Əhalinin içməli su təminatı:
görülmüş işlər, real vəziyyət və
perspektivlər
Əhalinin daha keyfiyyətli içməli su ilə təmin
edilməsi, Bakıətrafı qəsəbə və yeni
yaşayış massivlərinin içməli suya tələbatının
ödənilməsi həyata keçirilən iqtisadi layihələr
hesabına zaman- zaman gerçəkləşir. Burada əsas
məqsəd, Prezidentin qeyd etdiyi kimi, ilk növbədə
bütün paytaxt sakinlərinin 24 saat fasiləsiz su ilə təmin
edilməsidir. Dünyada maliyyə
böhranının davam etdiyi bir müddətdə iqtisadi
inkişaf səviyyəsinə görə digər ölkələri
geridə qoyan respublikamız maliyyə potensialından səmərəli
istifadə edərək sosial infrastruktur layihələri həyata
keçirir. Sahibkarlığın
inkişafı üçün mütərəqqi addımlar
atılır. Neftdən asılılıq
aradan qaldırılır.
Ölkədə su təchizatı infrastrukturunun
yaradılması istiqamətində Prezident İlham
Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı
şəhəri və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində
Abşeron yarımadasının hər bir yaşayış
massivinin fasiləsiz su ilə təmin olunması istiqamətində
mühüm tədbirlər görülür. Dövlət
başçısı mütəmadi olaraq görülən
işlərlə yaxından tanış
olur və göstərişlərini verir.
Prezident bu sahəyə xüsus diqqət yetirir. Ölkə
başçısının bu barədə
çıxışlarından məsələyə nə qədər
ciddi önəm verildiyinin şahidi oluruq: “Regionların
sosial-iqtisadi inkişafı Dövlət proqramlarının əsas
məqsədi də Bakıda və bütün bölgələrdə
müasir infrastrukturun yaradılmasıdır. Bu
istiqamətdə son illər ərzində çox
böyük işlər görülüb.
Bu infrastruktur layihələrinin içində, əlbəttə
ki, içməli su layihələri xüsusi əhəmiyyət
daşıyır. Çünki içməli su
insanların həyatına birbaşa təsir edən amildir.
Xüsusi qeyd olunmalıdır ki, bu gün
Bakıda və bütün bölgələrdə içməli
su layihələri icra edilir. Bir çox
şəhərlərimizdə bu layihələrin
açılışlarını etmişik. Hələ ki, bəzi rayonlarda işlər davam edir
və qarşıya məqsəd qoyulub ki, Azərbaycanın
bütün şəhərlərində təmiz içməli
su fasiləsiz olaraq bütün əhaliyə verilsin.
Əlbəttə, Bakı şəhərinin su təsərrüfatı
daha da sürətlə yeniləşməlidir. Şəbəkə
sistemi hələ ki, bizim standartlarımıza tam uyğun
deyil. Ancaq bu istiqamətdə də işlər
aparılır və əlbəttə, biz hamımız istəyirik
ki, tezliklə bütün şəhərimizdə hər bir
vətəndaş kranı açıb oradan suyu birbaşa içə
bilsin...Belə olan halda növbəti illərdə içməli
su, kanalizasiya layihələrinin davam etdirilməsi, başa
çatdırılması əsas prioritet məsələ
olacaq...”.
Dünyada
ilin 4 böyük və önəmli su layihəsi
Xatırladaq ki, 2015-ci ilin oktyabrında Prezident İlham
Əliyevin iştirakı ilə istismara verilmiş Ceyranbatan
Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi
dünyada ilin 4 böyük və önəmli su layihəsindən
biri seçilib. 19-20 aprel 2016-cı il tarixlərdə
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı
Abu Dabi şəhərində keçirilmiş Qlobal Su
Sammitində Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici
Qurğular Kompleksi dünya su sənayesinə verilən dəyərli
töhfə kimi qiymətləndirilib.
Abu Dabi şəhərində təşkil olunmuş
sammitə dünyanın müxtəlif ölkələrindən
dövlət və özəl qurumlarının rəsmiləri
ilə yanaşı, Su Təsərrüfatı Liderləri
Qrupunun üzvü qismində Azərbaycan da dəvət
alıb. Beynəlxalq tədbirdə ölkəmizi “Azərsu”
Açıq Səhmdar Cəmiyyətinin rəsmilərindən
ibarət nümayəndə heyəti təmsil edib.
Budəfəki sammitin əsas özəlliyi dünyada
ilin ən önəmli 4 iri su layihəsinin müəyyənləşdirilməsi
olub. Qlobal Su
Təsərrüfatı Liderləri qrupunun 2500
üzvünün iştirakı ilə keçirilən səsvermədə
ABŞ, İordaniya və Konqoda tətbiq olunan yeni sutəmizləmə
üsulları ilə yanaşı, Azərbaycana məxsus
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular
Kompleksi 2016-cı ildə dünya su sənayesinin ən önəmli
layihələri seçilib.
Sutkalıq
məhsuldarlıq - 40 min kubmetr
Aprelin 5-də isə Azərbaycan Respublikası hökuməti
və Koreya Respublikası İxrac-İdxal Bankının birgə
maliyyələşdirdiyi “Pirşağı Çirkab Su Təmizləyici
Qurğusu” layihəsi üzrə podrat müqaviləsinin
imzalanma mərasimi keçirilib. Müqavilə “Azərsu”
ASC ilə beynəlxalq tenderin qalibi Koreya Respublikasının
“Hansol” EME Co LTD şirkəti arasında imzalanıb.
İmzalanma
mərasimində “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov
ölkə əhalisinin keyfiyyətli və fasiləsiz
içməli su, həmçinin kanalizasiya xidmətləri
ilə təmin olunmasını Prezident İlham Əliyevin
daim diqqətdə saxladığını və bəzi layihələrin
beynəlxalq maliyyə qurumları ilə birgə
reallaşdırıldığını qeyd edib: “Bu sahədə
Koreya Respublikasının maliyyə qurumları və şirkətləri
ilə əməkdaşlıq xüsusi qeyd edilməlidir. Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə
birgə həyata keçirdiyimiz layihə çərçivəsində
qısa müddətdə Kürdəxanı qəsəbəsinin
içməli su təchizatı sistemi yenidən qurulub. Növbəti qrant layihəsi çərçivəsində
Beyləqan rayonunun Xocavənd qəsəbəsində su təchizatı
və kanalizasiya sisteminin yaradılması layihəsi icra
olunacaq. Pirşağı qəsəbəsinin
yaxınlığında tikiləcək çirkab sutəmizləyici
qurğunun tikintisi Abşeron yarımadasının kanalizasiya
infrastrukturunun inkişafına töhfə verəcək”.
“Pirşağı Çirkab Su Təmizləyici
Qurğusu” layihəsi çərçivəsində
sutkalıq məhsuldarlığı 40 min kubmetr olan müasir
tipli bioloji tullantı təmizləyici qurğu tikiləcəkdir. Müasir
standartların tələblərinə uyğun olaraq
qurğunun qapalı rejimdə layihələndirilməsi,
yarana biləcək qoxunun neytrallaşdırılması
üçün xüsusi biosüzgəclərdən istifadə
olunması nəzərdə tutulur. Pirşağı
çirkab sutəmizləyici qurğusunun tikintisi Xəzər
dənizinin ekoloji təhlükəsizliyinin qorunmasına
böyük töhfə verəcək. Yeni
qurğu istismara verildikdən, ətraf qəsəbələrdə
kanalizasiya infrastrukturu yaradıldıqdan sonra Abşeron
yarımadasının şimal-şərq hissəsində
böyük bir ərazidə yaranan tullantı sularının
birbaşa Xəzər dənizinə
axıdılmasının qarşısı alınacaq. Gələcəkdə Pirşağı, Kürdəxanı,
Məhəmmədi, Nardaran, Digah, Maştağa və digər
yaşayış məntəqələrinin tullantı
suları bu qurğuda təmizlənərək kənarlaşdırılacaq.
Regionllar
diqqət mərkəzində
Ölkədə əhalinin keyfiyyətli içməli
su ilə təminatının
yaxşılaşdırılması istiqamətində həyata
keçrilən layihələr xüsusi əhəmiyyət kəsb
edir. Bu gün respublika ərazisinin 3/4-ü Kür
çayı hövzəsinə düşür və bu
çay ölkə əhalisi üçün əsas
içməli su mənbələrindən biri olaraq qalır.
Azərbaycana bu çay vasitəsilə daxil
olan suların çox hissəsi Gürcüstan və Ermənistan
ərazisində formalaşır və hər iki dövlətin
şəhərlərinin təmizlənməmiş
tullantı sularının Kür çayına
axıdılması onun hidrokimyəvi rejiminə və suyun
keyfiyyətinə güclü təsir edir. Şirin su ehtiyatlarımızın daha bir qismi Araz
çayı hesabınadır ki, bu çay da İran və
Ermənistan ərazisində çirklənməyə məruz
qalır. Şimaldan - Rusiyanın
Dağıstan ərazisindən gələn Samurda da vəziyyətin
yaxşı olduğunu söyləmək mümkün deyil.
Azərbaycannın daxili mənbəyi hesabına
formallaşan, tarixi hadisəyə çevrilmiş Oğuz-Qəbələ-Bakı
su kəməri layihəsi paytaxt sakinlərinin ekoloji cəhətdən
təmiz su ilə təminatının
yaxşılaşdırılmasına şərait
yaradıb.
“Azərsu” ASC Su Kanal Elmi Tədqiqat Layihə
İnstitutunun direktor müavini Adışirin Ələkbərov
bildirib ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun
direktoru Əlövsət Quliyev “Azərsu” ASC-yə müraciət
edib və içməli su sahəsində unikal sistem olan kəhrizlərin
bərpasına başlanıb: “Ölkəmizdə
yaşı 100 illərlə ölçülən kəhrizlər
bərpa olunur.
Heç bir enerji, mexaniki qüvvə sərf etmədən
suyu öz axını ilə yer səthinə çıxaran
kəhrizlərin sayı isə Azərbaycanda kifayət qədər
çoxdur. Qarşılıqlı proqram əsasında
həm mövcud kəhrizlərin istifadəsinin daha da
genişləndirilməsini, eləcə də sıradan
çıxmış kəhrizlərin bərpa edilməsi və
onların istifadəsi istiqamətində iş birliyinə
başlanıb”.
Bölgələrdə
içməli suyun keyfiyyətinin
yaxşılaşdırılması ilə bağlı
görülən tədbirlərdən danışan Azərsu
SC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı
dedi ki, Saatlı, Sabirabad, Biləsuvar, Şirvan, Hacıqabul
sakinlərinin içməli su təminatı Bakı sakinlərinə
verilən içməli suyun keyfiyyətindən geri
qalmır: “Lənkəranda su təmizləyici qurğular sayəsində
suyun keyfiyyətində problem yoxdur. Eləcə
də Quba, Zərdab, Mingəçevirdə içməli su
təminatı normaya uyğundur. Növbəti
mərhələdə Yevlax, Astara, Gəncə, Şəmkir,
Samuxda bu məsələyə baxılır”.
Keyfiyyətli
su təminatı
Ölkəmizdə
əhalinin ekoloji tələblərə cavab verən keyfiyyətli
su ilə təminatının
yaxşılaşdırılması istiqamətində Azərbaycan
Respublikası Prezidentinin 20 iyun 2007-ci il
tarixli, ¹ 2245 saylı Sərəncamını xüsusi olaraq
vurğulamaq lazımdır. Kür və Araz
çaylarının sularından istifadə edən
Naxçıvan Muxtar Respublikasının bəzi
rayonlarında, habelə Yevlax, Zərdab, Ağcabədi,
Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan,
Neftçala və Biləsuvar rayonlarında əhalinin su təminatını
yaxşılaşdırmaq məqsədi ilə verilmiş sərəncamın
1-ci bəndində deyilir:
- Kür
və Araz çaylarının sularından istifadə edən
100 yaşayış məntəqəsində 2007-2008-ci illərdə
modul tipli sutəmizləyici qurğuların
quraşdırılması üçün Azərbaycan
Respublikasının 2007-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan 3,0 milyon manat məbləğində
vəsait ayrılsın.
Ölkə əhalisinin keyfiyyətli içməli su ilə
təminatının yaxşılaşdırılması
istiqamətində ardıcıl tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin əhalinin
ekoloji cəhətdən təmiz su ilə təminatının
yaxşılaşdırılması ilə əlaqədar əlavə
tədbirlər haqqında 06.01.2015-ci il tarixli sərəncamına
əsasən Kür və Araz çaylarının
sularından, habelə digər su mənbələrindən
istifadə edən ölkə əhalisinin keyfiyyətli
içməli su ilə təmin edilməsi məqsədilə
Ağsu, Füzuli, Göyçay, İmişli, Kürdəmir,
Qax, Sabirabad, Şəki, Ucar və Zaqatala rayonlarının 40
mindən çox əhalisi olan 50 yaşayış məntəqəsində
modul tipli sutəmizləyici qurğuların
quraşdırılması üçün 2015-ci il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan Ekologiya və Təbii
Sərvətlər Nazirliyinə 5 milyon manat ayrılıb.
Bu sərəncamda
müəyyən edilən 48 yaşayış məntəqəsində
belə qurğuların quraşdırılması işləri
başa çatdıqdan sonra ümumilikdə 320
yaşayış məntəqəsində quraşdırılmış
modul tipli sutəmizləyici qurğular hesabına, keyfiyyətli
içməli su ilə təmin edilmiş əhalinin sayı
500 mini ötəcək.
Xatırladaq ki, Bakı şəhərinin və ətraf
qəsəbələrin dayanıqlı içməli su təchizatı
anbarlar vasitəsi ilə tənzimlənir. Mənbələrdən
paytaxta gətirilən su magistral xətlərlə anbarlara
ötürülür və buradan şəbəkəyə
çatdırılır. Mövcud anbarlar
əhalinin dayanıqlı su təchizatının
aparılması ilə yanaşı müəyyən
ehtiyatın toplanmasına da imkan verir. Yeri gəlmişkən
qeyd edək ki, hazırda Bakı şəhərində 13 mərkəzi
su anbarı var. Bunlardan əlavə Bakı şəhərində
188 müxtəlif tutumlu məhəllədaxili su anbarı fəaliyyət
göstərir. Bakı şəhəri və ətraf qəsəbələrin
fasiləsiz və keyfiyyətli su təchizatına nail olmaq
üçün hazırda Badamdar, Hövsan, Balaxanı, Ramana,
Qala, Zirə, Məhəmmədi, Saray qəsəbələrində
yeni su anbarları tikilir.
Əli Zülfqaroğlu
Xalq Cəbhəsi.- 2016.- 17 may.-
S.9.