“XƏMSƏ”DƏ
DÖVLƏTÇİLİK
Nizaminin əsərlərindəki
dövlətçilik düşüncəsi çağdaş
dünyanın mütərəqqi ideyaları ilə səsləşir,
çox məqamları ilə onu üstələyir
Folklor
və dövlətçilik məsələlərinin geniş yer
aldığı yazılı mənbələrdən biri də Nizami Gəncəvinin
əsərləridir. XII əsrdə
yaşamış dahi mütəfəkkir
Nizami Gəncəvi (1141-1209) siyasi xadim olmasa
da, onun şah əsərlərindən biri olan “İsgəndərnamə”
poemasında və “Xəmsə”yə daxil
olan digər dörd əsərdə
dövlətçiliyə dair məsələlər
geniş şərh edilib.
T.Kərimlinin də yazdığı kimi,
“Nizami yaradıcılığında ideal ədalətli hökmdar
probleminin aparıcı rolu
nizamişünaslıq elmi üçün hələlik mübahisəedilməz
bir faktdır. Bütövlükdə Nizami humanizmindən və məzlum xalqa qarşı ürəyiyananlıqdan,
qayğıkeşlikdən irəli gələn bu ideyanın köklərini harada
axtarmaq lazımdır? Yəqin
ki, ilk növbədə
Nizami humanizminin
demokratizmində və bununla bağlı olaraq əsrlər boyu folklorda kök
salmış ədalətli hökmdar
ideyasında. Çünki Nizami başlıca olaraq
şahların həyatını təsvir etsə də, əslində
xalq şairi idi; xalqın düşünən beyni və susmayan dili idi. “Xəmsə”
boyu şirin və ibrətamiz
xalq nağıllarından sevə-sevə
istifadə edən Nizami, xalqın ədalətli
hökmdar haqqındakı
arzularını özü üçün yaradıcılıq
amalına çevirmişdi”.
Nizami
yaradıcılığının qaynaqlarından birinin folklor olduğunu qeyd edən S.Rzasoya görə, “Nizaminin
istifadə etdiyi folklor
mətni hansısa əsərin folklorlaşmış
variantı, yaxud yazılı abidə folklor süjetinin, əsatiri-xronik
hədisin müəllif tərəfindən bədiiləşdirilmiş
variantı ola bilərdi.
Məsələn, Firdovsi “Şahnamə”sinin
böyük bir hissəsi
İran teokratik
dövlətçilik ənənəsinin mifoloji
mətnlər əsasında nəzmə çəkilməsindən
ibarətdir. Və bu halda
Firdovsi şifahi ənənənin
yazılıya dəyişdiricisi kimi
çıxış edir. Sasani
xronikası ənənə baxımından Firdovsidə çox qüvvətlidir. Nizamidə isə bu xronikanın ənənə sərhədləri
zəifləyir və xronik vahidlər “Yeddi gözəlin” konkret
ideyasının verilişi üçün qurum
materiallarına çevrilir”.
“Ədalətli
hökmdar problemi şairin ilk poeması olan “Sirlər xəzinəsi”ndən Nizami yaradıcılığında özünü qabarıq şəkildə
göstərməyə başlayır. Poemadakı iyirmi məqalətdən yalnız doqquzunda hökmdarlardan, hökmdar təbiətinin müxtəlif
çalarlarından və təzahür formalarından
söhbət açılır. Bunların üçü
mifik hökmdar, üçü ümumiyyətlə,
adsız-ünvansız hökmdar və
yalnız üçü real
tarixi şəxsiyyətdir...
Poemadakı
mifik hökmdarlar – Süleyman, Cəmşid və Fridundur.
Tarixi şəxsiyyətlər isə
Ədalətli Nuşirəvan, Harun ər-Rəşid
və Sultan Səncərdir. Konkret adı çəkilməyən hökmdarlar Nizami tərəfindən
“Ümidsiz padişah,
Zülmkar padişah və
Cavan şahzadə”
adlandırılıb”.
Y.Qarayevə
görə, “Nizami dühası bəzən
renesans qəhrəmanlarını da qabaqlayır: “İsgəndərnamə”dəki
utopik cəmiyyət Tomas
Morun, Kampanellanın yaratdığı ideal cəmiyyətdən daha
demokratikdir; burada qullar və siniflər yoxdur.
Qərb humanistləri hər cür mənəvi,
dini və mistik buxovdan birinci növbədə
real təcrübi məişəti, mənəvi
duyğuları, Nizami isə ruhu, ürəyi və mənəviyyat aləmini
azad etməyə çağırır. Nizami epoxa və yol ayrıcında dayanan Dante libaslı bir müsafir də deyil. Onun idealları nə “orta
əsrlərin” sonu, nə də “yeni dövrə” keçidi
başlayan dönüşün
əvvəli demək deyildi. Burada dahinin öz dövrünə, öz
əsrinə saldığı nəzərin yeniliyindən və
ucalığından danışmaq olar”.
Nizami
yaradıcılığında fərdi və ictimai
mənəviyyat məsələlərinə diqqət yetirən
müəllifə görə, “sonralar ən
dahi humanistləri düşündürmüş
mənəvi mətləblər Nizamini də
düşündürüb: şəxsiyyətin
ziddiyyətləri, ictimai ədalət problemi, dövlət quruluşu,
tragik sevgi, fərdi əxlaqi cavabdehlik...
İnsanın həm şəxsi, həm də ictimai səadətinin sorağında şair bizə ideal şah surətləri, hətta ideal şahsız, qullarsız və
quldarlarsız ideal cəmiyyət quruluşu təsvir edir. Şah hüzuruna kəfən
geyib gələn qocanın, Sultan Səncəri ittiham edən qarının, “Yeddi
gözəl”dəki yeddi məhbusun
şikayəti, şah zülmündən
məmnun qalan iki bayquşun söhbətləri – şairin sənətkar və mütəfəkkir
təlaşı ilə faş etdiyi bütün bu ictimai haqsızlıq
faktlarının əsasında çox
aydın bir dünyagörüşü,
poetik-fəlsəfi bir təlim
dayanıb”.
Heç
şübhəsiz ki, bu
təlim xalqın etnik-mədəni dəyərlərindən,
mənəvi resurslarından və bunları özündə
birləşdirən folklorundan
qaynaqlanır. Şərq və türk
dövlətçilik ənənələrinin xalq yaddaşında yaşayan
dəyərlərini yazılı mədəniyyətin
materialına çevirən Nizami hər yerdə bu dəyərlərə
sadiq mövqe nümayiş etdirir. Nizami üçün
dövlətin ədalətlə idarə olunması ən mühüm məsələdir. Bunun bir daha
təsdiqi üçün o, türk folklor
ənənəsində mövcud olan ictimai mənafenin fərdi
və ya ailə mənafeyindən üstün tutulması faktlarından
faydalanır. Məlumdur ki, Oğuz xan atası Qara xanı dini
baxışlarına görə öldürür
və ya Dirsə xan oğlu Buğacı ictimai
əxlaqı pozduğuna görə (yalan motivi sonradan
aşkarlanır) ölümcül
yaralayır. Varislik ənənəsindəki
belə kəskin motivlər Nizamidə bir
qədər yumşaldılır. Burada islam görüşlərinin və şəriət
qaydalarının rolu öz
təsirini göstərir. “Yəzdigürdün
ölümündən sonra, Bəhramın
da atası kimi
zalım olacağından ehtiyatlanan
iranlılar özlərinə “tacidar nəslindən”
olan bir qocanı şah seçirlər. Bəhram İrana hücum çəkir,
şərt əsasında iki şirə qalib gəlib, öz qanuni tacına yiyələnir. Bundan
sonra o “atasının
zülmünə son qoyur,
İranda hətta Allahın belə rəğbət
və səxavətinə səbəb olan
kosmik sahman
yaradır”. Nizami bütün
hallarda öz qəhrəmanlarını
xeyir və şər qütbləri
arasında bölür. Bununla
yanaşı bu qütblər arasında hərəkət
edən qəhrəmanlar da yaradır.
Haqqın və nahaqqın Allah tərəfindən
hər birinin öz əməlinə
uyğun qiymətləndirilməsini
göstərmək üçün
müəllif bu yolu seçir. Bəhram da öz fəaliyyətinə görə belə
mənfi və müsbət arasında dəyişən bir qəhrəman kimi səciyyələnir.
“Bəhramın atası zalımdır və Nizaminin
onu bu cür
təsvir etməsində tarixi bir həqiqət var. Belə
ki, 399-421-ci illərdə İran
taxtına oturmuş I Şah
Yəzdigürd zərdüşt kahinlərinə yox, xristianlara arxalanır.
O, bununla da sərbəst
siyasi hakimiyyətə malik
yerli əyan və kahinlərin nifrətini
qazanır. Lakin sonralar
get-gedə artan bu
narazılıqdan və xristianların Bizansla
artan əlaqələrindən qorxuya düşüb
siyasətini dəyişir”.
Tarix
və folklor münasibətlərini türk dövlətçiliyi ilə əlaqəli
şəkildə araşdıran H.İsmayılova görə,
tarix bu və ya başqa şəkildə
folklorda öz əksini
tapır:”Tarixi qaynaqlardan
anlaşılır ki, Məlikşahın
hakimiyyəti imperatorluğun
inkişafının son mərhələsi
olub. Onun
ölümündən sonra
oğulları arasında hakimiyyət uğrunda
bir neçə il
mübarizə gedib. Böyükyarğın
və qardaşı Məhəmmədin zamanında dövlət
ərazisi iki hissəyə
parçalanıb, Sultan Məlik
şahın üçüncü oğlu Sultan Səncərin
zamanında (1118-1157) dövlət tənəzzül edib və onun ərazisi bir neçə yerə bölünüb.
Bununla bağlı pis
hökmdara xalq
münasibətindən doğan neqativ məzmunlu örnəklər yaranıb.
Bunlardan biri də N.Gəncəvinin
“Sultan Səncər və qarı” hekayəsinə
mövzu verib”.
Nizaminin
digər əsərlərində də dövlətçilik
fikri və kamil
dövlət ideyası dini və milli-mənəvi
dəyərlərin səfərbərliyi ilə yaradılan kamil insan obrazından
qaynaqlanır. Y.Qarayevin gəldiyi qənaətə
görə, “Nizaminin sosial
utopiyası bilavasitə Nizamini yetirən
xalqın öz sosial-demokratik
ənənələri ilə şərtlənib və Nizamiyə
qədərki farsdilli ənənə ən
yaxşı halda ideal
monarxiya zirvəsindən yüksəyə
qalxa bilməyib”. Nizami
xalq yaradıcılığından
yaradıcı şəkildə istifadə etməklə türk dövlətçilik ənənələrini
əsərlərində geniş şəkildə
əks etdirib. “Nizami
eləcə də ümumbəşəri dövlət
yaradılması məsələsini ortaya
atır və hesab edir
ki, bəlkə belə bir
dövlət dünyada zülmə son qoya bilər. Nizaminin “İsgəndərnamə”ni yazmaqda əsas məqsədi insan
səadəti yollarını axtarıb tapmaq
idi. Və Nizami bu nəticəyə gəlir ki,
insan xoşbəxtliyi yalnız dost insanların yaşadığı ədalətli
cəmiyyətdə ola bilər. Buna görə
də həm bu əsərində, həm
də digər dörd irihəcmli
poemasında Nizami hökmdarları ədalətli
olmağa dəvət edir
və azad, xoşbəxt insan
cəmiyəti yaratmağı geniş təbliğ
edib. İdeal hökmdar konsepsiyası isə “İsgəndərnamə”
poemasında daha geniş
planda işlənib”.
Nizami
əsərlərinin və bu əsərlərdəki
ideyaların xalq ruhuna
yaxınlığı isə hər şeydən öncə
onun folklor motivləri
üzərində qurulmasıdır. Çünki
burada xalq yaddaşında
yaşayan əfsanə, rəvayət, atalar sözü və məsəllər,
nağıl süjetləri və nağıl üslubu
geniş
işlənib. Məsələn, “İsgəndərin zülmətə
getməsi” əhvalatı İsgəndərlə bağlı
xalq əfsanələrindən biridir. Fatehliyə xalq
münasibəti İsgəndərin dəfni ilə
bağlı başqa bir
əfsanədə qalmaqdadır. Burada
İsgəndərin əlinə torpaq
tökəndən sonra onu
normal dəfn etmək mümkün
olur. Bu kimi bir çox
əfsanələr “Xəmsə”də olmasa
da xalq
yaddaşında qorunub. “Nizaminin
“İsgəndərnamə” əsərində azadlıq, bərabərlik
və ədalət ideyaları geniş təbliğ
olunur. Bu ideyaların tərənnümçüsü kimi Nizami şahlara
və hökmdarlara ədalət prinsiplərini
müdafiə etməyi nəsihət edir
və məsləhət görürdü.
Nizaminin “Xosrov və Şirin” poemasında “ədalətli hökmdar haqqında şaha
nəsihət” adlı xüsusi bir bölmə də var”.
Türk
dövlət başçıları xalq
ənənəsindən gələn dövlətçilik məsələlərinə
böyük diqqətlə yanaşıb
və saraylarda saxladıqları müdrik insanların məsləhətlərini
daim dinləyiblər. Nizaminin
özü də dövrünün
böyük hökmdarı Alp Arslan tərəfindən
daim diqqət və qayğı ilə əhatə
olunub. Nizami
şahın məclisinə gələrkən şahın onu ayağa qalxaraq necə səmimi qarşılaması
haqqında da “Xosrov və
Şirin” əsərində məlumat verir.
Nizaminin
əsərlərində təsvir olunan
dövlətçilik düşüncəsi çağdaş
qloballaşan dünyanın mütərəqqi
ideyaları ilə səsləşir və bir
çox məqamları ilə hətta onu üstələyir. Çünki
Nizami xalqın xəyallarındakı
dövləti gerçəklik kimi
görmək istəyib. Xəyallar və
xalq təxəyyülü isə həmişə
gerçəklikdən çox irəlidə
olur. “Nizami Gəncəvi
dünya söz sənətinin
dahi təkləri sırasına daxildir. Elə dahi təkləri
ki, sənəti sabaha
və əbədiyyətə aparan yolda indi də bizdən səkkiz
əsr əvvəldə yox, səkkiz əsr
qabaqda, irəlidə addımlamaqda davam edirlər. Tarix, bəşəriyyət
keçmişdən uzaqlaşdıqca onlara
yaxınlaşır”.
Ağaverdi Xəlil
Xalq cəbhəsi .- 2016.- 18 may.
- S.14.