Müxtəlif dinlərə aid qədim ziyarətgahlar

 

Professor Məhəbbət Paşayeva Kürmükoba mərasiminin tarixi köklərini araşdırıb. O, bildirir ki, hazırda Azərbaycanda müxtəlif dini dünyagörüşlərin, xristianlığa və islamaqədər inancların qorunub saxlanması, onların bir-birilə qaynayıb qarışması - dinlərin sinkretizmi eyni sitayiş yerinin həm müsəlman, həm də xristian əhali tərəfindən ziyarət edilməsinə gətirib çıxarıb: “Belə inanc yerləri içərisində, müxtəlif dinlərdən olan minlərlə ziyarətçinin axışdığı Kürmük məbədi xüsusi yer tutur. Tarixi etnoqrafik araşdırmalar nəticəsində məlum olub ki, Kürmük məbədi Ay məbədinin yerində inşa olunub. Hazırda da burada kökü ibtidai dinlərə uzanan “Kürmükoba” adlı bir mərasim icra edilir. Bu mərasimə həm xristian, həm də islam dini elementləri daxil edilsə də, “Kürmükoba” Kürmük çayının şərəfinə keçirilən qədim ayinin izlərini daşıyır. Bu mərasimin ildə iki dəfə Kürmük çayının daşma mövsümündə keçirilməsi də onun xristianlıq dövründən çox öncə mövcud olduğunu və qədim bir təbiət ayini olduğunu təsdiq edir. Göründüyü kimi, bu günədək Kürmükoba bayramı öz ilkin mahiyyətini itirməyib və günümüzədək keçmiş ənənəsini qoruyub saxlayıb”.

Kürmükoba bayramının mənşəyinin, tarixi köklərinin antik mənbələr və arxeoloji-etnoqrafik materialar əsasında müəyyənləşdirilməsi gərəkliyini vurğulayan araşdırmaçı bildirir ki, qədim dövrlərdən müxtəlif mədəniyyətlərin və dinlərin formalaşdığı Azərbaycan spesifik, rəngarəng, zəngin mədəni irsə sahibdir. Azərbaycan mədəni irsində islama qədərki inancların izlərinin üzə çıxarılmasında Azərbaycan tarixini ən mühüm mərhələlərindən birini təşkil edən Qafqaz Albaniyası dövrü xüsusi əhəmiyyət kəsb edir: “Azərbaycanlıların mənəvi irsini təşkil edən alban mədəniyyəti və etnosu tarixi zaman çərçivəsində müəyyən transformasiyaya uğrasa da, alban mədəniyyətinin zəngin və qədim ənənələrinin izləri azərbaycanlıların tarixi abidələrində, mərasim ayinlərində, xalq inanclarında bu günədək öz canlılığını qoruya bilib.

Hazırda Azərbaycan əhalisinin inancından asılı olmayaraq Komrad, Armatay, Kürmük kimi qədim alban məbədlərini ziyarət etməsi alban tayfalarının varisləri olaraq onların xristianlıq və islam dininin qəbulundan sonra belə öz qədim ənənələrini unutmadıqlarını göstərir. Azərbaycanın Qəbələ rayonunda Komrad, Zaqatala rayonunda Pəriqala, Şəki rayonunda Kiş, Qax rayonunda Kürmük məbədi kimi yüksək dağ zirvələrində alban dövründən qalma qədim inanc yerlərini istər xristian, istərsə də müsəlman əhali eyni dərəcədə inanaraq ziyarət edirlər. Belə inanc yerlərində dinlərin sinkretizmi müxtəlif formalarda müşahidə edilməkdədir”.

Araşdırmadan məlum olur ki, Qax rayonu ərazisində yerləşən qədim alban məbədi olan Kürmük məbədi də həm xristian, həm də müsəlman əhalinin ziyarət etdiyi qədim inanc yerlərindən biridir: “Erkən orta əsrə aid qədim alban məbədinin izlərini daşıyan Kürmük məbədi müxtəlif dinlərdən olan minlərlə ziyarətçinin axışdığı qədim ibadətgah yeridir. Bu məbəd alban tayfalarının xristianlıq və islam dininin qəbulundan sonra belə öz qədim inanclar sistemini unutmadıqlarının bir nümunəsidir.

Kürmük məbədi erkən orta əsrə aid qədim alban məbədinin qalıqları üzərində inşa edilib. Arxeoloji qazıntılar nəticəsində 2006-cı ildə məbədin ərazisində qədim tikili qalıqları aşkar edilib. Qazıntılar zamanı məbədin müxtəlif əsrlərdə bərpa işlərinə məruz qaldığı və məbədin erkən orta əsrlərə aid (III-V) alban məbədi olduğu ortaya çıxıb. Bu arxeoloji məlumatı tarixi və etnoqrafik araşdırmalar da təsdiq edir. XIX əsrə aid mənbədə Kürmük kilsəsi yaxınlığında qayalıqlarda oyulmuş qədim bir məbəd olduğunu qeyd edilib. Yerli əhali də əsas sitayiş yerinin məbəd ərazisindəki qədim alban kilsəsinin qalıqlarından ibarət qara daşların olduğunu söyləyir. Qədim sitayiş yeri olaraq məbədin ərazisindəki qara qaya daşları həm xristian, həm də müsəlman əhali tərəfindən pir kimi ziyarət edilir.

Kürmük məbədində gürcü pravoslav kilsəsinin fəaliyyət göstərməsi XIX əsrdə Rusiya imperiyasının alban etnosunun və Alban kilsəsinin məhvinə yönəldilmiş dini siyasəti ilə bağlıdır. 1836-cı ildə Rusiya sinodunun qərarı ilə alban məbədlərinin fəaliyyətinin dayandırılmasından sonra xristian alban nəsilləri pravoslav və ya qriqoryan kilsəsinə getməyə məcbur buraxılıb, bununla da dini durumlarına uyğun olaraq erməniləşməyə və gürcüləşməyə məruz qalıblar. Bu dövrdən etibarən imperiya məmurları, Azərbaycanın şimal-qərb bölgəsində, xüsusilə bölgədə alban tayfalarının birbaşa varislərindən olan ingiloylar arasında pravoslav kilsəsinin nüfuzunu gücləndirməyə, bununla da onların öz etnik mənsubiyyətini unudaraq gürcüləşdirilməyə yönəldilmiş siyasət aparmağa başlamışdılar. Bu siyasət nəticəsində qədim alban məbədi olan Kürmük məbədinin yerində yeni gürcü pravoslav kilsəsi inşa edilib. Burada kilsə 1873-cü ildə tikilib. Kilsənin məhz alban məbədinin yerində inşa olunmasının səbəbi isə xalqın əsrlərdən bəri ziyarət etdiyi qədim inanc yerinə gəlişinin davamını təmin etmək və tədricən pravoslavlığa meyilləndirmək idi. Bundan sonra Kürmük məbədi müqəddəs Georgi kilsəsi adlandırılmağa başlasa da, yerli əhali yenə də buranı Kürmük məbədi, pir, ocaq adlandırmağa davam edib, burada müxtəlif qədim ayinlər icra edib. Kürmük məbədində ildə iki dəfə təbiətin şərəfinə icra edilən

qədim ayin - “Kürmükoba bayramı”nın da adı təhrif edilərək “Müqəddəs Georgi günü” adı altında keçirilməyə cəhd göstərilir. Ətraf bölgələrdən Kürmükoba bayramını qeyd etməyə gələn gürcülər bu bayramı müqəddəs Georginin doğum günü şərəfinə müqəddəs gün kimi qələmə verməyə çalışsalar da, xristian aləmində heç bir müqəddəsin şərəfinə ildə iki dəfə bayram ayini keçirilmir. Bu bayrama, hər nə qədər xristian donu geydirilərək Müqəddəs Georgi Günü kimi qələmə verilməyə çalışılsa da, yerli qaxlılar üçün bu bayram hər zaman Kürmükoba bayramı olaraq qalıb və bayram zamanı inancından asılı olmayaraq hər kəs burada elliklə ibadət edib qədim mərasim ayinləri icra edib. Qədim ənənələrini unutmayan yerli əhali Kürmük məbədini “ocaq” deyərək hər zaman ziyarət edib, burada hər il, yazda və payızda Kürmükoba bayramını keçirməyə davam edib”.

M.Paşayeva araşdırmasında yazır ki, hazırda da qədim mərasim ayini olan Kürmükoba bayramına ətraf bölgələrdən müxtəlif dinlərdən olan minlərlə ziyarətçi axışır. Yerli əhalinin söylədiyinə görə, Kürmük məbədinin ərazisindəki hündür qayalıq ərazi keçmişdə Aya sitayiş yeri olub, həm xristian, həm də müsəlman əhali Kürmükü pir kimi ziyarət edir. Yerli əhali keçmişdə mərasim ayinlərin məhz bu yerdə icra olunduğu söyləyir.

Kürmükoba mərasimi zamanı yerli və ətraf bölgələrdən gələn xristian və müsəlmanların burada birgə qədim ayinlər icra etməsi mərasimin ibtidai köklərindən xəbər verir və burada vaxtilə movcud olmuş qədim məbədin xristianlıqdan öncə də sitayiş yeri olduğunu göstərir: “Kürmük oba mərasimi məbədə doğru uzanan hündür dağ yolundan başlayır. Məbədə aparan yolun ortasındakı nəhəng qara qaya parçası əsas sitayiş obyektlərindən biridir. Kürmükoba mərasimi ilə bağlı bütün ayinlər məhz məbədin ərazisindəki qayalıq ərazidə icra edilir. Kürmükoba bayramı zamanı bir sıra spesifik ayinlər icra olunur. Məbədə gələn insanlar bu qədim daşların üzərində niyyət edərək şam yandırır, qurban kəsirlər. Hər il may və noyabr aylarının ilk həftəsinin son günü bu qədim qara daşlar yerli əhalinin ən böyük ziyarət yerinə çevrilir. Ərazidəki ən hündür qayanın başına çıxaraq dualar edərlər. Əhali arasında bu qaya parçasının üstündə vaxtilə qədim Ay məbədinin olduğu söylənilir. Bu qaya parçası ilə bağlı xalq arasında müxtəlif əfsanələr dolaşmaqdadır. Bir əfsanəyə görə bu qaya parçasının olduğu ərazi, hələ İsa peyğəmbərin sağlığında ibadət yeri olub. Peyğəmbər çarmıxa çəkiləndə isə buradakı qapılar daşa çevrilərək birdəfəlik bağlanıb. Bu əfsanədə Qafqaz Albaniyasının erkən xristianlıq mərhələsinin izlərini görmək mümkündür”.

Zərdüştlük elementlərini daşıyan başqa bir əfsanəyə görə isə bu qara daşın içində qızıl xoruz yaşayır: “İldə iki dəfə gecə göydən enən mələk qara daşın qapılarını aralayır. Səhər isə yenidən bağlayır. Səhərə qədər o mağaraya girə bilən adam xoşbəxtlik və ölümsüzlük qazanır. Xalq qara daş aralananda oradan qızıl xoruzun çıxacağına, kiminsə çiyninə qonacağına və ona xoşbəxtlik gətirəcəyinə inanır. Bu Azərbaycan nağıllarındakı xoşbəxtlik simvolu “şahlıq quşu” motivlərini də xatırladır. Hazırda bu inamın izləri ilə bayram ərəfəsində məbədin həyətinə xoruz buraxılır və səhər kəsilir. Bu əfsanələrdən yola çıxaraq məbədin ərazisindəki qayalıq ərazinin, əslində xristianlıqdan öncə də sitayiş yeri olduğunu söyləmək mümkündür. Keçmişdə Kürmükoba mərasimi qaranlıq düşəndə də tonqal ətrafında davam edərdi. Görünür, qədim əhali Ayın çıxmasını seyr etmək üçün mərasimi qaranlıq düşəndə də davam etdirirdilər. Axar suda əks olunan ay bütün Türk coğrafiyasında həyat, artım, məhsuldarlıq simvolu kimi qəbul edilib. Görünür,

Kürmük məbədinin də Kürmük çayı üzərində tikilməsi də təsadüfi deyil və Ay

kultunun izlərini daşıyır. Bu baxımdan yerli əhalinin məhz sonsuzluğa qarşı ayinlər sırasında Kürmük məbədinin də mühüm yer tutduğunun səbəbi aydın olur. Bölgədə sonsuz qadınlar, xüsusilə baharda niyyət edib Kürmük məbədinə uzanan dik dağ yolunu, bəzən niyyət edərək ayaqyalın çıxırlar”.

Araşdırmadan məlum olur ki, axar su ilə Ayın birlikdə sonsuzluğa qarşı bir vasitə kimi qəbul edilməsi inancına Qəbələ bölgəsində də rast gəlinir. XIX əsrdə Azərbaycanda sonsuz qadınların Ay işığında axar sudan keçirildiyi məlumdur.

Antik mənbələr, həmçinin arxeoloji-etnoqrafik araşdırmalar da bu ərazidə vaxtilə Ay məbədinin olduğunu söyləməyə əsas verir: “Strabon, xristianlığın qəbuluna qədər albanların Helios (Günəş), Zevs (Yer və Göyün tanrısı), xüsusilə İberiya yaxınlığında məbədinin yerləşdiyi Selenaya (Ay) sitayiş etdiklərini yazırdı. Strabonun İberiya yaxınlığında qeyd etdiyi Selena məbədinin yerləşdiyi ərazisi Qafqaz Albaniyasının tarixi vilayəti olan və e.ə. I əsrdə İberiya sərhəddində yerləşən Şəki vilayəti ilə üst-üstə düşür. Tarixi-etnoqrafik tədqiqatlardan da məlum olur ki, Qafqaz Albaniyasının şimal-qərb bölgəsini əhatə edən və mühüm siyasi-inzibati mərkəzlərindən olan Şəki vilayəti ay məbədləri ilə zəngin olub”.

 

 

Uğur

Xalq Cəbhəsi.- 2016.- 21 may.- S.13