Ortaq mühit və adət-ənənələr
Azərbaycanın Şəki-Zaqatala bölgəsində
bir çox xalqların nümayəndələri
yaşayır.
Filologiya üzrə fəlsəfə doktoru Mətanət
Yaqubqızı bildirir ki, Qafqaz sıra dağlar silsiləsinin
cənub-qərb hissəsində yerləşən Şəki-Zaqatala
bölgəsi şimaldan Dağıstan Muxtar Respublikası, qərbdən
Gürcüstan Respublikası ilə sərhəddir: “Bu əraziyə
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ
rayonları daxildir.
Şəki-Zaqatala bölgəsi milli azlıqların kompakt
yaşadığı ərazidir. Bu bölgədə
avarlar, saxurlar, ingiloylar, gürcülər, udilər, ləzgilər,
laklar, qrızlar (Qəbələ rayonunun Ovculu kəndi), ərəşdi
(Balakən rayonunun Poştbinə kəndi) və s. millət və
etnik qrupların nümayəndələri yaşayır.
Bölgədə kompakt şəkildə
yaşayan milli azlıqlar tarixən nəinki öz
keçmiş milli adət-ənənələrini qoruyub
saxlayıb, hətta başqa millətlərin müəyyən
xüsusiyyətlərini də mənimsəyiblər. Bu, onların həyat tərzində, məişətində
özünü göstərir.
Məlumdur ki, etnik amil bölgə örnəklərinin
spesifikasına təsir edən faktorlardan biridir. Xüsusilə
də dil faktlarının örnəklərə təsiri
danılmazdır. Udilər Qəbələdə ən
böyük yaşayış məntəqələrindən
biri olan Nic qəsəbəsində və az
hissəsi Oğuz rayonunda yaşayır. Qədim yunan
tarixçi-coğrafiyaşünası Strabon “Coğrafiya”
kitabında göstərirdi ki, Albaniyada 26 dildə
danışan türk tayfaları, ümumilikdə, Alban adlanan
hər bir tayfanın özünə məxsus etnik adı var
idi”. Mərhum prof. Qəmərşah Cavadov prof. Rauf
Hüseynovla birgə yazdığı “Udilər” kitabında bir
daha Strabonun “Coğrafiya kitabına istinad edilir: “Qafqaz
Albaniyasında hər birinin öz dili olan 26 tayfa var. Bunlar gellər,
qarqarlar, silvlər, didurlar, leqlər, utilər-albanlardır”. Müasir udi dilində Suriya sözlərinin və
terminlərinin (qədim Suriya dillərindən alınma
sözlər saxlanıb) siyasi, dini, etnik-mədəni həyatın
xüsusiyyətləri ilə bağlı olaraq qeydə
alınması bir daha sübut edir ki, onların dili alban (qədim
udi) dilinin birbaşa varisidir.
Prof.
Q.Voroşil yazırdı: “Bizim fikrimizcə, alban yazılarının
statistik quruluşu udi dilinin quruluşuna çox
yaxındır”. Prof. Q.Voroşil “Qafqaz Albaniyası”
kitabında nümunələr verib ki, bu sözlər kök
baxımından alban sözləridir: kat - qətrə,
damcı; çav - şan-şöhrət (çuv –
şan-şöhrət); ça – yun (ça-bəh-bəh),
ip, ciyə.
Araşdırmaçı
daha sonra bildirir: “Avarlar Zaqatala rayonunun Car, Kebeloba, Axaxdərə,
Zilbal, Dardoqqaz, Mazıx, Qobizdərə, Maqov, Uzuntala,
Danaçı, Paşan, Hötala, Abaylı, Çardaxlar,
Balakən rayonunun Katex, Qabaqçöl, Mahamalar, Binə,
Sarıbulaq və s. kəndlərində kompakt halda
yaşayırlar. Macar tarixçisi Andras Rona-Tasa
görə avarlar ilk dönəmlərdən etibarən
türk dilinin bir ləhcəsini danışırdılar.
Szarvas şəhərində tapılan iynə
qutusundakı yazılar Andras Rona-Tasa görə türk dilində
yazılıb.
“Qafqaz avarlarına edilən DNT testləri və
araşdırmaları nəticəsində avarların
iranlı bir millət olmadığı aydın bir şəkildə
faktlarla təsdiq olunub, avarların Dağıstan türkləri
ilə qohumluğu ilə bağlı vacib məlumatlara rast gəlinib. Bu gün tarixə bitərəf
şəkildə yanaşan və tarix elminə inanan
bütün tədqiqatçılar bunu çox yaxşı
bilirlər ki, avarlar da, onların əcdadları olan iskitlər
də öz be öz türk oğlu türkdür.”
“Avar dilinin çoxlu dialektləri var ki, bu dialektdə
danışan bu dilin daşıyıcıları bir-birini
çətin başa düşürlər. Avar dilinin
dialektləri şimal, cənub-qərb, cənub-şərq
qrupuna bölünür ki, Zaqatala bölgəsində
yaşayan avarlar andalan, antsux, karah, kusur, Zaqatala (car) dialektində
danışırlar.”
“Tarixən Asiya ilə Avropanı bir-birinə
çulğalaşdıran ilk Asiya xalqı Saka türkləri,
onlardan sonra isə Hun türkləridir. Hun türklərinin
ən yaxın xələfləri isə Topa, Sabir və Avar
türkləridir. Avar türkləri imperatorluq quran iyirmi
beş türk xalqından biridir... Bu gün Macarıstanda, Dunay sahillərində
qapalı toplum kimi qədim adət-ənənələrini
yaşadan avar türkləri Bolqarıstanda yaşayan türklərin
mühüm bir qismini təşkil edirlər”.
Saxurlar özlərini “yıkbı” adlandırırlar. Onlar Rusiyada,
Dağıstanın Rutul rayonunun qərb bölgəsində,
Samur çayının yuxarılarında, Dağıstanın
Babayurd rayonunda, Maxaçqala, Dərbənd, Kizlər və
digər şəhərlərində, Azərbaycanda isə
şimal-qərb rayonları olan Qax, Zaqatala, Balakən
rayonlarında, habelə Bakı, Gəncə, Sumqayıt və
Şəki şəhərlərində yaşayırlar.
“Alban
tarixində və V-VII əsrlərə aid qədim mənbələrdə
həmin bölgədə yaşayan ıpin (ıbin), silv və
ciqb tayfalarının adları çəkilir. Ibinlər
avarların Albaniyada yaşayan hissəsinin, silvlər
Dağıstanda yaşayan hissəsinin etnik adlarıdır,
ciqblər indiki saxurlardır, onlar özlərinə indi də
yixbı deyirlər.” “Ehtimal var ki, saxurlar
leq, gel, qarqar, bəlkə də elə sak tayfalarından
törəyiblər”. “İngiloylar Qafqaz Albaniyası tərkibinə
daxil olan, beləliklə, Azərbaycanın etno-siyasi tarixinin
ayrılmaz tərkib hissəsi olan qədim gel tayfasının
varisləridir”; “İngiloylar qədim Alban soykökünə
bağlı müstəqil etnos olub”.
Müxtəlif
fikirləri təqdim edən araşdırmaçı bildirir
ki, akademik Y.Yusifov, akademik M.İsmayılov, Z.İ.Yampolski,
Q.Qeybullayev, K.Əliyev, Z.Bünyadov, Ş.Kaya, M.Bala, F.Cəlilov,
X.Xəlilli albanları türk mənşəli tayfa hesab
edir: “Tədqiqatlar göstərir ki, bəzi alban tayfaları əsasən
Dağıstanla həmsərhəd bölgələrdə
yaşayan dağıstandilli, alban etnik adını
daşıyanlar, yəni alban tayfası olub, daha bir neçə
tayfa isə türkdilli idi. Dağıstandilli tayfalar
indiki udilərin, ləzgilərin, avarların, saxurların,
qrızların, buduqların əcdadları idi”.
Milli Məclisin
deputatı, AMEA Tarix İnstitutunun direktoru, professor
Yaqub Mahmudov “Gündəlik teleqraf” qəzetinə 15 fevral
2014-cü ildə verdiyi müsahibədə bildirir: “Müstəqillik
dövründə “Altay dünyası” adlı jurnal
buraxmışdıq. O jurnalda qosqoca palıd ağacı
verilmişdi. O palıd ağacının bir kökü
Altaylardadır, o biri kökü Cənubi Koreyadadır, digər
kökü Qafqazdadır, gedir Bosniya-Herseqovinaya
çıxır. Sonra budaqlardır, hər biri
müasir türk xalqlarıdır. Tarixin dərin
qatında eyniləşirik... Türkçülüyün
vətəni Azərbaycandır. Azərbaycan
möhürü o qədər güclüdür ki, bu
möhür üstümüzdə getməlidir. O
möhür olmazsa, parçalana bilərik”.
M.Yaqubqızı:
“Azərbaycan suveren və demokratik respublikadır. Respublikamız onun ərazisində yaşayan
bütün etnosların Vətənidir. Azərbaycanda
yaşayan ruslar, beloruslar, tatlar və talışlar, avarlar və
ləzgilər, udilər və ingiloylar, kürdlər və
tatarlar, ümumiyyətlə, özünü bu ərazinin bərabər
hüquqlu sakini sayan bütün xalqların nümayəndələri
hərəkətləri ilə sübut etdilər ki, Azərbaycan
təkcə azərbaycanlıların deyil, eyni dərəcədə
onların da Vətənidir. Hüquqi
baxımdan özünü bu respublikanın vətəndaşı
sayan hər bir xalqın nümayəndəsi elə azərbaycanlı
sayılmalıdır, çünki bu ərazinin sakinidir, onun
çörəyi, suyu, havası ilə qidalanır. Azərbaycan özünü bu torpağın vətəndaşı
hesab edənlərin vətənidir. Azərbaycan
milli azlıqların - udi, avar, saxur, ingiloy, ləzgi və
başqalarının Vətənidir.
Hər bir xalq qoynunda boya-başa çatdığı
bu torpağın yetirməsidir. Şəki-Zaqatala
bölgəsində yaşayan azsaylı xalqların nümayəndələri
müxtəlif dil daşıyıcıları olmasına
baxmayaraq, azərbaycanlıdırlar. Tarixən
Azərbaycan müxtəlif dilli xalqların məskəni olub
və bu xalqları birləşdirən Azərbaycan dili olub.
Bu dil həm Azərbaycan türklərinin, həm
də bu bölgədə yaşayan etnosların ünsiyyət
vasitəsinə çevrilmişdi. Bu da Azərbaycanda
yaşayan bütün xalqlar arasında ortaq bir dilin
yarandığını sübut edirdi”.
Çox
maraqlı faktdır ki, azsaylı xalqların örnəklərində
qədim sözlər mövcuddur ki, bu da dilçilər
üçün ən sanballı mənbədir: “Bir neçə
nümunəyə diqqət edək: Məsələn, udi
dilində işlənən siyux - sıyıq, tabak (tabax) -
xonça – sini, yəxni – (yəxnə) - ət yeməyi;
saxur dilində işlənən qadax (qədək) - mismar; ərava
– araba; doxxaz (doqqaz)-küçə - həyət
qapısı; arxaç-arxac–sürü və
naxırların yatağı; açıq havada istirahət
etdiyi yer və s. qədim türk sözləridir və
günü bu gün nitqdə işlənməkdədir.
Bölgədə yaşayan insanlar günü bu gün də
adət-ənənələrimizi böyük sevgiylə həyata
keçirməkdədirlər: 7 arxa dönənə, kirvəyə
qız verməmək ənənəsi; dizdayağı, digər
gözəl məqamlar...
Toy və
digər mərasimlərdə su, alma,
yağ, un, çörək, Şəki halvası və s. nəsnələrin
iştirakı – bütün bunlar ortaq adət-ənənələrimizdir.
Hər bir xalqın dilində onun tarixi, adət-ənənələri
bu və ya digər şəkildə öz əksini tapır.
Ona görə də “... Bir nəsil dünyadan
köçüb gedəndə gələcək nəsillərə
ana dilini miras qoyub gedir.” Dünyada
saysız-hesabsız millət, etnik qrup vardır ki, bu da
onların sayı qədər psixologiyanın, etnik
şüurun olması deməkdir. Hər
bir xalqın özünüdərk prosesində milli adət-ənənələr
əvəzolunmaz vasitədir. Azsaylı
xalqların folkloru onların mənəvi-mədəni
dünyasını əks etdirir. Azərbaycanda
milli-mədəni irsin yüksəldiyi bir dövrdə fîlklîrun təbliği geniş vüsət tapır.
Hazırda hər bir xalqın öz tarixi
kökünə marağı artıb. Azərbaycanda
da bununla bağlı xeyli işlər görülüb.
Azsaylı xalqların öyrənilməsi, tədqiq
edilməsi mühüm məsələlərdən biridir. 16 sentyabr
1992-ci ildə “Azərbaycan respublikasında yaşayan milli
azlıq, azsaylı xalq və etnik qrupların hüquq və
azadlıqlarının qorunması, dil və mədəniyyətinin
inkişafı üçün dövlət yardımı
haqqında” adlı fərman təsdiq olunub. Fərmanda azsaylı xalqların milli özəlliyinin
qorunub saxlanması, inkişaf etdirilməsi, tarixi və mədəniyyət
abidələrinin qorunması bir vəzifə kimi
qarşıya qoyulub. 1999-cu il
noyabrın 24-25-də Azərbaycanda Milli Azlıqlar üzrə
Dövlət Siyasətinə həsr edilmiş
ikigünlük konfrans keçirilib. 2012-ci ildə
Zaqatala, 2014-cü ildə isə Balakən folklor mərkəzi
elan olunub. Hər il milli
azlıqların mədəni irsinin qorunub saxlanması və
inkişaf etdirilməsi məqsədilə Heydər Əliyev
Fondunun dəstəyi, Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan
– doğma diyar” devizi altında Azsaylı Xalqların İncəsənəti
festivalı keçirilir. Müxtəlif bölgələrdə,
o cümlədən Şəki-Zaqatala bölgəsində fəaliyyət
göstərən mədəniyyət mərkəzlərinin
təşəbbüsü və dəstəyi ilə bölgənin
folklor kollektivləri bu festivala hər il
böyük həvəslə qatılırlar.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 17 may.-
S.13.