Azərbaycanda bütün dinlər və
onların mənsubları bərabər hüquqludur
Tarixən etnik-dini
tolerantlıq məkanı olan ölkəmizdə heç vaxt
milli ayrı-seçkilik səbəbindən münaqişələr
olmayıb
Azərbaycanda dinlər ölkənin indiki ərazisində
yaşayan xalqlar və etnik qruplar arasında
yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan
Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət
göstərir. Azərbaycan Respublikası
Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər
bir şəxs vicdan azadlığına malikdir. Dinə münasibətini müstəqil müəyyənləşdirmək,
hər hansı dinə təkbaşına və ya
başqaları ilə birlikdə etiqad etmək və ya heç
bir dinə eitqad etməmək, dinə münasibəti ilə
əlaqədar əqidəsini ifadə etmək və yaymaq
hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində
göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən
ayrıdır, bütün dini etiqadlar qanun qarşısında
bərabərdir, insan şəxsiyyətini alçaldan,
insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ
etmək qadağandır. Eyni zamanda dövlət
təhsil sistemi də dünyəvi xarakter daşıyır.
"Dini etiqad azadlığı haqqında" Azərbaycan
Respublikasının Qanunu (1992) hər bir şəxsin dinə
münasibətini müəyyənləşdirmək və
ifadə etmək hüququna və həmin hüququ həyata
keçirməyə təminat yaradır. Azərbaycanda
üç yəhudi icması - dağ yəhudiləri, əşkinazi
yəhudilər və gürcü yəhudiləri icmaları
mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin
sayı 16.000-dir. Bunlardan 11.000-i dağ yəhudiləridir ki, təxminən
6.000-i Bakıda, 4.000-i Qubada, min nəfəri isə başqa
şəhərlərdə yaşayır. Əşkinazi yəhudilər
4,3 min nəfərdir. Onların
əksəriyyəti Bakıda və Sumqayıtda
yaşayır. Gürcü yəhudiləri
təxminən 700 nəfərdir.
Dağ yəhudiləri hazırda ölkədəki
bütün yəhudi diasporu arasında çoxluq təşkil
edir.
Onların dili tat dilidir, lakin nitqlərində çoxlu
türk, fars və rus sözləri
vardır. Dini əqidələrinə görə,
dağ yəhudiləri rəbbanilərdir. Onlar Əhdi-ətiqlə yanaşı, Təlmudu və
ravvin rəvayətlərini də dinin əsas mənbələri
sırasında götürürdülər. Uzun
müddət ali ruhani təhsil ala bilmədikləri
üçün Təlmud qaydalarını bir qədər təhrif
edilmiş şəkildə izah etmiş, Qafqaz
xalqlarının bütpərəstliklə bağlı bəzi
təsəvvürlərini mənimsəmişlər. Meşədə
yaşayan, hamilə qadınların ürəyini və ciyərini
çıxarıb yeyən qadın Dedey-ol, yeni
doğulmuş uşaqları himayə edən İlan-Əjdəha
(Əjdəhaye-mar) ilə bağlı təsəvvürlər,
habelə Pasxadan iki həftə qabaq tonqal qalayıb
üstündən atılmaq ayini yəhudiliklə deyil, yerli
inanclarla bağlıdır.
Dağ yəhudiləri əqidə məsələlərində
əşkinazi yəhudilərlə müqayisədə daha
ortodoksaldırlar. Ümumiyyətlə, Azərbaycandakı
yəhudilər XVIII əsrdən etibarən Polşa və
Ukrayna yəhudiləri arasında özünü göstərən
xasidilik dini-siyasi axınından, həmçinin reformist yəhudilikdən
uzaqdırlar.
Bakıda,
Oğuzda, Qubada dağ yəhudilərinin bir neçə
sinaqoqu fəaliyyət göstərir. Qubadakı
Krasnaya Slobada qəsəbəsi bütün postsovet məkanında
dağ yəhudilərinin kompakt yaşadıqları yeganə
yerdir. Avanın 9-da matəm orucu
günü dünyanın hər yerindən dağ yəhudiləri
buraya gəlirlər ki, vacib ibadətləri yerinə yetirsinlər,
yaxınlarının qəbirlərini ziyarət etsinlər.
Qəsəbədə üç sinaqoq və
ayinçilik məqsədilə tikilmiş mikva vardır.
Əşkinazi yəhudilər Avropa yəhudiləridir, əslən
orta əsrlər Almaniyasındandırlar. Gürcü yəhudiləri
icması sayca kiçik olsa da, fəaldır. 1997-ci ildə "Coynt" yəhudi komitəsinin
maliyyə yardımı ilə gürcü yəhudilərinin
sinaqoqu bərpa edilmişdir. Azərbaycan müstəqillik
əldə etdikdən sonra buradakı yəhudi icmaları daha
da fəallaşmış, beynəlxalq yəhudi təşkilatları
ilə əlaqələrini möhkəmlətmiş, öz
dini məktəblərini-iyeşivalarını, mədəniyyət
mərkəzlərini (məs., Yəhudi
icmasının mədəniyyət mərkəzi), cəmiyyətlərini
(məs., Həvva qadın cəmiyyəti, Hesed-Herşon
xeyriyyə cəmiyyəti), klublarını (məs., Əlef,
Kilel gənclər klubları, Mişpaha videoklubu), qəzetlərini
(məs., Az-İz, Başnya, Amişav) yaratmışlar. Soxnut yəhudi agentliyi, Coynt və Vaad-l-Hetzola yəhudi
komitələri Azərbaycandakı yəhudi diasporu
arasında yəhudi ənənələrini qoruyub saxlamaq,
sinaqoqlara yardım göstərmək və müxtəlif mədəniyyət
tədbirləri keçirməklə məşğuldur.
2003-cü il martın 9-da Bakıda yeni yəhudi
sinaqoqu açılmışdır. Bu, Avropada ən
böyük sinaqoqdur. 2003-cü ilin
sentyabrından Azərbaycanda ilk yəhudi məktəbi fəaliyyət
göstərir.
Azərbaycanda xristianlıq özünün
pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə
müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. Dövlət
qeydiyyatında 5 erməni-qriqorian icması var. Hazırda Azərbaycanda
pravoslavlıq rus və gürcü pravoslav kilsələri ilə
təmsil olunmuşdur. Ölkədəki
rus pravoslav kilsələri 2000-ci ildə təsis edilmiş
Bakı və Xəzəryanı Yeparxiyasında birləşir.
Azərbaycanda həmçinin pravoslavlıqdan
çıxmış köhnə ayinçiliyə mənsub
11 malakan icması da fəaliyyət göstərir. Malakanların
kilsəsi yoxdur, ehkamları xüsusi "ayin
kitablarında" verilmişdir. Onlar
xüsusi səlahiyyətə malik kilsə
iyerarxiyasını rədd edirlər.
Alban-udi xristian dini icmasının qeydə
alınması formal olaraq digər icmaların qeydiyyatından
fərqlənməsə də, xarakter, məzmun, dini və
siyasi əhəmiyyət baxımından çox əlamətdar
bir hadisədir. Bu gün Udi etnosuna mənsub olan
insanların sayı dünyada 10.000-ə qədərdir ki,
onların 6000-i Azərbaycan ərazisində, o cümlədən
4.400-ü kompakt şəkildə Qəbələ rayonunun
Niç kəndində yaşayır.
Tarixən udilər bizim eradan əvvəl IV əsrdə
türk qəbilələri ilə qohumluq əlaqəsində
olaraq Qarabağda, Xəzərsahili torpaqlarda
yaşamış, sonralar xristianlığı qəbul
etmiş və bu dini Qafqaz Albaniyasında yaymışlar. Kiş kilsəsi
(Şəki rayonu, Kiş kəndi) ilk xristian kilsəsi,
"xristian kilsələrinin anası" hesab olunur.
Çar Rusiyası tərəfindən Qarabağa
köçürülən ermənilərin hiyləsinə
uyan Rusiya çarı 1836-cı ildə fərman imzalayaraq
Alban kilsəsini ləğv edir, Alban məbədləri, kilsəyə
aid olan bütün avadanlıq və sənədlər erməni
apostol kilsəsinə verilir. Bu şəraitdə
udilər ya qriqoryanlığı qəbul edib erməni
olmalı, yaxud dinsiz, kimsəsiz "dərvişlərə"
çevrilməli idilər. Lakin onlar
misilsiz qəhrəmanlıq göstərib 160 ildən
çox bir dövrdə öz dininə, adət-ənənələrinə,
dininə, tarixi vətəninə sadiq qalmış, erməniləşməmiş,
əksinə 1836-cı ildə həyata keçirilən
tarixi ədalətsizliyi həmişə aradan götürməyə
çalışmışlar. Nəzəri
cəhətdən çoxdan sübuta yetirilmiş tarixi
faktlar Alban-udi xristian icmasının bərpası ilə
artıq maddiləşmiş və ədalət, udilərin
haqqı qismən də olsa bərpa edilmişdir.
Katolisizm.
Xristianlığın bu qolu Bakıda Roma Katolik
icması ilə təmsil olunmuşdur. SSRİ
dağıldıqdan sonra sovet məkanında mövcud olan
bütün müsəlman dini təşkilatları
böhrana məruz qaldığı,
parçalandığı halda, Zaqafqaziya Müsəlmanları
Ruhani İdarəsi 1980-ci ildə şeyxülislam
seçilmiş axund Allahşükür Paşazadənin sədrliyi
altında öz fəaliyyət dairəsini daha da genişləndirir,
Azərbaycanın müstəqilliyi illərində Qafqaz
Müsəlmanları İdarəsi adı altında
nüfuzunu bütün Qafqaza yaymağa cəhd göstərir.
1998-ci ildə Qafqaz müsəlmanlarının
Bakıda keçirilən X qurultayında bu cəhdləri
reallaşdırmaq istiqamətində addımlar atılır.
QMİ-nin Gürcüstanda və
Dağıstanda nümayəndəliklərinin
açılması da bu sahədə diqqəti cəlb edən
addımlardandır.
QMİ-nin
sədri İdarənin beynəlxalq islam təşkilatları
ilə əlaqəsini ardıcıl şəkildə təmin
edir, qonşu müsəlman ölkələri ilə dini zəmində
sıx əlaqələr yaratmağa nail olur. Bu gün QMİ
öz səlahiyyətləri çərçivəsində
Azərbaycanda islam dini icmalarına rəhbərlik edir, şəri
qayda-qanunların düzgün yerinə yetirilməsinə nəzarət
edir, 1991-ci ildə yaradılmış Bakı İslam
Universiteti vasitəsilə ruhani kadrların yetişdirilməsi
sahəsində xeyli işlər görür, ölkənin
dini həyatında gedən proseslərin məsuliyyət
yükünü daşıyır. Bakı
Dövlət Universitetinin İlahiyyat fakültəsində də
1992-ci ildən ilahiyyatçı və islamşünas
mütəxəssislər hazırlanır.
Azərbaycanda
islam şiə-imami, sünni-hənəfi
və şafii məzhəbləri ilə təmsil
olunmuşdur. Son zamanlar ölkənin
açıqlığı bir sıra digər məzhəblərin
və sufi təriqətlərinin də
bölgəyə yol tapmasına şərait yaradıb.
Müstəqillik illərində Azərbaycanda gedən
islamlaşma prosesində müqəddəslərə pərəstişin
gücləndiyi müşahidə olunur - ənənəvi
pirlərlə yanaşı təzə pirlər də
yaradılır. Bəhailik öz məhfəlini
yaratmış və fəaliyyətini ildən-ilə
genişləndirir.
Ölkəyə qeyri-ənənəvi dinlərin
nüfuzu güclənir. Heç vaxt Azərbaycanda mövcud olmayan
Beynəlxalq Krişna Şüuru cəmiyyəti artıq Azərbaycanda
fəaliyyət göstərir. Bir sıra
protestant təmayüllü dini icmalar ilk dəfə Azərbaycanda
90-cı illərin ortalarında dövlət tərəfindən
qeydiyyata alınaraq öz dini ideyalarını yayırlar.
Azərbaycanda dövlət-din münasibətləri
2001-ci ildə Ölkə Prezidentinin fərmanı ilə
yaradılmış Azərbaycan Respublikasının Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən
tənzim edilir. Azərbaycanda bütün dinlər və
onların mənsubları bərabərhüquqludur. Tarixən
etnik-dini tolerantlıq məkanı olan Azərbaycanda heç
vaxt milli ayrı-seçkilik səbəbindən
münaqişələr olmayıb.
Əli
Xalq Cəbhəsi.- 2016.- 28 may.- S.9.