Ölmərəm, aləmdə səsim var mənim...
XIX əsrin 40-cı illərindən
sonra ticarət, quberniya mərkəzi olan, hətta böyük qarnizonun, dövlət idarələrinin
yerləşdiyi Şamaxıda
yeddi-on karvansaranın
olduğu göstərilir. Təbii ki,
bu karvansaraların hamısı yüksək
tələblərə cavab
vermirdi. XIX əsr
mənbələri, eləcə
də o dövrdə yaşayıb-yaradan şairlərin
əsərləri, ziyalıların
məktublarında həmin
karvansaraların sahiblərinin
adı, hətta ötən əsrdə
70-80 yaşlı şamaxılılar
karvansaraların bəzilərinin
yerini də nişan verə
bilirdilər. Hacı Rəhim,
Səməd bəy, Nağı bəy, Məşədi Qəzənfər,
Süleyman bəy, Əhməd Ağa karvansarası və s. Əhməd Ağanın
(Sultanın) (1807-1902) daha
işlək iki karvansarası vardı.
Biri Şamaxının “İmamlı”
məhəlləsində - sarayına yaxın, o biri isə qədim
“Cümə” məscidi
səmtdə. Əhməd Ağa
görkəmli mesenant,
muğam bilicisi Mahmud Ağanın atası idi. Vaxtilə ixtiyar yaşlı şamaxılılar söyləyirdilər
ki, Əhməd Ağa karvansara işçilərinə tapşırıq
vermişdi ki, sənət adamları, xəstəliyinin müalicəsi
üçün Şamaxıya
gələn insanlardan,
bir də orucluqda uzaq yerlərdən qonaq gələnlərin heç
birindən haqq almasınlar...
Əhməd Ağa Seyid Əzimlə dost olduğu
kimi, onun məclisinin daimi iştirakçılarından idi.
“Beytüs-Səfa” məclisinə
uzaq şəhərlərdən
gələn qonaqları
Əhməd Ağa karvansarasında yerləşdirərdilər...
S.Ə.Şirvaninin ziyalı, şair
dostları olduğu kimi, bəy, bəyzadə dostları da çox olub.
Seyid Əzimdən bəhs edən müəlliflər
əsərlərində həmin
insanlardan yazıblar.
Şair özü də onların bir çoxundan giley etdiyi kimi, hətta
bir çoxunu da həcvlə qamçılayıb. Bir çoxlarının
şəninə isə
şeirlər yazıb,
tərifləyib. Şahbaz
bəy, Azad bəy, Məhəmməd Tağı,
Qulu bəy, Rza bəy, Həsən
bəy, Mütəllim
bəy, Mahmud Ağa, Əbdüləli Boyaqçızadə,
Nağı bəy, Kərim bəy, Ömər bəy və b. Bunların bir çoxu xeyirxah əməl sahibləri olduğuna görə S.Ə.Şirvani
o bəyləri də
ayrıca tərifləyib.
Mahmud Ağa, Kərim
bəy, Süleyman bəy, Ələkbər bəy, Şahbaz bəy, Mütəllim bəy, Sənan bəy, Rza bəy
və b. belələrindən
olub...
Ruhanilikdən uzaqlaşmağa başlayan
S.Ə.Şirvani pedaqoji
fəaliyyətə XIX əsrin
60-cı ilinin sonunda başlayıb. Daha dəqiq desək,
o bir çox maarifçi, məktəbdar
dostları kimi yeni üsullu məktəbini 1869-cu ildə
təşkil edib.
Həmin
gün görkəmli
ziyalının ən
sevincli günlərindən
olub. Həmin sevincli gününü
şair belə tərənnüm edir.
İndi
Şirvanda açmışıq
məktəb,
Dərsimiz rusu, türkü, farsu, ərəb.
Zəhmətim çoxdu, hiç
nəfim yox,
Zeyn həqqə ümidvarım
çox –
Kim bi zəhmətlər olmaya zaye –
Bəlkə bu macəra ola şaye.
S.Ə.Şiravninin təşkil etdiyi yeni məktəb o birilərdən bir çox cəhətinə,
quruluşuna görə
də fərqlənirdi. Bu barədə
mənbələrdə oxuyuruq:
“Onun təsis etdiyi “Üsuli-cədid” məktəbi mollaxana və mədrəsələrdən
fərqlənirdi. Uşaqlar həsir
üzərində deyil,
skamyalarda oturur, yazı taxtasında yazırdılar”.
O zaman Şamaxıda gənc ziyalıların yetişməsində bu məktəblərin böyük
rolu olmuşdu. Görkəmli satirik şair
M.Ə.Sabir, maarifçi
S.M.Qənizadə, S.Ə.Şirvaninin
məktəbində ilk təhsillərini
alıblar. S.Ə.Şirvani məktəbində təkcə
şamaxılılar deyil,
Kürdəmir, Ağsu,
Qarasu kəndindən gələn uşaqlar da oxuyublar. Bu sahədə ciddi tədqiqat aparmış f.e.d. Əhməd Cəfərzadə yazır:
“Azərbaycan Respublikası
Əlyazmaları Fondunda
(arx. – 19. q-3, ¹116) müxtəlif vaxtlarda S.Ə.Şirvani məktəbində
oxumuş dörd nəfərin xatirələri
mühafizə olunur”
(Ə.38). Sonra alim
həmin məktəbdə
oxumuş şagirdlər
– Qarasulu Hüseynov Əsəd Hacı İsa oğlu, Mirzə Camal Ağayev, Mehdiquliyev Əsgər və Ağabala Süleymanovun xatirələrini verir: “Seyid Əzim çox yaxşı müəllim və yaxşı insan idi. Mən bu məktəbdə
1880-ci ildən 1884-cü ilə
kimi oxumuşam. Biz məktəbdə şəriət, “Quran”, tarix,
ədəbiyyat, hesab,
rus dilini keçirdik”.
S.Ə.Şirvaninin yeni tipli bu məktəbi, mənbələrdə göstərildiyi
kimi, ömrümün
sonuna kimi – 19 il davam
etmişdi... Öz məktəbi ilə
yanaşı o, “Şamaxının
qabaqcıl ziyalılarının
təşəbbüsü ilə açılan “Məclis” məktəbində
də çalışır.
“O, həmin məktəbdə
il yarım işlədikdən sonra C.Ünsizadə Tiflisə
köçür, məktəb
və onun 70 nəfər şagirdi S.Ə.Şirvaninin ümidinə
qalır”. 1877-ci ildə S.Ə.Şirvani Şamaxı şəhərində
fəaliyyət göstərən
səhər dövlət
məktəbində Azərbaycan
dili, “şəriət”
müəllimi təyin
olunur. Bu illərdə o, məktəblərdə
ana dilinin tədrisi üçün
“Rəbiül-Ətfal” və
“Tacül-kütüb” dərsliklərini
də hazırlayır.
Buna baxmayaraq onu,
“haqsız yerə” ittiham edib, 1879-cu ildə müəllimlik vəzifəsindən azad edirlər. S.Ə.Şirvani bundan heç
də ruhdan düşmür. Haqsız
yerə işdən çıxarıldığını lazımi yerlərə sübut edən müəllim az
bir müddət içərisində “vəzifəsinə
bərpa edilir”. Odur ki, o, ömrünün sonuna kimi müəllimlik
fəaliyyətini davam
etdirir. Hətta pedaqoji sahədəki
uğurlarına görə
Qafqaz canişinin mülki işlər üzrə dəftərxanası”
“...onu sinədə daşımaq üçün
Stanislav lenti üzərində “Səyinə
görə” (“Za uspex”) sözləri yazılmış gümüş
medalla təltif olunması barədə məsələ qaldırır”.
Görkəmli maarifçi həmin
medalı gec də olsa (ölümündən
on gün əvvəl)
ala bilir, zəhmətinin
bəhrəsini görür,
sevinir. M.Füzuli
ədəbi məktəbinin
əvəzsiz davamçısı,
görkəmli maarifçi,
məktəbdar, qəzəl
ustadı S.Ə.Şirvani
Seyid Məhəmməd
oğlu Şirvani
1888-ci ildə may ayının
20-də, 53 yaşında əbədi
olaraq gözlərini yumdu...
Şamaxının böyük ziyalılarından,
məktəbdarlarından olan
Ünsizadə qardaşları,
şairin əqidə
dostları, ilk olaraq “Kəşkül” məcmuəsinin
75-ci sayında onun ölümü barədə
oxuculara xəbər dərc ediblər. S.Ə.Şirvanidən bəhs edən müəlliflər onun “qəflətən vəfat”
etdiyini qeyd edirlər. Onun doğmalarının və köhnə şamaxılıların dediyinə
görə, şair məsciddən çıxarkən
qaragüruhçular tərəfindən
“basırığa salınıb”
və əzilib.
Təxminən ondan sonra
10-15 gün xəstə
yatıb, həyatdan gedib. S.Ə.Şirvani
vəsiyyətinə görə
Şamaxıda “Şah
Xəndan” qəbiristanlığında
– ata-babalarının yanında
dəfn olunub:
Mən öləndə, Şah Xəndanda basdırın,
Çünki onun Şahidi-Xəndani
var.
Şairin
qəbir daşının
bir tərəfinə
öz qəzəlindən
bir beyt seçilib yazılıb:
Mövti-cismani ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim.
Haşiyə: Xalq yazıçısı, prof. Ə.Cəfərzadə deyirdi ki, ötən əsrin 60-cı illərində “Aləmdə səsim var mənim” əsərim və M.Ə.Sabir, A.Səhhət haqqında məlumat əldə etmək üçün yaşlı şamaxılılar – o insanları görmüş ağsaqqallarla çox görüşmüşəm, bilgilər əldə etmişəm. Onda öyrənmişəm ki, S.Ə.Şirvaninin məzarüstü sinə daşını dostu, musiqişünas Mahmud Ağa saldırıb... Məzar-sinə daşının hər iki tərəfinə həkk olan beytləri o, özü müəyyənləşdirib. Şairin məzar daşının o biri tərəfində hələ indiyədək oxunub kitablara düşməyən fars dilində olan qəzəlinin bu beyti yazılıb:
“Seyyida, məqsədi pudhati eyvani Nəcəf,
Hər xahənde əz in dər nərəzəndi bi məqsud...”
Sətri tərcüməsi:
“Ey Seyid, öz istəyini Eyvani Nəcəfdən istə,
Heç istəyən bu qapıdan istəyin almamış qayıtmayıbdır...”
Şamaxıda müxtəlif işlər görülüb, tədbirlər keçirilib. S.Ə.Şirvani adına məktəb, kitabxana, mədəniyyət evi (vaxtilə sovxoz) təşkil edilib, park salınıb. Bütün bunları şair sanki qabaqcadan görüb və duyub:
Sizlərə sərbəsər səlamım var,
Olmasam da özüm, kəlamım
var.
Oxuyun şeirimi, qılın yadım,
Şad olsun bu ruhi-naşadım.
Ustad şairin
illər ötsə belə şeirləri oxunacaq, öyrəniləcək,
təbliğ olunacaq və xalqımızla birgə yaşayacaq.
Seyfəddin Qəniyev
Professor
Xalq Cəbhəsi.- 2016.- 20 may.-
S.144