Güney Azərbaycandan toplanmış bayatılar
Güney Azərbaycan türklərinin
folklorundan danışarkən
bayatıların üstündən
sükutla keçmək
olmaz. Başqa türk xalqlarında
olduğu kimi Güney Azərbaycan türklərinin də folklorunda bayatının xüsusi yeri var. İlk öncə onu vurğulamaq lazımdır ki, bayatını mərasimlərdən
ayrı təsəvvür
etmək olmaz. Yəni əksər mərasimlərin
icrası bayatılarla
müşayiət olunur.
Ancaq təəssüf doğuran
haldır ki, Azərbaycan folklorunda olduğu kimi Güney Azərbaycan türklərindən toplanmış
bayatılar da mərasimin tərkib hissəsi kimi deyil, mərasimlərdən
ayrılaraq çap olunub. Daha dəqiq desək,
bayatıların konteksti
məsələsi aydınlaşdırılmamış
qalıb. Bu da nəşr olunmuş bayatıların
funksiyasını anlamaqda
çətinlik yaradır.
Bu səbəbdən də
istər-istəməz araşdırıcını
bayatının məzmununa
əsasən fikir yürütməyə məcbur
edir:
Qızılgül axçalandı,
Dibi tabaxçalandı.
Səni kimlər qarğıdı?
Paltarın boxçalandı.
Gəlin,
gəlin, qız gəlin,
İncilərin düz, gəlin.
Yeddi oğul istərəm,
Sonbeşigin qız, gəlin.
Misal kimi verdiyimiz bayatıların məzmununa əsasən belə demək olar ki, birinci
bayatı yas məclisində, ikinci bayatı isə toyda deyil. Güney Azərbaycan
türklərinin arasında
vəsfi-hal məclislərinin
təmtəraqla keçirilməsi
məlumdur. Vəsfi-hal məclislərini
isə bayatılarsız
təsəvvür etmək
mümkün deyil.
Mərasimin icrası zamanı sudan
çıxan hər bir əşya bayatının müşayiəti
ilə göstərilir
və deyilmiş bayatıların məzmununa
əsasən əşya
sahibinin təzə ildəki taleyi müəyyənləşdirilir. Aşağıdakı bayatılar
da çox güman ki, vəsfi-hal mərasimində
söylənilib:
Əlində bayda gəlin,
Durubdu çayda
gəlin.
Allah mətləbin versin,
Açılan ayda gəlin.
Ancaq məsələnin
bu tərəfi də var ki,
bayatının məzmununa
baxıb fikir yürütmək həmişə
istənilən nəticəni
vermir. Güney Azərbaycan türklərindən
toplanmış bayatıların
bir qismini də alqış, qarğış, giley-güzar
məzmunlu bayatılar
təşkil edir:
Aşıq gözə gəlməsin,
Ceyran düzə
gəlməsin.
Getsin qara buludlar,
Bir də bizə gəlməsin.
Sarı
çuxam yırtılsın,
Yaxam səndən
qurtulsun.
Qarğışa dilim dönməz,
Burnun yerə
sürtülsun.
Bu tipli bayatıların
harada, nə zaman və nə
məqsədlə deyilməsi
məsələsi qaranlıq
qalır. Azərbaycan folklorunda alqış
və qarğış
mərasimlərinin vaxtilə
mövcud olması ilə bağlı müəyyən məlumatlar
qeydə almışıq.
Deyilənlərdən belə
nəticəyə gəlmək
olur ki, bu mərasimlər artıq unudulub, orada söylənilən mətnlərin az
bir qismi isə yaddaşlarda qalıb. Həmin mərasimlərlə bağlı materialların
azlığı bu təxminimizin doğru olmasını isbat etməyə imkan vermir. Konkret funksiya məsələsində
ciddi problemlərin olmasına baxmayaraq, Gü- ney
Azərbaycan türklərinin
bayatılarında maraqlı
hallarla da üzləşmək mümkündür.
Çap
olunmuş bayatıların
arasında türk mifoloji inamlarını özündə əks etdirən nümunələrlə
qarşılaşırıq.
Məsələn:
Ay doğdu peşman-peşman,
Gün oldu ona düşman.
Ürəkdə bir dərdim var,
Nə
dost bilir, nə düşman.
Türk xalqlarından toplanmış
miflərin bir hissəsini də Ay və Günəşlə
bağlı söylənilən
mətnlər təşkil
edir. Bu mətnlərdə Ay və Günəş bacı-qardaş, iki sevgili və s. kimi təsəvvür olunur və onların bir-birindən ayrılma səbəbləri
göstərilir. Yuxarıda verdiyimiz
bayatının əvvəlki
iki misrasında həmin mifoloji görüşlərə işarə
edilir. Yeri gəlmişkən qeyd edək ki, bu bayatının
bir variantını da Qarabağ bölgəsinin Tərtər
rayonundan toplamışıq.
Toplanıb nəşr
olunan bayatılara nəzər saldıqda onların bir qisminin yaranmasında atalar sözlərindən,
deyimlərdən istifadə
olunduğunu görürük:
Əzizim,
azmamışam,
Nahəx söz yazmamışam.
Quyu qazan düşər,
Mən quyu qazamışam.
Əzizim,
adı qalar,
Mivənin adı qalar.
İyit
özü getsə də,
Yurdunda adı qalar.
Bulut dağdan oğranıb,
Para-para doğranıb.
Qoca kötüh üsdündə
Çoxlu budağ doğranıb.
Misal kimi göstərdiyimiz bayatıların
birincisində “Özgəyə
quyu qazan özü düşər”
atalar sözündən,
ikincisində “İgid
ölər, adı qalar” atalar sözündən,
üçüncüsündə isə “Qoca kötük üstündə
çox çırpılar
doğranıb” deyimindən
istifadə olunub. Bu deyim adətən kiminsə çox yaşlı olması səbəbindən
ömrünün az qalmasına işarə vurulduqda işlədilir. Həmin deyimin “Səhəng yanında çox dolçalar qırılıb”
variantı da var:
Bir yaralı qoçam mən,
Yerim yoxdu uçam mən.
Ürək ki süfrə degil,
Hər gələnə
açam mən.
Misal kimi göstərdiyimiz bu bayatı da “Ürək süfrə deyil ki, hər
gələnə açasan”
deyimindən bəhrələnərək
yaradılıb. Ancaq burada diqqətimizi çəkən başqa
bir məqam da var. Bayatının ikinci misrasında işlədilən “uçmaq”
feili yerinə düşmür, daha doğrusu, birinci misra ilə uyuşmur. Birinci misradakı “qoç”
isminə görə ikinci misrada “qaçmaq” feilindən istifadə olunmalı idi. Qoç uçmaz, qaçar.
Feilin səhv işlənməsi
müxtəlif səbəblərdən
baş verə bilər. Bu, söyləyicinin
xətası ola bilər. Yəni söyləyici ümumi məzmuna uyduğu üçün
çaşıb səhvən
“Yerim yoxdu qaçam mən” əvəzinə “Yerim yoxdu uçam mən” deyə bilər. Yaxud toplayıcı mətni
yazıya köçürərkən
“qaçam” əvəzinə
“uçam” yaza bilər. Bu, tərtibçinin
xətası ola bilər. Həmçinin mətni kompyuterdə
yığan şəxs
də səhvən “qaçam” əvəzinə
“uçam” yaza bilər. Onu da qeyd edək
ki, növbəti səhifədə həmin
bayatı bir qədər fərqli formada verilib:
Çıxaram dağlara mən,
Yerim yoxdu qaçam mən.
Ürək ki süfrə degil,
Hər gələnə
açam mən.
Bayatının bu variantı əvvəlki variantla müqayisədə poetik baxımdan zəifdir. Burada tərtibçinin
xətasını da qeyd etmək yerinə düşər.
Bayatı mətnləri
çap olunarkən onların variantları yanlarında = (bərabərlik)
işarəsi qoyularaq
verilməlidir. Yəni eyni
bayatının bir neçə variantı müstəqil bayatı kimi ayrı-ayrılıqda
verilə bilməz.
Güney Azərbaycandan toplanmış
bayatıların çap
olunduğu kitablara baxdığımız zaman
bu kimi xətalarla
tez-tez üzləşirik. Eyni bayatının
olduğu kimi həm müxtəlif kitablarda, həm də eyni kitabda
çapı da tez-tez gözə dəyən qüsurlardandır.
Onu da deyək ki,
bu cür xətalara yalnız Güney Azərbaycandan toplanmış bayatı mətnlərinin tərtibi
zamanı deyil, Quzey Azərbaycandan toplanıb çap olunmuş bayatılar arasında da rast gəlinir. Güney Azərbaycan türklərindən
toplanmış bayatıların
arasında dastanlardan bəhrələnərək yaradılan
dördlüklərin də
olmasını görürük.
Əzizinəm, san verər,
Açma, yaram qan verər.
Çölləri gəzən Məcnun,
Leyli deyib can verər.
İgidin
bir atıdır,
Bir də təmiz zatıdır.
Koroğluda qoçaqlıq,
Onun ehtiyatıdır.
Bayatılarda yer-yurd adlarının işlənməsi qanunauyğun
haldır. Bu, yalnız
qafiyə yaratmağa xidmət etmir, eyni zamanda həmin
bayatıların hansı
bölgənin sakininin
dilindən söylənməsinin
göstəricisidir. Əslində
bu bayatılar ümumtürk bayatılarının
həmin bölgəyə
xas variantlarıdır:
Ağ maya düzdə qaldı,
Yükü Təbrizdə qaldı.
Oğlanı dərd apardı,
Dərmanı qızda qaldı.
Əzizim,
oda salmaz,
O Xoydu, o da Səlmas.
Səməndər də mənimtək
Özünü oda salmaz.
İkinci bayatıda Xoy, Səlmas kimi yer adlarının işlənməsi ilə
yanaşı, son iki misrada Səməndər quşu haqqında söylənilən miflərə
işarə olunmasını
görürük. Bu bayatı sənətkarlıq
baxımından da möhtəşəmdir. Birinci
və dördüncü
misralarda işlədilən
“oda” sözü od, atəş isminin yönlük hal forması, ikinci misradakı “o da” kəlməsində isə “o” işarə əvəzliyi, “da” bağlayıcıdır. Bayatını deyən şəxs “oda” kəlməsini iki formada işlədərək
həm məzmunca, həm də formaca gözəl folklor nümunəsi yaratmağa nail olub.
Ləman
Vaqifqızı
filologiya üzrə fəlsəfə doktoru
Xalq Cəbhəsi.- 2016.- 19 may.-
S.14.