Aşıq Kemali Bülbül və
Türk Dünyası
Türk
xalq şeirinin əlisazlı, ürəyisözlü usta sənətkarları
xalqın milli-mənəvi sərvətlərini,
coğrafiyasını, etnik ənənələrini əks
etdirən şeirləri ilə zəngin türk mədəniyyətinin
işıqlı səhifələrini yazıblar. Onlar günümüzdə də bu ənənəni
yaşatmaqla, türklüyün zəngin saz-söz sənəti
üzərində qol-budaq atmaqdadırlar. Müasir
türk aşıq şeirinin təmsilçilərindən
“məmləkət sevgisi gəlir imandan” deyən Samsunlu
Aşıq Kemali Bülbülün Türkiyə sevdası ilə
bərabər, bütün türk dünyasına olan sevgisini
dilə gətirən şeirlərini bir araya gətirib incələməyə
çalışdıq və bu şeirlərdə Kemali
Bülbülün Azərbaycan, qırğız, boşnak,
türkmən, kərkük, kıbrıs (Kipr), tatar kimi
soylarına olan böyük sevgisini gördük. Samsunluların çox sevdiyi Kemali Bülbül
yalnız Samsun üçün deyil, Türkiyə və
Türk Dünyası üçün də qiymətli bir
xalq şairidir. Onun Türk
Dünyasını əks etdirən şeirlərini bir araya gətirib
incələyincə bu düşüncənin gerçəkliyi
ortaya çıxdı.
Şairin haqqında yazanlar “gözəlləmələrində
vətənin gözəlliklərini tərənnüm
etmiş, bacarıqlı siyasətçilər və idarəediciləri
öyməkdən zövq alıb, yanlış addım
atanları isə taşlamalarında (həcvlərində)
yerdən-yerə vurmaqdan çəkinməyib,
doğruları söyləməkdən qorxmayıb” deyiblər. Şairin
Türk Dünyası haqqında yazdıqlarını da bu
baxımdan incələdikcə maraqlı nəticələr
görməkdəyik. Şeirlərinin ana
mövzuları rəngarəng olan şairin Türk
Dünyasına verdiyi önəmin ayrıca yeri var. Kemali
Bülbül adı türk olan bir millətin azəri, tatar,
türkmən, kərkük deyə
parçalandığına inanır və turançı
bir düşüncə ilə belə deyir:
Kemali
Bülbül der mən Turançıyım,
O
heçlər yolçudur, mənsə hancıyım.
Nə
satılmış kölə, nə yalançıyım,
Deyirəm imansızlar insafa gəlsin.
və
ya
Dünyaya
haykırdı türk türklüyünü,
Turana
türklüyə türkü söylədik
– misralarında
türkçülük-turançılıq idealını
açıqca ifadə edərək, Turan zəfərinin
mütləq qələbəsinə inanan, bu zəfəri
görmək arzusunda olan bir şairdir. Türk
Dünyasının böyük mütəfəkkiri Ziya
Gökalp “Turan” mənzuməsində
türkçülüyü bütün məfkurələrilə
ortaya qoyaraq olduqca iddialı bir şəkildə belə ifadə
edir:
Vətən
nə Türkiyədir, nə Türküstan,
Vətən böyük mühebbet bir ölkədir -
Turan.
Ziya
Göyalp “Türkiçülüyün əsasları”
adlı əsərində Turançılığa belə tərif
verir: “Turan, türklərin mazidə və bəlkə də
istiqbalda şeniyet olan böyük Vətənidir”.
Ziya Gökalpın düşüncələrinə
hörmətlə yanaşan Kemali Bülbül
türkçü və turançı fikirləri ifadə
edən bir çox şeir yazıb. Onun “Türküstan”, “Ayaqlar
Kıbrısda, gözlər Bosnada”, “Kərküknamə”,
“Serblərə məktub”, “Salam yolladıq” şeirləri
bunlardan bir neçəsidir. Kemali
Bülbülün Azərbaycan və onun qədim diyarı,
ayrılmaz bir parçası olan Qarabağla bağlı
şeirlərində sovet dönəmi illərindəki Azərbaycanın
dərdləri dilə gətirilir. “Qara sevdam Azərbaycan”
şeirində kökü bir, dili, dini bir olan Azərbaycan
türklərinə olan məhəbbət ifadə edilməklə
yanaşı, XX əsrin sonlarında Azərbaycana
qarşı olan haqsızlıqlar ürək ağrısı
ilə dilə gətirilir:
Əldə,
dildə təsbehimsin
Mənə görə tək isimsin.
Həm
qardaşım, həm hısımsın,
Azərbaycan,
Azərbaycan,
Dərdin məni üzər baycan.
Dağlarında
maralım var,
Krım, İdil, Uralım var.
Türküstanda
sevdalım var,
Azərbaycan,
Azərbaycan,
Tarix qarip yazar baycan.
Atəşimsin,
ocağımsın,
Çözülməyən
can bağımsın.
Meydanımsın,
otağımsın,
Azərbaycan,
Azərbaycan,
Qəlbim sənə məzar, baycan.
Kemaliyim,
Qafqazlıyım,
Əslim bəlli türk əsliyim.
Sən Kərəmsən,
mən Əsliyim,
Azərbaycan,
Azərbaycan,
Yapayılnız gəzər baycan.
Gözəl Türkiyə türkcəsindən
süzülüb gələn və sevgi ilə poetikləşmiş
bu şeirlərdə Azərbaycan sevdası bütün
ayrıntıları ilə poeziya dilinə həkk olunur. “Qarabağ qan
ağlayır əllərim yanda”, “Qarabağ ortada bəklər
müdaxil” - misralarında Qarabağın erməni terroristləri
tərəfindən işğalına dünyanın səssiz
qalmasına etirazını ifadə edir. Qarabağ
mövzusuna həsr etdiyi “Erməni zülmü” şeirində
döşünə düşmən silahı dayanmış
Qarabağın fəryad, imdad səsinin eşidilmədiyinə
üzülərək, 1990-cı illərdə
yazdığı bu şeirində dost görünən
Avropanın erməni hiyləsinə, erməni zülmünə
seyrci qalmasına, bu xainlik və qəddarlığa səssizliyinə
heyrət edir. Türkçü,
Turançı fikirlərə sahib olan Kemali
Bülbülün şeirlərində “Türküstan”
anlayışına keçmədən öncə
“Türküstan” termini ilə bağlı bəzi bilgiləri
vermək yararlı olacaq.
Sovet hakimiyyəti illərində Özbəkistan,
Qırğızıstan, Tacikistan, Türkmənistan və
Qazaxıstanın güney bölgəsinə coğrafi termin
olaraq “Orta Asiya” deyilirdi. 1924-25-ci illərə qədər bu
bölgəyə Türküstan deyilirdi.
Orta Asiya
Qərbdə Xəzər, Şərqdə Çin, güneydə
İran və Əfqanıstanla həmsərhəddir. Bu bölgə eradan əvvəl VI əsrin
ortalarında Əhəmənilər, e.ə. 329-327-ci illərdə
isə Makedoniyalı İsgəndər tərəfindən
işğal edilib. Eradan əvvəl
3000-cü ildə Parfiya, Yunan, Bəlx, Kişan dövləti
qurulmuşdu. Kuşanların dillərinin
türkcə olduğu bilinməkdədir. Eradan əvvəl
2000-ci ilin sonu, 1000-ci ilin əvvəlində Soğd, Xarəzm
və Bəlx dövlətləri, IV-V əsrlərdə
Eftalilər dövləti qurulub, daha sonra bu dövlət
türk xaqanlığına daxil edilib. XIII əsrdə
ərəb-islam xilafətinə tabe olan Orta Asiya IX əsrdə
xilafətdən ayrılır və Orta Asiya və ona
qonşu olan ölkələrdə Samanilər, Tahirilər,
daha sonra da Qaraxanlılar, Qarahitaylar dövlətləri
qurulur. IX-XII əsrlər arasında Orta
Asiya bölgəsində Özbək-Türkmən,
Qırğız-Qazax adı verilən türkdilli müsəlmanlar
şəkillənməyə başladı. Səmərqənd,
Buxara, Ürgenç, Mərv islam aləminin
dini mərkəzinə çevrildi və türkcə bir ədəbiyyat
yaranmağa başladı. Kaşqarlı
Mahmudun, Balasaqunlu Yusif Has Hacibin, Əhməd Yasəvinin əsərləri
bu bölgənin əbədi-mənəvi zənginliklərini
meydana gətirdi. Fərabı, Biruni, İbn-Sina və
Ömər Xəyyamın əsərləri Orta Asiyada tibbi, fəlsəfi
və bədii düşüncənin inkişafında
böyük bir mərhələ oldu.
XIX əsrdə
və XX əsrin əvvəllərində Orta Asiyanın mərkəzi
və Asiyanın türk xalqlarının yaşadığı
coğrafiyanı əhatə edən bölgə üç
adla tanınırdı: Qərbi Türküstan, Şərqi
Türküstan (günümüzdə Çin
hüdudları içərisindədir) və Şimali
Türküstan (günümüzdə Əfqanıstan
hüdudları içərisindədir). Qərbi
Türküstan XIX əsrin 60-80-ci illərində Çar
Rusiyasına ilhaq edildi və 1886-cı ildə bu bölgənin
rəsmi adı Türküstan oldu. 1917-ci
ilin noyabr ayından başlayaraq Türküstanın bir
çox bölgələrində sovet hakimiyyəti quruldu.
1920-1930-cu illərdə Özbəkistan,
Türk¬mənistan, Tacikistan və Qırğızıstan
kimi Sovet Respublikaları yarandı. Bu
respublikaların sərhədləri müəyyən edildikdən
sonra (1924-25) “Türküstan” coğrafi adı “Orta Asiya”
adlandı. “Türküstan”
anlayışı Aşıq Kemali Bülbülə görə
uca bir anlayışdır. Bu böyük
bölgənin keçmiş Sovetlər Birliyi və Çin əsarəti
altında olması şairin öz ifadəsilə
üzüntüsüdür. Bu üzüntünü o,
“Türküstan” şeirində belə ifadə edir:
Kemali
Bülbülüm üzüntüdəyim,
Bu uğurda sizlə mən də öləyim.
Əlimdən
gələn bu daha nə edəyim,
Salam
Türkiyədən, salam Kıbrısdan,
Türküstan,
Türküstan, genə Türküstan.
1992-ci ildə
yazdığı “Serblərə məktub”da serb
və xor¬vatların müsəlman boşnakları qətl etməsini
serblərin ən böyük cinayəti hesab edir, onların
fironluğunu pisləyir.
Fironundan
betər çıxdı bu serblər,
Yoxsa canındanmı bıkdı bu serblər.
İpləri
boynuna taxdı bu serblər
– deyərək Türkiyənin serblərin
boşnakları qətl etməsinə biganə
qalmayacağını, türkün ayağının
Kıbrızda, gözlərinin Bosnada olduğunu
vurğulayaraq qətlə məruz qalan bosnakların
ahının yerdə qalmayacağına ümid
bağlayır:
Kemali
Bülbülüm hıkırıyorum,
Qoca kainata sığamıyorum.
Məzlum
ahı yerdə qalmaz diyorum,
Ayaklar
Kıbrısda, gözlər Bosnada.
Türkün zəfər tarixinə yazdığı
“Kıbrıs şehidləri”, “Kıbrıs dastanları”, “Ya
taksim, ya ölüm”, “Kıbrıs zəfəri” şeirlərində
türkün qəhrəmanlıq səhifələri vərəqlənir,
vətən yolunda ölən şəhidlər
anılır.
“Məmləkət sevgisi gəlir imandan” deyərək ən
ulu sevginin Vətən sevgisi olduğunu vurğulayır:
Bunca ildir
həsrət övladla ana,
Əsil vətən səndə, kərəm
Kıbrısım.
Nasıl
tərk edərim səni yunana,
Gəlib də yoluna öləm, Kıbrısım.
Eyni düşüncə tərzi şairin kərkük
türkləri haqqında yazdığı şeirlərində
də görünür. Məlumdur ki, İrakın Osmanlı bölgəsində
yaşayan türklər XX əsrin əvvəllərindən
etibarən dəfələrlə qətl edilmiş, bu qətillər,
kərküklərə qarşı olan haqsızlıqlar
Aşıq Kemali Bülbülə “Kərküknamə”
adı verdiyi silsilə şeirlər
yazdırmışdı.
Çeşidli adlarla türk boylarının İraqa gəlmələri
Səlcuqlu imperatorluğunun qurulmasından çox əvvəllər
gerçəkləşmişdi. Abbasilərin V xəlifəsi
olan Harun Rəşidin (786-809) mühafiz birliyi tamamən
türklərdən ibarət idi. Bu barədə
Türkiyədə yayınlanan “İraq Müasir Türk
Şairləri Antolojisi” adlı kitabın ön sözündə
yazılıb: “Abbasilər sülaləsinin VIII xəlifəsi
Mütasim zamanında (833-842) əsgəri idarəçilikdə
türklərin böyük rol almalarından dolayı bölgədə
siyasi iqtidarın türk kökənli olmaları
İraqdakı türklərin bu bölgədə rolunu
göstərir. Abbasiləri himayələri
altında idarə edən Səlcuqlulardan sonra bunların
davamı olan Atabəylər (XII-XIII əsr), Monqol istilası
ilə İlhanlılar (1258-1336), Cəlayirlər (XII-XIII əsr)
bölgədə hökm sürüblər. Daha sonra Qaraqoyunlular (1340-1469), Ağqoyunlular
(1469-1508) və Səfəvilər (1508-1534) o bölgədə
iqtidarı əllərinə alıblar. 1534-cü
ildə Osmanlı hökmdarı Qanuni Sultan Süleymanın
çıxdığı İraq səfəri ilə
bölgə tamamən Osmanlı torpaqlarına qatılıb.
Türklər İraqa gəldikləri zamandan Mosul, Kərkük,
Altınkörpü, Köysancaq, Takik (Dakika), Şeyhi-Zor
bölgələrində yerləşiblər. Bu türk boylarının
çoxu 24 Oğuz boyundan (bayat, kayı, karaevli, alkaevli,
yazır, döger, dodurqa, yaparlı, avşar, kızık,
beydili, karkın, bayındır, beçenə, çavuldur,
çepni, salur, eymur, alayuntlu, ürgir, yığdır,
bürdüz, yıva, kınık) olan bayat boyuna mənsubdurlar”.
Səlcuqlular, İlhanilər, Ərbin Atabəyləri və
Qaraqoyunlular zamanı Kərkük bölgəsi tam türkləşdi. Tarixi bəlgələr
Kərkük, Altınkoprü, Bayat, Karacuk,
Kızılrıbat və Karatəpə kimi qəsəbə
və kəndlərin də türklər tərəfindən
qurulduğunu göstərir. Göründüyü kimi,
İraqda 1000 ili aşan bir zamandan bəri
varlıq göstərən türklər, ölkənin cənub
və orta bölgələrində yaşamaqdadırlar.
Maarifə
Hacıyeva
Professor
Xalq Cəbhəsi.- 2016.- 26 may.-
S.14