“Quranda və çoxsaylı islam ideoloji cərəyanlarında
əsas problem Xaliq və məxluq münasibətidir”
Zümrüd Quluzadə:
“Bu münasibətin şərhindən asılı olaraq
müxtəlif təlimlərin fəlsəfi baxımdan
idealist, monoteist, dualist, panteist və ya materialist təmayülü
müəyyən edilirdi”
III
yazı...
8–10 əsrlərdə
islam bölgəsində, o cümlədən Azərbaycanda
daxilən ziddiyyətli, lakin əksər hallarda fəlsəfi
dünyagörüşündə panteizm, sosial
baxışlarında demokratizm, etik görüşlərində
humanizm və varlığa dialektik yanaşma ilə fərqlənən
mistik ismaililik və sufilik sosiomədəni cərəyanları
ilk inkişaf dövrlərini keçirirdilər. Sufiliyin fəlsəfi
dünyagörüşünün əsasında fəlsəfi
kateqoriya kimi eşq, ismaililiyin əsasında isə real və
irreal idrakın vəhdəti dururdu. Sufiliyin fəlsəfəsini
bu dövrdə Əbü-lFərəc Əbü-l-Vahid
Varasani Təbrizi, Əbu Saib Həmədani, Əli ibn
Əbdüləziz Bərdəi, Baba Kuhi Bakuvi və b. təmsil
edirdi. Orta əsr mənbələrində ideya
kökləri qədim Şərq və yunan fəlsəfəsinə
aparan ismaililiyin islamı inkar edərək zərdüştiliyin
bərpasına cəhdindən bəhs edirlər. İsmaililiyin Azərbaycanda yayılması
haqqında Nizami, bu cərəyanın tarixçisi Fidai və
b. məlumat verirlər. Mənbələrə
görə ismaililik fəlsəfəsi təbiət elmlərinin
nailiyyətləri və “İxvan əs-Səfa” ensiklopediyasının
yaranması ilə bağlıdır. Bu
ensiklopediyanın ideoloqu azərbaycanlı alim və filosof
Əbü-l-Həsən Əli Harun oğlu Zəncani idi”.
Onun
bildirdiyinə görə, 8–10 əsrlərdə ölkənin
sosial və mədəni həyatında xristianlığa
qarşı yönəlmiş pavlikianlıq bidəti və
islamı tamamilə inkar edən xürrəmi-babəki
ideologiyaları mövcud idi: “İki dünya dininə və
eyni zamanda sosial zülmə qarşı yönəlmiş
pavlikianlıq və xürrəmi-babəki
ideologiyalarının fəlsəfi və sosial
görüşlərinin təməl prinsipləri Azərbaycanın
qədim dövr ideoloji cərəyanları zərvanilik, zərdüştilik,
manilik və məzdəkiliyin fəlsəfi və sosial
ideyalarından qaynaqlanırdı. Xeyir–Şər,
işıq–zülmət başlanğıclarının vəhdət
və mübarizəsi, insanın mistik kamilləşməsi
yolu və Allahın insanda təcəssümü haqqında
ideyalar həmin cərəyanların dualizm səciyyəli
dünyagörüşünün əsas prinsiplərini təşkil
edirdi. Sonradan pavlikian və xürrəmi-babəki
ideologiyalarının özləri də xristian və islam mənəvi-mədəni ideologiyaları
üçün qaynağa çevrildilər.
Şamanizm,
zərdüştilik, qədim yunan, xristian və islam mədəni
bölgələrinin fəlsəfi ənənələrini
özündə sintezləşdirərək inkişaf etdirən
7–10 əsrlər Azərbaycan fəlsəfəsi 11–13 əsrlərdə
həm Azərbaycan mədəniyyətinin İntibahına, həm
də bütövlükdə islam bölgəsi mənəvi
mədəniyyətinin, o cümlədən fəlsəfəsinin
intibahına zəmin yaradan qaynaqlardan olmuş və sonrakı
dövrlərdə bu mədəniyyətlərin fəal
üzvi hissəsi kimi tanınmaqda davam edib. Digər tərəfdən,
11–12 əsrlərdə ölkənin iqtisadi (feodal münasibətlərin
inkişafı, pul rentasının yayılması, iqtisadi cəhətdən
yüksək inkişaf etmiş iri şəhərlərin
mövcudluğu), siyasi (müstəqil Şirvanşahlar,
Şəddadilər, Rəvvadilər dövlətlərinin
yaranması, Ön Asiya və Şərqin digər bölgələri
ilə müxtəlif növ əlaqələr), sosial (daxili və
xarici sosial zülmə qarşı arasıkəsilməz
mübarizə, Beyləqanda 1110 ildə xalq hakimiyyətinin
yaranması) və mənəvi-mədəni (ərəb və
fars dilləri ilə yanaşı türk dilinin elitar ədəbi
dil kimi qəbulu) sahələrində vəziyyət və
onun unikal mənəvi-mədəni irsi, başqa sözlə,
ölkədaxili potensial imkanlar Azərbaycanda İntibahın
baş verməsinə şərait yaradırdı. Azərbaycan
və bütövlükdə islam Şərqi
fəlsəfəsində İntibah yerli fəlsəfi irsin qədim
yunan fəlsəfi irsi ilə sintezi əsasında inkişaf
edərək, sonradan Qərb və Şərq fəlsəfəsinin
inkişafı üçün zəmin oldu. Azərbaycan fəlsəfi
fikrinin İntibahı təbiətşünaslıq elmlərinin,
təhsilin, ədəbiyyat, memarlıq, musiqi, musiqi nəzəriyyəsi
və s. mənəvi mədəniyyət sahələrinin
yüksəlişi və ölkənin dünya fəlsəfi
təlimlərini bəhrələndirən fəlsəfi-mədəni
irsinin vəhdətinin nəticəsi idi”.
O, hesab
edir ki, 11–12 əsrlərdə Azərbaycanda fəlsəfi
fikir Şərq fəlsəfəsinin ənənələrini
yunan-Roma fəlsəfi fikri ilə sintezləşdirən və
fəlsəfi fikir istiqaməti kimi orijinallığı ilə
fərqlənən Şərq peripatetizmi, işraqilik , sufilik
və s. cərəyanların fəlsəfi ideyalarını əks
etdirən xüsusi risalələrdə, təfsir, teoloji və
teosofiya məzmunlu əsərlərdə və fəlsəfi
poeziyada əksini tapmışdı: “Sonralar Şərqin
klassik irsinə daxil olan bu əsərlərin meydana gəlməsi
fəlsəfi fikrin müxtəlif sahələrini təmsil edən
mütəfəkkir və alimlərin tədqiqat obyektlərinin
geniş diapazonu və dövrün ensiklopedik biliklərinə
yiyələnməsi sayəsində mümkün olub.
Bu mütəfəkkirlərdən biri Şərq
peripatetizminin görkəmli nümayəndələrindən
olan Əbülhəsən Bəhmənyar ibn əlMərzban
Azərbaycani idi. O, müxtəlif elm sahələri, mədəniyyət
və fəlsəfə problemlərini ehtiva edən
“Mövcudatın mərtəbələri”, “Metafizika elminə
dair” traktatın, “Təhsil”, “Məntiqə dair zinət”, “Nəfslərin
fərqi”, “Musiqi haqqında kitab”, “Gözəllik və səadət”
və s. əsərlərin müəllifidir. Bəhmənyar
Azərbaycani əsərlərində dialektik yanaşma
metoduna və dünya nizamının qanunauyğunluğuna
istinad edərək varlıq, onun mühüm və
mümkün mövcudluq formaları, substansiya, aksidensiya,
substansiyanın aksidensiyaya görə ilkinliyi, ilk
başlanğıc, daimi ilk materiya, forma, ilk səbəb,
imkan, həqiqət, emosiya və nəfsin növləri və
substansionallığı, hərəkətin əbədiliyi,
hiss, əql, xeyir, şər, mənəviyyat və s.
dünyagörüşü problemlərindən bəhs edir.
Xeyir və şərin kamillik və dünyanın nizamı
ilə bağlılığı və s. məsələlərin
şərhində onun mövqeyi orijinal səciyyə
daşıyırdı. Bəhmənyar
özünün rasionalizmi ilə fərqlənən fəlsəfəsində
idrak prosesində xarici və daxili hisslərin rolu və
insanın əqli imkanlarının sonsuzluğu
ideyalarını təhlil edir. Bəhmənyar
irsinin davamçıları İbn Sinadan sonra Şərq
peripatetizminin yalnız İspaniya və Məğrib ərəb
filosofları tərəfindən inkişaf etdirilməsi
fikrini inkar edərək göstərirlər ki, müsəlman
Şərqində də İbn Sinadan sonra müstəqil
peripatetizm məktəbinin fəaliyyəti davam etdirilib.
11–12 əsrlərdə
Azərbaycanda fəlsəfəni elmi nailiyyətlərlə
birləşdirərək fəlsəfi mövzuları
(dialektikanı, kateqoriyaları, qnoseoloji problemləri və
s.) tədqiq edən Şihabəddin Marağayi, Əbu Səid
Urməvi, Əbusəd Təbrizi, Abdulla Urməvi və b.
filosoflar məlumdurlar.
11–12 əsrlərdə Azərbaycanda batinilik, ismaililik və
sufilik cərəyanlarının yayılması sürətlənir. Həmin cərəyanların
fəlsəfi ideyaları ölkədə həm mənəvi
mədəniyyətin, həm də sosial həyatın
müxtəlif sahələrinə fəal təsir göstərib.
Əsasən, 11–12 əsrlərdən
başlayaraq adı çəkilən cərəyanların nəzəri
təlimləri, sovet dövrü istisna olunmaqla, Azərbaycan fəlsəfi
və ictimai-siyasi fikrində geniş yer tutub. Azərbaycanda
əsrlər boyu ezoterik fəlsəfi təlimlər və ilk
növbədə, sufi fəlsəfəsinin
nəzəri əsasları haqqında əsərlər
yazmış alim-mütəfəkkirlər olublar. Onların əksəriyyəti dünyəvi təhsil
almış, fəlsəfi problemlərə, əsasən, vəhdət
əl-vücud adı altında tanınan və dünya fəlsəfi
düşüncəsi üçün universal fenomen olan
panteizm mövqeyindən yanaşıblar. Onlar
Allahın və ilahiləşdirilmiş varlığın
sirlərinin irrasional dərkinə üstünlük versələr
də, bir çox hallarda varlığın rasional dərkini
inkar etməyib, mədəniyyət tarixində dünyəvi
elmlərin dərin bilicisi kimi də tanınıblar”.
Zümrüd
Quluzadə əlavə edir ki, 11–12 əsrlərdə Azərbaycanda
qeyri-ortodoksal sufilik fəlsəfəsinin
yaradıcıları dünya mədəniyyəti tarixində
tanınmış Baba Kuhi Bakuvi (948–1050), Eyn əl-Qüzat
Miyanəci (1099–1131), Əxi Əbü-l-Fərəc Zəncani
və mötədil sufiliyin yaradıcılarından olan
Şihabəddin Əbuhəfs Ömər ibn Məhəmməd
Sührəvərdinin (1145–1234) fəlsəfi irsi olub: “Eyn əl-Qüzat
Miyanəci sufi fəlsəfəsinin nəzəri əsaslarını
İbn Ərəbidən əvvəl “Həqiqətlərin
seçilmişləri”, “Əsaslar”, “Aşiqlərin sevinci və
təşnələrin bidəti” və s. əsərlərində
verib. Dini fəlsəfəyə zidd olduğuna görə, o,
arasıkəsilməz təqiblərdən sonra 1131 ildə 32
yaşında dərs dediyi mədrəsədə edam edilib.
Azərbaycan
fəlsəfi fikri 11–12 əsrlərdə sufi
fəlsəfəsinin radikal yönümü ilə seçilən
nümayəndələri ilə yanaşı, mötədil
sufiliyin nəzəriyyəçiləri ilə də təmsil
olunub. İslam Şərqində
özünün mötədil sufilik məktəbini yaradan Azərbaycan
filosofu Əbu Həfs Sührəvərdi olub. Sührəvərdi
Şərqdə sufizmin dərsliyi kimi qəbul edilmiş “Mərifətlərin
töhfələri” əsərində sufiliyin bidətə
aparan panteizmini əl-Qəzalidən əvvəl islah edərək
onu ortodoksal islam teologiyası ilə bağlamağa və
barışdırmağa cəhd göstərmiş,
dövrünün mədəniyyət tarixinə peripatetik fəlsəfənin
və hər cür bidətə aparan ideyaların qatı əleyhdarı
kimi daxil olub.
Azərbaycan filosofu Əbülfütuh Yəhya ibn Həbəş
Sührəvərdi (1154–91) dünya mədəniyyətində
məşhur işraqilik fəlsəfəsinin banisidir. Bu fəlsəfi təlim
onun “İşraq fəlsəfəsi”, “Nur heykəlləri”,
“İşıq haqqında risalə” və s. əsərlərində
şərh olunur. Qədim Azərbaycan, Şərq və yunan
fəlsəfəsindən qaynaqlanan, peripatetizmin rasionalizmini,
sufilərin fəlsəfi baxımdan əhəmiyyətli olan
varlığın vahid substansionallığı haqqında
ideyasını və dini təsəvvürlərin
avtoritarlığını özündə birləşdirən
Sührəvərdi təlimi bu gün də Şərq və
Qərb fəlsəfə tarixçilərinin diqqətini cəlb
edir. Dövrün fəlsəfi fikri Azərbaycan
ilahiyyatçıları Əbuhəfs Zəncani, Əbu
Ömər Osman Dərbəndi, Əbülfəz
Üşnuhi, Əbubəkr Urməvi, Əbu Xəfif
Şirvani və başqa mütəfəkkirlərin ortodoksal
təmayüllü teoloji risalələrində əksini
tapıb”.
Əli
Xalq Cəbhəsi.- 2016.- 25 may.-
S.9.