Xəlil Rza Ulutürk və
istiqlalçılıq məfkurəsi
XX əsrin ikinci yarısı Azərbaycan
poeziyasının görkəmli nümayəndələrindən
biri olan Xəlil Rza Ulutürk keşməkeşli zəngin,
eyni zamanda təzadlarla dolu olan həyat yolu keçib. Onun yaradıcılığında
yaşadığı dövrün kontrastları, sovet
insanının təfəkkürü, sosialist yaşam tərzinin
tərənnümü ilə yanaşı, xalqın, millətin
azadlıq uğrunda mübarizəsi təsvirini tapıb.
1933-cü ildə Salyan rayonunda dünyaya göz
açmış Xəlil Rza oğlu Xəlilov ağır məişət
qayğıları ilə yüklənmiş bir ailədə
böyüyüb, təhsilini rayondakı orta məktəbdə
aldıqdan sonra 1949-cu ildə ADU-nun jurnalistika şöbəsində
oxuyub, əvvəl C.Xəndan, sonra B.Vahabzadə kimi poeziya
bilicilərinin dərnəyində iştirak edib.
Dövrü mətbuatda müntəzəm şeirləri erkən
çap olmağa başlayan Xəlil 1954-cü ildə Azərbaycan
Yazıçılar İttifaqına üzv qəbul
edilmiş, ali təhsilini başa vurduqdan
sonra «Azərbaycan qadını» jurnalında ədəbi
işçi kimi fəaliyyət göstərib.
1957-1958-ci
illərdə Yazıçılar Birliyi xətti ilə
Moskvaya M.Qorki adına Dünya Ədəbiyyatı
İnstitutunda ali ədəbiyyat kurslarında təhsil
almağa gedib. Xəlil Rza bu zəngin sənət
məbədində ədəbiyyatımızın yaxın
dostu və təbliğatçısı, ondan adekvat tərcümələr
edən Pavel Qriqoryeviç Antokolskidən dərs alıb.
Yada salmaq yerinə düşər ki, P.Antokolski hələ XX
əsrin 30-cu illərində digər rus şair-mütərcimləri
- V.Bartold, K.Simonov, B.Lebedev, Y.Keyxauz, A.Adalis, Y.Dolmatovski,
L.Katsnelson, V.Luqovskoy, V.Derjavin, P.Pançenko, N.Aseyev, B.Brik,
T.Salmanoviç və başqaları ilə yanaşı,
klassik Azərbaycan poeziyasını (Xaqani, Nizami, Həsənoğlu,
Həbibi, Füzuli, Qövsi, Nişat Şirvani, Ağa Məsih
Şirvani, Vaqif, A.Bakıxanov, M.F.Axundzadə), XX əsr
şairlərini (Sabir, S.Vurğun M.Rahim və b.), aşıq
poeziyasını (Aşıq Valeh), xalq
yaradıcılığı nümunələrini və s.
rus dilinə böyük məhəbbətlə çevirib. Sonrakı illərdə P.Antokolski yenə də Azərbaycan
şairlərinin əsərlərindən tərcümələrə
öz yaradıcı fəaliyyətində kifayət qədər
geniş yer verib. Əlbəttə, Azərbaycan
mütərcimləri də P.Antokoloski qarşısında
borclu qalmayıblar. R.Rza, T.Əyyubov və
başqaları onun şeir və poemalarını eyni vüsət
və məsuliyyətlə dilimizdə səsləndiriblər.
X.R.Ulutürk lap erkən yaşlarından
türkçülük, Azərbaycançılıq,
istiqlalçılıq məfkurəsinə xidmət
etmiş, Anadolu və digər bölgələrdə
yaşayan türklərə öz sevgisini
açıq-aydın bəyan edib, onun belə
davranışı partiya və sovet rejimi funksionerlərini
narazı salıb, çalışdığı Azərbaycan
Dövlət Pedaqoji İnstitutundan xaric edilib, uzun müddət
gözümçıxdıya salınıb. Ancaq sovet məmurlarının
ona qarşı belə münasibəti şairi yolundan, məsləkindən
döndərməyib və o, türkçülük,
istiqlalçılıq yönündə fəaliyyət və
təbliğatını böyük vüsətlə davam
etdirib.
X.Rzada poetik təfəkkürlə elmi
yardıcılığın simbiozu özünü erkən
büruzə verib. Hələ 1963-cü ildə o, namizədlik
dissertasiyası müdafiə edib.
İstiqlalçılıq baxışlarına görə
uzun müddət işsiz qalan Xəlil Rza böyük çətinliklə
də olsa Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına
Ədəbiyyat İnstitutuna baş elmi işçi vəzifəsinə
götürüldükdən sonra 1985-ci ildə «Maqsud
Şeyxzadənin poeziyası və Azərbaycan-özbək ədəbi
əlaqələrinin aktual problemləri» mövzusunda doktorluq
dissertasiyası müdafiə edib.
SSRİ-də M.S.Qorbaçovun yenidənqurma siyasəti
başlayan dövr (80-ci illərin ikinci yarısı) X.Rza
yaradıcılığının daha böyük vüsət
aldığı illərdir. Məhz bu illər onun
nəinki poetik yaradıcılığının, publisist
çıxışlarının, eyni zamanda ictimai-siyasi fəaliyyətinin
genişləndiyi dövrdür ki, bu zaman X.Rza daha
ardıcıl olaraq ictimai-siyasi proseslərə qoşularaq,
ona öz çıxışları ilə xüsusi dinamika
verib. Erməni qəsbkarlarının
torpaqlarımıza təcavüzü, rus
qoşunlarının Bakıya yeridilməsi Azərbaycanı
ermənilərin havadarlarının, ilk növbədə
M.Qorbaçovun, D.Yazovun nahaq qan girdabında
çalxamaları ilə bağlı o, qorxub çəkinmədən
açıq çıxışlar edib, xalqın siyasi fəallığının
güclənməsində böyük rol oynayıb.
1990-cı
ildə QaraYanvar hadisələri dövründə X.Rza
Ulutürk bütün ədəbi-elmi ictimaiyyət nümayəndələrinin
önündə gedərək, Qırmızı
İmperiyanın Azərbaycanda apardığı siyasəti ən
yüksək kürsülərdən lənətləyib və
elə həmin günlərdəcə guya xalqlar arasında
milli ədavəti qızışdırdığına
görə Azərbaycan SSR cinayət məcəlləsinin
müvafiq maddəsinə əsasən gunahlandırılaraq
1990-cı ilin 26 yanvarından 4 oktyabrına qədər
Moskvanın Lefortovo zindanında saxlanılıb, 9 aya yaxın
zindan həyatı yaşadıqdan sonra azadlığa
buraxılıb. Şair sonrakı dövrlərdə
də istiqlal, azadlıq mücadiləsini davam etdirib. Bu illərdə Türkiyəyə sevgi onun daha
böyük həmdəminə çevrilib. Elə buna görə də o, dəfələrlə
buranı ziyarət edib. Əvvəl bu
ziyarətlər mənəvi ehtiyacdan ortaya gəlirdisə,
ömrünün sonlarında xəstəliyin güc gəlməsi
ilə bağlı şair tez-tez Türkiyə ilə
yanaşı Almaniyaya və Fransaya da müalicə
üçün gedib. 21 iyun 1994-cü ildə
vəfat edib.
X.Rzanın bütün həyat və fəaliyyətini
dövrümüzdə gənclərimizə yaxından təbliğ
etməyə, heç şübhəsiz ki, ehtiyac var və bu
işi müasir ədəbiyyatşünaslıq elmimiz
görməkdədir və ümidvarıq ki, bundan sonra da onu
layiqincə davam etdirəcək. Bununla belə biz
böyük ədibin sadaladığımız
yaradıcılıq xətlərindən başqa onun daha bir
mühüm fəaliyyəti – tərcümə
yaradıcılığı haqqında söhbət
açmaq istəyirik. Məlumdur ki, ədəbi-bədii
prosesin tərkib hissəsi olan tərcümənin rolu həyatın
bütün mərhələlərində böyük olub.
Tərcüməyə maraq daim genişlənmiş
və dərinləşmişdir. XX əsrdə
- mühüm tarixi-siyasi və mədəni-ədəbi hadisələrlə
zəngin olan bir dövrdə tərcümənin əhəmiyyəti
daha da artıb. Tərcümə işinin
– xüsusilə poetik tərcümənin bu xüsusiyyətini
X.Rza digər sənət sahibləri ilə birgə daha dərindən
hiss edib, yaradıcılığının böyük, daha
mühüm hissəsini məhz bu şərəfli və məsuliyyətli
işə həsr edib.
Uzun zaman
kəsiyində tərcüməyə ikinci dərəcəli
iş, sənət növü kimi
baxılsa da, bu sahədə nəzəri-tarixi, praktik-metodik
işləmələr artdıqca, tərcümənin
spesifik, eyni zamanda olduqca əzablı xüsusi sənət
növü olduğu vurğulanmağa başladı. Nəzəri-praktik araşdırmalar Azərbaycanda tərcümə
məktəbinin formalaşmasında böyük rol oynadı.
Əvvəllər, yəni XX əsrin 20-ci illərinə
qədər yaradıcılığın belə fəaliyyət
növü pərakəndə xarakter
daşıyırdısa, göstərilən dövrdən
sonra tərcümə Azərbaycanda yeni, daha tutarlı
müstəvi üzərinə keçirildi. M.S.Ordubadi, M.Rəfili, S.Rüstəm, A.Fövzi,
A.Faruq, Ə.Ziyatay, T.Əyyubov, B.Qasımzadə və onlarca
başqaları öz şüurlu həyatını orijinal
yaradıcılıqla bərabər, həm də tərcümə
işinə həsr etdilər. Praktik tərcümə
sahəsində böyük müvəffəqiyyətlər
qazandılar. Bundan sonra estafet növbəti
nəsillərin əlinə keçdi. Onlar
da öz xələflərinin işini uğurla davam etdirdilər.
Ə.Kürçaylı, N.Xəzri, M.Araz,
T.Bayram, E.Borçalı, V.Rüstəmzadə kimi adekvat tərcümənin
sirlərini mənimsəmiş sənətkarlar yetişdi.
Bu sırada Xəlil Rzanın tərcümə
sənəti xüsusi ilə öndə dayandı. Xəlil
Rza tərcümə yaradıcılığına heç də
orijinal yaradıcılığından az
yer vermədi. Tərcümə işinə
praktik cəhətdən yanaşma sonralar X.R.Ulutürkü həm
də ədəbi əlaqələr kontekstində tərcümənin
tarixi, nəzəri və praktik problemlərini daha fundamental
müstəvidə nəzərdən keçirməyə
istiqamətləndirdi. Namizədlik
dissertasiyasını müdafiə etdikdən sonra, o, daha
geniş çevrədə xalqlar arasında ədəbi əlaqələr
və bu əlaqələrin bazasında tərcümə məsələlərinə
«baş vurdu». Qanı qanımızdan, canı
canımızdan olan Maqsud Şeyxzadə
yaradıcılığını, eyni soykökdən olan
çığatay türklərinin ədəbiyyatının
müxtəlif problemləri ilə Azərbaycan türklərini
yaxından tanış etdi. Ədəbi əlaqələrin,
o cümlədən bədii tərcümənin az işlənmiş, diqqətdən kənarda
qalmış məsələlərini dünya tərcümə
məktəbinin nailiyyətləri fonunda xüsusi şəkildə
işıqlandırdı. Araşdırmalarında
ortaya çıxan müddəalar həm şairin
özünün praktik tərcümə
yaradıcılığında, həm də tərcümə
üzrə kadrların yetişməsində mühüm rol
oynadı. Nəzərdən keçirdiyi Azərbaycan-özbək
ədəbi əlaqələrinin tarixi kökləri, bu ənənənin
yeni məzmunla doldurulmasında bədii tərcümənin
oynadığı əvəzsiz rolu vurğuladı, klassik
poeziyada mühüm estetik kateqoriyaların məzmun mahiyyətini
açıqlamağa səy göstərməklə o, tərcümənin
milli ədəbiyyatların inkişafına müsbət təsirini
əsaslandırdı, özbək dilindən Azərbaycan
dilinə tərcümənin prinsiplərini işləyib
hazırladı və s. Yəni tərcümənin tarixindən
praktikasına və nəzəriyyəsinə, nəzəriyyə-sindən
isə tarixinə və praktikasına tərəf bu yorulmaq
bilməyən nadir sənətkar hərəkət etdi,
müddəalar irəli sürdü və praktik cəhətdən
bu müddəaları öz tərcümə işində
uğurla tətbiq etdi. Əgər biz Azərbaycan
ədəbiyyatında paralel olaraq gücünü orijinal və
tərcümə yaradıcılığına həsr
etmiş sənətkarlardan danışsaq, heç
şübhəsiz, ilk növbədə Xəlil Rza Ulutürk
seçimi qarşısında qalarıq.
Şairin orijinal poetik yaradıcılığı nə
qədər rəngarəngdirsə, onun tərcümə
yaradıcılığının coğrafiyası, məzmunu,
forması, əhatə dairəsi də rəngarəng və
özəldir.
Bu, yeri gəlmişkən deyək ki, onun elmi
yaradıcılığına da sirayət etmişdi.
X.R.Ulutürk sovet dövrünün üstün tələblərindən
olan rus ədəbiyyatı və poeziyasını,
«böyük qardaş»larımızın «böyük mədəniyyəti»nə
hörmət naminə nəzərdən keçirməyə
yox, məhz ədəbi əlaqələrin aktual problemlərini
türk ədəbiyyatları (Azərbaycan-özbək) zəminində
araşdırmağa üstünlük verdi. Bu
isə, heç şübhəsiz ki, şairin türkə,
türklərə, onların mədəniyyət və ədəbiyyatına
vurğunluğu ilə izah olunmalıdır.
Akademik
B.Nəbiyev Xəlil Rzanın dünya xalqları
poeziyasını əhatə edən «Qardaşlıq çələngi»
kitabından sonra onun oxuculara təqdim etdiyi «Yüz
bağçadan bir güldəstə» toplusunun daha geniş
poetik xəritəyə malik olduğunu qeyd etməklə,
dünya poeziyasından seçmə örnəklər
qüvvəsində olan bu toplunu oxuyanları Filippindən
Fransaya, Madaqaskardan Türkiyəyə qədər bir sıra
ölkə xalqlarının mənəvi sərvətini zənginləşdirəcəyini
vurğulayıb.
Nizami Tağısoy
Professor
Xalq Cəbhəsi.- 2016.- 1 noyabr.-
S.14.