Məhəmməd Əmin Rəsulzadə:
“Əsrimizin Siyavuşu”
“Xalq Cəbhəsi” qəzetinin
sayğılı oxucularına Azərbaycan Xalq Cümhuriyyətinin
ideoloqu və qurucusu Məhəmməd Əmin Rəsulzadənin
“Əsrimizin Siyavuşu” əsərindən müəyyən
parçaları ixtisarla təqdim edirik.
II yazı
Adı çəkilən siyasi məsləkin yoluna
görə, insanlıq millətin sayı nisbətində
hökümətlərə bölünərək, bundan
sonra dünya Federasyonu vücuda gətirməlidir. Fəqət, bunun
oluşmasında əvvəl müştərək din və
mədəniyyət sahibi olan millətlər arasında,
dolayısıyla müsəlmanlar arasında bütün
müsəlmanları bir məkanda birləşdirən
“İttihadi-islam” ola bilməz. “İttihadi-islam” (İslam birliyi) mümkün olmayacaq
bir xəyal, bir utopiyadır. Biləks – bütün
türklərin, bütün farsların, bütün ərəblərin
ictimai bir vücud kimi birləşmələri həm
mümkün, həm də istənilən bir haldır.
Müsəlman olan millətlər bir millət və bir
hökümət halına gəldikdən sonra ittihad deyil, islam ittifaqı ola bilər. Fəqət belə
siyasi bir ittifaq mövcud olmasa da, mədəni əlaqə
vardır, ola bilməlidir.
Bütün türklər öz aralarında
böyük dünya federasyonuna qədəm olmaq üzrə
bir federasyon yapmalıdır. Yeni Turan, mədəni birlik üzərində
təsis edilib ancaq gələcək birər Türk
hökümətlərinin federasyonu şəklində təsəvvür
oluna bilər. Azərbaycan da bu gələcək
Turan silsiləsinin mühüm bir halqasıdır.
Rus istilası, Turan üçün həqiqi bir
“Ergenokon” olmuşdu. Türklər özlərini qurtaracaq “Börteçine”ni gözləyirdilər (Əski Türk
yazısında “Qurtuluş” əfsanəsi məşhurdur. Bu əfsanəyə görə Çin ilə
aparılan bir savaşma düşmən təqibindən
qaçan türklər bir ala ceyranın ardınca uca
dağlara çevrələnmiş bir ovalığa çəkilmişdilər.
Bunlar burada iki yüz il qalmış,
doğub-törəyib çoxalmışdılar. Özlərinə dar gələn bu yurddan bir tərəfə
çıxmaq istəmişdilərsə də, yol
tapmamışdılar. Nəhayət,
çobanın biri bir gün qurd görmüş, onu təqib
edərkən qurdun bir dəlikdən
çıxdığını anlamışdı.
Çoban gördüyü bu əcaib nağılı
danışdıqdan sonra qurdun girdiyi dəliyin istiqamətində
gələn əhalinin arasından bir dəmirçi
çıxmış, dağın dəmir filizli
olmasını kəşf etmış, odun toplayıb od qalamış, dağı əridərək
yol açmış, mühasirədə olan türklər bu
yoldan çıxaraq yer üzünə
qatılmışdı. Bu əfsanəni nəzm
edən Gökalp bəy Ergenokon yurdun adı, Börteçi
qurdun adı deyə yuxarıda yazdığımız
adların bu günkü türkcəyə tərcüməsini
göstərib – M.Ə.R.)
Dünya müharibəsi nəticəsində Rusiyada
zühur edən inqilab Turanlıların “Börteçinə”si
olacaqdı.
Turançıların yol göstəricisi, möhtərəm
Ziya Gökalp bəy müharibənin hələ əvvəlində
bu gözləməyə tərcüman olmuş, qabaqcadan
demişdi ki:
Rusiya
dağılıb viran olacaq,
Türkiyə böyüyüb Turan olacaq.
Gözləmə sanki doğru çıxdı. “Ergenekon”
divarı yarıldı. Rusiya
imperatorluğu parçalandı. Türk
hökümətlərinin, eləcə də Azərbaycanın
mövcud siyasətinin düşüncədən feliyyətə
varmaq sırası gəldi. Fəqət
rusluq buna hələ inkan vermir, qırıb-tökür,
yaxır, yıxır, “Marat” (1918-ci ildə bolşeviklər tərəfindən
Bakıda müsəlman əhali üzərində icra olunan qətl.
Təfsilatı üçün yazarım: “Azərbaycan
Cümhuriyyəti” adlı əsərinə baxınız–
M.Ə.R.) deyə yaxıb kül edən
bir yanğın çıxarırdı. Azərbaycanlılara
bir tör-töküntü bir “xarabazar” hazırlayırdı
( Bakıda nəşr olunan bolşevik qəzeti
bizimlə apardığı bir söz münaqişəsində
“Siz Azərbaycan muxtariyyəti deyil, nəticədə bir
xarabazar olacaqsınız” deyirdi. – M.Ə.R.)
Türkiyə, himayəsinə aldığı Azərbaycanı
tam vaxtında qurtarmağa girişdi. Bakını Azərbaycan qatillərindən
təmizləyərək özünə verdi.
Əsrimizin Siyavuşu zəmanəmizin Turan
baş komandanı tərəfindən özünə təmin
olunan bu gözəl və zəngin parçada tikinti və məskən
salma başladı. Əsrimizin “Siyavuş
gərd”inin təməlləri quruldu. Azərbaycan
Cümhuriyyəti təşəkkül etdi.
AZƏRBAYCAN
CÜMHURİYYƏTI
1 – Təbii gözəllikləri, 2 – Maddi və mənəvi
sərvətləri, 3 – İslahat və inşaatı, 4 –
Xariclə əlaqə və gözəl şöhrəti.
Firdovsi
deyir ki, Əfrasiyab Turanın gözəl bir
parçasını damadı Siyavuşa verdi.
Azərbaycan, həqiqətən də əsrimizdəki
Turan torpağının gözəl bir
parçasıdır. Əski Albaniya, Şirvan, Arran və
Bərdə ölkəsindən meydana gələn bu yeni Azərbaycan,
əsrimizin ən böyük qüvvətini təşkil edən
zəngin mədənlərindən başqa, təbii gözəllikdən
də pay almış bir yamyaşıl yerdir.
… Həqiqətən
də Lənkəran, Quba, Şamaxı, Şəki, Zaqatala, Gəncə,
Qarabağ və Naxçıvanın ormanlarına,
bağlarına, dağlarına, yaylalarına, irmaqlarına və
bulaqlarına, soyuq və isti sularına, dağ keçisi və
ceyranlarına, nəhayət, Şirvan şairləri ilə
Qarabağ sazına və sənətkarlarına baxılarsa,
Firdovsinin “Siyavuş – gərd” təbiəti haqqındakı rəngarəng
şeri nəzərimizdə göz önünə gəlmiş
kimi olur. Bakı və Abşeron yarımadasının
“Quzğun dəniz” (Xəzər dənizi) sahilindəki mənzərələri
ilə limanda gəzən ağ
çarşablı nazənin qızlarını da buna əlavə
etsək, o zaman Firdovsinin də təsəvvür edə bilmədiyi
bir gözəllik hasil olar.
… İndi isə ən böyük qüvvət təbii
sərvətdir. İçərisində
yanacağı ilə mədən, əsrin ən böyük
Rüstəmi, yenilməz və yılmaz
“herkül”üdür. Yanacaqlar arasında
daş kömürlə neft dünyanın ən qüvvətli
itələyən gücləridir. Dünya
müsabiqəsi adətən dəmirlə yarış idi.
Kimin ki, dəmiri ilə kömürü və
ya nefti çox idi, qalibiyyət onun idi.
Neftin kömürdən üstünlüyü əskidən
bəri məlumdur. Odla işləyən gəmilərin
icadından sonra daş kömür məlum olmuşsa da, qara
neft daha çox əvvəl insanlara məlum olub, dəmir
ordular yaradılmasına xidmət etmişdi. Firdovsi, İsgəndəri-Ruminin Hindistan üzərinə
dəmirdən yapılma süvarilərlə hücum etdiyini
nəql edir. Hindistan padşahı Fur
İsgəndərə qarşı külli miqdarda fil
çıxarmışdı. Bu fillər
Rum ordusunu qorxutmuşdu. İsgəndər
mühəndislərini və fikir adamlarını
toplamış, düşündürmüş, nəhayət
dəmirdən atlar döydürərək, içlərinə
neft doldurulmuş və fillərə qarşı sövq
etdirmişdi. Dəmirdən yapılmış
atlardakı neft od alan kimi alovlanmağa
başlamış və üzərlərinə yüyürən
fillərin xortumlarını yaxaraq məğlubiyyətlərinə
səbəb olmuşdu.
Təbiidir
ki, Fironun fillərini məğlub edən bu dəmir
süvariləri Ford hazırlamadığı kimi, onları hərəkətə
gətirən neft də Amerikadan gələ bilməzdi:
çünki o zaman nə Xristof Kolomb anadan olmuş, nə də
Amerika kəşf olunmuşdu. Qafqasyadamı, yoxsa
Mazandarandamı zühur edən bir yırtıcı vəhşi
heyvanın yox edilməsi üçün neft
bulaşmış məşəllərdən istifadə
olunduğu yenə Firdovsiyə oxuduğumuzdan iddia edə bilərik
ki, bu gün çaplinlər uçuran, tanklar yürütən
benzinin dəmir ordular sövq edən ulu babası, şübhəsiz
ki, Azərbaycandır. Azərbaycan neftinin
çoxluğu və kimyəvi maddələrinin dünyada
mövcud olan bütün neftlərə olan uyğunluğu,
tarixin ən əskiliyi ilə uyğun bir mahiyyətdədir.
Bu, elə bir qüvvədir ki, bütün
dünyanı özüylə əlaqədar edir. Rusiya
bütün əzəmət və qüdrətini ona
bağlayıb. Qafqasya onunla canlı,
yaşar olduğuna qanedir. Avropanın
yanacaq həsrətiylə yanan könlü bunun eşqiylə
yanır. Azərbaycanın həyatı isə
damarlarında cərəyan edən bu siyah qanla ayaq üstə
durur. Nefti ondan aldığınız
gün o, bütün gözəlliklərini itirər və
iflic olmuş hala gələr.
Dünyanın ikinci pəhləvanı dəmirdir. Dəmir nə
qədər Azərbaycan dağlarının içərisində
miqdarı bilinməyən bir halda qapalı qalsa da, onun ən
böyük yavəri olan əl dəyməmiş Gəncə
dağları ilə Qarabağ zirvələrində (Gədəbəy
və Zəngəzur mədənləri) çoxca bulunur.
Hazırkı dünyanın qüvvəti yalnız
yanacaqla, mədənlərmi məhdudlaşır? Yanacaqla mədənə
bolluqla malik olan Almaniyanı aclıqla məğlub etmək
istəmirdilərmi? Demək, bu iki pəhləvandan
sonra meydan ərzağındır. Azərbaycan,
orada olan Muğan, Mil, Aran və s. Ovalığındakı
münbit ərazisi sayəsində özünə
artıqlıq edən buğda anbarı vücuda gətirə
bilər. Bu ovalıqlar Muğan çöllərində
izləri ilə hələ qalan qədim arxlar kimi kanallar və
yaxud daha müasir vasitələrlə başdan-başa
sulanarsa, o zaman Azərbaycan yalnız özünə deyil,
qonşularına da ərzaq verər və yalnız
insanları deyil, böyük fabrikləri də kətanı
və ipəyi ilə doydurar.
Ərzaq qüvvəti heyvan qüvvəti ilə dəstəklənməsə
heçdir. Azərbaycan bu xüsusda da xoşbəxtdir. Azərbaycanda olan mal-davar Qafqasyanın heç bir səmtində
yoxdur. Balıq məhsulu isə Mavərayi-Qafqasyada
yalnız buraya aiddir. Buradakı atın,
malın, qoyunun və sairənin bölümlərini saymaq isə
mövzumuz xaricindədir.
Sağlam
ruh sağlam bədəndə olduğu kimi, inkişaf bir həyat
da zəngin bir yerdə ola bilər. Azərbaycanlıların doğuluşdan
inkişafda olanlarının bir səbəbi də bu çox
iqtisadi həyatları deyilmi? İnkişafa meylli
olduqlarını göstərmək üçün bu kafi
deyilmi ki, ilk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı
azərbaycanlı, Rusiya türkləri arasında ilk qəzet
yaradıcısı azərbaycanlı, məzhəb
uzlaşmadığını ilk olaraq ortadan qaldıran yenə
azərbaycanlı, əlifba islahını ilk düşünən
azərbaycanlı, nəhayət, islam aləmində ilk dəfə
cümhuriyyət elan edən də azərbaycanlıdır.
Siyavuş, öz yerinin təbii gözəlliyinə
süni gözəlliklər qataraq “Siyavuş gərd”
adını binalar, qalalar, köşklərlə bəzəmişdi. Azərbaycan Cümhuriyyəti
də ölkəsinin təbii çatışmazlıqlarını
sənaye təşəbbüsləri ilə təmir etməyə
başlamış, az zamanda çox
uğurlar qazanmışdı.
Hər şeydən əvvəl, Azərbaycan
Cümhuriyyətinin əsas idarəsi bütün vətəndaşlarının
bərabər hüquqla yaşaması üzərində
qurulmuşdu.
Burada hər bir insanın möhtərəm
şəxs, Azərbaycan vətəndaşı olduğu
üçün hüququ saxlanırdı.
Kişi-qadın, müsəlman, xristian, Türk-türk
olmayan, cins və milliyyət fərqi qoymadan varlı-kasıb,
sahibkar işçi, torpaq sahibi-muzdur, ögrətmən-tələbə,
möhtərəm-cahil, sinif, məslək, təbəqə,
rütbə, vəzifə, nəsil, bilgi imtiyazı aramadan
bütün vətəndaşlar məmləkətin idarəsində
iştirak edir, qanun verən qurumlara girmək haqqında da
sahib idilər. Burada bir sinif digər sinfə
hakim deyildi. İnsan nə varına görə
haqlı, nə də yoxsulluğuna görə haqsız
görünürdü. Bunun kimi nə
yoxsulluğu üçün sayğılanır, nə də
zənginliyi üçün alçaldılırdı.
Burada məktəb, elm, texnika tərəfsiz tutulub ondan bəlirli
bir partiya və ya sinfin haqlı-haqsız tələblərinə,
qulağı sırğalı əsir kimi tabe olması istənilmir,
əksinə məktəblə alimlərdən yaxşı
ilə pisi şəxsən müstəqil fərqləndirən
vasitələrə sahib namuslu Azərbaycan vətəndaşı
tərbiyə etmələri istənirdi. Xoşbəxt
həyatın ancaq hürriyyətlə hasil
olacağını, Azərbaycan Cümhuriyyəti
höküməti ona izin verilməsini istəmişdi.
Burası söz azadlığı, mətbuat
azadlığı, vicdan azadlığı ilə o dərəcəyə
çatmışdı ki, sanki: Hər ki xahəd, qu biya və
hərçi xahəd gu be gu kibro nazu
hacibo dərban dərin dərgah nist (Kim dilərsə,
söylə gəlsin, kim nə istərsə söyləsin. Yox bizim dərgahda qapıçı, gərdaçı,
kibr və naz - M.Ə.R.).
Hər kəs nə istərsə söylər,
yazardı. Millətin hər partiyasının özünə
xas təşkilatı, və qəzeti vardı. Bu qəzetlər əksəriyyətlə
höküməti tənqid və çəkişdirmələriylə
məşğul olduqları halda, özlərinə
qarşı böyük zəiflik və səbr göstərirdilər.
Millət məclisi, məmləkətin
bütün sinif və millətlərini təmsil edib,
dövlətin təmamən taleyinə hakim idi. Onsuz heç
bir əmr keçməz, heç bir məsrəf yapılmaz,
heç bir müharibə başlanmaz, heç bir
barışıq bağlanmazdı. Hökümət məclisin
etimadını qazananda qalır, itirəndə
düşürdü. Ortada hakim olacaq vasitə-vəzifə də
yox idi. Parlament hakimi-mütləq idi. Burada Avropada tətbiq
olunmayan həqiqi bir xalq cümhuriyyəti qurulmuşdu. Azərbaycan
Xalq Cümhuriyyətində vətəndaşlar arasında
siyasi bərabərlik bər qərar olmaqla, bərabər
sosial ədalətsizliyin zərərli nəticələri də
aydın tərzdə dəyişdirilirdi.
Xalq Cəbhəsi.- 2016.- 28 may.-
S.14.