
yenidən dünyaya gələcək, günahsız qətl
edilən soydaşlarımızın qisasını alacaq,
bütün türk dünyasına əminamanlıq gətirəcəklər:
Göndər
Koroğlunu, 7777 dəlini!
Qopar
tufanını, əsdir yelini,
Düşmən
bilsin ona aman qalmayıb!
Dünya
bilsin Böyük Turan yaşayır,
İki
ürək olub bir can yaşayır.
Anadolum,
Azərbaycan yaşayır,
Bu torpaqda
ahu-fəğan qalmayıb!
Çağırış sədaları Qafar Qəribin
poeziyasında birbaşa müraciət formasında bu
günkü gəncliyə, özünü Koroğlu soylu
igidlər cərgəsində görənlərə
ünvanlanıb. “Mənim laylam Cəngidir”, “Haqq”, “Məlhəmimiz
Qarabağda”, “Nifrətim dada yetmir”, “Koroğlu nəslinə
çağırış” şeirləri üsyankar
şairin könül çırpıntılarını
düşmənə nifrət, qəzəb hisslərinə
istiqamətləndirib mübarizlik dərsi verir.
“İrəvan
səfəri” son səfər olar,
bir Misri
qılıncım, Qıratım olsa”
– deyən şair Koroğlu səfərlərindən
birinin İrəvan olması istəyi ilə:
“Sözdə
yox, dildə yox, atam balası,
alırsan qisası al Qarabağda”
– digərinin Qarabağın azadlığı
uğrunda yurd yerlərimizi işğal etmiş düşməndən
qisas almaq məqsədilə Qarabağa keçirilməsini
arzulayır.
Artıq
silahlanın, “Cəngi” çağıdır,
Qan görsə qaçacaq, qorxaq yağıdır.
Bunlar
tayqulağın təzə tağıdır,
Od vur
atasına, qoy yansın daha.
İgid
Qoç Koroğlu, adını qaytar!
Axı at
namusdur, atını qaytar!
Müstəqillik dövrü poeziyasında Koroğlu
obrazının canlandırılması, dəlilərinin
şücaətinin vəsf edilməsi, dastanın müxtəlif
obraz və motivlərinə müraciət olunması milli
şüurumuzun alt qatında özünü qoruyub saxlayan
duyğuların oyanış mərhələsini əks etdirən
xüsusiyyətlərdəndir. Poetik sözün
qüvvəsi Koroğlunun “dəli nərəsi” kimi yenilməz
qüvvəyə malik olub mübarizə meydanında
mühüm əhəmiyyət kəsb edir.
İnanırıq
ki, azadlıq, qələbə müjdəli marş sədalarının
müşaiyyəti ilə Azərbaycan Ordusu işğal
altında inləyən torpaqlarımızı xilas edəcək,
o torpaqlarda Koroğlu zəngulələri eşidiləcək,
“Cəngi” çalınacaq.
Nizami Muradoğlu
filologiya üzrə
fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2016.- 17 may.-
S.14