Bir nağıldı
ömür yolu...
I yazı
Kərbəlayi Məmməd və Böyükxanım Kərbəlayi
Əlheydər qızının yeddi övladı olub. Bu barədə M.Cəfərzadə
yazır: “Birinci bacımızın adı Nurcahan... körpə
olanda ölüb. İkinci Əzizədir.
Üçüncü qardaşımız Cəfərdir...
İki il yaşayıb. Dördüncü
uşaq mənəm, beşinci Əhməddir. Sonra gələn Validə və Əliheydər
çətin dövrü görüb yaşamaq istəməyiblər,
körpə ikən həyatdan gediblər.”
Haşiyə:
Əhmədin atası Məmməd Cəfər oğlu ticarətlə
məşğul olub. Özü də
«şeir-sənətə həvəs göstərib, ədəbiyyat
və musiqi ilə maraqlanıb, ara-sıra şeirlər
yazıb. Ancaq onun şeirlərinin bircə
misrası belə bizə gəlib çatmayıb. 1937-1938-ci
il hadisələri zamanı
Böyükxanım ərinin əlyazmalarının bir
qisminin ələ keçməməsi üçün evin
divarına hörüb gizlədib, bir qismini isə
yandırıb. Övladlarının hər
üçünün tərbiyə və təhsilində
onun böyük rolu olub. Əhməd Kərbəlayi Məmməd
oğlu atası barədə xatirələrində yazır:
«Atam doğulanda ona Məmmədbağır adı verirlər.
Lakin uşaqlıqdan Məmməd
çağırılır. Kiçik ikən
atası onu özü ilə Məşhədə ararır,
sonralar o, Əliheydər babamgillə Kərbəlaya gedir.
Ona görə də gah “Məşədi Məmməd”,
gah “Kərbəlayi Məmməd” deyiblər. Əhməd Cəfərzadə 1929-cu ildə
Bakı şəhərində doğulub. Uşaq
yaşlarında Bakıda anasının himayəsində
yaşayıb. İlk tərbiyə və
təhsilini nənəsi Rübabə və anasından alIb.
Doğmaları folklorumuzun bilciləri, sinədəftər
insanlar olub. Ona görə də balaca
Əhməd uşaqlıqdan onların söylədiyi
şeirləri əzbərləyib, nağılları öyrənib.
Ədəbiyyata marağı və həvəsi
həmin illərdən başlanıb.
Anası Böyükxanım 1937-ci ildə qısa
müddətli bağça müdiri kursuna daxil olur. Kursu bitirdikdən
sonra Göyçay rayonunun Yeniarx kəndindəki uşaq
bağçasına müdir təyin edilir. Əhməd
də anası ilə Göyçaya gedir: “Nahardan sonra anam həmişə
uşaqlara nağıl danışardı: o qədər təbii,
sadə, şirin, nəfəsli ki, yaşlı adamların
çoxusu hər gün gəlib anamın söylədiyi
nağıl, lətifələrə maraqla qulaq
asırdılar.... Hər bazar günü
meşələrə meyvə yığmağa gedirdik.
Onda Ucarla Göyçayın arası meşəlik idi;
alça, gavalı, armud, əzgil, alma,
zoğal və s. yığardıq. Meşədə
vəhşi heyvan çox idi. Anam çox
cəld idi; ən hündür ağaclara çıxıb
qoz çırpardı. Xeyli lavaşana, quru turşu,
qax, qoz və mət turşu düzəltmişdik, bir qədər
quyruq yağı, yemiş qurusu və s. əldə
etmişdik. Qış ehtiyatı idi. Həmin yay bacım Əzizə Gəncədə
qiyabi pedaqoji texnikumda sessiyada idi. Bir dəfə
yanımıza gəlib bir neçə gün qaldı”.
Əhməd Cəfərzadə 1940-cı ildə
bacısı və yeznəsilə birlikdə Uzaq Şərqin
Xabarovski şəhərinin yaxınlığındakı hərbi
şəhərciyə gedir. O, 1940-1941-ci tədris ilində
oradakı rus məktəbində təhsil alır. Nəhayət, 1941-ci ilin iyun ayında bacısı
Əzizə xanımla Bakıya qayıdır və 173
saylı orta məktəbdə təhsilini davam etdirir. Bu zaman Əzizə xanımı Ağsu rayonunun
Çaparlı kəndinə müəllim təyin edirlər.
Əhməd ailəsi ilə birlikdə həmin
kəndə köçür. 1944-cü
ildə ailə yenidən Bakıya qayıdır. Əhməd bu illərdə bədii
yaradıcılıqla məşğul olur – şeir
yazmağa başlayır. 1945-ci ildə
Bakı teatr texnukumuna daxil olur. Bu o zamanlar idi ki, Azərbaycan
teatr tarixində önəmli yer tutmuş görkəmli sənətkarlar
– Kazım Ziya, Fatma Qədiri, Mehdi Məmmədov, Kərim Həsənov,
Əydər Sultanov və b. həmin texnikumda dərs deyirdilər.
Əhməd qüdrətli sənətkarlardan dərs
alır, teatr sənətinin sirlərini öyrənir. 1948-ci ildə teatr texnikumunu başa vurur. Amma
teatrda çalışmır...
Haşiyə:
Əhməd Cəfərzadənin şəxsi arxivində
maraqlı bir siyahı var. Həmin siyahıda teatr texnikumundan
başlayaraq ixtiyar yaşınadək tanış olduğu,
yoldaşlıq etdiyi, sürgün yoldaşları, elmi əlaqələr
saxladığı, məktublaşdığı şair,
yazıçı, aktyor, aşıq, xanəndə, alim,
jurnalist, din nümayəndələri, müəllimlər, vəzifəli
şəxslər, sinədəftər insanlardır. Həmin insanların yazdığı məktubların
həcmi azı iki yüz səhifəlik kitaba bərabər
olar. (aktyorlardan) – Kazım Ziya, Fatma Qədri,
Əjdər Sultanov, Mehdi Məmmədov, Ağadadaş
Qurbanov, Susanna Məcidova, Osman Hacıbəyov, Sidqi Ruhulla,
Tamara Paşazadə, Əliağa Ağayev, Kərim Həsənov,
Sona Hacıyeva, Əzizə Məmmədova, Hüseynağa
Sadıqov, Cavahir İsgəndərova, Süleyman Ələsgərov,
Münəvvər Kələntərli, Qənbər
Zülalov, Lütfəli Abdullayev... Alim, şair,
yazıçı və artistlərdən – Bəxtiyar Vahabzadə,
Qasım Qasımzadə, Novruz Gəncəli, Adil Babayev,
İsmayıl Soltan, Mehdi Hüseyn, İlyas Əfəndiyev, Həbibə
Zeynalova, İlyas Tapdıq, İbrahim Göyçaylı,
Süleyman Rəhimov, Səməd Vurğun, Abdulla Şaiq,
Əli Tudə, Balaş Azəroğlu, Mədinə
Gülgün, Zeynəb Xanlarova, Maral Rəhmanzadə, Nəcəfqulu,
Güllü Mustafayeva, İsgəndər Etibar, Hökumə
Sultanova, Həmid Araslı, Feyzulla Qasımzadə, Məmməd
Arif, Cahangir Qəhqəmanov, Budaq Budaqov, Kamal Talıbzadə,
Kamran Məmmədov, Əkrəm Cəfər, Məmmədhüseyn
Təhmasib, Məmmədağa Sultanov, Fazil Seyidov, Ələviyyə
Babayeva, Əvəz Sadıq, Əbülhəsən, Qulam Məmmədli,
Aşıq Hüseyn Cavan, Abbas Zamanov, Bəkir Nəbiyev,
Əziz Şərif, Qurban Musayev, Qulamrza Cəmşidi,
Əzizağa Məmmədov, Əyyub Abbasov, Əli
Sultanlı, Ənvər Əlibəyli, Əlfi Qasımov, Məmməd
Aslan, Mövlud Süleymanlı, Gəray Fəzli, İbrahim Kəbirli,
Rəfiqə Hüseynova, Mirvarid Dilbazi, Məmmədəli
Əsgərov, Mikayıl Rzaquluzadə, Mirzə Müştaq,
Mir Cəlal, Fəridə Əliyarbəyli, Tərlan bəy
Əliyarbəyov, Fikrət Qoca, Fikrət Sadıq, Cahangir Məmmədov,
Xalid Əlmirzəyev, Həsən Qasımov, Hüseyn Abbaszadə,
Cəfər Xəndan, Cəlal Məmmədov...
Aşıqlardan – Pənah, Şakir, Şamil, Barat,
Əliağa, Qurbanxan, Bəylər, Abbas, Şahrələng,
Baba, Əhməd, Rza, Bəybala, Yanvar, Məmmədağa,
Xanmusa, Xanış, Şərbət, Əliağa və
başqaları.
Həmin məktublar hazırda alimin şəxsi arxivinin
dəyərli ekponatlarındandır. Əhməd elə həmin
ildə Pedaqoji İnstitutun Ədəbiyyat fakültəsinə
daxil olur. Birinci kursu bitirəndə Tava kəndində
mütəxəssis olmadığı üçün məktəbə
rus dili müəllimi təyin edilir. Ədəbi
yaradıcılıqla məşğul olan müəllim
1951-ci ildə qonşu Cəngan kənd məktəbinə
köçürülür. 1953-cü ilin martına kimi orada müəllim işləyir.
Böyük Vətən müharibəsindən
sonra əyalətlərdə özbaşınalıq,
haqsızlıqlar hökm sürürdü, kəndlilər əzab-əziyyət
içində yaşayırdılar. Xalqın
sözünü deyən, onların səsini yuxarılara
çatdıran ziyalılar yerlərdə təqib ounmağa
başlayır. Əhməd müəllim
də belə insanlardan idi. Bu dövrdə
Əhməd müəllimin şeirlərində adicə kəndlərində
insanlara qayğının olmaması - kitabxana, xəstəxanaya
ehtiyacın olması tənqid olunurdu və yaxud elin dərdini
yeri gələndə Əhməd müəllim “yuxarılara”
çatdırırdı. Kənddə
savadlı insanların olmadığı üçün,
çoxları ona müraciət edirdi və ərizələrini
də ona yazdırırdılar. Ona görə
də sədr, komsomol, partkom, briqadir və b. Əhməddən
narazı idilər. Hər vasitə ilə müəllimin
camaat arasında nüfuzdan düşməsi üçün
“dəridən-qabıqdan” çıxırdılar...
Əhməd
müəllim vaxtilə o dövrdə kənddə baş
vermiş özbaşınalıq haqqında həmişə
ürək ağrısı ilə danışardı: “...Bir
neçə ay əvvəl kənd camaatı
yığılıb raykom katibinin özbaşına hərəkətlərindən
MK-ya şikayət yazmışdılar. Arxası
bağlı olan raykom katibi əhalinin gözlərinin odunu
almaq, ağızlarını bağlamaq üçün bir
komissiya çağırtdırır və kəndin
ağsaqqalı Mir Sadığ ağanı qaralayır. Kəndə iclas çağırıb qərar
çıxarırlar ki, o, minimum əmək gününü
yerinə yetirmədiyinə görə Qazaxıstana
sürgün edilməlidir. Bu qərarı
səsə qoyanda – “Kim “vısılka” tərəfdarıdırsa,
əlini qaldırsın!”-deyirlər. “Vısılka”
sözünün mənasını başa düşməyən
kənd camaatı bir-birinə baxıb əllərini
qaldırırlar. O saat Mir Sadıq ağanı tutub
maşına sarı sürüyəndə Əhməd
müəllim özünü irəli atır. Yuxarıdan gələnlərin
birinin qolundan tutub cəkinmədən deyir: “Bu səsvermə
düz olmadı. Avam camaat “vısılka tərəfdarıdır”
ifadəsinin mənasını başa düşməyib əl
qaldırıb”. Bunu gözləməyən
rəhbərlər çaşıb qalırlar.
Əhməd
üzünü camaata tutub xəbər alır: “Ay camaat, siz
istəyirsiniz Mir Sadığı tutub həmişəlik kəndimizdən
Qazaxıstana qovsunlar”? Camaat donub qalır.
Onda Əhməd gur səslə: “Kim Seyidin kənddən
qovulmasını istəyirsə, əlini qaldırsın”.
Heç kim əl qaldırmır. Beləliklə, Əhməd müəllim bu ədaləti
ilə özünə düşmən qazanaraq təşkil
olunmuş iclasın işini pozur”.
Bu hadisədən sonra kəndin, rayonun “rəhbərləri”
tərəfindən Əhməd müəllim daha da
qaralanmağa, təqib olunmağa başlayır. Hətta kənd
sovetinin pulla ələ aldığı adamlar Əhməd
müəllimə rus dilini bilmədikləri üçün
adlarından yuxarılara rus dilində şikayət ərizələri
yazdırırlar. Komissiya gəlib həmin
insanları dindirəndə onlar “Ərizəni Əhməd
müəllim yazıb, biz rus dilini bilmirik, aldadıb qol
çəkdirib”.
Bütün bunlar Əhmədi tutmaq üçün qəsdən
təşkil olunmuşdu. Bu illərdə
Əhməd cavan rus dili müəllim idi. Rus dilini Udulu
sovetliyində, o zaman bir-iki adam bilərdi,
ya yox. Əhməd müəllim isə o zaman bu
dili nisbətən yaxşı bilirdi. Ona
görə də rayon rəhbərliyi müəllimdən
ehtiyat edirdi. Nəhayət, kənd soveti əl
altından öyrənə bildi ki, Əhməd müəllim
sovet quruluşunu, hətta ölkə
başçısını da dolayı yolla tənqid edən
şeirlər yazır. Odur ki,
çalışırlar ki, həmin şeirlərdən
heç olmasa, bir-ikisini əldə etsinlər. Nəhayət,
əldə edə bilirlər... Saf məhəbbətin
tərənnümü, təbiətin gözəlliyi onun
şeirlərinin əsas mövzusu olub. Ancaq
Böyük Vətən müharibəsi başlayandan sonra
şeirlərinin mövzusu da dəyişir. Kənddə əhalinin pis güzəranı
şairin şeirlərinin tənqid hədəfi olmuşdu.
O, Stalin reyiminin hələ də tuğyan etdiyi 1948-50-ci illərdə
tənqidi fikirlərindən əl çəkmir, şeirlərində
Stalini Yusif adı ilə tənqid etməkdən qorxmurdu:
Çürüyür
çoxları indi Sibirdə,
Keçir
ömürləri cövrü-cəbrdə,
Ölsək
rahat olaq bəlkə qəbirdə,
Nə
vuruşma qalıb, nə üsyan qalıb,
Nə təşkilat qalıb, nə meydan qalıb.
yaxud da:
İndi nə
eləsən özün bilərsən,
Əhmədin
qətlinə fərman verərsən,
Zaman
keçər, bir də baxıb görərsən,
Taxtın sənin lap tarac olub, Yusif.
Əhməd müəllimin şəxsi arxivində olan
şeirlərindən aydın olur ki, özünə bu qədər
düşmən qazanmış müəllim yaxşı
bilirdi, gec-tez həbs olunacaq, “gedər-gəlməzə”
göndəriləcək. Amma camaatın,
elin-obanın danışan dili olmaqdan, camaatın
sözünü, dərd-sərini bir ziyalı, müəllim
kimi yeri gələndə deməkdən çəkinmir.
Seyfəddin Qəniyev
filologiya üzrə
elmlər doktoru
Xalq Cəbhəsi.- 2016.- 24 may.-
S.14