Etnik-mədəni tərkibinin rəngarəngliyi
ilə seçilən Zaqatala aşıq mühiti
I yazı
Aşıq sənətinin mahiyyəti insançılıqla
bağlıdır. Qədim türk dağda, cayda, göydə,
günəşdə müqəddəslik axtarırdı,
tapırdı, təbiəti ilahiləşdirirdi. Türkün təbiət sevgisi, təbiətlə
birliyi özünü bütün çalarlarıyla,
qüdrətiylə sazda göstərir. Azərbaycan
aşıq sənətində sazın möhtəşəmliyi
ilə yanaşı, zərifliyi də üzə
çıxır. Sazın səsində orkestrlik var:
möhtəşəm, hiddətli, çılğın,
döyüşkən, ruhlu… Qədimlikdən gələn
mənəvi tellərin sabaha bağlanması bu gün daha da
qaçılmazdır.
Zaqatala
aşıq mühitini araşdırmış Z.Mənsimovanın
tədqiqatından aydın olur ki, bu xüsusiyyət etnik-mədəni
tərkibinin rəngarəngliyi ilə seçilən Zaqatala
aşıq mühitinə, onun regional çalarlarına
kompleks yanaşma zərurəti yaradır: “Azərbaycan
aşıq sənətinin mühitlər üzrə öyrənilməsi
orada baş verən tarixi, etnik-mədəni prosesləri izləmək,
el sənətkarlarının
yaradıcılığını müqayisəli şəkildə
araşdırmaq, konkret mühitin digər aşıq
mühitləri ilə fərqli və oxşar xüsusiyyətlərini
ortaya çıxartmaq imkanı verir. Aşıq
sənətinin ayrı-ayrı mühitlər üzrə
öyrənilməsi gələcəkdə ümumazərbaycan
aşıqlarının elmi kataloqunun yaranmasına, sənət
şəcərələrinin doğru-düzgün
araşdırılıb sıralanmasına da kömək edəcək”.
Zaqatalanın coğrafiyası, etnik-mədəni tərkibi
və aşıq mühitinin formalaşma tarixi ilə
bağlı qənaətini bildirən
araşdırmaçı vurğulayır ki, şifahi xalq ədəbiyyatının
janr özünəməxsusluğunu, milli adət-ənənələrini
bu gün də qoruyub saxlayan, xalq sənətini zaman-zaman
yaşadan, formalaşdıran mühitlərdən biri də
Zaqataladır.
Bu mühitin tarixən müəyyən ənənələrə
malik olması, ustad və ifaçı aşıqları ilə
seçilməsi Zaqatala aşıq mühitindən kifayət
qədər söz açmağa imkan verir. Zaqatala
aşıqları xalqın şad günündə (el
bayramları, toy məclisləri), həmişə xalq
arasında olub, xoş avazları, şən havaları ilə
elin-obanın ruhunu oxşayıb, xeyir-dualarını xalqdan əsirgəməyiblər:
“Folklorşünas alim E.Məmmədli aşıq sənətinə
aid araşdırmalarında qeyd edir ki, bu sənət
formalaşdığı dövrdən, insan aləmini, onun
istək və arzularını, ağrısını,
acısını, sevincini, kədərini, sevgi və
iztirablarını tərənnüm edir. Zaqatala
aşıq mühitinin hələlik bizə məlum olan, əsərləri
zəmanəmizə qədər gəlib çatan ilk
aşığı XVIII əsrin sonu, XIX əsrin 60-70-ci illərinə
kimi yaşamış varxiyanlı (indiki Bəhmədli)
Aşıq Məhəmməddir. Şübhəsiz,
varxiyanlı Məhəmmədin bir sənətkar kimi
yetişməsi heç də təsadüfi deyildi. Ola bilsin ki, burada Aşıq Məhəmmədə
qədər çox aşıqlar yaşayıb-yaradıblar.
Onların yaradıcılıq irsləri
günümüzə gəlib çatmadığı
üçün tədqiqata cəlb olunmayıb. Aşıq Məhəmmədin dövründə
onunla yanaşı, varxiyanlı Aşıq Həsən,
şagirdləri Aşıq Qurban və Aşıq Təmaz da
yaşayıb-yaradıblar. Sonrakı dövrlərdə
isə Aşıq Arabın, Kamal təxəllüsü ilə
yazan talalı Aşıq Dibronun, Aşıq Bəkirin,
yengiyanlı Aşıq Əlixanın, Aşıq Sarətin,
suvagilli Kor Nəzirin, carlı Aşıq Könlünün, əliabadlı
Aşıq Hüseynin, Aşıq Həsənin, Aşıq
Camalın, zaqatalalı Aşıq Camalın, Aşıq
Yusifin, varxiyanlı (indiki Bəhmədli) Həsənin,
Cumanın, Cahangir Dalğının, Aşıq Mədətin
və başqalarının adlarını çəkmək
olar. Zaqatala aşıqlarının fəaliyyəti
yalnız boya-başa çatdıqları ərazi ilə məhdudlaşmayıb,
eyni zamanda vətənimizin ayrı-ayrı bölgələri
və ondan kənarda – Gürcüstan, Rusiya, Dağıstan ərazisində
də məşhurlaşıb. Zaqatala
aşıq mühitinin bəzi nümayəndələrinin
adlarına ara-sıra mənbələrdə də rast gəlirik.
1930-cu illərin mənbələrində Zaqatala
aşıqlarından mosullu İbrahimin, talalı Hacı
Muradın, qandaxlı Molla Orucun, kəpənəkçili
Murtuza Əlinin, Aşıq Ərəbin, zəyəmli
Aşıq Bayramın adları çəkilir. Əgər
biz bu mühitdə istər tarixən, istərsə də
çağdaş dövrümüzdə
yaşayıb-yaratmış, yüksək sənətkarlıq
xüsusiyyətləri ilə tanınmış, yaddaşlara
həkk olunmuş, ustad, ifaçı aşıqların həyat
və yaradıcılıq irslərindən söz
açacağıqsa, əvvəlcə, bu sənətkarların
yaşadığı ərazinin etnik-coğrafi, mədəni
xüsusiyyətlərindən danışmalıyıq”.
1930-cu ildə yaranmış Zaqatala inzibati rayonu Azərbaycan
Respublikasının şimal-qərbində, Böyük Qafqaz
sıra dağlarının cənub ətəklərində,
Alazan-Əyriçay vadisində yerləşir. Ərazisi 1348 km2 olan Zaqatala
rayonu cənubdan Gürcüstanla, şimaldan Dağıstanla,
qərbdən Balakən, şərqdən Qax rayonu ilə həmsərhəddir.
68 kənddən ibarət olan rayonun ən iri
yaşayış məntəqələri Zaqatala şəhəri,
Əliabad qəsəbəsi, Muxax, Yuxarı Tala,
Danaçı kəndləridir. 49%-ni
meşəliklər təşkil edən əsrarəngiz təbiətə
malik olan rayon ərazisindən 7 çay axır. Alazan çayı, Katex çayı, Tala
çayı, Təndir çayı, Qara çay və s.”
Rayonda 110 mindən çox əhali yaşayır. Əhalisinin böyük əksəriyyəti
Azərbaycan türkləridir: “Zaqatalada azsaylı xalqlar da
yaşayır. Bura avarlar, ingiloylar, saxurlar və
s. daxildir. Rayonun etnik tərkibinə gəlincə,
etnoqraf alim Məhəbbət Paşayeva öz tədqiqatlarında
burada skif, sak, hun, xəzər, bulqar, savir, eyni zamanda gel, leq,
uti və s. kimi qədim alban tayfalarının izlərinə
rast gəlindiyi bildirilir. Bu ərazidə yaşayan avarlar, əsasən,
dağlıq yerlərdə Car, Masex, Maqov, Cimcımax və
Paşanda, saxurlar isə Sabunçu, Suvagil, Gözbarax,
Lahıc, Yengiloylor Mosul, Yenqiyan, Əliabad kəndlərində
azəri türkləri ilə qarışıq məskunlaşıblar.
Respublikamızın ərazisində yaşayan azsaylı
xalqlar xalqımızın musiqi folklorundan təsirlənmiş
və bu, ayrı-ayrı hallarda onların şeir və
musiqisində ikidillik hadisəsini meydana gətirib. Bu xalqların
hər biri Azərbaycan türkləri ilə
qaynayıb-qarışıb, ortaq bir mədəniyyətə
malik olublar. Folklorşünas alim A.Əhmədiyə
görə, «Azərbaycanın müxtəlif bölgələrində
məskunlaşmış azsaylı xalqlar yerli əhaliyə
qarışmış şəkildə rahat güzəran
sürməkdədirlər». Bu faktın
özü heç də təsadüfi deyil. Türkə məxsus olan ənənəni
lazımınca öyrənmək və onu qoruyub saxlamaq
bacarığına malik olan azsaylı xalqlar (xüsusən
avarlar, saxurlar, yenqiloylar) türkə məxsus sazı, tənburu
da (el arasında buna danbur deyilir) sevərək mənimsəyiblər.
Bu gün də onların arasında sazda və
danburda Azərbaycan türkcəsində
çalıb-oxuyanlara təsadüf etmək mümkündür.
Çox təbii ki, onlarda olan bu həvəs
mühitdə yaşayan yerli türklərin təsiri ilə əlaqədar
yaranıb.
Zaqatala aşıq mühiti bu və ya digər
xüsusiyyətləri baxımından maraq doğurur. Prof. Azad Nəbiyev
«Azərbaycan aşıq məktəbləri» kitabında
xalqın geniş əraziyə səpələnmiş,
milli-etnik mədəniyyətləri, folklorunu, onun
inkişafının başlıca istiqamətlərini öyrənmək
baxımından belə mühitlərin
araşdırılmasının çox önəmli bir məsələ
olduğunu qeyd edib. Prof. H.İsmayılova
görə, Azərbaycan tarixinin ən mürəkkəb
mübahisə doğuran problemlərindən biri etnogenez
problemidir. Müəllif eyni zamanda etnik
azlıqların sıx-sıx məskunlaşdığı ərazilərin
folklorunun, aşıq sənətinin araşdırılıb
tədqiq edilməsini zəruri hesab edib. Aşıq
mühitlərinin regional, lokal, mədəni sisteminin hadisəsi
kimi vahid bir tamın ümumtürk mədəniyyəti
konteksində yerinin araşdırılmasında özünəməxsus
əhəmiyyəti olduğunu bildirib. H.İsmayılov
digər tərəfdən milli musiqimizin, xalq sənətinin
etniklərin mədəniyyətinə, yaşamına təsirini
araşdırmağın, qədim adətlərimizin bu
bölgələrdə hansı şəkildə
qorunub-saxlanılmasını müəyyənləşdirməyin
diqqət çəkən məsələlərdən biri
olduğunu qeyd edib. Etnik-mədəni təsirlərin
güclənməsi Zaqatalada mövcud olan, bu gün də
yaşamaqda olan aşıq sənətinə heç bir
qeyri-təsir göstərməyib. Bunun əsas
səbəbi Azərbaycan dilinin üstün mövqedə
olması ilə əlaqədardır. Buna
nümunə olaraq suvagilli Kor Nəzirin, carlı Vəlinin və
başqalarının adlarını çəkmək olar.
Onlar el şənliklərini Azərbaycan dilində
aparırdılar”.
Araşdırmaçı bildirir, Zaqatala da məhz belə
bölgələrimiz sırasındadır ki, burada yaşayan
saz-söz sənətkarlarının (istər türklər,
istərsə də azsaylı xalqların nümayəndələri
olsun) bir-birilərinə qaynayıb-qarışmaları sayəsində
mədəniyyətləri, adət-ənənələri hər
zaman rəngarənglik təşkil edib. Burada yaşayan ləzgilər,
saxurlar, avarlar, inqiloylar və s. etnik qrupların nümayəndələri
inteqrasiyaya daha çox meyilli olduğundan türk mədəniyyətini
lazımınca mənimsəyə biliblər. Maraqlı
cəhətlərdən biri də budur ki, azsaylı xalqlar
bizim mədəniyyətimizi, musiqimizi, adət-ənənələrimizi
mənimsəyərək bu gün də yaşadırlar.
Bu da həqiqətdir ki, ucqar dağ kəndlərində
türklərdən mənimsənilən ənənə daha
yaxşı qorunub. Fikrimizcə, Zaqatala
aşıq mühitini «tarixi və çağdaş»
dövrlərə ayırmaq daha düzgün olar. Zaqatala aşıq mühitinin tarixi XIX əsrin əvvəllərindən
XX əsrin əvvəllərinə kimi olan dövrü,
çağdaş mühit isə XX əsrin əvvəllərindən
bu günümüzə kimi olan dövrü əhatə edir.
Ayrı-ayrı zamanlarda yaşayan el sənətkarlarının
hər biri ayrılıqda özünəməxsus fərdi
ifa tərzləri, yaratdıqları saz havaları, zəngin
repertuarları ilə yadda qalmış və el-obada, hafizələrdə
yaşamaqdadırlar.
O zaman
Zaqatalada toylar, el bayramları aşıqsız keçməzdi.
Məclis aparan ustad aşığın
yanında bəzi hallarda balabançısı da olmalı
idi. Ak. H.Araslı
aşığı haqlı olaraq, xalqın sevimlisi, onun
şad və qəmgin günlərində ən yaxın
sirdaşı hesab edib. Zaqatalada XX əsrin
60-cı illərinə kimi aşıqlar məclisi ya tək,
yaxud da iki aşıq bir-birini əvəzləyərək
aparardılar. Aşıqlar məclisdə,
xüsusən, dastan, nağıl və rəvayət
danışardılar. Bir qayda olaraq,
«Baş divani» ilə başlayar, sonra təcnis oxuyar, nəhayət,
müxəmməslə bitirərdilər. Çox zaman buna “duvaqqapma” deyilir. Deyilən ənənələr zaman keçdikcə
öz formasını müəyyən qədər dəyişib.
İndi məclisləri aşıq tək,
balabansız aparır. Maraqlı hal budur
ki, tarixi Zaqatala aşıq mühitinin aparıcı nümayəndələrinin
ifaçılığında bəzi hallarda saz-balaban
müştərəkliyinin mövcud olması bu mühit
haqqında müəyyən yanlış mülahizələrə
gətirib çıxarıb. Prof.
M.Qasımlı «Aşıq sənəti» kitabında
Zaqatalanı tarixi mühit hesab etdiyi Dərbənd aşıq
mühitinə aid edib. Prof. A.Nəbiyev isə
«Azərbaycan aşıq məktəbləri» kitabında
Zaqatalanı Şirvan aşıq məktəbi daxilində
ayrıca mühit kimi təqdim edib. Prof.
M.Qasımlı Dərbənd aşıq mühitinə Quba,
Qusar, Zaqatala, Qax, Balakəni – azsaylı millətlər
yaşayan sərhəd əraziləri aid edir. Digər tərəfdən, müəllif bunun bir səbəbini
də sənətin birindən digərinə
ötürülməsi ənənəsinin aradan
çıxmasında görür. İstər
qədimdə, istərsə də bu gün tənburla
sazın paralel şəkildə mövcud olduğu Zaqatala
aşıq mühitinin tarixi və çağdaş mənzərəsi
yuxarıda deyilən fikri qətiyyətlə təkzib edir”.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 1 iyun.-
S.13.